Özbəkistanda 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir - FOTO

Özbəkistanda 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir FOTO

20 yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir Azərbaycanın Özbəkistandakı Səfirliyi və səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birlikdə Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunmuşdur.
Tədbirdə Azərbaycan səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporasının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Mərasim iştirakçıları əvvəl Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş
20 yanvar faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çap edilən kitabların sərgisinə, həmçinin fotostendə və Mədəniyyət Mərkəzinin rəsm dərnəyində məşğul olan uşaqların əl işləri ilə tanış olmuşlar.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 Yanvar faciəsinin yaranma səbəbləri haqqında məlumat verib, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ayrı-seçkilik siyasətindən danışıb.
H.Quliyev bildirib ki, 20 Yanvar faciəsindən bir gün sonra o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, keçmiş SSRİ rəhbərlərini ittiham edib və faciənin məsuliyyətini birbaşa Mixail Qorbaçovun üzərinə qoyub.
Səfir qeyd edib ki, xalqımızın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyəti sayəsində faciəyə siyasi qiymət verilib.
Sonra Mədəniyyət Mərkəzinin tərkibində fəaliyyət göstərən "Azərbaycan dili" kursu şagirdləri 20 Yanvar faciəsinə həsr edilmiş şeirlər söyləyiblər.
Sonda "Qanlı Yanvara aparan yol" adlı sənədli film nümayiş etdirilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !