Cəbhə xəttində yenidən gərginlik yaşandı. - FOTO

Cəbhə xəttində yenidən gərginlik yaşandı. FOTO

Erməni silahlı qüvvələri Ağdamın cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrini atəşə tutub. Nəticədə sakinlərə məxsus yaşayış evlərinə və minik maşınlarına xeyli güllə dəyib.
Azpress xəbər verir ki, rayonun Mirəşelli kənd sakini Quliyev Hüseyn Novruz oğlunun minik maşını düşmənin atəşinə məruz qalıb.

Bununla yanaşı rayonun Orta Qərvənd və Çıraqlı kəndləri də, düşmən tərəfindən atəşə tutulub. Düşmən ordusunun məqsədli şəkildə kəndləri atəşə tutması ciddi təşvişə səbəb olmasa da, yaşayış evlərinə xeyli miqdarda maddi ziyan vurub.
Bundan başqa Orta Qərvənd Kənd orta məktəbində dərslər yarımçıq dayandırılıb.

Xatırladaq ki, son bir həftə ərzində erməni hərbçiləri Ağdamın Çıraqlı, Orta Qərvənd və Mirəşelli kəndlərini avtomat və pulemyotlardan, eləcə də iriçaplı silahlardan və minaatanlardan atəşə tutur.

Hazırda rayon rəsmiləri əhaliyə dəyən maddi ziyanı araşdırmaq məqsədilə ərazilərə baxış keçirirlər.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !