Binəqədi rayonunda Şuşanın işğalı ilə bağlı tədbir keçirildi - FOTO

Binəqədi rayonunda Şuşanın işğalı ilə bağlı tədbir keçirildi FOTO

7 may 2015-ci il tarixində Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi qəsəbə bələdiyyəsinin təşkilatçılığı ilə Şuşanın işğalına həsr edilmiş tədbir keçirildi.

Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova,15 ölkədən dəvət alan 40 nəfər QHT rəhbərləri və rayon ictimaiyyəti iştirak etdilər.

Tədbirdən öncə xarici qonaqlarla görüşən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Qarabağ həqiqətləri, tariximiz haqqında qonaqlara geniş məlumat verərək bildirdi ki, dövlətimiz bu sahədə kifayət qədər işlər görür. A.Əliyevə onu da qeyd etdi ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən beynəlxalq layihələr Qarabağ həqiqətlərini dünyaya layiqincə çatdırmaqda davam edir.

Sonra Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə tanışlıqdan sonra qonaqlar Binəqədi qəsəbəsi Mərkəzi Mədəniyyət Evində Şuşa Musiqili Dram Teatrının ifasında “Ağ qayıq” tamaşasını izlədilər.

Tamaşadan sonra çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Zivər Abbasova xarici qonaqlar və məktəblilər üçün tamaşanın təşkilinə görə Binəqədi Rayon İcra Hakimiyyətinə və Şuşa Teatrının heyətinə təşəkkür edərək belə tamaşaların gənc nəslə vətənpərvərlik hissinin aşılanmasında, o cümlədən Qarabağla bağlı həqiqətlərin təbliğində əhəmiyyətli rol oynadığını qeyd etdi.

Görüş və tamaşa ilə bağlı təəssüratlarını bölüşən Ukraynalı qonaq Mariya Tişenko tamaşadan təsirləndiyini qeyd edərək görüşün və tamaşanın təşkilatçılarına minnətdarlığını bildirdi. Natiq Ukraynanın son dövrdə yaşadığı hadisələr nəticəsində Azərbaycanın Şuşa ilə bağlı problemini indi daha yaxşı anladığını və Azərbaycan xalqının dərdinə şərik olduğunu dilə gətirərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, Dağlıq Qarabağ üçün ədalətə nail olunması və Şuşanın sülh yolu ilə azad edilməsi üçün əlindən gələni edəcəyinə söz verdi.

Azərbaycan və Türkiyə dövlətlərinin əzəli və əbədi qardaşlığını vurğulayan Türkiyəli qonaq Fatih Şənöz növbəti il artıq Şuşaya azadlıq çağırışına daha ehtiyac olmayacağına, bu görüşün Şuşada keçiriləcəyinə ümid etdiyini bildirdi. Münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edən natiq eyni zamanda Azərbaycan bayrağını Qarabağa sancmaq üçün qan tökmək lazım gələrsə, Anadolu türklərinin “dünyanın şah damarını kəsməyə” belə hazır olduqlarını dilə gətirdi.

Daha sonra görüş çay süfrəsi arxasında söhbət və müzakirələrlə davam etdi.