Leyla Əliyeva bir sıra uşaq evlərində olub - FOTO

Leyla Əliyeva bir sıra uşaq evlərində olub FOTO

Martın 11-də - Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı bir sıra uşaq evlərinin sakinləri ilə görüşüb.

Şağan qəsəbəsindəki 3 nömrəli internat evində Leyla Əliyeva əvvəlcə uşaqların əl işlərindən ibarət sərgiyə baxıb. İnternat evində yaradılmış şəraitlə tanış olan Leyla Əliyeva burada yaşayan 168 uşağın təlim-tərbiyəsi ilə maraqlanıb.

İnternat evi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub.

Sonra Leyla Əliyeva Nizami rayonundakı Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində olub, Daun Sindromlu Şəxslərin Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Dəcəllər” teatrının hazırladığı rəqs nümunələrini izləyib.

Nizami rayonundakı 1 nömrəli uşaq evinə də baş çəkən Leyla Əliyeva burada uşaqlarla söhbət edib, onların arzu və istəklərini dinləyib.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Nərimanov rayonunda yerləşən Uşaq Psixonevroloji Mərkəzində olub, burada müalicə alan uşaqlar üçün təşkil edilmiş bayram şənliyinə qatılıb.

Leyla Əliyeva Nəsimi rayonunda yerləşən 1 nömrəli körpələr evinə də baş çəkib. Bu körpələr evində 4 yaşınadək 52 uşaq yaşayır. Burada ötən ilin noyabrında başlanmış əsaslı təmir işləri nəticəsində müəssisədə müasir standartlara uyğun şərait yaradılacaq.

Uşaq evlərinin sakinlərinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olunub.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !