Leyla Əliyeva Beynəlxalq Dağadırmanma və Alpinizm Federasiyasının (UIAA) nümayəndələri ilə görüşüb -

Leyla Əliyeva Beynəlxalq Dağadırmanma və Alpinizm Federasiyasının (UIAA) nümayəndələri ilə görüşüb

4 aprel, 2015-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Beynəlxalq Dağadırmanma və Alpinizm Federasiyasının (International Climbing and Mountaineering Federation - UIAA) nümayəndələrini qəbul etmişdir.

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun da iştirak etdiyi görüşdə qonaqlara IDEA İctimai Birliyinin fəaliyyəti, onun həyata keçirdiyi layihələr haqda ətraflı məlumat verilmiş və ölkədə ekoloji maarifləndirmənin genişləndirildiyi qeyd olunmuşdur.

Həmçinin görüşdə sözügedən Federasiya ilə ekoloji maarifləndirmə və ekoloji incəsənət sahəsində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi, ölkə daxilində və beynəlxalq səviyyədə birgə layihələrin icrası imkanları istiqamətində ətraflı müzakirələr aparılmışdır.

Qeyd edək ki, Beynəlxalq Dağadırmanma və Alpinizm Federasiyası 1932-ci ildə təsis olunmuşdur. 5 qitədə təmsil olunan Federasiya 50 ölkədən 80-dən çox təşkilatı və 2.5 milyondan çox əhalini bir araya gətirir. Federasiyanın əsas məqsədləri dünyada alpinizmin inkişafı, bu sahədə təhlükəsiz və etik təcrübələrin təbliği və ətraf mühitin mühafizəsinə töhfənin verilməsindən ibarətdir. Federasiya Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dağadırmanma və alpinizm idman növlərini təmsil edən beynəlxalq struktur kimi tanınmışdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !