“YARAT!” Müasir İncəsənət Mərkəzində “İnkişafda olan incəsənət bazarları, yaxud incəsənət bazarını necə qurmalı” mövzusunda mühazirə təqdim edilmişdir - FOTO

“YARAT!” Müasir İncəsənət Mərkəzində “İnkişafda olan incəsənət bazarları, yaxud incəsənət bazarını necə qurmalı” mövzusunda mühazirə təqdim edilmişdir FOTO

 15 iyul 2015-ci ildə : "YARAT!" Müasir İncəsənət Mərkəzinin Çoxtəyinatlı zalında "YARAT!" Müasir İncəsənət Məkanı "YARAT!" Mərkəzinin kurator-direktoru və "Sotheby's"nin əməkdaşı Suad Qarayevanın "İnkişafda olan incəsənət bazarları, yaxud incəsənət bazarını necə qurmalı" mövzusunda mühazirəsini təqdim etmişdir.
İncəsənət əsrlər boyu kübarlığın, zövqün ifadəsi sayılıb və yüksək dəyərləndirilib. Son zamanlar əsərlərin qiymətində artımın baş verməsi isə incəsənətin yalnız əvvəlki mahiyyətdə deyil, mühüm investisiya və gəlir mənbəyi kimi qiymətləndirilməsinə səbəb oldu. Hər halda incəsənət bazarı mərkəzi tənzimlənmədən kənarda qaldığı və əsərlərin real dəyərinin müəyyən edilməsi o qədər asan olmadığı üçün, o, alqı-satqısı daima həyata keçirilmiş digər əmtəələrdən hədsiz dərəcədə fərqlənir. Qloballaşma şəraitində sərhədlər itir və beynəlxalq incəsənət səhnəsi genişlənərək yeni əraziləri əhatə edir. Bununla belə, konkret bazarın uğurlu inkişafının əsasında dayanan strategiyalar sabit və möhkəm bazar münasibətləri üçün çox vacibdir.
Bu mühazirədə Suad Qarayeva yeni coğrafi məkanlarda incəsənət bazarının yaradılması mərhələlərindən və bu haqda düşüncələrindən bəhs etmişdir. Mühazirədə qlobal bazara çıxışının problem və üstünlükləri, auksion evlərinin dəyər yaradılması prosesində əsas iştirakçı kimi rolu, müasir incəsənət sahəsində qiymətləndirmə və brendləşmənin strategiyaları nəzərdən keçirilmişdir. Suad Qarayeva müasir incəsənət əsərlərinin Qafqaz və Orta Asiyadan yeni satışlarının təşəbbüskarı və Sotheby's hərrac evində Rusiya və Şərqi Avropa ölkələrinin müasir incəsənəti üzrə mütəxəssis kimi mühazirəsində bu ərazilərin incəsənət bazarının araşdırılmasına xüsusi diqqət yetirmişdir.
Suad Qarayeva kuratorluq işinə ""YARAT!"-ın Venesiya layihəsi ilə başlayıb. 2014-cü ildən "YARAT!" Müasir İncəsənət Mərkəzinin kurator-direktoru təyin olunub. "YARAT!"-ın sərgilər proqramına və daimi kolleksiyasına rəhbərlik edir. Əvvəllər Sotheby's hərrac evində Rusiya və MDB ölkələrinin müasir incəsənəti üzrə mütəxəssis vəzifəsində çalışıb. "Yolların kəsişməsində" sərgisi ilk dəfə keçirildikdə, həmin sərginin kuratoru olmuşdur. Qafqaz və Orta Asiya sənətkarlarının müasir incəsənət əsərlərini təqdim edən bu sərgi 2013-cü ildə keçirilmişdi, 2014-cü ildə isə onun davamı olan "Yolların kəsişməsində-2: İncəsənət İstanbuldan Kabilə kimi" sərgisi düzənlənmişdi. Rusiya və Şərqi Avropa ölkələrinin müasir incəsənət əsərlərinin satış tədbirlərinə, o çümlədən 2013-cü ildə keçirilmiş "Müasir Şərq" və "Fokusu dəyişərək" tədbirlərinə rəhbərlik etmişdi. Suad Qarayeva uzun müddətdir ki, "YARAT!"-la əməkdaşlıq edir, 2012-ci və 2014-cü illərdə 'GRID' Beynəlxalq Fotoqrafiya Biennalesində təşkilatın pavilyonu üzrə kurator olmuşdur. O, həmçinin 53-cü və 54-cü Venesiya Biennaleləri üçün hazırlanmış Azərbaycan Milli Pavilyon sərgiləri kimi bir sıra beynəlxalq layihələr üzərində işləyib. London İqtisadiyyat Məktəbində "Fəlsəfə və ictimai münasibətlər" üzrə magistr dərəcəsini (MSc), Qlazqo Universitetində isə "Müasir və modern incəsənət" üzrə elmlər namizədi dərəcəsini (Mlitt) almışdır.