Leyla Əliyeva Ümumdünya Parklar Konqresinin plenar sessiyasında çıxış edib və bir sıra ikitərəfli görüşlər keçirib - FOTO

Leyla Əliyeva Ümumdünya Parklar Konqresinin plenar sessiyasında çıxış edib və bir sıra ikitərəfli görüşlər keçirib FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (İUCN) Sidney şəhərində keçirilən Ümumdünya Parklar Konqresinin plenar sessiyasında çıxış edib.

Leyla Əliyeva Azərbaycanın səmərəli coğrafi mövqeyi, təbiəti, zəngin flora və faunası, eləcə də münbit iqlim şəraiti barədə Konqres iştirakçılarına məlumat verib. Təbiətin və ətraf mühitin mühafizəsi sahəsində Azərbaycanda görülən işlər və müşahidə olunan irəliləyişlərdən söz açan Leyla Əliyeva 2011-ci ildə təsis edilmiş IDEA İctimai Birliyinin Azərbaycanda, eləcə də regionda nəsli kəsilməkdə olan vəhşi heyvanların mühafizəsi ilə bağlı həyata keçirdiyi layihələrdən də danışıb. Onun sözlərinə görə, Qafqazın yox olmaq təhlükəsi altında olan 5 əsas heyvanı müəyyənləşdirilib və onların mühafizəsi ilə bağlı tədbirlər planı hazırlanıb. Bu xüsusda, IDEA İctimai Birliyinin “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” layihəsi çərçivəsində yüzdən artıq ceyran Azərbaycandakı tarixi yerlərində məskunlaşdırılıb.

Bununla yanaşı, IDEA İctimai Birliyinin təşəbbüsü ilə 2014-ci il mayın 7-də ilk dəfə olaraq Qafqazın biomüxtəlifliyi üzrə Beynəlxalq Sammit keçirilib, tədbir çərçivəsində regionda bəbirlərin mühafizəsi məsələsi geniş müzakirə edilib.

Leyla Əliyeva çıxışında IDEA İctimai Birliyinin digər fəaliyyət istiqamətləri, o cümlədən IDEA-nın təşəbbüsü ilə respublikada 3 milyondan çox ağacın əkilməsi, ağacların kəsilməsinin qarşısının alınması tədbirləri, sahibsiz heyvanlar üçün sığınacağın təşkili, ekoloji tədbirlər və müsabiqələrin keçirilməsi, sənaye və məişət tullantılarının azaldılması layihələri barədə də məlumat verib.

Daha sonra Leyla Əliyeva Azərbaycan haqqında, həmçinin IDEA İctimai Birliyinin fəaliyyəti ilə bağlı sualları cavablandırıb.

Sessiyada Cənubi Afrika Respublikasının keçmiş prezidenti, Nobel Sülh Mükafatı laureatı Nelson Mandelanın nəticəsi Luvuyo Mandela, Beynəlxalq Qoruqçular Federasiyasının Prezidenti Şon Vilmor da çıxış ediblər.

Noyabrın 14-də Leyla Əliyeva Ümumdünya Parklar Konqresi çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirib.

Təbiətin Mühafizəsi üzrəBeynəlxalq Birliyin (İUCN) baş direktoru xanım Culiya Marton-Lefevre ilə görüşdə o, təsisçisi olduğu IDEA-nın Azərbaycanda və regionda təbiətin mühafizəsi, Qafqaz regionunun zəngin flora və faunasının qorunması, təhlükə altında olan vəhşi təbiətin, o cümlədən nadir heyvanların mühafizəsi istiqamətində həyata keçirdiyi layihələr haqda məlumat verib. Leyla Əliyeva IDEA İctimai Birliyinin təsis edildiyi dövrdən etibarən IUCN ilə həyata keçirdiyi birgə layihələri və səmərəli əməkdaşlığı yüksək qiymətləndirərək bu tərəfdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Culiya Marton-Lefevre IDEA-nın fəaliyyətini nümunəvi adlandırıb, həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. IUCN-nin baş direktoru IDEA tərəfindən təbiətin mühafizəsi səylərinə mütəmadi dəstəyinə görə Leyla Əliyevaya təşəkkürünü bildirib.

Daha sonra Leyla Əliyeva Məhəmməd Bin Zayed Mühafizə Fondunun Baş direktoru, Abu Dabi Ətraf Mühit Agentliyinin Baş katibinin müşaviri Frederik Launay ilə görüşüb.

Görüşdə Leyla Əliyeva əlverişli coğrafi mövqeyə malik Azərbaycanın zəngin təbiəti, eləcə də ölkədə yaradılan milli parklar və qoruqlar barədə, IDEA İctimai Birliyinin Azərbaycanın, həmçinin Qafqaz regionunun təbiətinin mühafizəsi sahəsindəki fəaliyyəti haqda məlumat verib.

Frederik Launay isə Səudiyyə Ərəbistanı yarımadasında təbiətin və ətraf mühitin mühafizəsi sahəsində əldə olunan nailiyyətlərdən danışıb, IDEA İctmai Birliyinin fəaliyyətinin Azərbaycan və region üçün əhəmiyyətli olduğunu qeyd edib.

Hər iki görüşdə əməkdaşlığın davam etdirilməsi və təcrübə mübadiləsinin aparılması ilə bağlı razılıq əldə olunub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !