Heydər Əliyev Mərkəzində Klassik avtomobil sərgisi açılıb - FOTO

Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi” açılıb FOTO

Fevralın 23-də Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi”nin açılış mərasimi keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov bir il ərzində bu layihə üzərində çalışanlara, o cümlədən Mərkəzin əməkdaşlarına, xarici muzeylərin təmsilçilərinə minnətdarlığını bildirib.

Fransanın Milli Avtomobil Muzeyinin direktor müavini Rişar Keller təmsil etdiyi muzeyin kolleksiyası barədə məlumat verib. Onun sözlərinə görə, bu ekspozisiyanın əsasını Şlumpf qardaşlarına məxsus kolleksiya təşkil edir. Kolleksiyaya müxtəlif illərdə istehsal olunmuş avtomobillər daxildir.

Beynəlxalq sərginin kuratoru Horst Kampan sərgidə nümayiş olunan kolleksiyanın nadirliyindən danışıb.

Sonra sərginin açılış mərasimi olub.

Azərbaycan Avtomobil Federasiyası, Almaniyanın Classic Remise və Fransanın Şlumpf kolleksiyası Milli Avtomobil Muzeyi ilə birgə təşkil olunmuş sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir. Sərgidə, həmçinin müxtəlif dövrlərə aid yanacaqdoldurma qurğuları, yol nişanları, avtomobillər haqqında nəşrlər və digər aksessuarlar, eləcə də arxiv materialları əsasında hazırlanmış videoçarxlar nümayiş olunur.

Sərgi ərəfəsində Azərbaycan Avtomobil Federasiyasının avtomobil tarixi haqqında “Tarixə dörd çarxla” kitabı nəşr olunub. Nəşrdə müxtəlif ölkələrdə ayrı-ayrı illərdə istehsal olunan avtomobillər haqda məlumatlar, fotolar təqdim edilir.

Sərgi həftənin cümə, şənbə və bazar günləri ziyarətçilərin üzünə açıq olacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !