Tarzən Şəhriyar İmanovla müsahibə - FOTO

Tarzən Şəhriyar İmanovla müsahibə FOTO

Bu günlərdə Türkiyənin Teknik Universitetinin müəllim və tələbələri Azərbaycan tar ifaçılıq məktəbinin yeni, gənc və istedadlı nümayəndəsi Şəhriyar İmanovun Azərbaycan Milli Konservatoriyasının ifaçı heyəti ilə birlikdə iştirak etdiyi konserti dinləmiş oldular.Tədbir Milli Konservatoriyanın həmin universitet ilə əməkdaşlığının rəsmiləşdirilməsi münasibətilə baş tutdu. Konsert repertuarı olduqca zəngin idi. Gənc tarzənin ifası hər zaman olduğu kimi çox maraq və alqışla qarşılandı.
İlk öncə Şəhriyar İmanovla bağlıtanışlıq vermək istərdik..İmanov Şəhriyar Ayaz oğlu 1989-cu il aprelin 21-də Bakı şəhərində anadan olmuşdur. Atası rəssam, anası musiqi müəlliməsi olan Şəhriyarın incəsənət sahəsinə olan marağı və istedadı doğulduğu ailə mühitindən asılı olaraq formalaşmışdır. O, ilk təhsilini 1994-cü ildə 4 №li musiqi məktəbində alır, ilk uğurları isə 1998-ci ildən başlayır. Məktəbdaxili müsabiqənin I yer qalibi olan Şəhriyar İmanov növbəti ildə Hacı Məmmədov adına 4-cü Bakı şəhər müsabiqəsinin, ardınca isə 5-ci Hacı Məmmədov adına müsabiqənin I yer qalibi olur.2001-ci ildə ilk solo konsertini verən tarzənin Dövlət Simfonik Orkestrin və xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə çıxışı alqışlara səbəb olur. O, 2002-ci ildə Bülbül adına orta ixtisas məktəbinə daxil olur və burada təhsil aldığı müddətdə 9-cu Respublika, N.Əliverdibəyov adına daha bir Respublika, K.Səfərəliyeva adınabir başqa Respublika müsabiqəsinin qalibi olur. Göründüyü kimi çəkilən zəhmət və istedad öz bəhrəsini verərək gənc tarzənə bir-birinin ardınca saysız uğurlar gətirir. Bu hələ son deyil. O, həmçinin Qırğızıstanda keçirilən “İssikkul yıldızları” festivalında da qalib olur. Beləliklə 2005-ci ildə Azərbaycan Milli Konservatoriyasına daxil olan tarzən daha bir qalibiyyətə imza ataraq Əhsən Dadaşov adına Respublika müsabiqəsinin birincisi seçilir, o cümlədən bu illərdə müxtəlif solo konsertlərlə çıxış edir. Nəhayət təhsilinin davamı kimi o, 2011-ci ildəKonservatoriyanın magistr pilləsinə daxil olur. 2013-cü ildə isə sənət yolunda zirvə uğur hesab olunan bir nailiyyət əldə edir. Belə ki, Azərbaycanda keçirilən III Beynəlxalq muğam aləmi festivalının I yerinə layiq görülür. Bundan sonra onun yaradıcılığında xarici səfərlərin sayı artmaqla yanaşı, muğam ifaçısı Qoçaq Əsgərov, caz ifaçısı İsfar Sarabski ilə yaradıcılıq əlaqələri yaranır. ABŞ-da “Sxsw music festival”ında, İsraildə “Oud festival”ında, Çində “Shanxai world music festival”ında, Fransada “Midem” festivalında, İsveçrə “Montreux jazz festival”ında, Almaniyada “Rudolshtat folk music” festivalında iştirak edir.Bundan başqa Yunanıstanda, İtaliyada, Çexiyada, Avstriyada, Ukraynada, Moskvada, İsveçrədə, Kiprdə müxtəlif konsert proqramları ilə çıxış edir.Peşəkar tarzən Şəhriyar İmanov hal-hazırdayaradıcılığını Milli Konservatoriyada pedaqoji fəaliyyət, solo, müşayiət fəaliyyəti ilə davam etdirir.


İndi isə keçək müsahibəyə...
III Beynəlxalq Muğam aləmi festivalında böyük nailiyyət əldə etdiniz və
qalib oldunuz. Mümkünsə bu əldə etdiyiniz nailiyyətin sizin sənətinizə nə kimi yeniliklər gətirdiyini, bu uğurun sənət yolunuzdakı önəmli rolu barədə qısaca danışardınız.

Beynəlxalq muğam müsabiqəsi həqiqətən də mənim həyatımda böyük çevrilişə səbəb oldu. Bu müsabiqəyə mən xüsusi hazırlaşmışdım, təvazökarlıqdan uzaq olsa da deyimki, uşaq vaxtından bəri şəhərdaxili, respublika daxili, hətta xarici ölkələrdə keçirilən musabiqələrdə, festivallarda da qalib olmuşam. Amma bu müsabiqənin bir başqa effekti oldu. Deməliyəm ki, çox böyük həvəslə, istəklə hazırlaşmışdım və şükürlər olsun ki çəkilən əziyyət yerdə qalmadı. Bilirsiz, musiqiçi üçün önəmli olan onun qurduğu əlaqələrdi, dünya musiqi ictimaiyyəti tərəfindən tanınmağıdır. Bu sadalananlar varsa, deməli musiqiçi özünün arzu etdiyi səhnələrə gec tez nail olacaq. Əlbəttə əlaqələr o halda möhkəm olur ki musiqiçinin yüksək səviyyədə istedadı, bacarığı və zəhmətkeşliyi dillər əzbəridir. Müsabiqədən sonra qısa vaxt ərzində İtaliyada, Fransada 2 dəfə, Turkiyədə, Avstriyada, Çexiyada səfərlərdə olub musiqimizi təmsil etmişəm. Hər zaman arzusunda olduğum yerlərdə olmuşam, çox önəmli musiqiçilərlə tanışlıqlar, əlaqələr qurmaga nail olmuşam. Hər zaman nəinki mənim bütün musiqi aləminin böyük sevgiylə izlədiyi musiqiçilərlə bir səhnəni paylaşmışam.. əlbəttə bu böyük yolun başlanğıcıdır. Söz yoxki, saydıqlarım uğur sayıla bilər,amma həleə görüləcək işlər, yaradılacaq musiqilər, baş vurulacaq səs dərinlikləri hələ irəlidədir..

 

Bildiyimiz kimi Azərbaycan Respublikasının I xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev fondu Azərbaycan muğam sənətinin qorunması və yaşaması üçün muğam ifaçılığının inkişafına çox böyük dəstək olur. Sizin buna münasibətiniz.

Əlbəttəki bu əvəzsizdir.. şəxsən xarici səfərlərdə olarkən, istər musiqiçilər, istər adi insanlar bu qurum ve rəhbərlikdən ağız dolusu danışır.. bəzən çox təəccüblənirik buna ki, bu insanların Heydər Əliyev fondu ve onun başında duran insanlar barəsində bu qədər məlumatı hardandı.. Onlar hətta bizdən qısqanclıqlarını da gizlətmirlər. Bilirsiniz əslində təəccüblü də deyil .. belə bir qurum demək olarki heç bir ölkədə yoxdur, hansı ki, mədəniyyətə, incəsənətə, musiqiyə, teatra, təsviri sənətə ve s. dəstək olsun.. Mən şəxsənözümü xoşbəxt sayıramki belə bir təşkilatın fəaliyyət göstərdiyi bir dövrdə yaşayıram.

 

Siz bu günə kimi müxtəlif ölkələrdə konsert proqramları ilə çıxış etmisiniz. Sizcə çıxış etdiyiniz konsertlər Azərbaycanın muğam sənətinin inkişafı üçün hansı perspektivlərə yol açacaq?
Bu konsertlər, tədbirlər mənə qədər də olub, və şübhə eləmirəmki olacaq da.. çünki bizim musiqi - muğam buna layiqdir. Bilirsiniz, musiqimiz o qədər zəngindirki onu sadəcə gözəl bir şəkildə təmsil etmək lazımdı.. Düzdür dünya dəyişir, yeni səslər yaranır, təlabatlar dəyişir. Vaxtaşırı yeni formatlarla, yeni yanaşmalarla insanların qarşısına çıxmalı olursan. Amma ümumilikdə musiqimiz özü haqqında çox şeyi deyir və dünya sıralamasında ön sıralarda getməyə layiq musiqidi.. buna hər səfərimizdə, hər getdiyimiz festivallarda əmin oluruq.


Siz demək olar ki, artıq peşəkar səhnədəsiniz. Və bir gənc, təcrübəli ifaçı kimi bugünki instrumental muğam ifaçılığında hansı problemləri görürsünüz?

Əlbəttə ki, problemlər var. Açıq desəm az da deyil. Bilirsiniz, bir az keçmişə boylananda az çox şahidi oluruq ki, tutalım 40 il öncə bir musiqiçi hansısa bir xarici musiqiçini, onun yaradıcılıgını dinləməkçün nə qədər əziyyətlər çəkib: o valları tapmaq, hardan tapmaq, necə tapmaq, saatlarla hansısa fonotekada növbə gözləmək hansısa valdakı musiqiyə görə və s. Amma indi dövrümüzdəki dinamizmə nəzər salın? bir iki düymə ( hətta indi düymə də deyil) və sən istədiyin musiqini təkrar-təkrar dinləmək fürsəti yaxalayırsan. Nə qədər asan, deyilmi? amma indi görəkki, musiqiçilərimiz dünya səhnələrindəki nəhənglərini tanıyırlarmı? heç adlarını da bilmirlər, nəinki onlardan bəhrələnmək kimi şeyləri qoyaq bir kənara.. əlbəttə ki, bu hamıya şamil edilə bilməz, dünya musiqilərindən xəbərdar olan gənclərimiz də var. Amma əksəriyyət təəssüfki daha öncə qeyd etdiyim kimi tənbəllik edir. Nəzərə alsaqki, bir musiqiçi üçün dinləmək nə qədər vacibdir və onun inkişafına birbaşa təsir göstərən amildir, o zaman məsələnin nə qədər ciddi olduğunu görəcəyik..

.

Siz artıq peşəkar ifaçı kimi çıxış etdiyiniz konsertlərdə müəyyən təcrübə əldə etmisiniz, tar ifaçılığında hansı yenilikləri əldə edə bilmisiniz, hansı ki, təhsil zamanı deyil, məhz konsertlər zamanı siz onu əxz etmisiniz?

İfaçılıqda elə xüsusiyyətlər varki, bəli düz vurğuladınız onu dərs zamanı, tədris zamanı deyil, məhz səhnələrdə yığdığın təcrübə zamanı əldə edirsən.. tələbələrə də hər zaman bəhs edirəm bu barədə. Hərdən elə incə məqamlar varki, açığı sözlə tam çatdırmaq olmur. İstər psixoloji, istər fiziki - bu şeylər yalnız təcrübəylə gəlir, onu heç bir müəllim üzbəüz tələbəyə öyrədə bilməz.

 

Siz bəzi konsertlərinizdə sırf yeni kompozisiyalarla çıxış edirsiniz. Bəs muğam ifaçılığının musiqinin digər janrları ilə sintezləşdirilməsinə olan münasibət necədir? Birmənalı qarşılanırmi?
Düzünü desəm hətta xoşagəlməz fikirlər də eşitməli oluram. Hətta hərdən son dərəcə məntiqsiz yanaşmalar da olur.. bu da təbiidir. Jorj Bize-ni "Karmenin" dərdi öldürdü, hansı ki, indi dünya incilərindən hesab olunur. Uzağa getməyək heç, yaxın keçmişə nəzər salsaq Alim Qasımovun etdiklərinin necə kəskin qarşılandıgını görəcəyik. Əlbəttə mən qətiyyən bu nəhənglərlə özümü müqayisə eləmək fikrim yoxdu, sadəcə zaman-zaman yeniliklərin əleyhinə çıxanların çılğınlığı başa düşüləndi və təbii də qarşılamaq lazımdı.


Biz bilirik ki, siz tarla yanaşı ud alətində də ifa edirsiniz. Həmçinin udun daha çox tanınması və təbliği üçün bir çox addımlar da atmısınız. Bu barədə biraz məlumat verərdiniz.
Ud...siz bilsəniz ki bu alət necə cazibə qüvvəsinə malikdir. Udun mənlə ayrı hekayəsi var əslində. Atam məktəb vaxtlarımda bu aləti ad günümə hədiyyə almışdı. Uzun müddət aldığı kimi də qaldı, çalmadım, marağım olmadı. Sonra yavaş-yavaş bu alət məni özünə çəkməyə başladı. Tarla nə qədər çalışırdımsa udla da o qədər çalışmağa başlamışdım, hətta əsgərlikdən sonrakı dövrlərdə yalnız udla səhnə fəaliyyətimi davam etdirirdim. İnanılmaz sehirli alətdi, səsi nəinki yormur, hətta ondan doymaq olmur. Amma əlbəttə ki, ana alətim Tardı...gec tez bu qayıdış olmalı idi. İndi də özümçün evdə olanda ifa edirəm, bəzi səs yazılarında istifadə edirəm. Amma əlbəttə ki, əvvəlki qədər fəaliyyətdə deyiləm bu alətlə..


Axırıncı verdiyiniz konsert barəsində təəssüratlarınızı bildirərdiniz.
Sonuncu konsertimiz Türkiyənin Teknik Universitesinin Konservatuar bölümündə oldu. Məlumatçün deyim ki, bizim Milli Konservatoriya ilə əməkdaşlıq imzalandı və bu münasibətlə konsert baş tutdu. Milli Konservatoriyanın heyəti olaraq biz də uğurla musiqimizi təmsil etməyə çalışdıq. Gözəl bir yığma komanda ilə yollanmışdıq və musiqimizin hərtərəfliliyini – muğamı, vokalı, improvizəni, xalq musiqisini sevə-sevə dinlətdik və deyim ki, çox da uğurla keçdi bu konsert.

 

Musiqişünas - I kurs Magistr Lalə Namiqqızı
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !