Rövnəq ABDULLAYEV: - Möhtəşəm enerji strategiyasının banisi

Rövnəq ABDULLAYEV: Möhtəşəm enerji strategiyasının banisi

“Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq”.
Heydər ƏLİYEV



XXI yüzillik dünyamızı mürəkkəb çağırışlarla üzləşdirdi. Yeni reallıqlar, bir-birinin ardınca baş verən ictimai-siyasi, iqtisadi kataklizmlər beynəlxalq birliyi çətin sınaqlar qarşısında qoyur. Qlobal dünyanın xarakterik xüsusiyyəti budur ki, artıq heç bir dövlət əlahiddə yaşaya bilmir - cərəyan edən hadisələr dərhal geniş rezonans doğurur və bəzən çox ciddi fəsadlarla nəticələnir. Bütün bunların qarşısını almağın ən optimal yolu isə mövcud intellektual qüvvələri birləşdirmək, problemlərin həlli yollarını birgə səylərlə axtarmaqdır. Bu məqsədlə müsbət, sabit və təkrarlanan iqtisadi tendensiyalar ciddi şəkildə araşdırılır, səbəb-nəticə əlaqələri analiz olunur, səmərəli təcrübələr diqqətlə öyrənilir.
Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan dövlət müstəqilliyini yeni bərpa etməsinə baxmayaraq, ötən müddətdə düzgün iqtisadi siyasət nəticəsində dünyaya tamamilə effektiv bir iqtisadi model təklif etmişdir. Ölkəmizin zəngin təbii sərvətlərindən, qədim neft diyarı kimi toplanılmış mütərəqqi təcrübəsindən, texniki-intellektual potensialından, habelə transmilli korporasiyalarla əməkdaşlıq şəraitində mənimsənilmiş müasir texnoloji bilik və vərdişlərdən səmərəli istifadə edilməklə yaradılmış Azərbaycan iqtisadi modeli dünya birliyinin diqqətini cəlb edir, geniş maraq doğurur. Bu modelin konseptual mahiyyəti sistemli xarakter daşımasında, cəmiyyət həyatının, istisnasız olaraq, bütün sahələrini harmonik və hərtərəfli əhatə etməsindədir.
Mövcud resursların işlənilməsi və dünya bazarlarına çıxarılması tarix üçün qısa zaman kəsiyində təmin olunmuş, ölkənin iqtisadi qüdrətinin yüksəlməsinə, valyuta ehtiyatlarının toplanılmasına və səmərəli istifadəsinə, qeyri-neft sektorunun güclənməsinə, sosial problemlərin həllinə, insan kapitalının inkişafına etibarlı zəmin yaratmışdır. Ölkəmiz son illər iqtisadi yüksəliş tempinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanır. Regionun lider dövləti olan Azərbaycanın xarici reputasiyası daxili inkişafı ilə paralel şəkildə dinamik olaraq yüksəlir. Abadlıq, quruculuq işləri genişlənir, şəhərlər, kəndlər simasını dəyişir, iritutumlu sosial infrastruktur layihələri müvəffəqiyyətlə həyata keçirilir. Uğurla gerçəkləşdirilən iqtisadi islahatların bəhrələri xalqımızın gündəlik həyatında, məişətində, maddi rifah halında bilavasitə hiss olunur. Çağdaş Azərbaycan siyasi, iqtisadi, sosial, hərbi, mədəni, elmi inkişaf səviyyəsi ilə heyranlıq doğurur.
Bütün bunlar gərgin zəhmətin, qətiyyətli siyasi iradənin, ardıcıl idarəçilk dəst-xəttinin, dönməz və məqsədyönlü fəaliyyətin bəhrələridir. Zaman keçdikcə daha aydın görünür və duyulur ki, dövlətçiliyimizin memarı ulu öndər Heydər Əliyev hələ ötən əsrin 60-cı illərindən dünyanın ümumi inkişaf kontekstində, mümkün koordinatlar sistemində Azərbaycanın yerini və perspektiv hərəkət vektorunu dəqiq müəyyənləşdirmiş, qloballaşma müstəvisində layiqli yer tutması üçün yorulmadan çalışmış və böyük fədakarlıq sayəsində buna nail olmuşdur. Zəngin idarəçilik təcrübəsinə, planetar dünyagörüşə, çevik siyasi təfəkkürə, iti fəhmə, geniş bilgilərə malik bu nəhəng tarixi şəxsiyyətin gərgin səyi nəticəsində Azərbaycan qısa müddətdə aqrar inkişaf səviyyəsindən postindustrial səviyyəyə gəlib çatmışdır. Bu, əslində, ölçüyəgəlməz bir irəliləyişdir.
1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə dünyanın 11 tanınmış şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş imzalandı və sonradan tarixə “Əsrin müqaviləsi” kimi əbədilik həkk olundu. Saziş ulu öndər Heydər Əliyevin davamlı enerji strategiyasının zəfər yolunda başlanğıc nöqtəsi idi. Bu uzunmüddətli strateji kursun ideya mənbələrindən, konseptual əsaslarından danışarkən hər şeydən öncə tarixi varislik məsələsi qeyd olunmalıdır. Çünki ulu öndər Azərbaycanın neft sənayesinin zəngin keçmişinə, şanlı ənənələrinə istinad edərkən məhz tarixi varislik prinsipini əsas götürmüşdü. Bakı neftçiləri dünya neft sənayesi salnaməsinə şanlı səhifələr yazmış, kəşfiyyat, tikinti, hasilat, emal və nəql sahələrində ən mütərəqqi yenilikləri istehsalata tətbiq etmişlər.
Elə buna görədir ki, ulu öndər Heydər Əliyev hələ respublikamıza rəhbərlik etdiyi ilk dövrlərdən neft sənayesinin innovativ əsasda təkmilləşdirilməsinə daim diqqət və qayğı ilə yanaşmış, Sovetlər Birliyində hökm sürən sərt milli siyasət şəraitində mümkün imkanlardan maksimum yararlanaraq ittifaq əhəmiyyətli perspektivli təsisatların - elmi-tədqiqat institutlarının, istehsalat birliklərinin, mühüm strateji müəssisələrin Bakıda cəmləşməsinə nail olmuşdu. Ötən əsrin 70-80-ci illərində neft sənayesinin müasirləşdirilməsi istiqamətində inamlı addımlar atılmış, Azərbaycanın öncül mövqeləri qorunub saxlanılmışdı. Sonradan cərəyan etmiş hadisələrin təhlili də göstərir ki, respublikamızın ümumittifaq neft sənayesinin avanqard qüvvəsinə çevrilməsi ulu öndərin gələcəyə hesablanmış siyasi uzaqgörənliyindən xəbər verırdi. Başqa sözlə, müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrətinin təməl daşları hələ o dövrdə qoyulmuşdur.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ötən əsrin 90-cı illərində mürəkkəb siyasi reallıqla üzləşmişdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən elan olunmamış müharibə, arasıkəsilməyən xarici təzyiqlər, daxili siyasi çəkişmələr fonunda hakimiyyət böhranı yaranmış, iqtisadiyyat iflic vəziyyətə düşmüşdü. Gənc dövlətimizin ağır tarixi sınaqlarla üzləşdiyi o dövrdə xalqımızın ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşməsi milli qurtuluş üçün etibarlı təminat yaratdı, Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Dövlətin təsisatlanması, dərin və sistemli böhranın dəf edilməsi, iqtisadi-siyasi sabitlik yaradılması kimi kardinal məsələlərin həll imkanlarını araşdıran ulu öndər dünya siyasətində karbohidrogen resursları uğrunda gedən çoxəsrlik mübarizədən yararlanmaq yolunu seçmişdi.
Lakin dərinlikdə yerləşən dəniz yataqlarında müstəqil fəaliyyət göstərmək Azərbaycanın imkanları daxilində deyildi. Müasir texnologiyalar, texniki avadanlıqlar, böyük maliyyə resursları cəlb edilmədən bu işin öhdəsindən gəlmək olmazdı. Yaranmış situasiyada optimal çıxış yolu transmilli xarici neft şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasından keçirdi. Bu, dərin kataklizmlərlə müşaiyət olunan tarixi mərhələnin sosial-iqtisadi şərtləri daxilində müstəsna siyasi iradə və mətinlik, ardıcıl səylər tələb edən, lakin ümummilli mənafelər üçün ən uyğun konseptual yanaşma idi.
Tariximizdə əbədi yer tutan bu enerji strategiyası sadə və dahiyanə idi: xarici sərmayədarların köməyi ilə neft-qaz sektorunun gücləndirilməsi, yataqların birgə istismar olunması, hasil ediləcək xam neftin dünya bazarlarına çıxarılması və əldə olunacaq böyük həcmli maliyyə vəsaitlərini iqtisadiyyatın digər sahələrinə yönəltmək yolu ilə sosial-siyasi dirçəlişə nail olunması. Məramı ümumdünya siyasi landşaftının dəyişən mənzərəsi (qloballaşma, sosialist düşərgəsinin süqutu, “ikiqütblü dünya” modelinin sıradan çıxması və s.) ilə harmonik şəkildə uzlaşdığı üçün bu strategiya tez bir zamanda beynəlxalq birliyin nəzər-diqqətini cəlb etdi. Bütün geopolitik başlanğıclar kimi, bu siyasi doktrina da ciddi müqavimətlə üzləşirdi. Lakin ulu öndər Heydər Əliyev özünəxas siyasi mətanətlə maneələri addım-addım dəf edərək qısa müddətdə strategiyanın reallaşması üçün Qərbin aparıcı neft şirkətləri ilə danışıqlara start verdi.
Məlum dairələrin təzyiqləri səbəbindən gərgin bir atmosferdə keçən bu danışıqlar Heydər Əliyev siyasətinin dərin bilicisi möhtərəm İlham Əliyevin rəhbərliyi ilə aparılırdı. Beynəlxalq iqtisadiyyatın, pul-kredit sisteminin, biznes mühitinin qanunlarını, milli təbii ehtiyatların işlənməsinə xarici şirkətlərin cəlb edilməsinin hüquqi-idarəçilik əsaslarını mükəmməl bilən, Qərb siyasi təfəkkürünə yiyələnmiş, yüksək iqtisadi menecment səriştəsinə, zəngin diplomatik bilik və bacarığa malik İlham Əliyev güclü arqumentləri ilə danışıqlar prosesində yaranan çətinlikləri ustalıqla aradan qaldırdı və yekunda ortaya Azərbaycanın milli maraqlarına uyğun bir sərmayə layihəsi qoyuldu. Heydər Əliyev qətiyyəti, İlham Əliyev əzmkarlığı son dərəcə sərt geosiyasi reallıqlara rəğmən, “Əsrin müqaviləsi”nin imzalanması ilə nəticələndi. Bununla da XX əsrin ən möhtəşəm qlobal enerji layihələrindən biri rəsmiləşmiş oldu.
Kontrakt ölkəmizin uzunmüddətli enerji strategiyasının ana xəttini təşkil edən epoxal bir sənəd idi; siyasi xarakteristikasına görə Azərbaycanın qurtuluş və davamlı inkişaf doktrinasını təşkil edirdi. İkinci bir tərəfdən də postsovet məkanda Qərb şirkətləri ilə iri neft müqaviləsinin imzalanması Xəzər regionunda beynəlxalq əməkdaşlığın, böyük perspektivlərin bünövrəsini qoyurdu. Bu mənada “Əsrin müqaviləsi” təkcə Azərbaycan üçün deyil, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün, eyni zamanda Qərb dövlətləri üçün strateji əhəmiyyət daşıyırdı. Ulu öndər Heydər Əliyev dünya neft sənayesi tarixində yeni mərhələ açan bu strategiyanı belə səciyyələndirirdi: “Ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün biz xarici ölkələrlə, dünyanın tanınmış şirkətləri ilə sıx əməkdaşlıq etməyi, müştərək iş görməyi əsas prioritet hesab edirik. Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahədə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətdir və bu, yüksəlmək, müasirləşmək üçün yeganə yoldur.”
Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxmaq, strateji maraqlarını müdafiə etmək əzmində olduğunu təsdiqləmiş, milli suverenliyin mühüm təminatına çevrilmiş bu kontrakt çərçivəsində müstəsna nailiyyətlər əldə olunmuşdur. İqtisadiyyatı sürətli templərlə inkişaf edən respublikamız dünyanın neft-qaz ixrac edən aparıcı dövlətləri sırasında iti addımlarla irəliləyir. Ölkəmizin geosiyasi əhəmiyyəti yüksəlmiş, Qərb dünyası ilə münasibətləri strateji müstəviyə keçmişdir. Enerji müstəqilliyimiz təmin olunmuş, Azərbaycan təbii qaz idxal edən ölkədən beynəlxalq miqyasda mühüm qaz ixracatçısına çevrilmişdir. Hazırda biz Gürcüstan, Türkiyə, Rusiya və İrana təbii qaz ixrac edirik. Yeni yataqlar açılmış, regional və qlobal əhəmiyyətli layihələrin gerçəkləşməsi üçün müsbət təmayül yaranmışdır. Xarici partnyorlarla uğurlu əməkdaşlıq modeli qurulmuş, tərəfdaşlığın rəngarəng formaları tapılmışdır.
Bu gün SOCAR və onun törəmə şirkətləri 18 Hasilatın Pay Bölgüsü sazişi üzrə 15 ölkəni təmsil edən 25 şirkətlə əməkdaşlıq edir. Birgə layihələrin iştirakçıları tərəfindən ölkənin neft-qaz sektoruna 55 mlrd. ABŞ dolları həcmində sərmayə qoyulmuşdur. Təsis etdiyimiz 37 Birgə Müəssisə və 7 Alyans neft və qaz sənayesinin, demək olar, bütün sahələrində uğurla fəaliyyət göstərir. “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirmişdir. Son 20 ildə AÇG layihəsinə 3000-dən artıq yerli müəssisə və şirkət cəlb olunmuşdur. Sənayenin lokomotivi rolunu oynayan neft sektoru ilə bərabər, qeyri-neft sektoru da güclənmiş, ümumi daxili məhsulda onun xüsusi çəkisi artmışdır.
1997-ci ildə “Çıraq” yatağından ilk neftin çıxarılması kontrakt çərçivəsində qazanılmış uğurların özülünü qoydu. Neft sənayesi obyektlərinin beynəlxalq standartlara uyğun yenidən qurulmasının təməli atıldı, infrastruktur layihələrinin həyata keçirilməsinə zəmin yarandı. İlk neftin hasilatı ilə “qara qızıl”ın bazarlara çıxarılması məsələsi gündəmə gəldi. 1996-cı ildə (yanvar) Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında Rusiya Federasiyası ilə hökumətlərarası saziş imzalandı. Bir il sonra bu xətt istifadəyə verildi. Lakin hasil olunacaq böyük neft həcmləri üçün daha böyük ixrac gücləri tələb edilirdi. Digər tərəfdən, Azərbaycan xam neft ixracı kəmərlərinin şaxələndirilməsi prinsipini əsas götürmüşdü.
1997-ci ildə neftin Bakı-Supsa marşrutu ilə Qara dənizə çıxarılması haqqında Gürcüstanla sazişin imzalanması mühüm hadisə oldu. 1999-cu ildə isə bu kəmər və Qara dənizdəki Supsa terminalı istismara verildi. Beləliklə, Azərbaycan nefti Qərbə istiqamət götürdü, əsas məsələ isə yenə həllini tapmadı. Neft hasilatının artımı qısa zamanda yeni ixrac boru kəmərinin inşasını labüd edirdi. Azərbaycan xalqının maraqlarını daim hər şeydən uca tutan ulu öndər Heydər Əliyev bu zaman Bakı-Tbilisi-Ceyhan ideyasını irəli sürdü və sonadək bu ideyanı dəstəkləyərək onun gerçəkləşməsinə nail oldu. Geostrateji önəm kəsb edən bu kəmər Bakını inkişaf etmiş Qərb dövlətləri ilə bağlayan etibarlı enerji körpüsü kimi nəzərdə tutulurdu.
2006-cı il 28 may günü Azərbaycan nefti Ceyhan limanına çatdı. KİV bu hadisəni dünya neft sənayesinin inkişafında dönüş nöqtəsi kimi qiymətləndirdi. Bu, təsadüfi deyildi. Müasir texnoloji fikrin mürəkkəb konstruksiyalı məhsulu olan bu xəttin əfsanədən reallığa çevrilməsi dünya neft istehlakçılarının qeyri-ənənəvi enerji mənbəyindən təminatına yol açmış, xam neft satışında monopoliyaya son qoymuşdu. Zaman növbəti dəfə dahi rəhbərimiz Heydər Əliyevin müdrikliyini dünyaya nümayiş etdirdi, Azərbaycanın uzunmüddətli strateji maraqları üzərində qurulmuş çoxşaxəli ixrac strategiyasının qələbəsini əyani şəkildə göstərdi. Xarici səhmdarlar tərəfindən ulu öndər Heydər Əliyevin adı verilmiş bu kəmərin coğrafi-siyasi əhəmiyyəti indi bütün dünyada birmənalı etiraf olunur. BTC artıq beynəlxalq dairələrdə həm də Mərkəzi Asiya mənşəli neft həcmlərinin dünya bazarlarına etibarlı nəqlinə imkan verən mühüm texniki-iqtisadi infrastruktur kimi rəğbət qazanmışdır.
“Əsrin müqaviləsi” çərçivəsində görülən işlər miqyas etibarilə olduqca geniş və çoxşaxəlidir. Yataqlar qısa müddətdə tammiqyaslı istismara daxil edilmişdir. Supsa, Səngəçal və Kulevi terminallarının, Xəzərdə indiyədək quraşdırılmış ən böyük qurğular sayılan 8 platformanın inşası, üzən qazma qurğuları, yeni gəmilərin tikintisi və əsaslı təmiri, minlərlə kilometr boru kəmərlərinin çəkilməsi, eləcə də başqa böyük tədbirlər qeyd olunmalıdır. 2014-cü ildə uğurla başa çatan “Çıraq Neft Layihəsi” Xəzərdə tətbiq edilmiş yeni texnologiyaların əyani təcəssümüdür. Layihə üzrə yerli mütəxəssislər tərəfindən qabaqcıl dünya standartlarına tam uyğun şəkildə inşa olunmuş “Qərbi Çıraq” platformasının sutkalıq gücü 25 min ton neft, 8 mln. kubmetr qaz təşkil edir. “Dədə Qorqud” üzən qazma qurğusu ilə burada 17 quyu qazılmışdır. Bu böyük layihə AÇG yataqlar blokundan hasilatın maksimum həddinin uzun müddət sabit saxlanılmasına hesablanmışdır. Dənizin ekologiyası, unikal fauna və flora ehtiyatının mühafizəsi diqqət mərkəzində saxlanılmışdır. Təkcə bu layihədə deyil, AÇG və sonrakı bütün layihələrdə ətraf mühitin qorunması əsas prioritetlərdəndir.
“Əsrin müqaviləsi”nin həyata keçirilməsi ilə Azərbaycanda yalnız iqtisadiyyat, sənaye standartları, idarəçilik konsepsiyaları, texnologiyalar deyil, kadrların bilik, bacarıq və əmək vərdişləri də dəyişmiş, zəngin təcrübə qazanılmışdır. Vaxtilə dünyanın bir çox ölkələrində neft işinin əsasını qoymuş Azərbaycan mütəxəssislərinin şanlı ənənələri yeni nəsil tərəfindən layiqincə davam etdirilir. Bu gün mühəndislərimiz transmilli şirkətlərin top-menecment heyətində şərəflə təmsil olunurlar. Birgə layihələrdə milli kadrların sayı ilbəil artır. Minlərlə tələbə ölkə daxilində və xaricdə müxtəlif təqaüd proqramlarından bəhrələnir.
Ötən dövrdə kəşfiyyat-axtarış sahəsində əldə olunmuş ən böyük nailiyyət, heç şübhəsiz, “Şahdəniz” yatağının kəşf edilməsidir. Dəniz akvatoriyalarında belə zəngin resurslara malik yataqlar çox deyil. Bu yatağın işlənilməsi ölkəmiz üçün bir neçə baxımdan mühüm əhəmiyyət kəsb etmişdir. İlk növbədə enerji, təhlükəsizliyi təmin edilmişdir - bu, ölkənin milli təhlükəsizliyinin çox vacib komponentidir. Qaz hasilatı dinamik şəkildə yüksəlmiş, yüzlərlə sənaye obyektinin mazut rejimindən qaz rejiminə keçirilməsi təmin edilmişdir ki, bu da iqtisadiyyatın ümumi inkişafına mühüm töhfədir.
“Şahdəniz” yatağının istismara buraxılması ilə Azərbaycan etibarlı neft ixracatçısı olmaqla yanaşı, aparıcı qaz ixracatçıları sırasında da özünə layiqli yer tutmuşdur. Ölkəmiz regionun enerji təminatında əsas rol oynamaqla yanaşı, qlobal enerji təhlükəsizliyi sisteminə inamla qoşulur. “Şahdəniz” layihəsinin 2-ci mərhələsi üzrə yekun investisiya qərarının imzalanması və Cənub Qaz Dəhlizinin təməlinin qoyulması ilə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında uzun müddət aparılmış gərgin diplomatik iş öz məntiqi sonluğuna çatmışdır. Dövlət başçısı İlham Əliyev bu layihəni yüksək qiymətləndirmişdir: “...Bu gün mən 19 il bundan öncəyə - Azərbaycanın enerji strategiyasının yarandığı 1994-cü ilə dönmək istəyirəm. Biz buna ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi nəticəsində nail olmuşuq. Müstəqillik əldə etdikdən, sadəcə, 3 il, Azərbaycanda vətəndaş müharibəsinin bitməsindən 1 il, Ermənistanla müharibədə atəşkəsin əldə edilməsindən yalnız 4 ay sonra Azərbaycan xarici tərəfdaşları ilə birlikdə “Əsrin müqaviləsi”ni imzalamışdır. Bu hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açmışdır və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdır. “Şahdəniz” isə düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır”.
Cənub Qaz Dəhlizi ilə bağlı planlar yalnız “Şahdəniz-2” ilə məhdudlaşmır. Bu layihə gələcək perspektivlər zəncirində əsas, amma yalnız ilk halqanı təşkil edir. 2025-ci ilədək Azərbaycanın ümumi ixrac potensialının 40 mlrd. kubmetr qaz həcminə çatdırılması tamamilə realdır. Bu qazın da çox hissəsi Avropa bazarına təchiz oluna bilər. Əlbəttə, belə böyük həcmlərin nəql edilməsi üçün təhlükəsiz daşınmanı təmin etmək iqtidarında olan və ötürücülük qabiliyyətinin artırılması potensialına malik müvafiq qaz-nəql infrastrukturu lazımdır.
3 mühüm seqmentdən ibarət Cənub Qaz Dəhlizi məhz belə bir sistem olacaqdır. 1-ci seqment hazırda “Şahdəniz” qazının Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə nəqlini həyata keçirən və regionda enerji təhlükəsizliyinin mühüm amili olan CQBK-dir. Ötürmə qabiliyyəti ildə 20 mlrd. kubmetr təşkil edən bu kəmər işləkliyini artıq sübuta yetirmişdir. CQBK-nin genişləndirilməsi indiyədək aparılmış işlərin davamı olacaq. 2-ci seqment kimi TANAP - Trans-Anadolu boru kəməri nəzərdə tutulur. Bu, Azərbaycan və Türkiyənin birgə layihəsidir. TANAP-ın illik ötürücülük qabiliyyəti ilk mərhələdə 16 mlrd. kubmetr təşkil edəcək. Sonradan bu göstəricinin 30 mlrd. kubmetrədək artırılması imkanları da nəzərə alınmışdır. Cənub Qaz Dəhlizinin 3-cü seqmentini isə Trans-Adriatik qaz boru kəməri təşkil edəcək. Uzunluğu 870 km olacaq TAP kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşərək, Yunanıstan və Albaniya ərazilərindən, Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaqdır. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunacaq təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün də geniş imkanlar açacaq.
“Şahdəniz-2” layihəsinin iqtisadi əhəmiyyətindən danışarkən həyata keçiriləcək tikinti-inşaat və quraşdırma işlərinin əksər hissəsinin Azərbaycanda icra olunacağı xüsusi vurğulanmalıdır. Bu, ölkənin istehsalat və inşaat potensialını daha da artıracaq. 2018-ci ilədək layihə çərçivəsində 2 platforma quraşdırılmalı, sualtı boru kəmərləri çəkilməli, Səngəçal terminalında texnoloji sahə artırılmalıdır. Bu məqsədlə Bakıdakı tikinti-quraşdırma meydançalarında texniki və texnoloji rekonstruksiya işləri aparılacaq, bir neçə gəminin texniki və funksional imkanı artırılacaq, “İstiqlal” və “Dədə Qorqud” qurğuları da təkmilləşdiriləcəkdir. Sualtı tikinti işlərinin həyata keçirilməsi üçün inşa ediləcək yeni unikal çoxprofilli gəminin Bakı Gəmiqayırma zavodunda tikilməsi planlaşdırılır. “Şahdəniz-2” və CQBK-nin genişləndirilməsi layihələri Azərbaycanda 10 mindən artıq yeni iş yerinin açılmasına səbəb olacaqdır.
“Əsrin müqaviləsi”nin uğurları Azərbaycan rəhbərliyinin və neftçilərimizin xarici tərəfdaşlarla birgə apardıqları məqsədyönlü və səriştəli fəaliyyətin nəticəsidir. Xəzərin Azərbaycan sektorunda işlənilən regional və qlobal əhəmiyyətli layihələrin gedişində dünya miqyasında dövlət və özəl sektorları, milli və transmilli şirkətləri sıx birləşdirən optimal metodlar tətbiq edilmişdir. Bu metodologiya qarşılıqlı etimada və səmərəli birgə fəaliyyətə əsaslanır və hazırda dünyanın bir çox ölkələrində nümunəvi təcrübə kimi öyrənilir. İndiyədək Azərbaycanda hasilatin pay bölgüsü sazişlərinə heç bir düzəliş edilməmişdir. Bu da öhdəliklərə sadiqlik və qarşılıqlı etimadın göstəricisidir. Birgə fəaliyyətdə yerli resurslardan səmərəli istifadə olunması uğurların rəhni rolunu oynamışdır. İlk dövrlərdə qurğu və avadanlıqların əksər hissəsi əsasən xaricdən gətirilsə də, getdikcə yerli istehsala üstünlük verilmiş, Azərbaycana məxsus kommunikasiya və infrastrukturlardan səmərəli istifadə olunması diqqət mərkəzində saxlanılmışdır. Yarımdalma üzən qazma qurğuları modernləşdirilmiş, indi ulu öndər Heydər Əliyevin adını daşıyan “Lider” qurğusunun köməyi ilə texnoloji sahədə böyük irəliləyişlər əldə edilmişdir.
Layihələrin icrasında Bakı Dərin Özüllər Zavodunun istehsalat obyektlərinin və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin Neft Donanmasına məxsus gəmilərin rolu xüsusi qeyd olunmalıdır. Keçmiş Sovet İttifaqında, eləcə də Avropada ilk bu tipli müəssisə olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu bu gün də öz missiyasını şərəflə yerinə yetirir. 2013-cü ildə istismara buraxılmış Bakı Gəmiqayırma Zavodu müasir tələblərə cavab verən istənilən növ gəmilərin tikintisi, təmiri, habelə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi üzrə ixtisaslaşmışdır. İldə 25 min ton metal konstruksiya istehsal etmək gücünə malik olan bu müəssisə təkcə müxtəlif təyinatlı gəmilərin deyil, qazma işlərinin intensivləşdirilməsi məqsədi ilə böyük tələbat duyulan yeni nəsil üzən qazma qurğularının inşası baxımından da mühüm əhəmiyyət daşıyır. Zavod artıq ilk sifarişlərini qəbul etmişdir və 6-cı nəsildən olan yarımdalma qazma qurğusunun tikintisi ilə məşğuldur. “Şahdəniz-2” layihəsi çərçivəsində sualtı işlərin görülməsi üçün nəzərdə tutulan unikal gəminin də inşası bu zavodda aparılacaqdır.
“Əsrin müqaviləsi” və digər irimiqyaslı layihələr üzrə qazanılmış nailiyyətlər sayəsində Azərbaycan artıq investisiya cəlb edən ölkədən xarici ölkələrin perspektivli sahələrinə investisiya qoyan bir ölkəyə çevrilmişdir. SOCAR bu sahədə öncül mövqe tutur və mövqeyini möhkəmləndirir. Şirkət müasir, çevik və rəqabətədavamlı beynəlxalq qurum kimi dünyada daha yaxşı tanınmaq, Azərbaycan hüdudlarını aşaraq, beynəlxalq enerji bazarlarına yaxınlaşmaq məqsədilə investisiya layihələri həyata keçirmək xətti götürmüş və qısa müddətdə ciddi irəliləyişə nail olmuşdur. Strateji inkişaf trendləri sırasında xarici bazarlarda fəaliyyətin genişləndirilməsi və bu yolla məhsuldar iqtisadi əlaqələrin qurulması mühüm yer tutur. Nümayəndəliklər təsis edilmiş, İsveçrədə treyder şirkəti yaradılmış, Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya, İsveçrə və Yunanıstanda aktivlər əldə edilmiş, bir sözlə, SOCAR dünya enerji bazarına inamla daxil olmuşdur.
Aktivlərimizin inkişaf etdirilməsi əsas hədəflərdəndir. Türkiyə neft-kimya sektorunun yeganə istehsalçısı olan PETKİM-in xammalla etibarlı təchiz olunması məqsədilə inşa edilən STAR Neft Emalı Zavodu, konteyner limanı və elektrik stansiyası layihələri bizə imkan verəcək ki, 2023-cü ildə bu nəhəng müəssisələr zəncirini yalnız Türkiyənin deyil, bütövlükdə regionun ən böyük neft-kimya, logistika və liman mərkəzinə çevirək. Bu gün Gürcüstanın qaz təchizatının 90 faizini biz təmin edirik. Qonşu ölkənin onlarca qazpaylayıcı şəbəkəsi SOCAR tərəfindən idarə olunur. Gürcüstanda neft məhsullarının pərakəndə satış bazarının da təqribən 25 faizinə biz nəzarət edirik. Qara dənizdə Azərbaycana əlverişli mövqe qazandırmış Kulevi “Black Sea” Terminalı ildə 10 mln. ton həcmində neftin və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsinə imkan verir. Terminal hazırda Azərbaycanla yanaşı, Mərkəzi Asiya ölkələrindən xam neft və neft məhsullarının da dünya bazarına nəql edilməsində əhəmiyyətli rol oynayır. Neft məhsullarının istehlakçılara satışını birbaşa və əlverişli şərtlərlə təmin etmək, bu sahədən gəlirləri optimallaşdırmaq və fəaliyyəti mərkəzləşdirmək məqsədi ilə İsveçrədə təsis etdiyimiz “SOCAR Trading S.A.” şirkəti qısa bir müddətdə Avropada özünü tanıdaraq, Cenevrə, Sinqapur, Türkiyə, BƏƏ, Nigeriya və Vyetnamdakı bölmə və nümayəndəlikləri vasitəsilə Şərqi və Cənub-Qərbi Avropa, Şimali və Qərbi Afrika, Cənub-Şərqi Asiya və Aralıq dənizi hövzəsindəki bazarlarda möhkəmlənmişdir. Treydinq şirkətimiz BƏƏ-də Fucayra limanında terminal tikintisini uğurla davam etdirir. Artıq tikintinin 2 mərhələsi çərçivəsində quraşdırılmış 12 rezervuar istismar olunur.
Neft sənayesinin yüksəlişi, iqtisadi resurslar, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, məqsəd yox, vasitədir. Olduqca böyük gücə malik həmin vasitə Azərbaycan xalqının maddi rifah halının durmadan yüksəlməsinə dəyərli töhfələr verir. Enerji strategiyası cəmiyyət həyatının bütün sahələrində ümummilli yüksəlişin əhəmiyyətli amili rolunu oynayır. Bu sektordan gələn gəlirlər geniş həcmli sosial-iqtisadi proqram və layihələrin həyata keçirilməsində başlıca maliyyə qaynağıdır.
Neft gəlirləri bu gün sanballı ictimai sərmayə mənbəyidir. Bu gəlirlərin insan kapitalına transformasiyası davamlı olaraq həyata keçirilir. Bu gəlirlər, eyni zamanda qeyri-neft sektorunda inkişafın təkanverici qüvvəsidir. Dövlətimizin müdrik rəhbəri, möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikanın hər yerində sürətlə davam etdirilən genişmiqyaslı quruculuq və yeniləşmə işləri bütün dünyaya nümayiş etdirir ki, inkişafın Azərbaycan modeli təsadüfi xarakter daşımır, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş tərəqqi strategiyasının məntiqi nəticəsidir və hələ uzun zaman həm ölkə əhalisinin, həm də beynəlxalq birliyin mənafelərinə xidmət edəcəkdir.


Rövnəq ABDULLAYEV,
Milli Məclisin deputatı, ARDNŞ-nin prezidenti, YAP Siyasi Şurasının üzvü

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !