AMEA Botanika İnstitutunda 20 Yanvar hadisələrinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

AMEA Botanika İnstitutunda 20 Yanvar hadisələrinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib FOTO

 AMEA Botanika İnstitutunda 20 Yanvar hadisələrinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə 25 il əvvəl baş vermiş hadisələrin xalqımızın qəhrəmanlıq tarixi olduğunu qeyd edib. Vurğulayıb ki, həmin gecə Azərbaycan xalqı öz müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxıb. Ağır hərbi texnikanın və təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq fədailik göstərib. Bu qanlı hadisələrdə xalqımız 132 şəhid verib, 700-ə yaxın insan yaralanıb. V.Əlizadə 20 Yanvar faciəsi günahkarlarının aşkar olunmasının, onlara hüquqi-siyasi qiymətin verilməsinin yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra mümkün olduğunu xüsusi qeyd edib.
Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, b.e.d. Eldar Novruzov 20 Yanvar gününün tariximizə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edərək 25 il əvvəl Sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri tarixi gerçəkliyi ilə şərh edib. 90-cı illərdə Azərbaycanda mövcud tarixi şəraitdən danışan E.Novruzov həmin il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələrin azadlıq uğrunda ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədi ilə xalqımıza qarşı törətdilmiş hərbi cinayət olduğunu vurğulayıb. Bu faciəli günlərdə qətlə yetirilən və yaralananlar arasında azyaşlı uşaqların, qoca və qadınların olmasını, əhaliyə qarşı qadağan edilmiş silahlardan atəş açılması faktlarını iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə İnstitutunun Həmkarlar Komitəsinin sədri, b.ü.f.d. Oqtay Mirzəyev, b.e.d. Mayis Qasımov, b.e.d. Ələmdar Məmmədov və başqaları 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixi kimi
səciyyələndirərək milli azadlıq, şəhidlik mövzusu və müasirlik məsələləri ətrafında fikirlərini bildiriblər.
Mərasimin sonunda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib. science.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !