Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib -

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib

Heydər Əliyev Fondunun Rusiyada nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Moskvada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr edilmiş tədbir keçirib.

RAGB İdarə Heyəti Şurasının üzvü Emin Hacıyev çıxışında təşkilatın 2014-cü ildəki fəaliyyəti barədə məlumat verib. E.Hacıyev bildirib ki, başa çatmaqda olan il RAGB üçün uğurlu olub: “Rusiyanın Azərbaycanlı Gənclər Birliyi bir sıra yeni layihələr başlayıb və həyata keçirib. RAGB üzvlərinin sayı ilbəil artır. Hazırda Rusiya Federasiyasının 70-dən çox regionunda bu təşkilatın bölmələri fəaliyyət göstərir. RAGB Rusiyanın ictimai birlikləri və ali təhsil müəssisələri ilə əməkdaşlıq edir. Bütün bunlar bizim liderimiz Leyla Əliyevanın sayəsində mümkün olub. O, Rusiyanın ən müxtəlif guşələrində yaşayan azərbaycanlı gəncləri birləşdirməyə müvəffəq olub”.

Tədbirdə Moskva ali məktəblərinin Azərbaycan klublarının nümayəndələri və RAGB-nin regional bölmələrinin rəhbərləri də çıxış ediblər.

Rəsmi hissədən sonra “Azərbaycan” ansamblının ifasında milli musiqi və rəqslərdən ibarət konsert olub.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin nümayəndələri və RAGB fəalları iştirak ediblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !