NEFTÇİ DƏN BAŞLANAN YOL -

“NEFTÇİ”DƏN BAŞLANAN YOL

Bakıdakı 72 saylı liseyin 5 C sinfində gülərüz, sarışın, ünsiyyətcil və yaraşıqlı bir oğlan oxuyur. Liseydə hamı onu barmaqla göstərir. Təkcə ona görə yox ki, bu şagird dərslərindən yalnız “əla” qiymətlər alır, həm də ona görə ki, 11 yaşlı istedad idmanı çox sevir, gözəl futbol oynamağı bacarır.
Haqqında xoş sözlər yazdığım bu oğlan Elcan Əbilovdur.
Elcan 2004-cü il sentyabr ayının 9-da Bakıda anadan olsa da, əslən Cəbrayıl rayonunun Nüzgar kəndindəndir. O bilir ki, ata-baba yurdu uzun illərdir Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Elcan xəyallarında tez-tez kəndlərinə gedir, yamaclarda oynayır, çəmənliklərdə at çapır, Araz çayının şırıltısına qulaq asmaqdan, əzəmətli Xudafərin körpüsünə tamaşa etməkdən doymur. İnanır ki, gün gələcək, torpaqlarımız işğaldan azad olunacaq və o, ata yurduna xəyallarda deyil, gerçək olaraq gedə biləcək...
İngilis və rus dillərində sərbəst danışmağı bacaran Elcan artıq alman dilini də öyrənməyə başlayıb. Dəfələrlə qardaş Türkiyədə, Almaniyada, Hollandiyada, qonşu Gürcüstanda olub. Doğmalıqda Türkiyəni, səliqə-sahmanına, təmizliyinə, yaşıllığına və bir sıra başqa üstün cəhətlərinə görə isə Almaniyanı, xüsusən də Münhen şəhərini çox bəyənib.
Elcan Əbilov futbolla cəmi bir ildir ki, məşğul olur. Yaşıl meydanlarda ilk addımlarını “Neftçi” İdman Klubu İctimai Birliyində atan Elcanın məşqçisi təcrübəli mütəxəssis Ramiz Səadətov olub. “Sabahın ulduzları” Bakı çempionatında ağıllı, sərbəst oyunu ilə diqqət mərkəzinə düşən Elcan sonradan “Neftçi” Peşəkar Futbol Klubuna keçib və indiki məşqçisi Vaqif Əliyev onun gələcəkdə yaxşı futbolçu kimi yetişəcəyinə böyük ümidlər bəsləyir.
Elcanın atası Rəşid Əbilov yerli məşqçilərin əməyini yüksək qiymətləndirməklə yanaşı, hücumçu keyfiyyətlərinə malik oğlunun sonrakı inkişafını Avropa uşaq-futbol məktəbini keçməkdə görür. Onun fikrincə, biz istedadlı balalarımızın rəqabət qabiliyyətli futbolçu olmaları, milli komandalarımızın layiqli potensial ehtiyat qüvvəsinə çevrilmələri üçün bu imkandan da vaxtında və düzgün istifadə etməliyik. Uşaqlarımızın “Neftçi”dən, “İnter”dən, “Bakı”dan, “Qəbələ”dən, “Xəzər-Lənkəran”dan başlanan yolları mütləq Avropanın aparıcı klublarında fəaliyyət göstərən uşaq-futbol məktəblərinədək uzanmalıdır.
Elcan Əbilov hazırkı tədris ilində 5-ci sinfi “əla” qiymətlərlə başa vurur. Mayın 20-də və 23-də o, futbolda da ilk uğurlarını, ilk medallarını qazanacaq. Həmin medalların “qızıl”, yaxud “gümüş” olcağını indidən demək çətindir. Axı rəqib “İnter” də güclü komandadır. Ancaq Elcan çalışacaq ki, həm respublika çempionatının finalında, həm də Bakı-2015 Birinci Avropa Oyunlarına həsr olunmuş turnirin son matçında həmişəki kimi xoş təsir bağışlasın, komandasının uğur qazanması üçün əlindən gələni əsirgəməsin.

 

Mahir Süleymanov,
jurnalist


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !