20 Yanvar şəhidlərinin xatirəsi AMEA Geologiya və Geofizika İnstitutunda da anıldı - FOTO

20 Yanvar şəhidlərinin xatirəsi AMEA Geologiya və Geofizika İnstitutunda da anıldı FOTO

 Qanlı 20 Yanvar qətliamından 25 il ötür. 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıda görünməmiş qətliam törədib. Həmin cinayətin nəticəsində 137 nəfər həlak olub, 700-dən çox insan yaralanıb. Dağüstü Parkımız Şəhidlər Xiyabanına çevrildi.
Bu gün Geologiya və Geofizika İnstitutunda qanlı 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və əbədiyyətə qovuşmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan institutun Gənc alimlər və mütəxəssislər şurasının üzvü, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov 1990-cı il yanvarın 20-də sovet hökuməti və ordusu tərəfindən Azərbaycana qarşı törədilmiş qırğının təfərrüatlarından, xalqımızın azadlıq əzmindən danışdı. Qeyd etdi ki, 20 Yanvar hadisələri azərbaycanlıların yalnız faciəsi deyil, həm də istiqlaliyyət tarixinin şanlı səhifəsidir: “Böyük tarixə malik olan xalqımız torpaqlarının azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi”.
O.Abbasov qeyd etdi ki, qanlı yanvar hadisələrinə ulu öndər, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev tərəfindən doğru siyasi-hüquqi qiymət verilmişdir. Ümummilli lider ölkəmizin haqq səsini dünyaya çatdırmaq, beynəlxalq təşkilatları bu faciə haqqında məlumatlandırmaq işində mühüm addımlar atmışdır. Onun vətənpərvərlik hislərindən qaynaqlanan siyasəti hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının yorulmaz əməyi nəticəsində tariximizin reallıqları dünya siyasətinin yüksək təbəqələrində bərqərar olur.
O.Abbasov bildirdi ki, 1990-cı il yanvarın 20-də Sovet ordusu Bakıya yeridildi. Bir gecədə 147 insan qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi, evlər, küçələr dağıdıldı, Bakıya küllü miqdarda maddi və mənəvi zərər vuruldu.
Sonra, institutun şöbə müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmudov çıxış edərək hafizəsinə həkk olunmuş qanlı yanvarla bağlı görüntüləri dilə gətirdi. Həmçinin, tarixi faciəyə verilən qiymətdən söhbət açdı, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın, xüsusən də gənc nəslin bu istiqamətdə marifləndirilməsinin önəmliyindən bəhs etdi. Professor çıxışını 20 Yanvar şahidlərinin xatirəsinə həsr etdiyi şerlə tamamladı.
Tədbir institutun əməkdaşları – Nigar Abdullayeva, Elşad Barat və başqalarının 20 Yanvar faciəsinə dair qəmgin xatirə və şerləri ilə davam etdirildi.
Sonda qanlı yanvar gecəsinə aid görüntü və tarixi faktlardan ibarət sənədli film nümayiş etdirildi.science.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !