Azərbaycanın mətbəx mədəniyyətinə həsr olunmuş sənədli filmin nümayişi -

Azərbaycanın mətbəx mədəniyyətinə həsr olunmuş sənədli filmin nümayişi

Mayın 22-də Dövlət Film Fondunda “Azərbaycan mətbəxi: dadsonrası dad” sənədli filminin mətbuat nümayəndələri üçün nümayişi keçirildi. Ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasında lentə alınıb.
Nümayişdən öncə çıxış edən filmin rejissoru Şamil Nəcəfzadə çəkiliş prosesindən danışdı. Bildirdi ki, filmi çəkməkdə məqsədimiz Azərbaycan mətbəxini dünyaya tanıtmaqdır: “Filmin əsas ideyası Azərbaycan mətbəxinin təkcə zənginliyindən söz açmaq deyil, onun tarixi, fəlsəfəsi ilə bağlı daha dərin məlumatları geniş auditoriyaya çatdırmaqdan ibarətdir. Həmçinin Azərbaycan təbiətinin rəngarəngliyini və müxtəlifliyini göstərməyə çalışmışıq. Filmin kadrları ölkəmizin əksər bölgələrində lentə alınıb”.
Şamil Nəcəfzadə qeyd etdi ki, film eyni zamanda Azərbaycanın qədim mədəniyyət ocağı olduğunu göstərir. Azərbaycan, ingilis və rus dillərində hazırlanan sənədli filmin “Planeti qidalandırmaq, həyat üçün enerji” mövzusunda “Milan Ekspo 2015” dünya sərgisinin Azərbaycan pavilyonunda nümayiş etdirilməsi nəzərdə tutulub.
Sonra “Azərbaycan mətbəxi: dadsonrası dad” filmi nümayiş olundu. Ekran əsərinin ssenari müəllifi Şamil Nəcəfzadə, operatoru Nizami Abbas, elmi məsləhətçisi Tahir Əmiraslanov, bəstəkarı Cahangir Zülfüqarov, icraçı prodüseri Əbdülnasir Kutiyev. Mətnləri aktyor Oleq Əmirbəyov səsləndirir.
Qeyd edək ki, 33 dəqiqəlik filmdə qədim mədəniyyətə malik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixindən, çeşidliliyindən bəhs olunur, qədim tarixi-mədəni irsimiz haqqında məlumat verilir, vətənimizin təbii gözəllikləri diqqətə çatdırılır.
Filmdə Azərbaycan mətbəx tarixinin min illər öncədən başlandığı vurğulanır. Qobustan qayaüstü rəsmlərində heyvanların ovlanması, necə doğranması qaydalarının aydın əks olunduğu qeyd edilir. Tovuz rayonu ərazisindəki Göytəpə qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılarda və digər tarixi yaşayış məskənlərində mətbəx mədəniyyətinin izlərinə rast gəlindiyi deyilir. Bu nümunələrə əsasən qədim mətbəx nümunələrinin hazırlanması, saxlanması qaydalarını öyrənmək olur.
Mətbəx mədəniyyətimizin əks olunduğu Orta əsrlər miniatürləri, Avropa rəssamlarının qravüraları filmdə vizual həmahənglik yaradır. Həmçinin tarixçi və səyahətçilərin ölkəmiz, mətbəx nümunələrimiz haqqında qeydlərindən söz açılır. Bütün bunlar Azərbaycan mətbəxinin dünyada ən zəngin mətbəxlərdən biri olduğunu təsdiqləyir. Bu mənada ekran əsəri Azərbaycanın mədəni irsinin, mətbəx mədəniyyətinin təbliği və xarici turistlərə ölkəmizin cəlbediciliyini göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !