Dövlət Sərhəd Xidmətində anım tədbirləri keçirilmişdir - FOTO

Dövlət Sərhəd Xidmətində anım tədbirləri keçirilmişdir FOTO

Dövlət Sərhəd Xidmətində 20 Yanvar faciəsinin 25-ci ildönümünün qeyd olunması ilə bağlı plana müvafiq olaraq silsilə tədbirlər həyata keçirilir, xalqımızın qürur mənbəyinə çevrilmiş şəhidlərin xatirəsi dərin ehtiram hissi ilə yad edilir.
19.01.2015-ci il tarixdə Dövlət Sərhəd Xidməti Aparatında və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində Milli Məclisin deputatlarının, Bakı Şəhər İcra Hakimiyyəti nümayəndələrinin, mədəniyyət işçilərinin iştirakı ilə anım tədbirləri keçirilmişdir.
Öncə tədbir iştirakçıları faciənin ildönümü münasibəti ilə hazırlanmış sərgilərə tamaşa etmişlər.
Tədbirlərin rəsmi hissəsində şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım mərasimlərində Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələkbərov, millət vəkilləri Musa Qasımlı, Aydın Mirzəzadə, Gülçöhrə Məmmədova çıxış edərək xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri barədə ətraflı məlumat vermişlər. Tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmiş, əksinə milli azadlıq mübarizəsini daha da gücləndirmişdir. Qanlı faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin böyük cəsarət və milli qeyrət nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etiraz bildirməsi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsi xüsusi vurğulanmışdır.
Qanlı yanvar hadisələrinə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra verilməsi qeyd edilmişdir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiramın göstərilməsi, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının daha da artırılması məqsədilə mühüm qərarların qəbul olunması haqqında ətraflı məlumat verilmişdir.
Tədbirlərdə Azərbaycan Respublikasının xalq artistləri Flora Kərimovanın və Mübariz Tağıyevin ifasında şəhidlərin xatirəsinə həsr olunmuş mahnılar səsləndirilmiş, 20 yanvar mövzusunda ədəbi-bədii kompozisiyalar və sənədli filmlər nümayiş etdirilmişdir.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !