20 Yanvar hadisələri müstəqilliyə aparan yolda ilk böyük itki və qəhrəmanlıq nümunəsidir -

20 Yanvar hadisələri müstəqilliyə aparan yolda ilk böyük itki və qəhrəmanlıq nümunəsidir

Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində xalqımızın tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək 20 Yanvar faciəsinin səbəbləri və nəticələri barədə danışıb.

Bildirib ki, Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirib. 20 Yanvar faciəsi zamanı həlak olan dinc sakinlərin içərisində azərbaycanlılarla yanaşı, digər millətlərin, xalqların nümayəndələri də var idi. Bu, bir daha göstərir ki, azərbaycançılıq ideyası ölkəmizdə yaşayan bütün xalqlara məxsus ideyadır.

Qeyd edilib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələri müstəqilliyə aparan yolda ilk böyük itki və qəhrəmanlıq nümunəsidir. Günahsız insanların qətli ilə nəticələnən bu faciəyə ilk dəfə siyasi-hüquqi qiyməti Ulu Öndər Heydər Əliyevin verdiyini və onun hadisəni ört-basdır etmək istəyən imperiya rəhbərliyinin Azərbaycan əleyhinə xəyanətkar siyasətinə qarşı çıxaraq ölkəmizin haqq səsini müdafiə etdiyini vurğulayan M. Qurbanlı bildirib ki, bu, informasiya blokadasının olduğu çətin bir vaxtda olduqca vacib addım idi.

Mərasimdə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, Azərbaycan xalqı 20 Yanvar hadisələrinin nəticələrini, bu nəticələrdən doğan kədəri, təəssüfü, acını, eyni zamanda, etirazı artıq 25 ildir daxilində gəzdirir və minilliklər boyu üzləşdiyi çətinliklər kimi bu çətinliyi də çox böyük iradə və cəsarətlə dəf edir. 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinin qanlı həyat səhifələrindən biridir, eyni zamanda, şanlı səhifəsidir. Bu tarixin arxasında bir xalqın, bir millətin milli azadlıq ideyalarının fəaliyyətini, fədakarlığını və qəhrəmanlığını yada salırıq. Hər dəfə də çox böyük qürur hissi ilə bu ideyalardan doğan qəhrəmanlığı fəxarətlə qeyd edirik. Hər bir xalq öz müstəqilliyinə qovuşmaq üçün əsrlərlə mübarizə aparır, kimlərsə onu qoruyub saxlaya bilir, kimlərsə itirir. Azərbaycan da müstəqilliyini bir neçə dəfə itirib- qazanan ölkələrdən biridir.

Bahar Muradova zaman-zaman bu cür faciələrlə üz-üzə qalan Azərbaycanın bütün sınaqlardan uğurla çıxdığını, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün dünyada öz sözünü deyən ölkələr sırasına daxil olduğunu vurğulayıb.

"20 Yanvar" Cəmiyyətinin sədri Sultan Əzimzadə, Qafqaz Müsəlmanlari İdarəsi sədrinin müavini Fuad Nurulla, Bakı şəhəri Dağ yəhudiləri dini icmasinin sədri Milix Yevdayev, Azərbaycan Respublikasında Roma Katolik Kilsəsinin apostol prefekturasının ordinarisi Vladimir Fekete və digər şəxslər çıxış edərək bildiriblər ki, 20 Yanvar tarixi təkcə matəm günü yox, həm də milli qürur günü kimi tariximizə həkk olunub. Bildirilib ki, 20 yanvar günündə ölkəmizin bütün məscid, kilsə və sinaqoqlarında şəhidlərin xatirəsi yad ediləcək, ruhlarına dualar oxunacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !