XANKƏNDİNDƏN BAŞLAYAN YOL… - O yol geri qayıdacaq!

XANKƏNDİNDƏN BAŞLAYAN YOL… O yol geri qayıdacaq!

Həyatımda, daha dəqiq desəm, jurnalistika fəaliyyətimdə bəlkə də ən çətin, ən diqqətçəkən və narahat bir yazını təqdim etmək üçün bütün iç dünyamı alt-üst edirəm. Çünki bu yazımın qəhrəmanı dövlət adamıdı və o həm də mənim iç dünyamın sakinidi. Bu iki məqam məni sual qarşısında qoyur - yazım, yoxsa yazmayım? Necə deyərlər, bir növü olum və ölümün başqa bir variantı kimi. Deyə bilərsiniz ki, azad bir cəmiyyətdə yaşayırıq, söz də azaddı, mətbuat da. Kimin haqqında necə istəsən, nə istəsən yazmaq mümkündü. Amma bunun başqa bir məqamı da var. Belə ki, barəsində yazılan şəxsin tutduğu vəzifə... Bu elə bir məqamdı ki, o vəzifənin sahibi hamı üçün ideal deyil, hamı onu ürəyinin içində saxlamır. Deməli, onun barəsində yazılan da birmənalı qarşılanmayacaq, müxtəlif yozumlar, müxtəlif şərhlər, hətta tünd boyanın bütün çalarlarını ifadə edəcək mənzərələr də mümkündü. Bax, bu da məni sual qarşısında dayanmağa məcbur edir. Üstəlik də həmin sual mənə pıçıldayır ki, sən ürəyində yeri olan bu adamın barəsində düşüncələrini qələmə alarkən onun bu və ya digər formada gündəmə gətirilməsinə də səbəb ola bilərsən. Necə deyərlər, qaş düzəltdiyin yerdə...

Hə, bax bütün bunları çox götür-qoy etdikdən sonra kimlərin nə düşünüb-düşünməyəcəyini göz altına almadan yazını bilgisayara diqtə etməyə qərar verdim. Ona görə ki, mən bu silsiləni başlayanda açıq şəkildə bəyan etmişdim ki, içimdə olan ADAM haqqında yazıram. Onu görüb, tanıyıb, qəbul etdiyim kimi də oxucuya təqdim edirəm. Bu mənim baxış bucağımdı. Hər kəs öz məntiqində haqlı olduğu kimi, mən də bu haqqımdan istifadə edirəm...
Onda Dağlıq Qarabağ hadisələri başlanmışdı... onda müharibənin "daş dövrü" artıq gündəmdən çıxır, yerini top-tüfəng tuturdu... Hələ onda Xankəndində Azərbaycan bayrağı dalğalanırdı... Və hələ onda Dağlıq Qarabağda o vaxtkı Azərbaycan hökumətinin nümayəndələri işləyirdilər və o nümayəndələrin arasında cavan bir oğlan da var idi...
Hə, indiki kimi yadımdadı. Başqalarından, yəni Bakıdan ezam olunmuş digər məmurlardan fərqli olaraq bu cavan oğlan Dağlıq Qarabağa o vaxtkı Azərbaycan komsomolunun xətti ilə gəlmişdi. Bəlkə də məhz həmin xətt ilə gəldiyindən idi ki, onun qaynarlığı, bir çox məqamları, xüsusilə kimlərinsə çemodanlarını gəzdirməyi qəbul etməməyi dərhal özünü büruzə verirdi. Söhbətlərində də, davranışında da bir sərbəstlik, bir daxili əminlik hakim idi. Nədənsə Dağlıq Qarabağda fəaliyyət göstərən həmin təşkilatın nümayəndələri arasında mənim ona qanım daha çox qaynayırdı. Sadə şəkildə desəm, mənə elə gəlirdi ki, bu cavan oğlan bəzilərinə nisbətən hadisələri daha real qiymətləndirir, hadisələrin inkişaf xəttini daha yaxşı görür və torpağa, burdakı adamlara, yəni Qarabağın azərbaycanlı sakinlərinə daha çox ürək açır, daha çox güvənir. Üstəlik də, bu oğlan ərazidə fəaliyyət göstərən sovet hərbi birləşmələrinin zabitlərinə qarşı sərt davranır, onları ermənilərə yarınmaqda açıq şəkildə ittiham etməkdən çəkinmir...
Mən bunları görürdüm və hiss edirdim ki, onun sərbəstliyi bu gün adını çəkmək istəmədiyim bəzi sabiq məmurların ürəyincə deyil. Amma o buna iynə ucu boyda da narahat olmurdu. Əksinə, həm Xankəndinin özündə, həm Şuşada, gecələdiyi (Təşkilat Komitəsinin bir çox üzvləri, o cümlədən də buraya ezam olunan müxtəlif qurumların təmsilçiləri Şuşada pansionatda gecələyirdilər - Ə.M.) vaxtlarda da onun çılğınlığını, yarınmaq istəyənlərə yerini tanıtması artıq çoxlarının diqqətini çəkmişdi. Bax, həmin o gündən tanımağa başladığım, ürəyimə, yaddaşıma köçürdüyüm bu oğlanla bir də Qarabağ işğal ediləndən sonra qarşılaşdıq. Onu Bərdədə gördüm. Burda qaçqınlarla bağlı keçirilən bir tədbirdə o da çıxış etdi və bildirdi ki, adamlara öncə inamı, ümidi qaytarmaq lazımdı. Hər kəs bilməlidi ki, onun əsas məqsədi, əsas məramı doğulduğu torpağa qayıtmaq olmalıdı.
Bəli, mən bu çıxışı dinlədikcə digərlərinin pafoslu, bir az da kimlərəsə xoş gəlmək üçün əzilib-büzülüb bər-bəzək verdikləri sözlərin necə sabun köpüyünə bənzədiyini də görürdüm. Aydınca hiss olunurdu ki, kim və hansı məqsəd üçün danışır, fikirlərini nəyə, hansı günə hesablayırdı. Təəssüf ki, biz bəzən gerçəyi deməyə özümüzdə cəsarət tapa bilmirik, ya da gerçəyi o vaxt deyirik ki, artıq o, öz gerçəkliyini arxada qoymuş olur. Yəni hamı onu görür və ötüb keçir. Amma vaxtında deyiləndə ən azı yaddaşlara yazılır. Bax, bu mənada mənim Bərdədə ikinci dəfə qarşılaşdığım həmin o köhnə tanışım həqiqətən gerçəyi deyirdi. Bu gün də o gerçəyə hamımızın ehtiyacımız var və hamımız da bilməliyik ki, biz doğulduğumuz torpağa qayıdacağıq!..
Sonra həyat bizi Ağcabədidə qarşılaşdırdı. Bu dəfə artıq o, bir rayonun rəhbəri idi. Mən, təbii ki, qonaq kimi öz həddimi və yerimi bilərək müəyyən məsafədə dayanmağı bacarıram, Ağcabədidə də həmin o məsafəni saxladım. Ancaq Şahin müəllim ərklə əlimi sıxanda bildim ki, o "köhnə tarix" az da olsa öz işini görə bilib. Və mən də Dağlıq Qarabağın "şinelindən" çıxdığım üçün o, məni özünə, öz dairəsinə yaxın kimi qəbul edir. Təbii ki, bu böyük diqqət idi və mən o diqqəti üzərimdə hiss etdiyim üçün keçib gəldiyim yolun bütün nöqtələrini zaman-zaman yaddaşımda gözdən keçirir, ötənlərlə gələnlərin arasındakı körpünün hansı özül üzərində, hansı sütunlar üstündə dayandığını unutmamağa çalışıram. Yəni 20 ildən artıqdı ki, tanıdığım bir insanın keçdiyi yol onun halal inamının, halal əqidəsinin və dönməz prinsipiallığının bəhrəsi idi. Mən də o yolun müəyyən hissələrini həm şahid, həm də müşahidəçi kimi izləyə bilmişdim. Üstəlik, yaddaşımda gənc bir komsomol kadrı kimi yer tutan bu oğlanı bu gün məhz həmin o təpərlə, həmin o od-alovla, bir də tutduğu vəzifəyə güvənclə qurub-yaratmaq istedadının ötəri olmadığını təkrar anladım, yenidən ən incə nöqtələrinə qədər dərk etdim. Təbii ki, Ağcabədinin timsalında! Və üstəlik onun bir vətəndaş, bir iqtidar nümayəndəsi olaraq hər kəsə yanaşma məharəti, hər kəslə dil tapıb qoyulan məqsədə çatmaq istedadı məni, tam səmimiyyətimlə deyim ki, həm təəccübləndirdi, həm də sevindirdi. Bu iki nüans sizə qəribə gələ bilər. Çünki təəccübdən sevinmək hər addımda qarşılaşdığımız hal deyil. Mən ona görə təəccübləndim ki, bu gün uzaqdan, yaxından tanıdığım məmurlar var ki, onlar 10 il, 20 il bundan əvvəl sahibi olduqları, qazandıqları bilginin üzərində dayanmaqla kifayətləniblər. Bir iynə boyu da olsa irəli getməyiblər. Amma Şahin müəllim təmsil olunduğu və əqidəsinə çevirdiyi inancın ardınca öyrənə-öyrənə, yeniliklərdən xəbərdar ola-ola və bəzən də yeni ideyanı özü səsləndirməklə tutduğu vəzifəni, təmsil etdiyi iqtidarı daha da hörmətli edir. Bax, buna da sevindim. Deməli, təəccüblə sevincin bir yerdə olması mümkündü. Və...
İndi yolum Ağcabədiyə düşəndə onunla həmsöhbət olur, onun gördüyü işləri bir jurnalist, bir qonaq kimi yaddaşıma köçürürəm. Çünki mənim gözümün qarşısında Qarabağın aran bölgəsində bir şəhər tikilir, böyüyür, tərəqqi edir. Hər kəs bunu etiraf etməlidi ki, bu günün Ağcabədisi 10-15 il bundan öncəki Ağcabədini tarixin arxivinə verib. Yeni doğulan və orta məktəbin ilk siniflərinə qədəm qoyan uşaqlar indi müasir Ağcabədinin sakinləridilər. Onlar ancaq yaşlılardan, böyüklərdən keçmiş Ağcabədi barəsində nağılvari xatirələr eşidib dinləyə bilərlər, ya da şəkillərlə, video-lentlərlə o günlərə qayıtmaq mümkündü.
Hər kəs belə bir fikir səsləndirə bilər - görülən bu işlər əslində rayon rəhbərinin birbaşa vəzifəsidi və Şahin Məmmədov da belə götürəndə öz vəzifəsini icra edir, burada qeyri-adi heç nə yoxdu. Mən də bu fikirlərlə razıyam, ancaq bir şərtlə. Uzağa yox, elə Ağcabədinin çevrəsində olan rayonlara diqqət yetirək. Həmin vəzifənin rayonlarda da icraçıları var. Bəs onda nədən qaynaqlanır bu fərq? Təbii ki, peşəkarlıqdan, torpağa bağlılıqdan, məsuliyyət hissini dərk etməkdən, təmsil olunduğun iqtidara böyük inamdan və nəhayət göstərilən etimaddan!!! Çox qəribədi ki, bax, bütün bunlar toplum halında bütün məmurlarda yoxdu. Ancaq o insanlarda, o məmurlarda bunlar bütünlüklə mövcuddu və ifadə olunur ki, onlar həqiqətən öz kimliklərini yüzə-yüz dərk edir, öz vəzifələrini böyük hərflərlə yazılan iqtidar mənsubu kimi həyata keçirirlər. Deməli, mənim üçün də Şahin Məmmədov bugünkü iqtidarın məhz böyük hərflərlə adı, ünvanı göstərilən mənsublarından biridi. O, komandasına sədaqəti və xidməti ilə birbaşa öz xalqına da, öz torpağına da xidmət edir.
Bəli, mən Xankəndində tanıyıb Şuşada ağır günlərin birgə şahidi olduğum, Bərdədə yenidən görüşüb Ağcabədidə yenidən kəşf etdiyim içimdə olan Şahin Məmmədovun kiçik portretini cızmağa çalışdım. Amma yenə etiraf edim ki, onun tutduğu vəzifə mənə içimdə olanları, ağlımda qərar tutanların hamısını olduğu kimi yazmağa, ifadə etməyə imkan vermədi. Ona görə ki, bura Azərbaycandı və burda vəzifəli şəxs barəsində yazılan hər bir yazıya hərə öz eynəyinin arxasından baxır. Ancaq olsun! Mən sadəcə bu illər boyu içimdə yaşatdığım duyğuların, xatirələrin diqtəsi olan müəyyən nüansların vərəqini çevirdim. Demək istədim ki, tutduğu vəzifəsindən asılı olmayaraq, mənim iç dünyamda Şahin Məmmədov adlı, soyadlı bir İNSAN var və mənimlə birlikdə illərdən illərə keçir. Özü də onun da, mənim də doğum tariximizin ili, ayı, günü üst-üstə düşür. Bax, elə bu yazı da hardasa mənim ona ad günü hədiyyəmdi. Təbii ki, onun ürəyincə olsa!..
Əbülfət MƏDƏTOĞLU

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !