Şamaxı da Alov Festivalının keçirildiyi şəhərlər sırasına qoşuldu -

Şamaxı da Alov Festivalının keçirildiyi şəhərlər sırasına qoşuldu

Bakı 2015-in alovu bu gün, mayın 30-da Böyük Qafqaz dağlarının şərq və cənub-şərq ətəklərində yerləşən Qobustanla başladı. Ərazisi 1369,4 km2, əhalisinin sayı 44 min nəfər olan Qobustan əkinçilik ənənələrini yaşadan rayondur. Muğamı özünəməxsus ifa tərzi ilə dünyada uğurla tədbiğ edən Alim Qasımovun doğulub boya-başa çatdığı rayonda 2,54 km davam edən estafet Heydər Əliyev prospekti boyunca davam etdi.

Yürüşü futbol məşqçisi Fərid Əzizov mədəniyyət evinin qarşısında quraşdırılmış tağdan başladı. Coşqun Mirzəli, Ruslan Şahbazov, Rahib Kərimov, Cavidan İsmayılov, Müslüm Xanəliyev, Rauf Əhmədov, Qafur Ağayev, Kamran Ağalarov məşəli növbə ilə bir-birinə ötürərək, gənclər mərkəzinin önünə qədər irəlilədilər. Karate üzrə 3-qat Azərbaycan cempionu İbad Rzazadə yürüşün son iştirakçısı kimi məşəllə Bayraq meydanında qurulmuş səhnə qarşısına gəldi.

Burada məşəlçiləri coşğu ilə qarşılayan izdihamın gur alqışları ilə o, səhnəyə qalxaraq, çırağı alovlandırdı. Sürəkli alqış sədaları altında 11-ci sinif şagirdi Gülər Cavadova Bakı 2015-in şəhərə hədiyyəsi olan çırağı rayon ictimaiyyətinə təqdim etdi. Təntənəli mərasim səmaya şarların və göyərçinlərin buraxılması ilə başa çatdı.

Məşəl estafetinin iştirakçısı, karate üzrə beynəlxalq yarışların qalibi İbad Rzazadə ürək sözlərini dilə gətirdi: “Avropa Oyunlarının ölkəmizdə keçirilməsi, bir idmançı kimi, məni çox sevindirir. Çünki bu, Azərbaycanın idman nüfuzunun təntənəsidir. Buna görə daim idmançıların yanında olmuş cənab prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. İdmançılarımızın Bakı-2015-də layıqli çıxışına inanıram. Azərbaycan karateçiləri dünyada tanınırlar, liderlər sırasındadırlar. Bir karateçi kimi, əminliklə onu söyləyə bilərəm ki, qələbə bizim ustad idmançıların olacaq. Onlarla bir daha qürur duya biləcəksiniz”.

Sonra Bakı 2015 alovu Baş Qafqaz silsiləsinin cənub-şərqi ətəklərində, respublika paytaxtından 118 kilometr məsafədə yerləşən, Azərbaycanın ən qədim tarixə malik mərkəzlərindən biri olmuş Şamaxıya gətirildi.

100 minə yaxın əhalisi olan Şamaxı təkcə qədim tarixi deyil, həm də geniş coğrafiyası, füsunkar təbiəti ilə diqqəti cəlb edir. O, şimaldan Baş Qafqaz silsiləsinin suayrıcısı ilə, qərbdən Ağsu aşrımı ilə cənubi qərbdən Ləngəbiz silsiləsilə, cənubdan Küdrü-Şirvan düzü ilə cənub-şərqdən Qobustan yaylası, şərqdən isə Pirsaat çayı ilə sərhədlənir.

Dəniz səviyyəsindən 749 metr hündürlükdə yerləşən Şamaxı tarixdə məlum məşhur zəlzələri ilə də ad qoyub. 1191-ci ildə baş verən daha bir belə zəlzələdən sonra Azərbaycanın paytaxtı Şamaxıdan Bakıya köçürülüb.

Şamaxıya məşəl karvanının səfəri Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə başladı. Həm də dövlət təbiət qoruğu ilə də tanınan Pirquluda yaradılmış bu rəsədxana dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir və çətin müşahidə edilən cənub göyünün öyrənilməsində dünyanın bir çox rəsədxanası ilə müqayisədə müəyyən üstünlüklərə malikdir. Alov səyahəti komandası burada yerli məşəlçilərin iştirakı ilə xatirə şəkilləri çəkdirdilər. Bundan başqa lentə alınan dağ mənzərələrinin cəlbedici ahəngdar gözəlliyi bu sanki Bakı 2015 məşəlinin tarixin dərinliklərinə də səyahətə apardı.

2,81 km davam edən estafeti pauerliftinq üzrə dünya və 3-qat Avropa çempionu, dünya rekordçusu Elvin Eynalov Seyid Əzim Şirvani küçəsində Heydər Əliyev parkında Azərbaycan xalqının ümummilli liderinin abidəsi yaxınlığında quraşdırılmış tağdan keçməklə başladı. Rüstəm Musayev, Bəhlul Əliosman, Ceyhun Razimi, Əhməd Umatov, İlkin Əzizov, Səbinə Süleymanova, Elşən Eminov və İslam Quliyev iştirak etdiyi məşəl estafeti Heydər Əliyev prospektinə də keçməklə, yenidən Seyid Əzim Şirvani küçəsi ilə davam etdirildi. Yürüşün son iştirakçısı pauerliftinq üzrə Azərbaycan və Avropa çempionu, benç-press üzrə dünya rekordçusu Fərid Səmədzadə Xaqani Şirvani xatirə kompleksinin yaxınlığında qurulmuş səhnə qarşısında estafeti tamamladı. Fərid səhnəyə qalxaraq, çırağı alovlandırdı.
Məşəl estafetin iştirakçısı, pauerliftinq üzrə 5-qat dünya, 6-qat Avropa çempionu Rüstəm Musayev təəssüratlarını paylaşdı: “Birinci Avropa Oyunlarının alov komandasını doğma Şamaxımda qarşılayıb salamlamaqdan böyük qürur hissi keçirirəm. Əlbəttə, bu gün çox həyəcanlıyıq, çünki hər kəs bu hadisəni maraqla və həsrətlə gözləyirdi. Xüsusən Şamaxının mərkəzində minlərlə həmşəhərlisinin gözü önündə məşəl yürüşündə iştirak edənlər üçün bu tarixi şans idi. Məşəlçilərin cərgəsində idmançılar, gənc fəallar yer alıb. Bu bizə verilmiş qiymət, məsuliyyətdir”.

Bütün məşəlçilər səhnədə bir daha alqışlandıqdan sonra, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin Atəşgah məbədində ilk məşəli alovlandırması mərasimindən videokadrlar göstərildi. Ağırlıqqaldırma üzrə yeniyetmələr arasında ölkə çempionu, 15 yaşlı Elmir Sadıqov Bakı 2015-in Şamaxıya hədiyyəsi olan çırağı rayon ictimaiyyətinə təqdim etdi. Səmaya şarlar uçuruldu və təntənəli mərasimə Bakı 2015-in artıq məşhurlaşmış “Alov rəqsi” ilə yekun vuruldu.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Alov səyahəti sabah, mayın 31-də Sumqayıt şəhərində və Xızı rayonunda davam edəcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !