MƏKTƏBDƏ ƏLAÇI ŞAGİRDDİR, MEYDANDA ƏLA OYUNÇU -

MƏKTƏBDƏ “ƏLAÇI” ŞAGİRDDİR, MEYDANDA ƏLA OYUNÇU

“Bakı” FK-nın uşaq-gənclər futbol məktəbi həmişə çoxlarına nümunə olub. Gənc futbolçular yetişdirmək məqsədilə burada hər cür şərait yaradılıb. Yam-yaşıl meydançalar, soyunub-geyinmə otaqları, müasir avadanlıqlarla təchiz olunmuş tədris kabinetləri və s. məşqçilərin və uşaqların ixtiyarına verilib. Məhz bu diqqət və qayğının nəticəsidir ki, “Bakı” FK-nın müxtəlif yaş qrupları üzrə komandaları respublika və “Sabahın ulduzları” paytaxt çempionatlarında həmişə uğurla çıxış ediblər, mükafata layiq yerlər tutublar. Ən başlıcası isə görülən işlərin bəhrəsi olaraq “Bakı” FK Azərbaycan futbolu üçün onlarca oyunçu yetişdirmişdir.
Son vaxtlar klub müəyyən maliyyə problemləri ilə üzləşsə də, məşqçilər ruhdan düşmür, əvvəlki həvəslə işləyirlər. “Bakı” Futbol Klubunda 2005-ci il təvəllüdlü uşaqlardan ibarət komandanı məşqçi Aydın Ələkbərov hazırlayır. “Sabahın ulduzları” yarışlarında iştirak edən bu komandada gözəl oyunu ilə seçilən futbolçular az deyil. Onlardan biri də Kərim İbrahimovdur.
Kərim 2005-ci il noyabr ayının 28-də Bakı şəhərində anadan olub. 164 saylı məktəbin 3 B sinfində oxuyur. Həmişə dərslərindən “əla” qiymətlər alan Kərim futbolu da çox sevir. Onun ilk məşqçisi Fuad Fərzəliyev olub. İndiki məşqçisi Aydın müəllimdən də çox razıdır.
Bu gün “Bakı” FK-nın 7 nömrəli maykasını geyinən, qolunda kapitan sarğısını gəzdirən Kərim İbrahimov böyük həvəslə məşq edir, yarışlarda gözəl oyunu ilə diqqət mərkəzinə düşür. Ümid edirik ki, balaca Kərim 8-10 ildən sonra Azərbaycanın ən yaxşı futbolçularından biri olacaqdır.


Mahir Süleymanov,
jurnalist

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !