Sağlığında abidəsi qoyulan ilk azərbaycanlı -

Sağlığında abidəsi qoyulan ilk azərbaycanlı

Ankarada “Tarixdaş – Millətlər və Cəmiyyətlər” Dərnəyinin təşkilatçılığı ilə “Hacı Zeynalabdin Tağıyev və Qafqaz İslam Ordusunun qəhrəmanları” mövzusunda konfrans keçirilib. Tədbirdə Azərbaycanın səfiri Faiq Bağırov, hər iki ölkədən deputatlar, elm və mədəniyyət xadimləri, Z.Tağıyevin qohumları iştirak ediblər. Azərbaycan sahibkarlığının görkəmli nümayəndəsi, xeyriyyəçi, maarifpərvər və ictimai xadim Z.Tağıyev barəsində millət vəkili, AMEA-nın müxbir üzvi, AMEA Tarix İnstitutunun direktoru professor Yaqub Mahmudovun konfransda etdiyi çıxışı əsasında hazırlanmış müsahibəni sizə təqdim edirik.

 

- Yaqub müəllim, deyirlər ki, Zeynalabdin Tağıyev xalqımızın yaddaşında özünə əbədi heykəl ucaltmış “millət atası” idi. Bir tarixçi kimi, sizdə Z.Tağıyev barəsində məlumat daha çoxdur...
- Nəriman Nərimanov “Hacı Zeynalabdin Tağıyevin əlli illik məişəti və camaata xidmətləri” adlı kitabçasında bu əvəzolunmaz şəxsiyyətə belə qiymət vermişdi: “Müsəlmanlardan bu qeyrətdə olanlarını görməmişiksə də adlarını tarixdə oxuyuruq və düşünürük ki, millət yolunda can qoyanlar bizlərdə var imiş. Bu Zati- möhtərəmlər hər əsrdə olub, indi də var, gələcəkdə də olacaqdır. Ümum xeyirdən ötrü bu əsri-hazırda insafımız rəva görməyir ki, cənab Hacı Zeynalabdin Tağıyevi nəzərimizdən keçirməyək, ya gələcəkdə millətin balaları bu cənabın, millətə qeyrətini, vətənə məhəbbətini, insana himmətini və həmiyyətini tarixdə oxuyub gözləri rövşən və qəlbləri şad olsun. Həqiqət hal! Bu Zat-möhtərəm bir qeyri-zatdır, ruzidir Allah bizlərə bəxşiş edibdir. Bu zat millət böyüyü, ruzigarın əvəzsiz böyüyü olub. Adını tarixə salmaya bilərikmi?” Z. Tağıyev ehtiyac içərisində yaşayan ailəsinə kömək məqsədilə kiçik yaşlarından fəhləlik etmiş, 15 yaşından bənnalığa başlamışdır. 1872-ci ildə Z.Tağıyev torpaq sahəsi icarəyə götürərək, quyu qazdırmış, quyu gözlənilmədən fontan vurduğundan Zeynalabdin milyonçuya çevrilmiş, elə həmin il yaranan 12 ilk neftçıxarma müəssisəsindən biri də “H.Z.Tağıyev” neft sənayesi firması olmuşdur. Z. Tağıyev iki dəfə evlənmişdir. Birinci həyat yoldaşı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu və bir qızı olmuşdu. İkinci həyat yoldaşı məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Ərəblinskinin iki qızından böyüyü Z. Tağıyevin oğlu İsmayılın arvadı idi. Hacı oğlugildə olarkən, kiçik bacı Sonanı görüb, bəyənmiş və onunla evlənmişdi. Sona xanımdan Z.Tağıyevin üç qızı və iki oğlu (Məhəmməd və İlyas) olmuşdur. Məhəmməd "Dikaya diviziya"nın zabiti olarkən rus puleti oynarkən ölmüş, İlyas isə xəstəliyə tutularaq ölmüşdür. Sovet hakimiyyəti qurulduqdan sonra Z. Tağıyevin bütün müəssisələri milliləşdirildi. Ona Mərdəkandakı bağında yaşamağa icazə verildi. N. Nərimanov Azərbaycan sovet hökümətinə rəhbərlik etdiyi dövrdə və sonra Moskvada fəaliyyət göstərən zaman Z.Tağıyevə xeyirxah münasibət bəsləmiş, onu bolşevik hakimiyyətinin təhqiramiz tədbirlərindən qorumuşdur. Z. Tağıyevin vəfatı münasibəti ilə “Kommunist” qəzetində nekroloq verilmişdi. Z.Tağıyev Mərdəkandakı bağından 200-300 metr məsafədə yerləşən, tikintisi onu adı ilə bağlı olan Axund Əbuturab məqbərəsində dəfn edilmişdi. Tağıyevin vəfatından sonra ailəsinin məşəqqətli günləri başlamış, onun adı qatı sinfi düşmənçilik mövqeyindən hallanmışdır. Tağıyevin qızı Sara xanım bu münasibətlə barışmayaraq, “H.Z. Tağıyevin maarifçi fəaliyyəti”, “H.Z. Tağıyevin Azərbaycan xalqının mənəvi mədəniyyətinin inkişafında mütərəqqi rolu” mövzularında araşdırma aparmış, lakin rəsmi etirafa nail ola bilməyib. Azərbaycan müstəqillik qazandıqdan sonra Tağıyevin adına qəsəbə, küçə, məktəb və müəssisələr təsis edilmiş, “Hacı Zeynalabdin Tağıyev xatirə mərkəzi”, “İnsanlığa xeyirxahlıq və fəzilət nümunəsi, sərvət və səxavət sahibi Hacı Zeynalabdin Tağıyev” media diplomu təsis edilmişdir. Prezident İlham Əliyevin Sərəncamı ilə əsaslı şəkildə təmir edilmiş və vaxtilə hacının şəxsi malikanəsi olmuş Milli Azərbaycan Tarixi Muzeyinin tərkibində “Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi” də yaradılıb.

 

- Yaqub müəllim, Z.Tağıyevin sərmayəçi fəaliyyəti barəsində nə deyə bilərsiniz?
- O böyük sərmayəçi olub, 1873-cü ildə neftçıxarma işinə sərmayə qoymuş, sahibkarlıq fəaliyyətinə başlamışdır. 1877-ci ildə 2-ci gildiya tacir rütbəsi almış, 1878-ci ilin əvvəlində Tağıyevin mədənində neft fontanının vurması onu Bakının zəngin sahibkarlarından birinə çevirmişdir. 70-ci illərin sonunda Tağıyev artıq 3 neft zavodunun sahibi idi. 1882-ci ildə 1-ci gildiya tacir rütbəsi almış, 1886-cı ildə “H.Z.Tağıyev” şəxsi ticarət evini təşkil edib. 1896-cı ildə Tağıyev firmasının neft hasilatı ən yüksək göstərici ilə (32 milyon pud) ən iri – “Nobel qardaşları” şirkətini geridə qoymuşdu. Tağıyev neft məhsullarının Xəzər dənizi və Qafqaz dəmir yolu ilə nəqli üzrə firmalar qrupunun iştirakçısı olmuşdur. XIX əsrin 90-cı illərində məhz Tağıyev ilk dəfə Şuşa-Yevlax dəmir yolu çəkilişi lahiyəsini təklif etmişdir. XX əsrin əvvələrində təsisçisi olduğu “Kür-Xəzər gəmiçilik cəmiyyəti” Xəzər dənizində “Qafqaz və Merkuri” və “Şərq” şirkətlərinə qarşı dura biləcək yeganə qüvvəyə çevrildi. Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçi olmuşdur. Başqa sənaye sahələrinə kapital qoymaq üçün 1897-ci ildə özünün neft mədənlərini, müəssisələrlə birlikdə Britaniyanın ən iri sahibkar şirkətinə 5 milyon rubla satan Tağıyev toxuculuq sənayesinə, gəmiçiliyə, tikintiyə, kənd təsərrüfatına və balıqçılığa xeyli kapital qoymuş, “Tağıyev H.Z. lifli maddələrin emalı üzrə Qafqaz səhmdar cəmiyyəti”, toxuculuq fabriki, “Xəzər manufaktura cəmiyyəti”, “Tağıyev balıq sənayesi səhmdar cəmiyyəti” yaratmışdı. Bakıda toxuculuq fabriki tikilməsi təkcə Azərbaycanda qiymətli ixrac məhsulları və külli miqdarda gəlir verən yeni sənaye sahələrinin yaradılması deyil, həm də minlərlə işsizin işlə və pulsuz evlə təmin edilməsi demək idi. Fabrikin ambulatoriyası və məktəbi də var idi. Bir sıra xırda neft sənayesi şirkətləri ilə əməkdaşlıq edən Tağıyev “Şərqi-Qafqaz neft sənayesi və ticarət səhmdar cəmiyyəti”nin təsisində iştirak etmiş, həmin cəmiyyətin idarə heyətinin sədri seçilmiş, beləliklə, XX əsrin əvvəllərində neft sənayeçiləri arasında nüfuzunu müəyyən dərəcədə bərpa etmişdir. Tağıyev 1914-cü ilin yayında pambıq parça sənayesi sahəsində “H.Z. Tağıyevin fabrikləri birliyi kontoru”nu təşkil etmişdir. Fabriklərini xammalla təmin etmək məqsədilə Tağıyev Yevlax yaxınlığında torpaq sahəsi almış, 1909-cu ildə isə Cavad qəzasında pambıqtəmizləmə zavodu tikdirmişdi. 1899-cu ildə yaradılan “Elektriçeskaya sila” səhmdar cəmiyyətinin sədr müavini seçilən Tağıyevi idarə heyətinin 6 direktoru arasında yeganə azərbaycanlı idi. Tağıyevin metal emalı və gəmi təmiri sahələrində də müəssisələri vardı. 1903-cü ildə gəmi sahibləri onun təşəbbüsü ilə “Yanacaqdoldurma şxunları ittifaqı” adlı sindikat yaratmışdı. Tağıyev yeyinti sənayesinin inkişafına da diqqət yetirmiş, dəyirman tikdirmiş, Quba qəzasında üzüm bağları saldırmış, 43,7 ha sahəlik üzümçülük təsərrüfatını şərikli satın almışdı. 1909-cu ildə balıq sənayesinə 1 milyon rubla yaxın sərmayə qoymuş, 1910-cu ildən ən iri vətəgələrdən olan “Bankə” vətəgəsinin sahibi olmuşdur. Balıq məhsullarını saxlamaq üçün Dağıstanın Petrovsk-Port (indiki Mahaçqala) şəhərində soyuducu zavod, buz istehsal edən və çəllək zavodları tikdirmişdi. 1904-1913-cü illərdə xüsusi kredit müəssisələri şəbəkəsinə “H.Z. Tağıyev” banklar kontoru da daxil olmuşdur. Tağıyev 1914-cü ildə yerli sahibkarlarla birlikdə Bakı ticarət bankını təsis etmişdir. 1916-cı ildə balıq sənayesi sahəsində yaradılan “Kaspi-Tağıyev” səhmdar cəmiyyətinin əsas kapitalının üçdə iki payı Tağıyevə məxsus idi. Tağıyevin fəaliyyət sahələrindən biri də rabitə ilə bağlı idi. Telefon xətlərinin çəkilişində də öncüllərdən biri Tağıyev olmuşdur. O, torpaq sahələrinin, mülklərin və başqa daşınmaz əmlakın alqı-satqısı ilə bağlı əməliyyatlar ilə də məşğul olmuşdur. 1917-ci ilin sonlarında Tağıyevin kapitalı 30 milyon rubla çatırdı.


- O şəxs özündən sonra çoxlu binalar qoyub gedib...
- Bəli, Tağıyev böyük qurucu olub, Bakı Şəhər Dumasının üzvü kimi şəhərsalma məsələsinə xüsusi diqqət yetirmişdir. Bakının mərkəzində ticarət passajı (köhnə Bakı univermağı), bank binası, üçmərtəbəli yaşayış mülkü (Azərbaycan Tarixi muzeyinin binası), Abşeronda ilk dəfə xüsusi olaraq fəhlələr üçün Ziğ kəndində salınmış qəsəbə və s. buna misaldır. 1879-cu ildən Bakı şəhər Dumasının üzvü olan Tağıyevin Bakıya su kəmərinin çəkilməsində xüsusi xidməti olmuşdur. Onun təşəbbüsü ilə ingilis mühəndisi V.Lindley 1904-cü ildə Şollar-Bakı su kəmərinin çəkilməsinə başlamışdı. Tağıyevin 1899-cu ildə Mərdəkanda tikdirdiyi elektiklə işləyən dəyirman ətraf kəndlərin camaatını Birinci Dünya müharibəsi illərində aclıqdan xilas etmişdi. 1902-ci ildə Şamaxı zəlzələsi zamanı Tağıyev şəhər əhalisinə böyük kömək göstərmişdir. Tağıyevin vəsaiti hesabına Petrovsk-Portda tikiş fabriki, Peterburqda məscid, Moskvada yaşayış evi və ticarət müəssisələri tikilmişdir. Bundan başqa İranda, İstanbulda, Hindistanda, Misirdə və başqa Şərq ölkələrində xəstəxanalara, məktəblərə, xeyriyyə cəmiyyyətlərinə, məscid və mədrəsələrin inşasına böyük ianələr ayırmış, təkcə Azərbaycanın deyil, Rusiyanın çoxmilyonlu müsəlman əhalisinə köməyini əsirgəməmişdi. Peterburq müsəlman xeyriyyə cəmiyyətinə 11 min manat bağışlamış və bu cəmiyyətin ömürlük üzvü seçilmişdir.

 

- Tağıyevin maarif sahəsində gördiyi işləri unutmaq olmaz...

- O kişi həm də böyük maarifçi olub. Tağıyev maarif və mədəniyyətin tərəqqisi üçün də misilsiz səy və xidmətlər göstərmişdir. Onun vəsaiti hesabına şeyxülislam Əbdüssəlam Axundzadənin “Tarixi-müqəddəs”, Sultanməcid Qənizadənin kitabları, “Əşari-Seyid Əzim Şirvani” kitabı, Nəriman Nərimanovun “Nadir şah” dramı və bir çox başqa kitablar çap olunmuşdur. O, Mahaçqala, Tiflis, Krım, Sibir, Moskva, Odessa, Vladiqafqaz, Həştərxan, Kutaisi, Peterburq, Volqaboyu, Xarkov və s. yerlərdə ana dilində məktəblərin açılmasına xeyli vəsait sərf etmişdi. Tağıyev 1895-ci ildə 57 min rubla “Kaspi” qəzetini almış və onun sahibi olmuşdur. “Kaspi” qəzetinin nəşriyyatında Quranı Azərbaycan dilində nəşr etdirmişdi. Qəzet və jurnalların nəşrinə (“Kaspi”, “Həyat”, “Füyuzat” və s.), mədəni-maarif cəmiyyətlərinə, milli kadrların hazırlanmasına xeyli vəsait sərf etmişdir. 1901-ci ildə Bakıda müsəlman qızlar üçün ilk təhsil məktəbi tikdirir. Bu məktəb bütün Zaqafqaziyada yeganə müsəlman qızlar məktəbi idi. Bu məktəb indiki AMEA-nın Əlyazmaları İnstitutunun bunasında yerləşirdi. O dövrdə müsəlman qızlar üçün müasir məktəbin açılması böyük cəsarət tələb edirdi. Çar üsul-idarəsi məktəbin açılmasına mane olur, cahil ruhanilər, qoçular qızların oxuması ilə heç cür razılaşmırdılar. Məktəbin açılmasına icazə almaq üçün Tağıyev çariça Aleksandra Fyodorovnaya qiymətli hədiyyə bağışlayır və məktəbə onun adının verilməsini təklif edir. Nəhayət, məqsədinə çatır. Məktəbə qəbul edilən 58 qızın 35-i yoxsul ailədən çıxmışdı. Onların təhsil haqqını, yemək və geyim xərclərini Tağıyev öz üzərinə götürür, o məktəbin fəaliyyətinə xeyli vəsait və əmək sərf etmişdir. Tağıyevin maarif sahəsindəki xidmətlərinin coğrafiyası daha böyük və genişdir. Nəriman Nərimanov (Zeynalabidin vəsaiti ilə ali tibb təhsili almış N.Nərimanov hesablamışdı ki, mesenat xeyriyyə işlərinə qızıl pulla 1 milyon rubl xərcləyib), Məşədi Əzizbəyov, Əlimərdan bəy Topçubaşov, Qarabəy Qarabəyli, Behbud Ağa Cavanşir, Lütfəli bəy Behbudov, Mirzə Davud Hüseynov, Nəsib bəy Yusifbəyli, Maxaç Daxadayev, Mir Həsən Vəzirov, Xudadat bəy Məlik-Aslanov, Şövkət Məmmədova və onlarla başqaları Z. Tağıyevin köməyi və himayəsi sayəsində təhsil almışlar. Tiflisdə mehmanxanadan hacıya teleqram vuraraq Beyrutdakı Amerika Məktəbində təhsil almaq arzusunda olduğunu, bu məqsədlə ona yolxərci və təhsilhaqqı ilə yardımçı olmağı xahiş edən təbrizli Seyid Həsən Tağızadəyə böyük maarifpərvər dərhal pul göndərmiş, Qori Seminariyasının Azərbaycan şöbəsinə 2 nəfər şagirdin qəbulu üçün vəsaitlə yardım etməyi xahiş edən Soltan Məcid Qənizadənin arzusu dərhal yerinə yetirmiş, belə ki, hacı 4 müsəlman, 2 gürcü, 2 erməni uşağının da təhsilhaqqını öhdəsinə götürmüşdü. İrəvan gimnaziyasını əla qiymətlərlə bitirib Peterburqda ali təhsil almaq üçün ona kömək etməyi xahiş edən Əziz Əliyevin ünvanına hacı tərəfindən təcili 300 manat yolxərci göndərilir və Ə.Əliyev Sankt-Peterburq Hərbi Tibb Akademiyasına daxil olur. Tağıyev yeni tipli təhsil ocaqlarını ərəb, fars, türk dillərində kitablarla, tədris vəsaiti və məktəb avadanlığı ilə təmin etmiş, onlara nağd pulla yardım göstərmişdir. Quberniya mərkəzində texniki, kommersiya və ya peşə məktəblərinin açılmasına da 100.500 manat pul ayırmış, həmin tədris ocaqlarının kabinet və laboratoriyaların yaradılmasına əlavə yardım göstərmişdir. “Nəşri-maarif”, “Nicat” və b. xeyriyyə cəmiyyətlərinin təsis edilib fəaliyyət göstərməsində Tağıyevin xidmətləri böyük olmuşdur. O, “Nəşri-maarif” cəmiyyətinin idarə heyətinin sədri seçilmişdi. Bakı texniki məktəbinin qəyyumu seçilmiş, öz vəsaiti hesabına məktəb üçün ikinci mərtəbə tikdirmiş, yaşlılar üçün rus dili kursları təşkil etmişdir.12 yoxsul müsəlman texnik-tələbənin xərcini öz üzərinə götürmüşdür. Hacı Zeynalabdin Dərbənddə qızlar üçün təhsil müəssisəsi (Tağıyev məktəbin saxlanması üçün hər il pul köçürmüşdür), tikmiş, İsmayıl bəy Qaspıralının “Tərcüman” qəzetinə Qafqazdan abunələr təşkil etmiş, abunəçilərin pulunu özü ödəmişdir. XIX əsrin 90-cı illərində Con Daltner adlı bir ingilis zadəganı hacının qonağı olarkən onun mesenatlıq, xeyriyyəçilik və maarifçilik fəaliyyətinə o qədər heyran olmuşdu ki, vətəninə qayıtdıqdan sonra İngiltərənin Edinburq şəhərində öz vəsaiti hesabına mərhəmətli hacının abidəsini ucaltdırmışdı. Hacı Zeynalabidin sağlığında abidəsi qoyulan ilk azərbaycanlıdır. Xalqın maariflənməsinə köməyi özünün həyat idealı hesab edən bu böyük mesenat və maarifpərvər “Tazə həyat” qəzetində (12.02.1908) çap olunan “Mənim təcrübəmdən” adlı məqaləsində yazırdı: “...Xalqımın maariflənməsi və tərbiyələnməsi zəruriyyətini görərək, mən qüvvəm çatan qədər kömək etməkdən çəkinmədim. Bunu isə kiçik uşaqların tərbiyəsi (təhsili) və maarifləndirilməsində, böyüklər üçün isə kitab və qəzetlərin nəşrində gördüm. Bu işə qayğı göstərdim və göstərməkdə davam edəcəyəm. Söylədiklərimə yekun vurarkən, mən həqiqətən də başa düşdüm ki, xalqın gələcək xoşbəxtliyi, dəyanəti və irəliləyişi... tərbiyə (təhsil) ilə bağlıdır...”


- Bu böyük maarifpərvərin hansısa siyasi fəaliyyəti olubmu?

- Azərbaycanın XX əsr siyasi həyatında Tağıyevin fəal rolu olmuşdur. Tağıyev müsəlmanların mənafeyi ilə bağlı ictimai-siyasi məsələlərdə daim fəallıq göstərmişdir. 1905-ci ildə şəhər özünəidarəsi sahəsində müsəlmanların hüqüqlarının məhdudlaşdırılmasının ləğvi ilə bağlı olaraq tədbirlər görülməsini təklif etmiş, Əhməd bəy Ağayev tərəfindən Azərbaycan dilinə çevrilmiş 1864-cü il “Əsasnaməsi” onun köməyi ilə dərc olunmuşdu. O, Cənubi Azərbaycanda gedən milli azadlıq hərəkatına (1905-1911) yardım olaraq pul vəsaiti və silah göndərmişdi. Arxiv sənədlərində “Difai” partiyasının təsisçisi kimi Tağıyevin adı çəkilir. O, gizli fəaliyyətdə olan “Musavat” partiyasına maddi yardım göstərmişdir. Hacı Zeynalabidn milli münaqişələr zamanı müsəlman əhalinin xilası istiqamətində zəruri tədbirlər görmüş, 1918-ci ilin mart hadisələrində müsəlman müdafiə dəstələrinə maddi təminat göstərmiş, talan olunmuş kəndlərə İrandan ərzaq gətirib paylamış, Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil dövlətçilik mənafelərini dəstəkləmiş, dövlət tədbirlərində iştirak etmişdir. 1918-ci ilin martında dinc müsəlman əhaliyə qarşı erməniləri törətdiyi soyqımının qarşısını almaq üçün Dağıstan qüvvələrinin başçısı imam Nəcməddin Qotsinski ilə saziş əldə edilməsində Tağıyevin mühüm xidməti olmuşdur. Ermənilər mart qırğınları zamanı “Tağıyev teatrı” və “Kaspi” redaksiyasını da yandırmışdılar. Tağıyev yüksək dövlət qonaqlarını öz yayayış mülkündə qonaq etmiş, Britaniya diplomatik missiyasının başçısı O.Uordrop Bakıya gələrkən şəxsi mülkünün bir hissəsini onun sərəncamına vermiş, general C.Harbord başda olmaqla, Amerika missiyasının üzvləri onun mülkündə qalmış, burada hökümət başçısı Nəsib bəy Yusifbəyli tərəfindən qəbul edilmişdir. Tağıyev AXC hökümətinin başçısı N.Yusifbəyliyə məktubla müraciət edərək, hökümətin maliyyə və iqtisadi siyasəti ilə bağlı mülahizələrini bildirmiş, tövsiyələr vermişdi. Milli pulun dəyərdən düşməsi səbəbləri, ixracata qoyulan qadağaların ölkə iqtisadiyyatına vurduğu zərər, Azərbaycan valyutasını gücləndirmək tədbirləri, yerli sənaye sahəsində hökümət orqanlarının yeritdiyi siyasətin tənqidi Tağıyevin hökümət başçısına müraciətinin əsas məzmununu təşkil edirdi. Müraciətin motivini Tağıyev məktubun sonunda belə şəhr edir: “Mənim sizə müraciətim tacir və sənayeçinin şəxsi marağından deyil, səmimi vətənpərvərlik hissindən və dövlətin əsl siyasi müstəqilliyinin yalnız onun maliyyə və iqtisadi müstəqilliyi əsasında mümkünlüyünə dərin inamından irəli gəlir ki, bunsuz siyasi mənada azad vətəndaşlar özlərinin sənaye və ticarət baxımından daha güclü qonşularının quluna çevrilirlər”. Dövlət qadağalarının və məhdudiyyətlərinin inkişafa əngəl olduğunu göstərən Tağıyev gənc respublikanın iqtisadi müstəqilliyi üçün zəmin yaratmaq, onun dünyanın digər dövlətlərinin sırasında tamhüquqlu üzv kimi şərəfli yer tutması naminə sənaye və ticarət sərbəstliyini müdafiə etdiyini bildirirdi. 1922-ci ildə Tağıyevin Azərbaycan SSR hökümətinin sədri N.Nərimanova müraciəti də eyni motivə söykənmişdir. O, sovet iqtisadi siyasətində məcburi dönüşü dəyərləndirmişdi: “... artıq fəaliyyətsiz qala bilmərəm, xüsüsən hökümətin səsi və xalqın maraqları iqtisadi siyasətin yeni yoluna qədəm qoyaraq, bütün canlı qüvvələri xalq təsərrüfatının və sənayenin bərpasına səslədiyi bir vaxtda”. Tağıyevin təklifi qəbul edilmədisə də, N. Nərimanovun təklifə müasibəti müsbət olmuşdur: “Qərbi Avropa ona daha artıq etibar edər, nəinki bizə. Əgər o, kredit açarsa, həmin pullara Qərbi Avropadan bizə lazım olan hər şeyi əldə edə bilərik”. Qeyd edim ki, 1917-ci ilin aprelində Bakıda keçirilmiş Qafqaz müsəlmanları qurultayında fəxri qonaq kimi çıxış edən Tağıyev qurultayın yaratdığı Milli fonda 50 min rubl məbləğində pul bağışlamışdı. Azərbaycan mətbuat tarixinin görkəmli nümayəndəsi Haşım bəy Vəzirov Tağıyevin türk-İslam dünyasına xidmətlərindən danışarkən “Tazə həyat” qəzetində (10.04.1907) yazırdı:"Hacı Zeynalabdin Tağıyevin müsəlman milləti üçün etdiyi xidmətlərini durub burada bir-bir saymaq fikrinə düşsək, heç olmasa, bir ay qəzetimizi ancaq bu təfsilatla doldursaq, yenə hamısını deyə bilmərik...". Tağıyev Balkan müharibəsi illərində türklərə pul yardımı göstərmişdir. Birinci Dünya müharibəsində rus qüvvələri tərəfindən işğal edilmiş Türkiyə vilayətlərində erməni quldur dəstələrinin vəhşiliklərinə məruz qalmış müsəlmanlara yardım edilməsində fəal rolu olmuşdur.


- Tağıyevlə bağlı maraqlı, məzəli əhvalatlar danışırlar...

- Bir əhvalata görə hacı Cənubi Qafqaz müsəlmanlarının nümayəndəsi kimi çar III Aleksandrın tacqoyma mərasimində iştirak edirmiş. Nazirlər sovetinin sədri çarın sağ tərəfində dayanıb, gələnləri bir-bir ona təqdim edirmiş. Növbə milli geyimdə olan Tağıyevə çatır. Nazirlər sovetinin sədri elə güman edir ki, o rus dilini bilmir. Çara deyir: “Zati-aliləri, bu, vəhşi xalqın nümayəndəsidir”. Tağıyev təmkinini pozmadan cavab verir: “Biz vəhşi deyilik, mənim xalqım vəhşi deyil, o, çoxəsrlik zəngin tarixə malik bir xalqdır”. Bir gün Bakı varlıları Tağıyevə şikayət edirlər ki, ermənilər şəhərin aşağı məhəllələrində evlər tikdirirlər, tədbir görüb, bunun qabağını almaq lazımdır. Hacı deyir: “Qoy tiksinlər. Qabağını almaq lazım deyil. Mən özüm də onları şirnikləndirirəm ki, tikdirsinlər. Gedəndə heç kəs binaları dalına şələləyib aparmayacaq. Onlar gedəcək, binalar isə qalacaq”... Başqa əhvalata görə bir gün Tağıyevə xəbər çatdırırlar ki, şəhər bazarlarında təzə balıq yoxa çıxıb. Hacı deyir: “Arxayın olun, bu günlərdə şəhərə balıq gətirərlər”. Ertəsi günü faytona minib vətəgələrdən birinə gəlir. Balıqçılar ona görə əl-ayağa düşürlər. O, təzə tutulmuş, çapalayan balıq gətizdirir, barmağındakı brilyant üzüyü çıxarıb məftillə balığın quyruğuna bağlayır və balığı dənizə atır. Bu xəbər bütün vətəgələrə yayılır. Balıqçılar quyruğunda brilyant üzük olan balığın eşqi ilə çoxlu balıq ovlayırlar. İki gündən sonra şəhər bazarlarında balıq əlindən tərpənmək olmur... Bir gün axund hacı Turab Tağıyev üçün Quranı oxuyub tərcümə edirmiş. Növbə "Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar” sözləri yazılmış ayəyə çatanda Tağıyev soruşur: “Yəni mənim bu qədər var-dövlətim var. Allah istəsə, bir anın içində əlimdən alar?” Axund cavab verir: “Əlbəttə alar". Çox keçmədən Azərbaycanda Sovet hakimiyyəti qurulur. Hacının, demək olar, bütün sərvəti bir anda əlindən çıxır. Axundun vaxtilə dediklərini xatırlayan Tağıyev vəsiyyət edir: “Məni axund hacı Turabın ayağı altında basdırarsınız, onun ayağının bildiyini mənim başım bilmir”. Bu vəsiyyətinə əməl edib onu axund hacı Turabın məzarının ayaq tərəfində basdırırlar...
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !