Mingəçevir: - İdmançılar və turistlər yüksək səviyyədə qarşılanacaq

Mingəçevir: İdmançılar və turistlər yüksək səviyyədə qarşılanacaq

“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində iyunun 14-dən 16-dək Mingəçevirdə keçiriləcək avarçəkmə yarışlarına çox az vaxt qalıb. Avropalı qonaqları, idmançıları və turistləri yüksək səviyyədə qarşılamaq və onların Mingəçevirdən xoş təəssüratlarla geri qayıtması üçün şəhərdə böyükmiqyaslı tikinti-quruculuq və abadlıq işləri görülüb, səliqə-sahman yaradılıb.

AZƏRTAC xəbər verir ki, “Kür” Olimpiya Tədris İdman Mərkəzində, Kür çayının hər iki sahilində, idmançıların və qonaqların yerləşəcəyi obyektlərdə hazırlıq işləri görülüb, şəhərin prospekt və küçələri, istirahət məkanları, sosial obyektləri qısa vaxt ərzində xüsusi layihə əsasında təmir edilərək abadlaşdırılıb. Şəhərin küçələri yenidən asfaltlanıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Çoxmərtəbəli yaşayış binalarının fasad hissələri yenidən üzlənib, küçələrdəki işıqforlar müasirləri ilə əvəzlənib, parklar və bağlar ən müasir səviyyədə yenidən qurulub, yaşıllıqlar salınıb.

Cəmi 4 gündən sonra Avropanın, hətta dünyanın gözü Mingəçevirdə olacaq. Hər kəs qısa vaxt ərzində birinci Avropa Oyunlarına hazırlaşan Mingəçevirin gözəlliyini, burada mötəbər yarışların keçirilməsi üçün yaradılan yüksək şəraiti, müasir infrastrukturu görə biləcək. MDB məkanında bənzəri olmayan “Kür” Olimpiya Tədris İdman Mərkəzinə inzibati bina, üzgüçülük hovuzu, gəmi formasında inşa edilən 250 yerlik altımərtəbəli mehmanxana, idman salonu, avarçəkmə klubu, kotteclər, tennis kortu, qayıqların saxlanılması üçün anqar daxildir.

Mingəçevirdə avarçəkmənin kayak və kanoe növləri üzrə keçiriləcək birinci Avropa Oyunlarında qitənin ən güclü idmançıları iştirak edəcək. Yarışlardan əvvəl əcnəbi və yerli idmançılar üçün təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulub. Yarışlarda 37 ölkədən 295 kişi və qadın idmançı iştirak edəcək. Avropanın məşhur avarçəkənlərindən 40 nəfəri Olimpiya Oyunlarının mükafatçısıdır ki, onlardan 20-si qızıl medal sahibidir. Bu mötəbər yarışda Azərbaycan 7 atletlə (6 kişi və bir qadın) təmsil olunacaq. Kayak və kanoe yarışlarında Sergey Bezuqlıy, Valentin Demyanenko, Mirnazim Cavadov, Aleksey Kupin, Taras Matviyçuk, Tamerlan Mustafayev, İnna Osipenko-Radomskaya mükafatlar uğrunda mübarizə aparacaqlar.

Əcnəbi idmançıların Mingəçevirə iyunun 10-11-də gələcəkləri gözlənilir. Yarış zamanı 9 atlet, eyni zamanda, yarışacaq. Avarçəkmə yarışları kişilər arasında 200, 1000 və 5000 metr, qadınlar arasında isə 200, 500 və 5000 metr məsafələrdə keçiriləcək. Yarış sahəsinin uzunluğu 1000 metr, dərinliyi isə 10 metrdən çoxdur.

Kürün sahilində 1000-ə yaxın tamaşaçı üçün oturacaqlar, çadırlar quraşdırılıb, atletlər üçün istirahət zonası yaradılıb. Kür çayının sahilində və əsas yarış zonasında hazırlıq işləri başa çatmaq üzrədir. Sahil parkında tikinti-abadlıq işləri, yaşıllaşdırma tədbirləri görülüb, oturacaqlar, fəvvarələr, işıqlandırma sistemi quraşdırılıb, müasir görkəmli kiçik xidmət obyektləri tikilib. “Kür” Olimpiya Tədris İdman Mərkəzinin birinci Avropa Oyunlarının tələblərinə uyğun olması və yüksək standartlara cavab verməsi üçün mövcud obyektdə geniş təkmilləşdirmə işləri aparılıb. Hakimlərin, beynəlxalq federasiyaların nümayəndə heyəti və rəsmi qonaqların rahat əyləşib yarışları izləməsi üçün xüsusi yerlər hazırlanıb. Oyunlar vaxtı yarışların keçiriləcəyi ərazidə idmançılara, tamaşaçılara və media nümayəndələrinə 100 nəfər könüllü xidmət göstərəcək. İdman yarışlarından əlavə keçiriləcək digər tədbirlərə isə daha 300 nəfər könüllü cəlb olunacaq. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !