Təhsil Problemləri İnstitutunda : - 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbiri

Təhsil Problemləri İnstitutunda : 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbiri

 19 yanvar 2015-ci il tarixində Təhsil Problemləri İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “20 Yanvar qürur günümüzdür” mövzusunda tədbir keçirilmişdir. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra institutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov çıxış edərək bildirdi ki, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Diqqətə çatdırdı ki, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixi gündür 20 Yanvar. O gecə 147 mülki vətəndaş qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. O müdhiş gecədə sovet qoşun hissələri 200 mənzil və evi, 80 avtomaşını, o cümlədən təcili yardım maşınlarını, külli miqdarda şəxsi və dövlət əmlakını məhv etdilər...
İnstitutun direktoru bildirdi ki, xalq həmin günlərdə böyük bir həqiqəti — həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. Elə həmin təlaşlı günlərdə xalqının səsinə hər kəsdən əvvəl səs verən Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında olmasına baxmayaraq, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda xalqının yanında olduğunu bildirməklə, Moskvanın özündə belə rus imperiyasının atdığı bu addımına görə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev və oğlu İlham Əliyev bununla, hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqelərini nümayiş etdirdilər... Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi...
Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdı. Məhz bundan sonra 20 yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi.
..."20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu... Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi...
Sonra 20 yanvar faciəsində baş vermiş hadisələri əks etdirən “Qanlı Yanvar, qan yaddaşımız” adlı videoçarx nümayiş olundu.
Video çarxın nümayişindən sonra Şəhidlər Xiyabanının necə yaradılması ilə bağlı o zaman Təhsil Nazirliyində çalışan Dəfn komissiyasının sədr müavini Azər Nəbiyev çıxış etdi. O, həmin qanlı yanvar gecəsində baş verənləri ürək yanğısı ilə xatırladaraq sözünü davam elədi, gözləri ilə gördüyü o dəhşətli mənzərəni bir daha toplantı iştirakçılarına danışdı. Bildirdi ki, həmin dəhşətli faciənin elə səhərisi günü dəfn komissiyasının tərkibi müəyyənləşdirildi, ağrılı da olsa şəhidlərimizi torpağa basdırılma məqamları barədə söz açdı: "Həmin dövrdə Milli Məclisdə deputatlarla mən görüşdüm. Bəxtiyar Vahabzadə və İsmayıl Şıxlı ilə Milli Məclisə getdik və "Dəfn komissiyası"nın gördüyü işlər barədə məlumat verdik. Milli Məclisə qəbirləri qazarkən üzə çıxardığımız 1918-ci il şəhidlərinin sümüklərini də aparmışdıq ki, vəziyyət haqda tam təsəvvür yarada bilək. Ancaq məclisdə mənzərə tam fərqli idi. Deputatlar, rayon partiya komitələrinin katibləri özlərini faciə ilə üzləşən bir xalqın nümayəndələri kimi aparmırdılar. Çoxu soyuqqanlı və qorxaq mövqedə idi. Hətta bəziləri bizə qulaq asmaq belə istəmirdi. Çox əsəbi və emosional çıxışımdan sonra "Müəllimsən, get müəllimliyini et, bu işlərlə məşğul olmaq nəyinə lazımdır?", - deyə mənə irad tutanlar da tapıldı. Həmin iclasda Bəxtiyar müəllim bərk sarsıntı keçirdi və onlara cavab olaraq söylədi ki, o müəllim olduğu halda bu işləri görür, bəs sizin əlinizdə səlahiyyət ola-ola nə etmisiniz? Sabir Rüstəmxanlının çıxışı zamanı isə bəziləri getmək istəyirdi. Ancaq iclas səhərə qədər davam etdi. Vətənpərvər deputatların təkidi ilə işimizi davam etdirməklə bağlı icazə aldıq. Bəxtiyar Vahabzadə ilə İsmayıl Şıxlının təkidi ilə isə "Komendant saatı"nda rahat hərəkət etmək üçün bizə buraxılış vərəqəsi verildi. Bir hadisəni də xatırlatmaq istəyirəm. Həmin dövrdə Zeynəb Xanlarova dəfn mərasimlərinin çəkilişini aparmaq üçün öz videokamerasını bizə verdi ki, bu görüntüləri tarixə köçürə bilək. Çünki o dövrdə Azərbaycan televiziyasına hücum olduğu üçün bütün kameralar ya sındırılmışdı, ya da rus əsgərlərinin əlinə keçmişdi".
Təhsil Problemləri İnstitutunun şöbə müdirləri və digər əməkdaşları faciə ilə bağlı fikirlərini bölüşdülər, həmin gecənin şahidləri öz çıxışları ilə bir daha tariximizin şanlı səhifəsini hər zaman qürurla danışacaqlarını bildirdilər.
Tədbirin sonunda institutun direktoru Qulu Novruzov tədbirdə söylənən acı xatirələrin sonunda həmin 20 Yanvar gününün bizim Azərbaycanımızın qürur və şərəf mənbəyi olduğunu bir daha vurğuladı. Məhz həmin gündən etibarən Azərbaycan öz layiqli dövlət rəhbərini tanıdı və hazırda da onun uğurlu siyasətinin davam edirik. Bu tədbiri təhsil müəssisələrində həmişə təbliğ olunmasını və daim bu günü təhsil alanların qəlbində bir qürur ocağı, qürur mənbəyi olduğunu aşılamaq lazım olduğunu bildirdi. İnstitutun direktoru qeyd etdi ki, müstəqillik, azadlıq yolu qədər çətin yol yoxdur və 1990-cı ilin qanlı hadisələri bir daha bu gerçəkliyi ortaya qoydu. Azərbaycan xalqı göstərdiyi qətiyyətlə nümayiş etdirdi ki, heç bir qüvvə onun milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməz. Natiq çıxışında onu da vurğuladı ki, Bu gün Azərbaycan dünya birliyində həm siyasi, həm iqtisadi uğurları ilə tanınan qüdrətli ölkədir. Xarici ölkələrin Azərbaycanda gedən uğurlu işlərə olan marağı artmaqdadır. Bu nailiyyətlər təbii ki, müstəqilliyimiz uğrunda canlarından keçmiş şəhidlərimizin arzusu idi. Bu arzu ulu öndər Heydər Əliyevin və onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi nəticəsində qazanılmışdır.

TPİ-nin beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !