Azərbaycan bəstəkarlarının 20 Yanvar faciəsinə həsr edilmiş əsərləri müzakirə olunub -

Azərbaycan bəstəkarlarının 20 Yanvar faciəsinə həsr edilmiş əsərləri müzakirə olunub

Yanvarın 21-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə konfrans keçirilib.

AzərTAc xəbər verir ki, konfransda Azərbaycan bəstəkarlarının 20 Yanvar faciəsinə həsr edilmiş əsərlərinin müzakirəsi olub.

ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, konfransda 2 əsər – Azər Dadaşovun “20 Yanvar” xor, solist və simfonik orkestr üçün 9 saylı simfoniyası və Faiq Nağıyevin “Şəhidlərdən-şəhidlərə” sənədli filminə yazdığı musiqi müzakirə ediləcək.

Sonra əsərlər səsləndirilib.

Bəstəkarlar İttifaqının katibi Aliyə Məmmədova Faiq Nağıyevin əsəri haqqında məlumat verərək bildirib ki, bu rejissor Xamis Muradovun real faktlara əsaslanaraq lentə aldığı “Şəhidlərdən-şəhidlərə” sənədli filminə yazılmış musiqidir. 1990-cı ildə nota köçürülən musiqi 6 pyesdən ibarətdir.

Bəstəkar özü musiqini konsert üçün deyil, film üçün yazıldığını vurğulayaraq bildirib ki, bu musiqi filmin fonunda səsləndirilib.

Azər Dadaşov simfoniyanı 1990-cı ildə yazıb bitirdiyini söyləyib. Şiddətli emosiyalarla faciənin açıldığı əsərdə “Çahargah” muğanından istifadə edilib.

Müzakirə zamanı qeyd olunub ki, hər bir bəstəkarın əsərində dramaturgiya, faciəni əks etdirmək üslubu fərqlidir. Musiqilərdə bəstəkarların daxili emosiyalarını görmək mümkündür.

Çıxış edənlər hər iki musiqiyə münasibət bildirərək gələcəkdə onların üzərində işləyib gözəl formada təqdim olunmasının vacibliyini diqqətə çatdırıblar. Qeyd olunub ki, belə əsərləri repertuara salaraq müxtəlif orkestrlərin ifasında səsləndirmək lazımdır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !