Ədəbiyyat tribunası -

Ədəbiyyat tribunası

 

Ədəbiyyat tribunası


Ağalar İdrisoğlu
Müəllif haqqında ön söz
Böyük zəhmətin uğurlu bəhrəsi


Ağalar İdrisoğlu. Bu ad və soyad ədəbiyyat aləminə, teatr ictimaiyyətnə və jurnalistika dünyasına çox yaxşı tanışdır. Çünki, artıq ömürün 45 ilindən çoxunu sənətin bu sahələrinə həsr etməklə, o, bu müqəddəs yollarda böyük zəhmət hesabına, keşməkeşli bir ömür sərf etməklə öz adını ədəbiyyat, teatr və jurnalistika sahəsində tarixə yazdırıb. Məhz bu böyük zəhmətin uğurlu nəticəsi olaraq, 2013- cü ilin may ayında Ağalar İdrisoğlu Prezident mükafatına layiq görülüb. 2013-cü ilin iyun ayının 25- də isə əməyi daha yüksək qiymətləndirilib. Milli Teatrımızın 140 illiyi münasibəti ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə ona, nəhayət ki, Azərbaycan Rsepubliksının Əməkdar İncəsənət Xadimi fəxri adı verilib. Həmkarımızın, uzun illər bizimlə birlikdə «Azad Azərbaycan» qəzetində çalışan dostumuzun belə böyük mükafatlara layiq görülməsi bizi də çox sevindirir.
Yaradıcılığında heç kimi təkrarlamayan, orjinal düşüncə tərzinə malik, öz yolunu, öz çığırını yaradan Ağalar İdrisoğlunun keşməkeşli həyat yoluna, yaradıcılıq uğurlarına gəlin birlikdə bir daha nəzər salaq.
1950- ci ilin mart ayının 16 - da Masallı rayonunun Digah kəndində anadan olan Ağalar İdrisoğlu ( Mehdiyev), Digah səkkiz illik və Masallı şəhər Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbini bitirib. O, ilk ədəbi yaradıcılığına hələ orta məktəbin doqquzuncu sinində oxuyakən başlayıb. Belə ki, onun ilk məqalələri və kiçik həcimli hekayələri 1966- 67-ci illərdə Masallıda çıxan «Çağırış» və «Azərbaycan pioneri» qəzetlərində çap olunub. Elə həmin vaxtlardan da həvəskar aktyor kimi Masallı rayon Mədəniyət Evində Şakir Həsənov və Adil Səfərovun yaratdıqları Miniətür Teatrında çıxış etməyə başlayıb.
İki il Rusiyanın Kalinin vilayətinin Boloqoye şəhərinin yaxınlığındakı raket hərbi hissəsində qulluq etdikdən sonra vətənə qayıdan Ağalar İrisoğlunun teatr aləminə böyük marağı ilk arzusu olan jurnalistikanı üstələyib. Teatr institutunda imtahanlar tez başladığından özünün bilik səviyyəsini yoxlamaq məqsədi ilə sənədlərini 1971- ci ildə Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun ( indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə verib. Elə həmin ildə SSRİ Xalq artisti Mehdi Məmmədovun kursuna qəbul olub. Birici kursu bitirəndən sonra təhsilini ilk arzusu olan jurnalistika fakultəsində davam etdirmək istəyib. Amma professor Mehdi Məmmədovun müdrik fikirlərinə qulaq asaraq, sevimli müəlliminin tövsiyyəsi ilə təhsilini teatr sahəsində davam etdirib. 1975- ci ildə o, bu fakültəni bitirəndən sonra təyinatla Şəki Dövlət Dram Teatrına göndərilib. Yeni yaranan teatrda böyük həvəslə işləməyə başlayıb. Yerli həvəskar aktyorlara səhnə danışığından dərsələr keçib. Truppa müdiri kimi, aktyor truppasının formalaşmasında baş rejissor Vaqif Abbasova köməklik etməyə başlayıb.
1976 - cı ilin fevral ayından Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına dəvət olunduğundan və ailə vəziyyəti ilə əlaqədar olaraq, bu şəhərə gələrək, taleyini Sumqayıtla bağlayıb. O, aktyor kimi yaradıcılığa başladığı dövrdən bu günə kimi qırxa yaxın ayrı-ayrı xarakterli rollarda uğurla çıxış edib. Oynadığı rolların çoxu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin ( indiki Mədəniyyət və Turizm Nazirliyi), Azərbaycan Teatr Xadimləri İttifaqının ( keçmiş Teatr Cəmiyyəti) və başqa təşkilatların pul mükafatlarına, diplomlara layiq görülüb.
Bir an boş dayanmağı xoşlamayan Ağalar İdrisoğlu 1976 - cı ildə texniki peşə məktəblərinin tarixində ilk dəfə olaraq, Sumqayıt şəhərindəki 49 nömrəli texniki peşə məktəbində «Ümid» adlı Teatr-Studiya yaradıb. Sonra bu Teatr-Studiya həmin vaxtlar Sumqayıt şəhərində yenicə istifadəyə verilən Oktyabr Mədəniyyət evində ( indiki 28 may) öz fəaliyyətini davam etdirib. Qısa vaxtın içərisində bu Teatr-Studiyada üç yüzə yaxın yeniyetmə həvəskar ayrı-ayrı yaş qruplarında teatr sənətinin, səhnə danışığının, səhnə plastikasının, musiqinin, ədəbiyyatın, jurnalistikanın sirrlərini bu sahələrin mütəxəssisləri olan müəllimlərdən öyrənməyə başlayıblar. Uğurlu çıxışlarına, maraqlı iş metoduna görə bu Teatr-Studiyanın işi respublikada yayılmağa başlayıb. Və bu kollektiv həmin vaxtlar respublikada keçirilən Teatr Festivallarında birinci dərəcəli diplomlara layiq görülüb. 1979- cu ildə Mədəniyyət Nazirliyinin əmri ilə bu kollektiv Xalq Teatrı adına layiq görülüb və Sumqayıt Gənclərinin «Tənqid-Təbliğ» Xalq Teatrı kimi öz işini davam etdirib. Bu kollektivin 1980- ci ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin səhnəsində oynadıqları Feyruz Məmmədovun «Bir bayraq altında» teatrlaşdırılmış tamaşası Qızıl medala layiq görülüb. Bu tamaşanın rejissoru kimi Ağalar İdrisoğlu da Qızıl medalla təltif olunub. O, H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında akytor işləməklə yanaşı, yüksək təşkilatçılıq bacarığı və rejissor istedadı olduğuna görə, 1985-ci ilə kimi bu kollektivə də rəhbərlik edib. Həmin vaxta qədər repertuarında Ağalar İdrisoğlunun quruluşunda iyirmidən çox tamaşa olan Sumqayıt Gənclərinin Xalq Teatrı hər həftənin dörd günü Sumqayıt tamaşaçılarının qarşısında özlərinin maraqlı tamaşaları ilə çıxış ediblər. Sumqayıtd Dövlət Dram Teatrı ilə rəqabətə girərək, bilet sataraq pullu tamaşalar oynayıblar. Bu kollektiv öz işini təkcə tamaşalar oynamaqla bitirməyib, həm də şəhərin bütün mədəni-kütləvi tədbirlərində maraqla çıxışlar ediblər. Həmin vaxtlar Sumqayıtda hazırlanan demək olar bütün mədəni-kütləvi tədbirlərin də həm ssenari müəllifi və həm də quruluşçu rejissoru Ağalar İdrisoğlu olub. Bu gün Azərbaycan peşəkar teatrında və incəsənətin ayrı-ayrı sahələrində, ədəbiyyat aləmində, jurnalistikada həmin kollektivin- Ağalar İdrisoğlunun çoxlu yetirmələri çalışır. Onlardan on nəfərindən çoxlu hətta fəxri adlara da layiq görülüblər.
Bu illərdə o, ali rejissorluq təhsili almağı da unutmayıb. 1981-1986 - cı illərdə Moskva şəhərindəki A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakultəsini bitrib. Beş il müddətində o vaxtlar Sovetlər Birliyinin, Avropanın ədəbiyyat və incəsənət sahəsində beşiyi sayılan Moskva şəhərində böyük sənət təcrübəsi toplayıb. Bu gün də həmin təcrübəni öz işində tətbiq edir.
1985- ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təyinatı ilə Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə göndərilən Ağalar İdrisoğlu ilk gündən böyük yaradıcılıq həvəs ilə işə başlayıb. Bu teatrda quruluş verdiyi ilk tamaşalar Məhərrəm Əlizadənin «İlk qurban», Loğman Rəşidzadənin «Toya bir gün qalmış», Eduard Bobrovun «Vicdanla üz-üzə» ( tərcümə edəni Zakir Abbas) tamaşaları təkcə Ağdam teatrsevərlərinin yox, həm də Bakı şəhərindən Ağdama gələn teatr mütəxəssislərinin, ziyalıların böyük marağına səbəb olub. Bu tamaşalardan sonra onun Nobel mükafatı laureatı Alber Kamyunun «Qismət» ( tərcümə edəni Vaqif Əlixanlı) psixoloji dramına quruluş verməsi təkcə Azərbaycan teatrsevərlərini yox, həm də Moskva teatr mütəxəssislərini çox maraqlandırıb. Moskvadan tanınmış beş teatr mütəxəssisi məhz bu tamaşaya baxmaqçün həmin vaxt Ağdama gəliblər. Bu tamaşaya baxandan sonra səhnə əsərinin rejissor yozumu və aktyor oyunu onların xoşuna gəlib. Bu haqda Ümumittifaq mətbuatında maraqlı ressenziyalar çap etdiriblər. Məlum olub ki, «Qismət» pyesinə keçmiş Sovetlər İttifaqında məhz ilk dəfə olaraq Ağalar İdrisoğlu Ağdam teatrında quruluş verib.
Bu teatrda hazırladığı tamaşalara biri-birindən maraqlı, professional quruluş verdiyinə və aktyorlarla yüksək pedaqoji formada işlədiyinə, onların yaradıcılıq potensialını üzə çıxardığına, öz sənətlərinə böyük maraq yaratdığına görə Ağdam rayon paritya komitəsinin birinci katibi, dəyərli ziyalı, ədəbiyyata, inəsənətə böyük qiymət verən Sadıq Nəbi oğlu Murtuzayevin tövsiyyəsi ilə onu qısa vaxtda teatrın baş rejissoru və direktoru vəzifələrinə təyin ediblər. O, 1989 - cu ilin yanvar ayına qədər bu vəzifələrdə çalışıb və üç il dörd ay müddətində Ağdam Dövlət Dram Teatrında biri-birindən maraqlı 16 tamaşaya quruluş verib.
1989 - cu ilin yanvar ayından Sumqayıt şəhər partiya komitəsinin birinci katibi, dəyərli ziyalı, Sumqayıt şəhərinin qurucularından biri olan Zülfü Salah oğlu Hacıyevin çox böyük istəyi və Mədəniyyət Nazirliyinin göndərişi ilə Sumqayıt Dövlət Dram Teatrının direktoru vəzifəsinə təyin olunub. Bir il yarımdan sonra isə seçki yolu ilə bu teatrın direktoru və bədii rəhbəri vəzifələrinə seçilib. Həmişə özünün maraqlı ideyaları, təşkilatçılığı, orijinal düşüncə tərzi ilə seçilən Ağalar İdrisoğlu 1991- ci ildə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının, Musiqili-Dram Teatrına çevrilməsi ideyasını verib. Onun bu ideyası da şəhər rəhbərliyi, Mədəniyyət Nazirliyi tərəfindən yaxşı qarşılanıb və teatra Nazirlər Kabinetinin əmri ilə əlavə 80 ştat verilib. Bu, Sumqayıt şəhərinin və respublikanın teatr həyatında böyük hadisəyə çevrildi. Yeri gəlmişkən həm də onu qeyd edər ki, bu teatrda ilk musiqili tamaşa olan Üzeyir Hacıbəyovun «Arşın mal alan» operettasına da orjinal quruluşu məhz Ağalar İdrisoğlu özü verdi. Bu tamaşanın ilk premyerası 1992 - ci ilin 16 aprel tarixində böyük uğurla keçib. Respublika mətuatı həmin vaxtlar bu tamaşaya çoxlu ressenziyalar həsr edib. Azərbaycan televiziyası bu tamaşa ilə bağlı maraqlı proqram hazırlayıb.
Onun rəhbərlik etdiyi teatrlar rəngarəng repertuarına, professional quruluşlarına, tərtibatına, maraqlı aktyor truppasına, aktyorların rollardakı yüksək peşəkar oyunlarına, oynadıqları əsərlərdə roldan-rola püxtələşməsinə görə, mütəxəssislər və tamaşaçılar tərəfindən həmişə yüksək qiymətləndirilib və dövrü mətbuatda bu haqda çox yazılıb. Rəhbərlik etdiyi kollektivlər məhz onun təkilatçılığı və təşəbbüsu ilə Moskvada, Qazaxıstanda, Şimali Osetiyada, Gürcüstanda, Dağıstanda və başqa respublikalarda festivallarda, qastrollarda böyük uğurla çıxış ediblər. Respublikamıza çoxlu mükafatlar, diplomlar gətiriblər.
Bir insan ömrünə bəs etməyən bütün bu işlər azmış ki, o, 1991 və 1996-cı illərdə Azərbaycan Teatr Xadimləri İttifaqı idarə heyyətinin üzvü və katibi seçilib. 1992- ci ildə onun təşəbbüsü ilə Azərbaycan Teatr Xadimləri İttifaqı Sumqayıt Bölgə şöbəsi yaradılıb. Ağalar İdrisoğlu seçki yolu ilə bu şöbənin də sədri seçilib. Həmin illərdə başda Azərbaycan Teatr Xadimləri İttifaqının prezidenti, xalq artisti Həsənağa Turabov olmaqla, İttifaqın işlərinin qurulmasında, inkişafında, respublika və beynəlxaq səviyyəli, formalı, ayrı-ayrı canrlı festivalların keçirilməsində idarə heyyətinin üzvü və katib kimi əlindən gələni edib Ağalar İdrisoğlu. Onun təklif etdiyi maraqlı ideyalar katiblikdə qəbul olunub və həvəslə tətbiq edilərək, reallaşıb.
Ağalar İdrisoğlunun quruluşçu rejissoru olduğu Cəlil Məmmədquluzadənin «Kamança», Vasili Şukşinin «Diribaş adamlar», Camal Yusifzadənin «Səhər qatarı», Rafiq Səməndərin «Dəyişmə», Nəcəf bəy Vəzirovun «Ağa Kərim xan Ərdəbilli», Alber Kamyunun «Qismət», Anarın «Zəncir», Gəfər Cabbarlının «Oqtay Eloğlu», Eduard Babrovun «Vicdanla üz - üzə», Georqi Caqarovun «Prokuror», Loğman Rəşidzadənin «Toya bir gün qalmış», Georqi Xuqayevin «Qocaların məhəbbəti» və «Varlı ev», Feyruz Məmmədovun «Anasının gül balası», Aleksandr İvaşenkonun «Uşağa bir üç yazın», Üzeyir Hacıbəyovun «Arşın mal alan», Zəlimxan Yaqubun «Aşıq Ələsgər», Ağalar Mirzənin «Məlikməmmədin yeni sərgüzəştləri», Əbdürrəhim bəy Haqverdiyev və Can Keverin «Ağa Məhəmməd şah Qacar», özünün yazdığı «Həyatın astanasında», «Şah İsmayıl», «Sabir Rüstəmxanlının portret cizgiləri» və «İnan mənə», Akif Həsənoğlunun «Yanmış evin nağılı», «Dünyaxanım ev axtarır», Zeydulla Ağayevin «Haray», İlyas Əfəndiyevin «Məhv olmuş gündəliklər», Aleksandr Suxovo-Kobılinin «Tarelikinin ölümü», Hidayətin «Məhəbbət yaşayır hələ», Vaqif Əlixanlının «Əcəl atı», Feruz Mustafanın «Pələg ili», Panço Pançevin «Dörd əkizin nağılı» və başqa tamaşaları teatr mütəxəssisləri tərəfindən çox yüksək qiymətləndirilib. Dəfələrlə dövrü mətbuatda bu tamaşalar haqqında biri-birindən maraqlı ressenziyalar çap olunub. Bu tamaşaların bir neçəsi Respublika televiziyası ilə çəkilərək, qızıl fonda salınıb və gələcək nəsillər üçün saxlanılıb. Quruluş verdiyi tamaşaların çoxu mükafatlara, diplomlara layiq görülüb. Onun quruluşunda «Yanmış evin nağılı» (müəllifi A. Həsənoğlu) tamaşası Qarabağ savaşına, erməni işğalçılarının törətdiyi faciələrə həsr olunan respublikada ilk professional teatr tamaşasıdır. Bu tamaşaya görə Ağalar İdrisoğlu Osman Mirzəyev adına mükafata layiq görülüb. Özünün müəllif və quruluşçu rejissor olduğu, milli iftixarımız, dövlət xadimi Şah İsmayıl Xətaiyə həsr etdiyi « Şah İsmayıl» tarixi faciəsi «Qızıl Dərviş» respublika mükafatına, Eduard Bobrovun «Vicdanla üz-üzə», Alber Kamyunun «Qismət» və Georgi Xuqayevin «Varlı ev» tamaşaları isə respublikada ilin ən yaxşı tamaşaları kimi Azərbaycan Mədəniyyət Nazirliyinin və ayrı-ayrı təşkilatların birinci dərəcəli mükafatlarına layiq görülüb. Bu tamaşaların da hər biri geniş ictimaiyyət, teatr tamaşaçıları tərəfindən maraqla baxılan tamaşalar olublar.
Baxmayaraq ki, onun rəhbərlik etdiyi teatr həmin vaxtlar məmləkətimizin ən aparıcı teatrlarından olub, amma 1997- ci ildə ona qarşı olan haqsızlığa, düşmənçiliyə dözməyərək, Ağalar İdrisoğlu ərizə verərək bədii rəhbəri və direktoru işlədiyi H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili - Dram Teatrından işdən çıxıb və Dağıstana işləməyə gedib. Üç il Azərbaycan- Dağıstan Beynəlmiləl Estrada Teatr truppasına rəhbərlik edən Ağalar İdrisoğlu bu kollektivlə Dağıstan Respublikasında 100- dən artıq tamaşalar göstərməklə, iki respublika arasında mədəni və dostluq əlaqələrinin möhkəmlənməsində böyük işlər görüb. Həm də bu tarixi günlərə həsr olunan «Sərhədsiz dünyamız» adlı kitab yazıb. O vaxtlar Dağıstanda keçmiş Azərbaycan Dövlət Dram Teatrını bərpa etmək müşkülə düşmüşdü. Yenə də Ağalar İdrisoğlunun orcinal fikri qələbə çaldı. Onun maraqlı ideyası və təklifi Dərbənd ziyalılarının xoşuna gəldi.
Beləliklə, Dağıstan Azərbaycan Dövlət Dram Teatrının yenidən yaranmasında əsas ideya müəlliflərindən, təşəbbüskarlardan və təşkilatçılardan biri də o, oldu. (Seyid Qurbanov, Hüseynbala Hüseynov, Məhəmməd Qurbanov və Ağalar İdrisoğlu.) Dağıstan Azərbayan ziyalılarının da arzusu bu idi ki, yeni yaranan teatra məhz Ağalar İdrisoğlu özü rəhbərlik eləsin. Amma bu teatra rəhbərlik etməkdə ona Azərbayan Mədəniyyət Nazirliyi tərəfindən çoxlu maneələr yaradıldı. Özünə qarşı bütün bu haqsızlıqları görən Ağalar İdrisoğlu yenidən Azərbaycana qayıtmağa məcbur oldu.
2001- ci ilin fevral ayından Azərbaycan Dövlət Gənclər Teatrında quruluşçu rejissor kimi işə başlayan Ağalar İdrisoğlu özünün yazdığı «İnan mənə» dramatik faciəsinə bu teatrda quruluş verməklə əmək fəaliyyətini davam etdirib. Sonra Zeydulla Ağayevin yazdığı «Haray» pyesinə quruluş verib. Bu tamaşa yüksək dramaturji materialına və professional, maraqlı quruluşuna görə respublika teatr aləmində faşizm yzərində qələbənin 60 illiyinə həsr olunan tamaşa kimi böyük marağa səbəb olaraq, mütəxəssislər, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Vaqif Əlixanlının «Baş daşları ilə söhbət» monotamaşası ( aktrisa Qəmər Məmmədovanın ifasında) recissor kimi ona yeni uğurlar gətirib. Onun Dövlət Gənclər Teatrında quruluş verdiyi İlyas Əfəndiyevin «Məhv olmuş gündəliklər» tamaşası da özünün orijinal quruluşu və aktyor oyunu ilə tamaşaçıların, teatr mütəxəssislərinin böyük marağına səbəb olub. 2008-ci ilin aprel ayında ilk premyerası olan, Aleksandr Suxovo-Kobılinin «Tarelkinin ölümü» (tərcümə edəni İnqilab Kərimov) tamaşası Ağalar İdrisoğlu tərəfindən yüksək peşəkarlıqla və orijinal yozumla hazırlandığına görə, təkcə tələbkar tamaşaçıların yox, həm də teatr mütəxəssislərin xoşuna gəlib. Hidayətin «Məhəbbət yaşayır hələ» tamaşası maraqlı rejissor işinə və peşəkar aktyor oyununa görə, onun bu teatrda son rejissor işi olub.
Belə ki, 2009- cu ildə Dövlət Gənclər Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşdiyinə görə o, quruluşçu rejissor kimi artıq öz işini bu sənət ocağnda davam etdirir. 2011- ci ilin fevral ayının 25- də ilk premyerası olan Vaqif Əlixanlının «Əcəl atı» tamaşası onun bu teatrda ilk rejissor işidir. Tamaşa xalqımızın yaralı yeri olan Qarabağ müharibəsinə həsr olunub. Xalqımızı milli birliyə və döyüşə səsləyən ən maraqlı səhnə əsəridir. 2012-ci ilin dekabr ayının 7-də premyerası olan Feruz Mustafanın «Pələng ili» onun maraqlı, orijinal quruluşunda tamaşaçılara göstərilən ikinci səhnə əsəridir. Ağalar İdrisoğlunun bu teatrda quruluş verdiyi Panço Pançevin «Dörd əkizin nağılı» tamaşasının ilk premyerası 2013- cü ilin mart ayının 10 - da Milli Teatrın 140 illiyi günündə olub. Bu tamaşa teatrın rəhbərliyi və bədii şura tərəfindən teatr aləmində bir sensasiya kimi qarşılanıb. Bu gün də tamaşaçıların maraqla baxdığı səhnə əsəridir.
2005- ci ilin mart ayında o, «Avropa Nəşr və Mətbu» evinin müəyyənləşdirdiyi müsabiqədə «İlin ən yaxşı vətənpərvər yazıçı-recissoru» kimi diplom və qızıl medalla təlitif olunub
Beləliklə, qırx beş ildən çox teatr aləmində çalışan Ağalar İdrisoğlu, yüzdən çox tamaşalara quruluş verməklə Azərbaycan teatr tarixinə özünün adını maraqlı və öz dəsti-xətti olan bir rejissor kimi, yazıb.
Uzun illər Azərbayanın ayrı-ayrı teatrlarına rəhbərlik edən Ağalar İdrisoğlu, siyasi arenada liderlərdən biri kimi görünməsə də, siyasəti hoqqabazlığa, şantaja çevirənləri, rüşvəti, inhisarçılığı, nadanlığı, təmiz insanların haqqının tapdalanmasını özünün bədii, publisist əsərlərində və quruluş verdiyi tamaşalarda ifşa edib, onları kəskin tənqid atəşinə tutub.
Ağalar İdrisoğlu, həyatını aktyorluq, rejissorluq işləri ilə bitmiş hesab etməyib. Adını daşıdığı qardaşını yaşatmaqçün və daxilində bulaq kimi qaynayan bədii yaradıcılığını da mərhum qardaşı Ağanın arzularını çin etmək məqsədi ilə davam etdirib. O, qırx beş ildən çoxdur ki, nasir, dramaturq, publisist, curnalist kimi yaradıcılığını davam etdirir. Belə ki, yuxarıda yazdığım kimi, onun ilk məqalələri, oçerkləri, kiçik hekayələrə 1966-67-ci illərdən Masallı rayonunun «Çağırış» və respublika səviyyəli «Azərbaycan pioneri» qəzetlərində çap olunub.
47- 48 il böyük bir insan ömrü olmaqla, acılı-şirinli, yuxusuz gecələr keçirməklə, düşmənlərilə mübarizə apararaq, öz Mənini sübut etmək məqsədi ilə o, «Həyatın astanasında», «İnan mənə», «Qonaq», «Məhkəmədən əvvəl məhkəmə», «Şah İsmayıl», «Çarəsiz oyun», «İmam Şamil», «Öz qanunları olan şəhər», «Bir gecənin əhvalatı», «Günahsız qurban» və başqa pyeslərin, «Kəfənini geymiş qoca», «Vicdan mühakiməsi», «Ulu Tanrı və ağ gəni əhvalatı», «Bura vətəndir», «Səhnədə keçən ömür yolları», «Teatr sənətinin aşiqi» və başqa povestlərinin, «Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı», «Mümkün olmayanı, mümkün eləyən kişi» ( «Ömrün akkordları») , «Şahidin şahidləri, şəhidləri», «Qaranlığı yaran işıq», «Bir alim ömrünün səlnaməsi», «Sərhədsiz dünyamız» sənədli, publisist romanların, əllidən artıq hekayənin, essenin, elegiyanın, novellanın, pritçanın, beş yüzdən çox pulisist məqalələrin, elmi yazıların və ressenziyaların müəllifidir. Pyesləri Ağdam, Mingəçevir, Sumqayıt, Füzuli, Gəncə Dövlət Dram Teatrlarında, Dövlət Gənclər Teatrında və keçmiş Sovetlər İttifaqının bir neçə Teatr – Studiyalarında tamaşaya qoyulub. Bu haqda söz düşəndə o, belə deyir:
- Mənim bəddi yaradıcılığım, 1944 - cü ildə acından anamın qucağında dünyasını dəyişən Ağa adlı qardaşımın adı ilə bağlıdır. Çünki valideyinlərim lap erkən yaşlarımdan mənə təlqin eləyiblər ki, «onun adını sənə ona görə qoymuşuq ki, onu da yaşatmalısan». Mən də onu bəddi yaradıcılığımla yaşadıram.
Bədii yaradıcılığı dövründə bir sıra müsabiqələrdə iştirak edən Ağalar İdrisoğlunun 1982- ci ildə «Həyatın astanasında» pyesi respublika müsabiqəsinin qalibi olaraq birinci dərəcəli mükafata layiq görülüb. 1985 – ci ildə «İnan mənə» pyesi Moskvada keçirilən Ümumittifaq Gənc Dramaturqlar Müsabiqəsində 48 pyesin içərisində ən yaxşı üç pyesdən biri kimi laureat olub və diploma, pul mükafatına layiq görülüb.
«Şah İsmayıl» pyesi 2010-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi «Ən yaxşı pyeslər» müsabiqəsində 34 pyesin içərisində ikinci dərəcəli mükafata və diploma layiq görülüb. Birinci dərəcəli mükafat isə heç bir pyesə verilməyib. Onun «İnan mənə», «Ən xoşbəxt gün», «Məhkəmədən əvvəl məhkəmə və ya kəfənini geymiş qoca», «Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı», «Qaranlığı yaran işıq» (Maarif Teymurla birlikdə), «Dünya Azərbaycanlıları» (müştərək), «Bir alim ömrünün salnaməsi», «Vicdan mühakiməsi», « Dözə bilmədi» ( Sadıq Murtuzayevə birlikdə) adlı kitabları və on beşdən artıq topluda isə hekayələri, pyesləri, tərcümə etdiyi pyeslər çap olunub. O, tərcüməçi kimi də çox işlər görüb. Dünya xalqlarının on pyesini dilimizə tərcümə edib. Bu pyeslərin də bir neçəsi ayrı - ayrı Dövlət Teatrlarında tamaşaya qoyulub. ( Vasili Şukşinin «Oyunbazlar», Georgi Xuqayevin «Qocaların məhəbbəti», «Varlı ev», Slovomir Mrocekin «Polis» və başqaları.)
2013- cü ildə Azərbayan Respublikası Prezidentin sərəncamı ilə yazıçı kimi, Prezident mükafatına layiq görülüb.
O, uzun illərdir ki, bizimlə əməkdaşlıq etməklə, bu çətin yolu bizimlə birgə addımlayır və «Azad Azərbaycan» qəzetinin ədəbiyyat, mədəniyyət, incəsənət, elm, təhsil şöbəsinin müdiri vəzifəsində işləyir. Onun biri-birindən maraqlı ressenziyları, məqalələri, portret yazıları bizim qəzetimizin və başqa qəzetlərin, sayıtların səhifələrində mütəmadi çap olunur və oxucuların sevə-sevə oxuduğu yazılar kimi dəyərləndirilir. Ömrünün qırx beş ilindən çoxunu ilk sevdiyi sənət olan jurnalistikaya həsr edən Ağalar İdrisoğlu beş yüzdən çox məqalələrin, ressenziyaların, oçerklərin, publisist yazıların, portrert cizgilərinin müəllifi olmaqla, indi də tez-tez respublikamızda keçirilən tədbirlərdə iştirak edir və bugünki ictimai həyatımızda böyük rol oynayır. Cavan jurnalistlərə özünün təcrübəsini öyrətməkdən və məsləhətlər verməkdən qürür duyur.
Yaradıcılıq işlərdə həmişə birinci olmağı xoşlayan Ağalar İdrisoğlu, məmləkətimizdə ilk Özəl Teatr-studiyanın yaradıcısı, özündə dörd sahəni birləşdirən ilk professional teatr rejissoru, yazıçı, dramaturq və jurnalistdir. Azərbaycandan ilk dəfə onun «İnan mənə» pyesi Ümumittifaq müsabiqəsinin qalibi olub.
Doğulduğu Masallı rayonunun, yaşadığı Sumqayıt şəhərinin ilk peşəkar dramaturqu və Moskvada, Dövlət Teatr Sənəti İnstitutunda təhsil alan ilk peşəkar teatr rejissoru, teatr təşkilatçısı və ilk Əməkdar İncəsənət Xadimidir.
Gənc dramaturq kimi ilk dəfə Azərbaycanı Riqada, Minskdə, Ukraynada, Maldovada və başqa şəhərlərdə keçirilən yaradıcılıq seminarlarında məhz o, təmsil edib.
Ağdam və Sumqayıt Dövlət Teatrlarının tarixində ilk dəfə məhz Ağalar İdrisoğlu bədii rəhbər- direktor işləyib.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı məhz onun ideyası, təşəbbüsü və təşkilatçılığı ilə Musiqili-Dram Teatrı olub. Teatra əlavə 80 şatat verilib.
Azərbaycanda uzun müddət ilk bədii rəhbər-direktor işləyən teatr mütəxəssislərindən biridir.
Şabran rayon Mədəniyyət və Turizm İdarəsi nəzdində «Şabran» Teatr-Studiyası məhz onun ideyası, təşəbbüsü və təşkilatçılığı ilə yaradılıb. İlk tamaşa olan, özünün yazdığı «Vətən ağrıları, Vətən dərdləri» tamaşasına da Ağalar İdrisoğlu özü quruluş verib.
Azərbaycan teatrları içərisində məhz ilk dəfə onun rəhbərlik etdiyi teatr (H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrı) Qazağıstanın Cambul, Çimkənd vilayətlərində, Gürcüstanın Qabal, Telavi rayonlarında, Vladiqafqazda və bütövlükdə Dağıstan Respublikasında qastrol səfərlərində olub.
Azərbaycan peşəkar teatr səhnəsinə dünyanın tanınmış dramaturqlarından Nobel mükafatları laureatları Alber Kamyunun, Slavomir Mrocekin, Georgi Caqarovun, dramaturqlar Aleksandr Vasilyeviç Suxovo-Kobılinin, Vasili Şukşinin, Eduard Babrovun, Aleksandr İvaşenkonun, Kirill Obalenskinin, Leonid Juxovitskinin, Aleksandr İvaşenkonun və bir neçə müasir Azərbaycan dramaturqlarının pyeslərinin ilk gəlişi məhz Ağalar İdrisoğlunun adlı ilə bağlıdır.
Yuxarıda yazıldığımız kimi, o, qırxdan artıq tamaşada biri-birindən maraqlı rollar oynayıb. Yüzdən artıq tamaşaya isə quruluş verib. 5 romanın, 10 povestin, 20 pyesin, 50-dən artıq hekayənin, novellanın, essenin, elegiyanın, pritçanın və 500-dən artıq publisist yazıların, ressenziyaların, oçerklərin müəllifidir. Bu tamaşalar və bədii əsərləri haqqında da dövrü mətbuatda biri-birindən maraqlı ressenziyalar yazılıb. Həm də bu tamaşalar tamaşaçılar tərəfindən də maraqla qarşılanıb. Bədii əsərləri, publisist yazıları, ressenziyaları, məqalələri isə oxucuların sevə-sevə oxuduğu əsərlər, yazılardir.
Ağalar İdrisoğlu (Mehdiyev) ədəbiyyat və inəsənət sahəsindəki böyük xidmətlərinə görə, 2013- cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar İnəsənət Xadimi fəxri adına layiq görülüb.
O, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Söhbət əsnasında o, öz ürək sözlərini belə dedi:
- 50 ilə yaxındır ki, məşğul olduğum çətin reşələr olan curnalistika, ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərimin belə yüksək qiymətləndirilməsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə, onun müavini Ədalət Vəliyevə və Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar müəllimə özümün dərin təşəkkürümü bildirirəm. Çünki prezident mükafatı və fəxri ad almağımda bu insanların əməyi yüksəkdi. Doğrudur. İllərlə gördüyüm uğurlu işlərə görə fəxri adı və prezident mükafatını çoxdan almalı idi. Amma mane olanlar çox olub… Həyatdır də… Axı mən hər adamın xoşuna gələ bilmərəm. Amma axır ki, haqq öz yerini tapdı.
Ədəbiyyat, incəsənət və jurnalistikaya qədəm qoyduğum ilk günlərdən çalışmışam ki, xaqımın ədəbiyyatı, incəsənəti və jurnalistikası yolunda əlimdən gələni eləyim. Özümü dərk elədiyim vaxtdan Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə bacardığım kimi qulluq eləmişəm. Amalım həmişə xalqımızın milli birliyi, vətəndaş həmrəyliyi uğrunda mubarizə aparmaq olub. Mənim qəti fikrim belədi ki, biz yalnız bu müqəddəs yolla, milli birliklə məmləkətimizi dünya ölkələri sırasında ən öndə gedən ölkələrdən biri eləyə bilərik. Çünki atalarımız da deyib ki, «birlikdən qüvvət doğar. Birlik olmayan yerdə dirilik olmaz».
Dahi Əfzələddin Xaqani də deyir:
- İstəsən güzgü tək saf olsun ürək,
Sinədən on şeyi atasan gərək.
Haram, qiybət, kin, paxıllıq, tamah,
Kibr, riya, həsəd, ədavət, kələk.
Azərbaycanın müstəqilliyini görmək bu torpağın övladı olan bir ziyalı kimi mənə də nəsib olub. Bu müstəqilliyi qorumaq da biz ziyalıların ən ümdə vəzifəsi və müqəddəs borcu olmalıdır. Çünki vətəninin müstəqilliyini sevməyən və vətənə təmənnasız qulluq eləməyəni heç kimi sevməz.
Kim necə fikirləşir-fikirləşsin. Azərbayanda vətəndaş müharibəsinin qarşısını alan, müasir Azərbaycanın yaradıcısı, memarı, qurucusu Heydər Əliyevin ideyalarının, uzaqgörən siyəsətinin bu gün İlham Əliyev tərəfində uğurla davam etdirilməsini mən alqışlayıram. Bu ideyaya, siyasətə də məmləkətimizin çiçəklənməsi və inkişaf eləməsi üçün həmişə xidmət eləməyə hazıram. Böyük dahilər deyib ki, «əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdi. Əgər ağlın varsa, qızıla, nüfuza, yalan vədlərə aldanma. Qoy sənə rəhbərlik edən yalnız təmiz vicdanın olsun. Ən çətin iş özünü dərk eləmək, xalqına xidmət eləmək, ən asan iş isə başqalarına məsləhət verməkdi». İndi də məsləhət verənlərin sayı çoxalıb…Təəssüf ki, lap çoxalıb…


Hacı Tofiq SEYİDZADƏ
Jurnalist- publisist, Türkiyə Akademiyasının fəxri
professoru

 

 


Ağalar İdrisoğlunun bədii əsərlərindən seçmələr


ANAMIN NAĞILI
(Hekayə)


Uşaq yaşlarımda anam mənə çoxlu nağıl danışıb. Lap çox... Onun danışdığı nağılları dəfələrlə eşitsəm də, hər dəfə sakitcə oturub, maraqla qulaq asardım. Çünki anam bu nağılları elə maraqla danışardı ki, elə bil özü də bu nağılların iştirakçısı olmuşdu. Elə bil bu hadisələr onun öz başına gəlmişdi... Amma nağıllardan birıni danışanda, neyçünsə həmişə ala gözləri dolar, gözəl, ağ siması qaralar və bir müddət harasa uzaqlara baxıb, bu bayatını deyərdi:
Əzizinəm hər aylar,
Hər ulduzlar, hər aylar.
Balası ölmüş analar
"Bala" deyib haraylar...
Sonra da anam mənim balaca, totuq əlimdən tutar, həyətimizin günbatan tərəfindəki qara, böyük daşın yanına gətirərdi. O, bu qara daşa qəmli-qəmli baxıb, səssizcə ağlayardı. Mən də anamın ağladığını görəndə, gözlərimin yaşı yanağımdan sinəmə axardı. Əziz adamını itirmiş kimi ağlayardım. Uşaq ağlımla, düşüncəmlə başa düşürdüm ki, bu qara daş nə isə müqəddəs bir daşdı. Və bu qara daşın altında kimsə yatır. Bu, kiminsə, əziz bir adamın qəbridi. Ancaq kimin? Başa düşə bilmirdim. O nağıl yaddaşıma elə hopmuşdu ki, illər keçəndən sonra anamın söylədiyi nağılların çoxunu unutdum; təkcə o nağıldan başqa. O nağıl mənim həyat yolum, həyat çırağım oldu. O nağıl mənim ali məqsədim, əsas ideyamın daşıyıcısına çevrildi. O nağıl məni həmişə mübarizəyə, haqqı müdafiə eləməyə səslədi. Davalara, müharibələrə, günahsız insan qanı tökənlərə nifrət bəsləməyi öyrətdi. İnsanların haqqını müdafiə eləməkçün məni hüquqşünas elədi o nağıl. Haqqa tapınmağı, həmişə haqqın tərəfində olmağı mənim daxilimdə tərbiyə elədi. Bəlkə də elə o nağıl məni yazıçı elədi...
Anam həmin nağılı belə söyləyirdi:
-- Oğul balam, noğul balam, şəkər balam, gül balam. Biri vardı, biri yoxdu. Allahdan savayı yer üzündə çoxlu insanlar vardı. Bu insanların içərisində Məhəmməd adlı bir ata, Sona adlı bir ana və onların da, bax, sənin kimi bapbalaca, sənin kimi totuq-motuq bir oğlu vardı. Adı sənin adın kimi Murad idi. Bu balaca oğlan murada, muraza çatdırmışdı həm atasını, həm də anasını. Onların sevincləri, arzuları, istəkləri yer, göy qədər idi. Nələr arzu eləmirdilər Muradın atası, anası...
Bu vaxt yerlə göy bir-birinə qovuşdu. Göyün üzünü qara buludlar örtdü. İnsanların oxşamaları, ağıları, yalvarışları, göz yaşları yerdən göyə ucaldı. Bir matəm bürüdü bu məmləkəti, bu eli, bu obanı. Dedilər ki, dava başlayıb. Dedilər ki, kişilər torpağı, Vətəni, anaları, uşaqları qorumaqçün gərək davaya getsinlər. Yoxsa faşist adlanan yağı düşmən gəlib torpaqlarımızı torba ilə daşıyacaq. Bizi yurd-yuvamızdan didərgin salıb, özü də gəlib burada ağalıq eləyəcək. Yurd-yuvamıza sahib çıxıb deyəcək ki, bu yerlər elə əzəldən mənim dədə-babamın olub. Mənim əcdadımın sümükləri var bu torpaqda. Siz bu yerlərə gəlməsiz. Siz bu yerlərə yadsız... Bütün bunları özündə götür-qoy eləyən Məhəmməd ata da dava paltarını geyinib, əlinə silah götürüb getdi Vətəni, torpağı, arvadını, oğlunu, elini, obasını qorumağa...
Ana tək qaldı. Bircə körpəsi ilə. Ana tək qaldı öz cavan ömrü, taleyi ilə. Əynindəki hələ də rəngi solmayan toy paltarı ilə. Bu paltarını çıxarıb qara paltar geyindi ana. Qara yaylıq bağladı. Qara geyindirdi bircə Murad balasını da. Bə nə?... Axı Vətən darda idi. Yağı düşmən bu yerlərə can atırdı. Yağı düşmən qana susamışdı. Belə vaxtda ağ, ya da güllü paltar geyinə bilməzdi ana. Belə vaxtda şən mahnı oxuya bilməzdi Sona. Belə vaxtda toylar, çal-çağırlar olmazdı. Allah bağışlamazdı belə işləri, belə günahları. Yoxsa günlərini daha qara gətirərdi bu məmləkətin. Yağı düşmənə daha çox güc-qüvvət verərdi. Qarı düşmən də sədləri, bənd-bərəni aşıb bu yerlərə gəlib çıxardı. Bunu həmin məmləkətin insanları bildiyindən hamı qara geyinmişdi. Hamı səfərbər olmuşdu. Hamı bir olmuşdu. Hamı kini, küdurəti, vəzifə, nəsil, tayfa davasını bir yana atıb, yumruq kimi birləşmişdi. Qocası da, qarısı da, cavanı da, uşağı da təkcə bir şey fikirləşirdi: "Vətən torpağını yadellilərdən təmizləmək. Nəyin bahasına olursa-olsun, yadların tapdağında qalmamaq. Köçkünlük, didərginlik ömrü yaşamamaq. Gedib kimlərinsə qoltuğuna sığınmamaq"...
Bu dərd azmış kimi Ulu Yaradan aclıq imtahanına da çəkdi bu məmləkəti, bu milləti. Həmin il çox quraqlıq oldu. Taxıl bitmədi. Çörək olmadı. Təndirlər qalanmadı. Tabaqlar boşaldı...
Acından ananın da qarnı belinə yapışdı. Üç gün qucağındakı oğlu Murad "çörək", "yemək" deyib ağladı, zarıdı... Dördüncü günü dörd yaşındaca gözlərini əbədi yumdu Murad. Beləcə uşaq yaşında acından zarıya-zarıya köçdü bu dünyadan Məhəmməd atanın, Sona ananın bircə gül balası. Yaşamağa heyi, taqəti qalmayan anaya Ulu Tanrı tərəfindən güc, qüvvət gəldi. O, "bala" deyib, zülüm-zülüm ağladı. Qıyha çəkdi. Balası gözlərinin qarşısında öldürülən yalquzaq tək haray qopartdı... Sifətində dırnaqları ilə şırımlar, yaralar açdı Sona. Ağ bənizi al qana boyanda ananın... Amma balasını geri qaytara bilmədi. Qurtara bilmədi onu ölümün pəncəsindən. Əzrayılın əlindən. Həmin gün səhərə kimi qucağında balasının meyidi zarıdı, oxşama dedi Sona ana... Səhəri gün qar basmış yeri, torpağı zərif əlləri ilə, barmaqlarıyla diddi, qəbir qazdı ana öz balasına. Öz ciyarparəsinə...
Oğlunu torpağa tapşıran gün, ana özü də sağalmaz dərdə düşdü. Sağalmaz bir xəstəlik tapdı Sona ananı; ürək getmə xəstəliyi... Beləcə qəbrin yanında ürəyi getdi Sona ananın. Onu, ərləri Böyük Vətən Müharibəsindəki qanlı-qadalı davada olan qadınlar birtəhər evə gətirdilər. Üç gün ölü kimi yatdı Sona ana. Elə bildilər ölüb. Cavan bir ailəyə belə zülüm verdiyinə, Murad kimi gül balaya, Sona kimi qənirsiz gözələ qıydığına görə yamanladılar Əzrayılı. Əzrayılın cildinə girmiş, günahsız insanların qanına susamış yağı düşməni… Dördüncü gün Sona ayıldı. Oğlunu soruşdu. "Ölüb" dedilər. İnanmadı ana bu sözə. "Murad hey!.. Ay Murad… Ömrüm-günüm Murad…", - deyə çağırdı, haray qopardı, ucadan səslədi körpəsini Sona ana. Murad hay vermədi. Muradın səsi gəlmədi... Murad bir daha görünmədi. Amma Muradın ruhu tez-tez ananın röyalarına gəldi. Ana hövlnak yuxudan ayıldı. Körpəsini yanında görmədi. Yenə də ürəyi getdi. Səsi, qışqırığı, harayı həyət-bacanı götürdü. Səsinə, harayına qonşular tökülüşdü. Əllərini ovuşdurdular, alnına su vurdular Sona ananın. Min cür əzab-əziyyətlə ürək keçməsindən ayıltdılar onu...
… Həmin ilin baharında dava qurtardı. Yağı düşməni öz evinə qədər qovdu igid əsgərlərimiz. Düşmən məcbur oldu ki, təslim olsun. Məcbur oldu ki, özünün cinayətkar, qəsbkar olduğunu boynuna alsın. Bir daha günahsız qanlar tökməyəcəyinə, anaları, ərləri övladsız, övladları atasız, anasız qoymayacağına, başqa məmləkətə soxulmayacağına söz verdi, and içdi düşmən. Bizim igid əsgərlərdən aman dilədi. Hətta təslim sənədlərinə, daha bundan sonra başqa millətlərin torpaqlarını zəbt etməyəcəkləri, işğalçılıq siyasəti aparmayacaqları ilə bağlı sənədlərə imza atıb, möhür də vurdular…
Bu vaxt Məhəmməd ata sapsağlam, amma saçları ağappaq ağarmış vəziyyətdə davadan qayıtdı. Beş ilə elə bil o, otuz il qocalmışdı. Evdə xəstə yatan arvadı Sonanı gördü. Oğlu Muradı soruşdu. Qonşular, " Murad acından ölüb", - dedilər. Həyətin günbatan tərəfindəki Muradın qəbrini ona göstərdilər. Oğlunun ölüm xəbəri sarsıtdı onu. Beş illik davada yüzlərlə ölüm, qan, qada, dəhşətli hadisələr, məhrumiyyətlər görən Məhəmməd heç belə sarsılmamışdı…
Lakin tez də özünü ələ aldı. Çünki davanın qan-qadası mətinləşdirmiş və bir qədər soyuqqanlı eləmişdi onu. O, hardansa böyük, qara daş tapıb, gətirib həmin yerə qoydu.
Məhəmmədin gəlişi ilə Sonanın da gözlərinə işıq gəldi. Məhəmmədin nəvazişini, ona diqqətini, qayğısını görən Sona, ərini özünə arxa-dayaq bilib, "kəfənini" cırdı. Ayağa durdu. Yaşamağa həvəsi, istəyi artdı. Ürəyində, beynində yeni arzular, ümidlər, istəklər çiçək açdı...
...Yenidən həyat qaynadı. Qələbə çalmış insanların yaşamağa, qurub-yaratmağa inamı, ümidi artdı. Axı, "inam, ümid həyatın sərmayəsidi", -deyib atalar. Yağı düşmənin uçurub dağıtdığı, tari-mar elədiyi yolları, evləri, kəndləri, şəhərləri təmir elədi, yenisini tikdi insanlar. Haqq-ədalət onlar tərəfində olduğundan ulu Tanrı bu insanlara çox böyük güc-qüvvət, var-dövlət verdi. Atalar, analar dünyaya yeni övladlar gətirdilər. Məhəmməd ata ilə Sona ana da yenidən övlad istəyinə düşdülər. Düz on ildən sonra böyük Yaradan onlara yenidən bir oğul payı verdi. Bu oğlanın da adını Murad qoydular; ilk Muradın qırılmış həyatını yaşaması üçün. İlk Muradın çata bilmədiyi muradlara ikinci Muradın çatmasıyçün. Dünyaya gələn bu körpə Murad da öz gəlişilə unutdurdu Məhəmmədə, Sonaya dörd yaşında dünyasını dəyişən oğul dərdini, oğul itkisini, oğul dağını. Qardaşının adını daşıyan Murad, onların bütün ümidlərini, istəklərini, arzularını doğrultdu... Əsl oğul, Vətən, torpaq, millət qeyrəti çəkən kişi oldu Murad...
... İllər keçdi. Mən anamın nağılları ilə böyüdüm. Və günlərin bir günü bildim ki, anamın danışdığı bu qəmli əhvalat nağıl yox, əsl həqiqət imiş. Bu həqiqət də, bu tarixçə də başqasının yox, elə mənim öz atamın, anamın və dörd yaşında ikən anamın qucağında dava vaxtı acından ölən, indisə mən adını daşıdığım nakam qardaşımın başına gəlib bu faciə. Bu qəmli əhvalat...
Mən də atamın, anamın istəyi ilə iki ali məktəb qurtarmışam. Qardaşımın adından yazıb-yaradıram. Öz adımdan isə beynəlxalq səviyyəli hüquqşünas olmaqla, haqqı müdafiə eləyirəm. Və bu yolda var qüvvəmlə vuruşuram ki, yer kürəsi qazan kimi qaynamasın, davaların kökü kəsilsin. Qaçqınlar, köçkünlər, didərginlər olmasın. Uşaqlar atasız, anasız, kimsəsiz qalıb acından ölməsinlər. Həmişə sülh, əmin-amanlıq olsun yer üzündə. Heyif ki, hələ də öz istəyimə çata bilmirəm. Çünki yer kürəsini yenə də qan çanağı olan nadürüstlər, nakəslər, bədxahlar başına götürüb...
Artıq hər tərəfində od püskürən, qanlar tökülən planetimizdə bu günahsız qanları axıdan qəsbkarları, cinayətkarları, qaniçənləri gördükdə, ucadan bağırmaq, onların yaxasından tutub qışqırmaq, bu vəhşilərə anamın nağılını danışmaq istəyirəm. İstəyirəm ki, onlara deyəm:
-- Ey adını insan qoyan vəhşilər, qaniçənlər, qəddarlar, qəsbkarlar, atasından bixəbərlər, insanlıq adına ləkə olanlar! Əzrayılın dəyirmanına su tökənlər! Məgər sizi ana doğmayıb? Məgər siz analarınızın nağıllarını eşitməyibsiz?.. Məgər, haqsızlığa etiraz eləyən analarınızın gözündə yaş görməyibsiz? Axı belə getsə, ərlərini, övladlarını, yaxınlarını itirən anaların göz yaşları gec-tez selə-suya dönəcək. Və bu sellər, sular da yer kürəsini məhv eləyəcək. Yer kürəsini sel, su basacaq. Anaların göz yaşına görə də ulu Tanrı sizi qarğıyacaq. Qarğıyacaq ki, niyə siz o göz yaşlarını görmürsüz. Və böyük Yaradan, yer kürəsini tar-mar eləyəcək. Axı, zaman-zaman bu Yer planeti bizim kimi adamlarla dolub-boşalıb. Yəqin ki, onlar da bizim kimi davalar, qırğınlar törətdiklərinə görə, bu yerin, göyün sahibi onları məhv eləyib. Yer planeti selə-suya qərq olub. Sonra böyük Tanrı elə möcüzələr yaradıb ki, sellər, sular çəkilib. Yeni canlılar yaradıb. Və ümid edib ki, yeni yaratdığım bu adamlar öz sələflərinin bəd, pis əməllərini yəqin ki, davam etdirməzlər. Lakin əfsus... Sədd heyif ki, Yaradan da zaman-zaman öz inamında yanılıb. Artıq o, indi yenə də bu planeti dağıdıb, yenisini yaratmaq barədə fikirləşir…
Çünki hər gün təbiətdə baş verən fəlakətlər, tufanlar, qasırğalar, zəlzələlər, sunamilər artıq bundan xəbər verir... Barı bir anlıq siz də öz analarınızı fikirləşin… Bu gözəl planetimizin gələcəyini, onun qoynunda böyük arzularla, əməllərlə yaşayan insanları, fidan körpələri, heç olmasa öz övladlarınızın gələcək taleyini, aqibətini düşünün! Düşünün!.. Hələ ki, gec deyil… Onu da bilin ki, müharibə vəhşiliyin pik nöqtəsi, insanlığın sonu deməkdi.


Bakı şəhəri
May-iyun 1972-ci il
Bəzi əlavələr 2010- cu ilin may ayında olub



HƏYAT SƏHNƏDİR, İNSANLARSA...
(Hekayə)


Allah sizə rəhmət eləsin, ey əbədi yaşarlar ulu
Mirzə Ələkbər Sabir və ulu Cəlil Məmmədquluzadə.

 

... Teatrın bayramı idi. Böyük, milli bayramı... Məmə yeyəndən, pəpə deyənə kimi bütün teatr əhli hamısı yığışıb gəlmişdi bu bayrama. Zalda da onlar idi, səhnə arxasında da. Tamaşaçı çox az dəyirdi gözə. Neynəsin binəva tamaşaçılar. Hamı bir tikə çörək hayındadı. Çörək də qalxıb ceyran belinə, ha qovurlar, çata bilmirlər. Axşam da evə gələndə arvad-uşaq teatr yox, «çörək» deyib, çığır-bağır salır. Görəsən, Allah bizim kişiləri niyə belə günə saldı? Nə idi onların günahı ay Tanrı?...
Üzdə teatr işçiləri də gülür, hər kəs “xoşbəxt adam” rolunu oynayırdı. Yazıq teatr fədailəri. Cibləri boş, qarınları ac, evləri suyu sovulmuş dəyirman...
Adam kənardan baxanda, vallah, bu millətin dözümlülüyünə aid dissertasiya, qəzəl, tərifli şeirlər, poemalar yazmaq, mədhiyyələr demək istəyir. Elə bil ulu Tanrı bu milləti yaradanda alnının tən ortasına təkcə bir cümlə yapışdırıb. «Dözümlü xalq». Möcüzəyə bax ey! Əsrlər, qərinələr boyu hər zülmə dözür, min cürə istilalara məruz qalır, torpaqları zəbt olunur, qız- gəlinləri əsirlikdə qalır bircə kəlmə də «mıq» eləmir bu dözümlü xalq... Şükür ulu Tanrının məsləhətinə. Özü bilən yaxşıdı. Mən nəkarəyəm ki, onun əməlinə qulp qoyam. Nə isə... Səhnənin arxasında əllərim boş cibimdə var-gəl eləyir, öz güzəranımı, öz ailəmin vəziyyətini fikirləşirdim... Bir də onu fikirləşirdim ki, bu teatr işçilərinin iş yeri var. Az da olsa heç olmasa aylıq maaş alırlar. Mən isə işsizəm…
Bayram atəşfəşanlığının başlanması neyçünsə gecikirdi. Deyəsən, kimi isə gözləyirdilər. Vallah, kimi gözlədiklərini dəqiq bilmirdim. Bircə onu eşitmişdim ki, gözlədikləri lap böyük yerdəndi... Zaldan ara-sıra çəpik səsləri gəlirdi. Sənə zarafat gəlməsin. Bu qədər teatr əhlini bir yerə yığ, qarın ac, cib boş. Tədbiri də vaxtında başlama. Hamını burada bir ümid saxlamışdı ki, tədbirdən sonra pulsuz yemək-içmək, böyük banket olacaqdı.
Bir də onu gördüm ki, iki nəfər mənim qolumdan möhkəm tutub səhnəyə itələdi. Biri kobud, qalın səslə qulağıma bu sözləri əmr elədi:
-- Çalış vaxtı uzat, zaldakılar darıxmasın! Yoxsa mən biabır olaram. Mən biabır olsam, vay sənin halına!..
Üzünə baxdım. Gördüm bizimkilərdəndi. Özü də lap böyüklərdən. Hansı ki, mənim taleyim neçə müddətdi ondan asılıdı...
Mənim səhnəyə çıxmağımla zaldan bir uğultu qopdu ki, elə bil yalan olmasın, bomba partladı. Qorxudan ayaqlarım tamam tutuldu. Bir tərəfdən də işıqçı zalım oğlu procektoru mənə elə tuşlayıb, elə bil demək istəyirdi ki, bu haramzadəyə görə, yarım saatdı istidə oturub boğuluruq... İndi qalmışam səhnənin düz ortasında. Nə qabağa gedə bilirəm, nə geri. Qarnımdan da bir ağrı tutub, bir ağrı tutub... elə bil bir həftə yediyim-içdiyim hamısı onun içindədi... Bu nə işdi, bu nə oyundu mən düşdüm, ay Tanrı? Axı, mənim heç bir çıxışım-zadım yox idi. Tamaşaçı kimi gəlmişdim. Onsuz da əskim tüstülüdü. Bəzi rəhbərlər məni görəndə əsəbindən üç gün çörək yemir. Bəs şeytan, niyə məni aldadıb səhnə arxasına gətirib? İndi dayanmışam səhnədə özüm-özümü söyürəm: « Ayə, Allahsız, ayə, qıvlasız, axı nə... yeyirdin ki, səhnənin arxasında, indi səni belə bəlaya saldılar?» Bu vaxt səhnənin arxasından da bayaqkı yekəpər, sarı, çil-çil sifətli, göy göz, seyrək diş də əl-qol atıb qışqırırdı:
-- Başla də! Nə durub gözünü döyürsən, ay qoyun?! Səninlə deyiləm?! Başla!!!
İstədim səhnədən qışqıram ki, qoyun özünsən, məni başqası ilə dəyişik salıb səhnəyə itələmisən. Birinci, qorxudan səsim çıxmadı. İkinci də fikirləşdim, hakimiyyət onun əlindədi. İstəsə, bizi qoyun da eləyə bilər, keçi də, lap istəsə... Hə bu sözü çox fikirləşdim, tapa bilmədim. Bu vaxt gördüm ki, hamı səhnənin arxasından mənə yumruq göstərir. Day başqa çıxış yolum qalmamışdı. Çar-naçar ayaqlarımı sürüyə-sürüyə bir az qabağa getdim. Düzdü, mən səhnədə naşı adam deyiləm. Baxmayaraq indi işsizəm, amma bir igid ömrü qədər səhnədə recissorluq eləmişəm. Ancaq belə yox də... Bu vaxt məşqə hazırlıqsız gələn aktyorlar düşdü yadıma. İndi anladım ki, bu biçarələr nələr çəkirmiş... Hə, nə başınızı ağrıdım, bir-iki dəfə boğazımı arıtlayıb, başladım söhbətə:
-- Əziz yoldaşlar...
O dəqiqə də qarnımın ağrısı vurdu başıma ki, ay qıvlasız, bu “yoldaş” sözü artıq bizim leksikondan çoxdan çıxıb. Ruslara “net” deyəndən sonra bu sözə də “net” demişik. Tez səhvimi düzəltdim.
— Əziz bəylər və xanımlar...
Vay, vay... Mən nə pis iş gördüm, ay Tanrı. Axı, biz bəylərə “daloy” deyəndən sonra bu sözə də “daloy” demişik. Bəs nə təhər başlayım? Keçdim milli müraciətə:
— Əziz bacılar, qardaşlar, atalar, analar. Siz bu bayrama xoş gəlmisiz. Düzdür. Teatr həyatın kiçildilmiş modeli, güzgüsüdü. Amma mənim bu gün bu güzgüdən deməyə heç bir sözüm yoxdur. Məni...
Birdən gözüm sataşdı səhnənin arxasındakı kürən, göy göz yekəpərə, hansı ki, mənim taleyim ondan çox asılıydı. Çünki məni işdən o, çıxartmışdı. Sağına-soluna keçsəm də hələ ki, ürəyi yumuşalmamışdı... Gördüm ki, mənə yumruq yelləyir. Nitqim qırıldı, sözümün ardını deyə bilmədim. Başladım başqa söz axtarmağa. Tez də tapıb dedim:
— Gəlin bizə belə bir bayram bəxş eləyən şəxsiyyəti alqışlayaq. Alqışlar!
Bu vaxt zalda hamı özünü yığışdırdı və başladı çəpik çalmağa. Hə, deyəsən sözləri yaxşıca tutuzdurmuşdum... Yaxşı, bəs indi neynəyim? Yadıma düşdü aktyorlarla apardığımız oyun. Ona görə ürəklə qabağa gedib dedim:
— Biz recissorlar eksperiment eləməyi çox xoşlayırıq. Tamaşanı qurmamışdan əvvəl aktyorlarla həmin pyesin mövzusu üzrə sözlü etüdlər qururuq. İndi mən zaldan bir nəfəri səhnəyə dəvət eləmək istəyirəm ki, elə sizin gözlərinizin qarşısında sözlü etüd quraq. Özünüz də görəcəksiz ki, Şekspir müəllim düz deyib: “ Millətindən asılı olmayaraq, yer üzündə olan hər adamda aktyorluq bacarığı var. Ona görə də həyat səhnədi, insanlarsa aktyor...” Kim öz bacarığını sınamaq istəyirsə, buyursun səhnəyə.
Bu vaxt səhnənin arxasından səs-küy qopdu:
— Gəldi, gəldi, gəldi!..
Sonra tam sakitlik yarandı. Elə bil qurbağa gölünə daş atdılar. Bu vaxt qənşərində, arxasında on - on beş adamla orta boylu, enlikürək, idmançı görkəmli, göyçək, gur ağ saçlı, ağ bığlı, iri qara gözlü, eynəkli, başında şlyapa bir kişi gəldi səhnənin arxasına. Hamı başladı ona tə’zim eləməyə. Bayaq məni səhnəyə itələyən yekəpər, sarışın, seyrəkdiş indi işarə edir ki, çıx səhnədən. Qalmışam belə. Nə təhər çıxım? Eşşəyə minmək bir ayıb, düşmək ikinci ayıb. Üzümü döndərdim zala ki, guya onun işarəsini görmürəm. Başladım yenə müraciətə:
— Kim öz artistlik bacarığını yoxlamaq istəyirsə, buyursun səhnəyə, onunla sözlü etüd quraq.
Bu vaxt həmin o, orta boylu, enlikürək, idmançı görkəmli, qara gözlü, gur ağ saçlı, ağ bığlı, gülümsər üzlü, göyçək, eynəkli, başında şlyapa olan kişi gəldi səhnəyə. Onun gəlişilə zalda bir uğultu, bir gurultulu, bir sürəkli alqışlar qopdu ki, gəl görəsən. Dedim, dədə vay Allah, bu dəqiqə döşəmə, tavan uçacaq. O, zaldakılara əl işarəsi eləyən kimi hamı birdən-birə susdu. Bu nə möcüzədi, ay Tanrı? Elə bil heç zalda adam-zad yoxdur. Elə bil qurbağa gölünə daş atdın. Bəlkə hamı çıxıb getdi? Diqqətlə qaranlığa baxdım, gördüm, yox əşi, hənirti gəlir. İndi ha yadıma salıram ki, bu kişini mən haradan tanıyıram, harada görmüşəm, yadıma düşmür. Düşmür ki, düşmür. Bu nədi, ay Tanrı?.. Mənim bu şoğərib yaddaşıma nə oldu birdən - birə? Axı hamı mənim yaddaşıma həsəd aparır. Çünki quruluş verdiyim pyeslərin demək olar ki, hamısını əzbər bilirəm. Hətta sözləri yaddan çıxan aktyorlara da tamaşa gedən vaxt səhnənin arxasından sözlərini deyirdim.
Orta boylu, enlikürək, idmançı görkəmli, gur ağ saçlı, ağ bığlı, göyçək, gülümsər üzlü, eynəkli, başında şlyapa olan kişi, şəstlə, cəld, inamlı addımlarla mənə yaxınlaşdı. Əlini uzatdı. Bərk-bərk əlimi sıxdı və dedi:
— Nə olub sənə? Əlin niyə əsir?
— Heç... Əvvəllər mənim bir tərəfim iflic olmuşdu...
— Özünə fikir ver. Sənin hələ nə yaşın var ki? Bir az dözün. Bir on, on beş il səbriniz olsun. Axı bizim xalq dözümlü xalqdı. Sizin haqqınızda yaxşı fikirlərim var...
— Çox sağ olun. Allah Sizi on beş, iyirmi il üstümüzdən əskik eləməsin...
Vay, vay... Deyəsən qatıqladım... Bu nə biədəb cümlə oldu. Necə yəni, üstümüzdən əskik eləməsin?
— Bu gün teatrın bayramıdı. Mən də əvvəllər bir az artistlik eləmişəm. Gəl elə, o etüd deyirsən, nə deyirsən, o eksperimenti mənimlə aparaq.
Gördüm səhnənin arxasından mənə yumruq göstərirlər ki, yəni yox. Bir bəhanə ilə tez çıx səhnədən.
— Səhnənin arxasına niyə baxırsan?
— Heç...
— Hə, başlayaq?
— Mən bu gün yuxudan sol ayağımın üstündə durmuşam. Onsuz da işlərim səhərdən baş-ayaq gedir...
Bu sözləri yavaşdan dedim. Yalnız özüm eşitdim. Bu vaxt bir də kişinin üzünə baxdım ki, ay Allah, axı bu kimdi? Bu sifəti mən harada görmüşəm? Niyə bu kişinin suyu mənə belə şirin gəlir?..
— Nə olub, nə gözünü döyürsən, - deyə amiranə səsli, göyçək, gur ağ saçlı, ağ bığlı, enlikürək, idmançı bədənli, eynəkli, başında şlyapa olan kişi mənə əmrlə müraciət elədi. Başladıq?!
— Nə deyirəm ki? Nə olar, olar...
Ürəyimdən isə bu sözlər keçdi: “ Nə olacaq, olacaq. Ölmək olməkdi, xırıldamaq nə deməkdi? Ey yeri-göyü yaradan ulu Tanrı, Səni and verirəm öz böyüklüyünə. Mənim balalarımı qoru. Dünyada varım, yoxum, yalnız onlardı...”
— Deməli, hər etüd bir mövzu üzərində qurulur...
— Nə mövzu? - deyə o soruşdu.
— Yəni bir mövzu götürülür. Dialoqlar, konfliktlər onun üzərində qurulur.
— Yaxşı, qoy sən deyən kimi olsun.
— Deməli, mövzu belədi: “Bizi kim qarğıdı.” Bu etüd gün-güzəran haqqında olacaq.
— Nə olub ki, günümüzə, güzəranımıza?
— Deyirəm ki, etüd belə olacaq. Yəni, adı belədi.
— Hə, onda başla gəlsin.
— Bu millətin günahı nədi?
— Nə?
— Deyirəm ki, bu millətin günahı nədir, başına ip salıb belədən-belə, elədən-elə sürüyürsüz? Axı, bu millət sizə nə edib? Niyə bu milləti dilənçi kökünə salmısız? Niyə bu milləti simasızlaşdırdız?.. Millət ac-yalavac, işsiz-gücsüz qalıb. Zəlil gününə düşüb. Bir qrup qor-qoduq da daraşıb onun canına. Qanını sorur, şəxsiyyətini alçaldır, namusunu hərraca, qumara qoyub... Axı, bu başı qapazlı, gözü qıpıq, şəxsiyyəti, insanlığı tapdalanan, kişiləri axtalanmış sizin öz millətinizdir. Siz buna niyə yol verirsiz ki, yüksək rütbəli məmurlarınız, nazirləriniz onlarla belə rəftar eləyir? Siz bunun niyə qarşısını almırsız? Siz ki əcnəbi deyilsiz? Ay sizin lap...
— Sən nə çərənləyirsən, ay uşaq, - deyə amiranə kişi hirslə mənim sözümü kəsib təəccüblə üzümə baxdı.
— Mən çərənləmirəm, düzünü deyirəm. Bu millət sizə inandı. Bəh-bəhlə sizi gətirib padşah elədi. Budurmu onun mükafatı?..
— Sən uşaqlıqda yıxılmamısan?
— Necə ki?
— Deyirəm, uşaqlıqda yıxılmamısan? Başın heç yerə dəyməyib?
— Xeyr, yıxılmamışam. Başım da heç yerə dəyməyib. Yəqin siz özünüz yıxılmısız...
— Onda sərxoşsan. O küncdəki butulkanın arağını sən içmisən?
— Hansı butulkanın?
O, başının işarəsi ilə səhnənin arxasında, pərdənin böyründəki boş butulkanı göstərdi.
— Odu ey, küncdəki butulka, - deyə mənə yaxınlaşıb, qulağıma pıçıldadı. Bu odlu-alovlu çıxışına görə, o butulka bayram tədbirindən sonra səni gözləyir!..
— Nə? - deyə təəccüblə ona baxdım.
— Onu, sənə hədiyyə verdirəcəm... Əbədilik özündə saxlayacaqsan. Qoy sənin kimi ağız bəhəm eləyən müxalifətə dərs olsun, - deyə sonra da qulağıma butulka ilə bağlı biədəb bir cümlə pıçıldadı.
Birdən-birə 1937-38-ci irtica illərində siyasi məhbus adı ilə tutulub, həbsxanaya salınanların nəyisə güclə boynuna qoymaq istəyəndə o butulkadan NKVD-nin “silah növü kimi” necə istifadə elədiyi yadıma düşdü. Məni soyuq tər basdı... Ürəyimdən qorxu ilə dolu bu sözlər keçdi: « Allah, Allah. Bu kişi nə deyir? Doğrudanmı onlar belə vəhşilik də eləyə bilərlər?»
— Nə fikirləşirsən? Niyə dinmirsən? Niyə susdun? Xoşum gəldi səndən. Gör necə açıq-açığına danışırsan? Mən sizə demokratiyanı, söz azadlığını ona görə vermişəm ki, siz xoşunuza gəlməyən işləri, neqativ halları, hətta, məni də açıq-açığına tənqid edəsiz. Mən də bunlardan ibrət götürüm. Səhv işlərimizi düzəldim, - deyə o, ucadan danışır və bic-bic ucadan gülürdü.
O danışır, mənimsə fikrim küncdəki boş butulkada idi... Diqqətlə baxırdım ki, görüm ağzı kəsik deyil ki… Çünki kəsik olsaydı işim daha pis olardı…
— Sən niyə danışmırsan?
— Fikirləşirəm...
— Fikirləşirsən ki, millət acdı? Acından ölən var?
— Bəli.
— Necə?! Acından ölən var?!
— Xeyr...
— Deyirsən iş yoxdu, millət işləmir...
— Bəli.
— Necə?! Bəs bu qədər xarici maşınları, əl telefonlarını, evləri, işləməyən millət hansı pulla alır? Bu bərli-bəzəkli evləri hansı pulla tikdirirlər?
— Mən heç bunları fikirləşməmişdim...
— Bəs siz müxalifət, nəyi fikirləşirsiz? Niyə hər şey sizin gözünüzdə yalnız qara rəngdə görünür?
— Bilirsiz, əlahəzrət, mən sizi...
Nitqim tamam kəsildi. Deyəsən mən bu kişini artıq yavaş-yavaş tanımağa başlamışdım...
— Niyə susdunuz? - deyə başının işarəsi ilə butulkanı göstərdi. Və qulağıma pıçıldadı. O butulka səni gözləyir ha. Görürsən. İki nəfər o butulkanı əlində möhkəm saxlayıb. Sən səhnədən çıxanda... O məsələ... Bayaq dediyim...
Məni tamam soyuq tər basdı. Özümü itirdim.
— Vallah, bu mənim öz sözlərim deyil. Millətin çayxana söhbətlərindəndi. Mən də onların adından səhnədə qırıldadıram, - deyə qorxa-qorxa qulağına pıçıldadım. Mən artıq keçdim sizin tərəfə.
— Qorxma. Açıq danış. Millət daha nə istəyir? Deməli, müəyyənləşdirdik ki, acından ölmür, çörəyi var, xarici maşını var. Bərli-bəzəkli evi var... açıq söz deyə bilir. Demokratiya var. Müstəqillik var... Sonra sizi nə maraqlandırır?
— Bu teatr işçilərinin maaşı çox azdır, əlahəzrət...
— Ayə, ay həpənd, artistlərin pul nəyinə lazımdı? - deyə o, birdən-birə ucadan güldü, - siz Donkixotlarsız... Pulu neynirsiz? Çox yesəniz kökələrsiz, səhnədən eybəcər görünərsiz. Özü də sizin az məvacib aldığınızı kimsə gəlib mənə deyib?
— Bilmirəm.
— Deməyib. Onu bil ki, haqqını tələb eləyənə və ağlayana çörək verərlər, ağlamayana yox. Siz haqqınızı tələb eləməyi bacarmırsız.
— Əlahəzrət, bəs bu rüşvət, yerlibazlıq məsələsini neynəyək?
— Necə yəni, neynəyək?
— Deyirəm, onun kökünü necə kəsək?
— Ayə, sənin başın deyəsən doğrudan da xarabdı. Kimdi yerlibazlıq edən? Hamımız eyni millətin övladları deyilik?
— Bəli.
— Kənardan gələnimiz var?
— Xeyr.
— Deməli, bir ananın övladlarıyıq də.
— Bir ananın?
— Ana deyəndə, bizim dildə ana məmləkət nəzərdə tutulur. Məmləkətin bir tərəfinin, yəni ananın bir qrup uşaqları torpağın, havanın, günəşin işığının təsirindən daha ağıllı olduqlarından onlar da vəzifə başındadılar. Daha nə yerlibazlıq? Gələn dəfə günəş başqa tərəfə düşəcək, torpaq münbit olacaq, onlar da hakimiyyətə gələcəklər. Burada nə var ki, siz yaxanızı cırıb, belə qara-qışqırıq salırsız? Özünüz deyirsiz ki, qərbi məmləkət... De görüm, günəş qərbi çox işıqlandırır, ya şimalı?
— Hə... Bu heç mənim ağlıma gəlməyib? Siz düz deyirsiz, əlahəzrət! Əlbəttə, qərbi məmləkət daha işıqlı olur.
— Sonra o rüşvət olan nə şeydi? Kimdi məndən xəbərsiz o işlə məşğul olan? Adını de, bu dəqiqə nəslini kəsdirim!
— Vallah, bilmirəm...
— Bəs nə çərənləyirsən? Rüşvət belə gəldi, rüşvət belə getdi...
— Danışırlar ki, rüşvət dövləti içəridən yeyir.
— Rüşvət dövləti içəridən yeyə bilməz! Nə axmaq fəlsəfədi, bu? Rüşvəti dövlət rəhbəri, məmurlar yeyər. Daha heç kim!
— Vallah, mən fəlsəfədən üç qiymət almışam. Bu fənn də heç vaxt beynimə girməyib.
— Sizin çoxunuzun beyni yoxdur. Boş-boş qırıldatmağı bilirsiz.
— Siz deyəndi əlahəzrət, - deyə qorxa-qorxa səhnənin arxasında əllərində boş butulkanı tutan iki yekəpərə baxdım.
— Sən də, sənin çaşqa-loşqa olduğun dostların da bilin ki, ulu Tanrı məni, bu məmləkəti bütün bəlalardan, dərdlərdən, torpaq davasından qurtarmaqçün xilaskar kimi göndərib yer üzünə. Mən o gözəgörünməzin məsləhəti ilə göydən yerə enib sizə ümid çırağı, azadlıq, səadət gətirmişəm. Yoxsa indiyənə kimi çoxdan xanlıqlara, məhəllələrə, tayfalara bölünmüşdüz. Mənim haqqımda çəkilən filmlər, yazılanlar, deyilənlər hələ azdı... Bunların sayını artırmaq lazımdı. Bəli, bəli artırmaq lazımdı! Niyə mənim haqqımda tamaşa hazırlamırsız? Hələ utanmaz-utanmaz məndən pul da istəyirsiz?! Pulu adama nəyə görə verirlər?
— İşinə...
— Yalan deyirsən! Tərifinə görə. Təriflə, sən də al. Bu qədər alim, şair, yazıçı, artist... daha nə bilim, kimlər, kimlər, axmaqdılar məgər? Nə elədiklərini bilmirlər? Tərifləyirlər, tərifinin də ənamını alırlar. Səndən soruşuram, adama bu gün nə lazımdı?
— Tərif.
— Tərif öz yerində. Nə gözünü döyürsən? Bilmirsən? Pul lazımdı, pul. Təriflə, sən də pulunu al. Yəqin ki, bir həsirsən, bir Məmmədnəsir. Geyimindən, sifətinin rəngindən görürəm… İstəmirsən tərifləmək? Niyə dinmirsən?
— Bilirsiniz, vallah, mən yalandan...
— Nitqin niyə tutuldu? Deməli, sən yalandan tərifləməyi bacarmırsan?
Başımla gah “yox”, gah da “hə” işarəsi eləyə-eləyə, qorxa-qorxa amiranə kişiyə baxdım.
— Nə olar! İndi sənə öyrədərlər!..
Bu vaxt səhnəyə iki yekəpər adam çıxdı. Sifətlərinin rəngi əcaib-qəraib idi. Amiranə kişinin başının hərəkəti ilə onlar mənim qollarımdan tutub “hop” deyib yuxarı qaldırdılar, əlində butulka tutan o biri iki yekəpərə sarı apardılar... Hələ butulkaya çatmamış məndən bir qışqırıq qopdu ki, qorxudan az qaldı ürəyim, yumurtalıqlarım partlasın...
...Hövlnak yuxudan oyandım... Gördüm ki, tərin, suyun içərisindəyəm. Arvad da yekəpər bədəni, pırpız saçı ilə əlində butulka, başımın üstündə dayanıb qışqırır. Qorxudan tez çarpayının o biri tərəfinə qısılıb, möhkəm-möhkəm yorğanı özümə bürüdüm.
— Bircə bu qalmışdı ki, arağı kravatın altında gizlədəsən?
— Nə araq? – deyə qorxa – qorxa udqundum.
— Zəhrimar araq, çor araq. Budaha ey. Bu zibili, - deyə əlindəki yarımçıq araq butulkasını mənə göstərdi. Dur get çörək pulu tap. Üç gündür uşaqlar acdı. Bu araq zəhrimarı hansı pulla almısan?!
— Bağışlayıblar...
— Çörək bağışlayaydılar da sənə.
— Orada yalnız araq satırlar...
— Yaxşı! Söz güləşdirmə! Get çörək tap gətir!
— Çörək?..
— Hə, hə çörək. Uşaqlar acdı. Sənət tapdı bu da özünə... Heç olmasa, get bazarda kartof, soğan sat, axşama bir – iki manat qazan gətir ki, uşaqlar quru çörək də olsa, yeyə bilsinlər.
— Vallah, özün bilirsən ki, alver bacarmıram. Keçən dəfə bir zənbil paltarı gözümün qabağından necə oğurlayıb apardılarsa, hələ də pulunu verməmişik, - deyə yazıq-yazıq arvada baxdım.
— Ay Allah, gör məni gətirib kimə ürcah elədin? Mütrüfün birinə... Kül mənim başıma. Mənim kimi belə gözəl cuvanəzən gedib polisə, prokurora, kommersanta, müfəttişə qismət olmadı, gör gəlib kimə qismət oldu. Niyə mən belə bədbəxt doğulmuşam, İlahi?.. Sənin yanında günahım nədi ay Allah? Nə gözünü döyürsən? Butulkaya niyə baxırsan? Onsuz da yarısını içmisən. Burada heç nə qalmayıb... Dur, get, kimdənsə borc pul tap, çörək, yavanlıq al gətir!
Arvad deyinə-deyinə, əlində yarımçıq araq olan butulkanı götürüb, hirslə otaqdan çıxdı. Mən üzümün, bədənimin tərini yorğana silib, bayaq gördüyüm əcaib-qəraib yuxunu və bir də heç olmasa, çörək almaqçün kimdən borc pul tapacağımı fikirləşirdim... Borc almağa daha tanış adam qalmamışdı... Qonşunun evindən isə radionun gur səsi gəlirdi. Məşhur müğənni Bülbül, gur və şən səslə ən sevimli mahnılarından birini oxuyurdu...
-- Əcəb ağ gündədir mənim Vətənim...
Dərbənd şəhəri,
Sumqayıt şhəri
Avqust, 1999-cu il.
Bəzi əlavələr 2010-cu ilin iyul ayında olub.

VƏZİFƏPƏRƏSTİN DİLİNDƏN
( Satirik hekayə)
-Atam-qardaşım, nə yapışmısız məndən? Bəli, vəzifəpərəstəm. Niyə də olmayım? Bu gün, bu zəmanədə yaxşı pulun, vəzifən yoxdursa, sən heç kimə lazım deyilsən. Sən heç kimsən, atam-qardaşım. Bəlkə elə deyil? Vəzifən yoxdursa, sənin nə dostun var, nə tanışın, nə məşuqən. Heç evdə arvad da, uşaqlar da üzünə dürüst baxmır. Səni saya salmır. Sizinkini bilmirəm, bizim arvad mən evə pulsuz gələndə üzünü elə turşudurdu, elə bil rəhmətlik dədəsini mən öldürmüşdüm. Axşam da o söz... Dalını çevirirdi mənə, xorhaxorla yatırdı. Uşaqlar da mənimlə dilucu, xalaxətrin qalmasın deyə danışırdılar.
Hə. Vəzifəsiz olmağın ləzzətini bir dəfə mən də görmüşəm... Atam-qardaşım, o vaxtlar vəzifəsiz qaldığım altı – yeddi ayda mən çəkdiyimi heç düşmənimə də arzu eləmirəm... Nə başınızı ağrıdım, köhnə hökumət gedib, təzəsi gələndə on beş naziri işdən hopdum çıxardı. Mən də getdim «çucoy paxmel». Yəni o hökumətin adamı olsam da, bunun hakimiyyətə gəlməsi üçün dəridən-qabıqdan çıxırdım. Çünki bu hökumət mənim eloğlum idi. Fikirləşirdim ki, ətimi yesə də, sümüyümü çölə atmaz. Ancaq atdı... Özü də propka kimi.
Vəzifədən çıxarıldığım birinci günü adətimcə tezdən durub yuyundum. Üzümü qırxıb, geyindim. Dedim heç olmasa, keçmiş xidməti maşınımın sürücüsü zalım oğlu Zahir bir insaflı olar. O da mənimlə bir blokda yaşayır. Bir mərtəbə yuxarıda ev alıb vermişdim ona. Gözlədim ki, indi gəlib qapının zəngini basıb, heç olmasa, soruşacaq ki, ay müəllim, bəlkə harasa getmək istəyirsiz? Ya da sizə nə isə almaq lazımdı... Ayaq səslərindən hiss elədim ki, düşdü aşağı. Çıxdım eyvana. Gördüm ki, mindi maşına, heç başını da yuxarı qaldırıb, mənə salam vermədi. Maşını xoddayıb getdi təzə nazirin dalınca... Hirsimdən başım gicəlləndi. Az qaldım ki, yıxılım. Tez tutdum məhəccərdən. Öz-özümə dedim:
— Ay dadi-bidad... Bu əbləhi mən gətirib adam elədim. Yetimin biri idi. Bu cür ceyran kimi QAZ-31-i verdim ki, sür. Toyunu elədim. Ev alıb verdim.
Yadıma düşdü, bu əbləh oğlu hərdən mənə deyərdi:
— Ağamir müəllim, atam anamı fahişəlik üstündə atıb gedib. Uşaqlıqdan atasız qalmışam. Sağ olun ki, siz mənə ata olduz. Məni kişi elədiz. Ölənəcən sizi yaddan çıxarmaram. Quran haqqı düz sözümdü...
Fikirləşdim ki, ay dadi-bidad... Gör mən necə yanılmışam. Atalar düz deyib:
«Fahişədən ancaq belə dəyyus törəyə bilər...»
Bu vaxt şöbə rəislərindən biri «Doydaq Saməddin» blokdan çıxıb getdi öz maşınına sarı. Əynində mənim plaşım. Cəmi bir dəfə geymişdim. Xoşuma gəlmədi, bağışladım ona. Mənə «dayı» deyirdi. Şənimə yüzlərcə tostlar, şeirlər qoşurdu. Özü də tez-tez deyirdi:
— Ağamir müəllim, mən altıncı sinifdə oxuyanda atam və əmim haqqında imzasız şikayət məktubu yazmışdım Leninin movzoleyinə. Onları işdən çıxartdırmışdım... Məndən hamıya qarşı hər cür nakişilik gözləmək olar... Amma sizə heç vaxt pislik eləmərəm. Siz mənə atamdan da, qohumlarımdan da çox yaxşılıq eləmisiz. Sizin sayənizdə belə vəzifəm var. Sizin sayənizdə özümə ev, bağ, maşın almışam. Özümün biznes işlərimi qurmuşam. Mən bu mərtəbəyə ancaq sizin sayənizdə qalxmışam. Əgər sizə pislik eləsəm, bihörmət iş tutsam, qoy Allah məni əbədilik kor eləsin. Anamın südü haramım olsun.
Öz-özümə dedim:
— Ay dadi-bidad... Bu ki, elə bir az sərxoş olan kimi özü deyirdi ki, məndən hər cür nakişilik gözləmək olar. Bəs mən niyə başa düşmürdüm?
Fikirləşirdim ki, sərxoşdur belə deyir. Nazirliyin çoxlu sirlərini danışırdım ona, «bacıoğlu kimi»...
Bu vaxt «Qara Məhərrəm» çıxdı blokdan. Hansı ki, mənim sayəmdə adi işçidən nazir müavinliyinə qədər yüksəlmişdi. Həmişə də mənə deyərdi:
— Sizin kimi xeyirxah, müdrik adam olmasaydı, yəqin indi mən heç kim idim. İndi haradasa it döyürdüm. Sizin yaxşılığınızı unutsam, onda mən kişiliyimi itirmiş olaram. Onda mənə hansı sözləri desəniz, qəbulumdu, Ağamir müəllim.
Başını qaldırıb Allahın salamını da vermədi mənə. Hiss elədi ki, mən eyvanda durub ona baxıram. Xidməti maşınına mindi. Sürücü maşını yelli sürüb getdi.
Fikirləşdim ki, bu «Qara Məhərrəm»i necə adlandırım. Axı, özü demişdi: «Sizə namərdlik etsəm, hansı söyüşlə istəsəniz, məni söyün». Yadıma düşdü ki, bunun arvadının ayağı sürüşkəndi. Hətta arvadının anasının da, bacılarının da xəmiri sıyıqdı... «Qara Məhərrəm»in arvadı da həmişə dəridən-qabıqdan çıxıb, min cürə oyunlar qurub ki, mənə yaxın olsun. Amma mən belə işi öz şənimə, şəxsiyyətimə sığışdırmamışam. Öz işçimin arvadına pis gözlə baxmamışam. Hətta bir dəfə məcbur olub, «Qara Məhərrəm»in arvadına bu fikrimi açıq-saçıq da demişəm. O da bu sözlərimə görə, məndən acıq eləyib. Sonra da açıq-saçıq deyib: «Ağamir müəllim, mənim kimi belə gözəl xanımdan, belə gözəl candan istifadə eləmədiyinə, mənimlə kef çəkmədiyinə görə, vaxt gələcək peşiman olacaqsan». Başıma bir qapaz vurdum.
— Bu da sənə azdı, Ağamir. Bax, o vaxt əgər sən «Qara Məhərrəm»in arvadını özünə məşuqə eləsəydin, indi belə də yanmazdın...
Bu vaxt blokdan Ceyran xanım çıxdı. O, bu gün əvvəlkindən də bərli-bəzəkli geyinmişdi. Yəqin özünü təzə nazirə sevdirməkçün... Hiss elədi ki, mən eyvanda dayanmışam. Heç başını qaldırıb yuxarı da baxmadı. Hə... Atam-qardaşım, Ceyran bu hərəkəti ilə ürəyimin başına elə köz basdı ki, lap infarkt elədi məni. Gözlərim qaraldı... Qulağımda onun gecələr intim vaxtlarımızda həzin səslə dediyi sözlər cingildədi.
— Mənim bəyim, həyatım, sahibim, ömrüm-günüm... Sənsiz bu dünyada yaşaya bilmərəm cigər. Danışıb gülmərəm. Hicrandan ölərəm, ölərəm...
Hicrandan da ölmədi Ceyran xanım. Bu gündən təzə nazirçün doğuldu. Bu gündən yəqin ki, bu sözləri, bu mahnını təzə nazirçün oxuyacaqdı Ceyran xanım. Onda olan şeytan xislətilə təzə naziri də yoldan çıxaracaqdı…
Bu vaxt bir xarici, bahalı maşın gəldi. Ceyran xanım nazlana-nazlana, mənə «yandı-yandı» verə-verə həmin maşına minib getdi... Ay dadi-bidad... Ceyran da mənə naxələf çıxarmış... Dağılasan belə dünya, necə ki, dağılırsan. Mən ki, vəzifədən cəmi bir gündür çıxmışam. Ağ atın belindən bir gündür düşmüşəm. İlahi adamlar niyə belə nankor, nanəcib, namərd, naxələf olurlar? Bu nə dünyadı? Bu nə zəmanədi biz gəlib çıxdıq?..
... Beləcə mənim çörəyimlə kişi olub, kişi cərgəsinə, arvad olub arvad cərgəsinə qarışanlar bir-bir binadan çıxıb, getdilər işə. Mən də papirosu-papirosa calayıb heykəl kimi durdum eyvanda. Yada saldım olub-keçənləri... Təmənnasız xidmətlərimi. Əvəzini gözləmədən verdiyim tonlarla çörəkləri... Onlara və sağlına-soluna xərclədiyim pulları… Pulsuz-parasız vəzifəyə yüksəltdiyim adamları...
... Beləcə üç ay ötdü, atam-qardaşım. Çıxdım hamının yadından. Düşdüm hamının dilindən, nəzərindən. Unuduldum bir sinif kimi. Arvad, uşaq tənəsi də bir yandan. Arvad zalım qızı da yağsız araba təkəri kimi, əcaib – qəraib səslə cırıldayır, elə hey deyinir, məni yamanlayırdı:
— Budu sənin çörək verdiyin adamlar? Budu sənin yaxşılıq elədiklərin? Budu sənin çörəyinin duzu? Get, ağlın tökülsün... Milyonları xərclədin onlara.. Axırı nə oldu?.. Kim qədrini bildi? Kim qiymət verdi sənin xeyirxah işlərinə?.. Həy...
Gördüm yox. Bu binada qalsam, ürəyim partlayacaq. Dərd məni öldürəcək. Hər dəfə məni belə tez unudan namərd, nankor, çörəyi dizi üstündə olan köhnə işçilərimi görəndə gedib o dünyalıq olub gəlirdim... Ona görə də o binadakı bərli-bəzəkli evlərimi dəyər-dəyməzinə satıb, köçdüm başqa yerə. Ancaq vəzifəsiz də dözə bilmirdim... Bərli-bəzəkli kabinetim, kabinetdəki rəngbərəng telefonlar, cavan katibələr, o yaltaq sifətlər, məddahların dil qəfəsə qoymadan dedikləri bal kimi şinin sözlər, eyş-işrət məclisləri tez-tez yuxuma girirdi atam- qardaşım. Hövlnak yuxudan ayılırdım, görürdüm ki, evdəyəm, yanımda da arvad… Az qalırdı başıma hava gəlsin. Gördüm yox, belə yaşamaq mümkün deyil. Ürəyim partlayacaq. Xosunvay olacam... Onu da yaxşı bilirdim ki, indiki hökmdar də pulu, rüşvəti, yaltaqları, ona lakeylik, məddahlıq eləyənləri çox sevir. Hətta özü lazım olan şərait yaradır, ayrı-ayrı üsullarla şirnikdirir ki, ona məddahlıq, lakeylik eləsinlər. Bir ay da get-gəldən sonra özümü birtəhər dürtdüm ey onun qəbuluna. Yalvar-yaxar girdim yanına...
Hə, atam-qardaşım, mən də qoşuldum axına, unutdum bütün kişiliyi, təmiz adı, vicdanı, qeyrəti. Açdım sandığı, tökdüm pambığı...
Köhnə iqtidar haqda nə gizli, xalq bilməyən sirlər, nə əməllər vardısa, açdım hamısını qoydum ortalığa. Sənə zarafat gəlməsin, mən köhnə iqtidarda əsas aparıcı nazirlərdən biri idim. Bütün dövlət sirlərini, gizli planları yaxşı bilirdim. Bir az da üstünə əlavələr eləyib dedim. Hatta onu da danışdım ki, hələ kimi nəyə görə tutmaq olar, kimin hansı xarici banklarda nə qədər pulları var. Kim hansı ölkənin şpionudur. Kimin harda malı, mülkü var. Kimlər-kimlərlə oturub-durur... Kimlər vəzifəyə gəlməkçün kimin qızını alıb, kiminlə quda olub, kimin arvadının aşnasıdı… Əlqərəz xoruz səsi eşitməyən xəbərlər. Sonra da diz üstə çökdüm qarşısında təzə iqtidarın, başladım ağlamağa, yalvarmağa... Bir yarım saat ağlayıb, yalvarandan sonra gördüm kişinin sifəti dəyişdi. Başladı gülümsünməyə. Dedim, Allah, sənə min şükür. Deyəsən yönü bəridi. Mənə diqqətlə baxıb dedi:
— Sən ki, hər şeyi belə açıq-açığına dedin, xoşum gəldi səndən. Yaxşı, bağışladım səni. Keçdim günahlarından. Bir babat iş də verəcəm sənə. Yaxşı vəzifən olacaq. Amma bu gündən sonra gərək mənə işləyəsən.
— Nə desəniz, hazıram Əlahəzrət, - deyə sevincdən ağladım.
— Bizim bu söhbətimizi heç kim bilməməlidi. Soruşan olsa de ki, elə-belə getmişdim yanına. Heç bir söhbətimiz olmayıb. Heç səni guya qəbul da eləməmişəm. Guya səni qəbul otoğından qovdurmuşam. Sonra da bir müxalifət partiyası, bir müxalifət yönlü qəzet yarat. Maliyyə sarıdan korluq çəkməyəcəksən. Ara-sıra məni də tənqid elə. Qoy başa düşməsinlər ki, mənə işləyirsən. Bu da bir siyasət oyunudur. Sizin bədbəxt hökumət bunu bilmədiyinə görə çox yaşamadı...
— Baş üstə. Öl desəniz, ölərəm, qal desəniz, qalaram. Həmişə sizə sadiq olmağıma and içirəm, əlahəzrət. Ey yer üzünün Allahı.
— Özün bil. Sadiq olmasan, özündən küs. Bayaqdan danışdıqlarının hamısı çəkilib və yazılıb lentə...
— And içirəm sizə, ey Böyük şəxsiyyət. Həmişə sizə sadiq olacam. Axı mən o biri iqtidarın komandasında olsam da, sizin gəlişinizçün çox çalışmışam. Bunu sizinkilər yaxşı bilir...
— Hamısını deyiblər mənə. Elə ona görə də səni qəbul elədim... Özüm də bu beş - altı ayda səni nəzarətdə saxlatdırmışdım ki, görüm neynirsən. Kiminlə çaşqa-loşkasan. Kiminlə görüşürsən… Dedilər yox, sən yönü bərisən… Sənə ürək qızdırmaq olar.
— Sizin hər sözünüz bundan sonra mənimçün qanundur ey Böyük hökmdar. Lap quran ayəsi kimi. Nə əmr versəniz, canla-başla eləyəcəm. Öl desəniz öləcəm, qal desəniz qalacam. Nə vaxt desəniz, nə vaxt çağırsanız bir qul kimi qəbulunuzda hazıram.
— Daha bura gəlib-getməyin lazım deyil. Müxalifət yatmayıb. Tükü-tükdən seçir... Bir tərəfdən də xarici səfirliklər... Xarici kəşfiyyat…
— Başa düşdüm...
— Amma nə lazımsa, mənim adamlarım gətirib sənə çatdıracaqlar. Kimi söymək, kimi tənqid eləmək, kimi xalqın gözündən salmaq... Nə isə, hər şeyi yerli-yataqlı... Gedə bilərsən!
Bir də kişiyə təzim eləyib, onun böyük kabinetində iməkləyə-iməkləyə çıxdım. Özü də daldalı. Üzüm ona sarı.
...İlahi, sənə min şükür. Onda deyirlər ki, su gələn arxa bir də gələr. Yadıma saldım köhnə işçilərimi. O namərdləri, nankorları, atasından xəbərsizləri… Ağız-burnumu çeynəyə - çeynəyə dedim:
— Ax, köpək uşaqları... İndi görün mən sizin ananızı...
Hə, atam-qardaşım, indi təzə partiya yaratmışam. Bütün qohum-əqrəbamın, iy dəyənlərimin hamısını eləmişəm həmin partiyanın üzvü. Hərəsinə də bir dükandan, şadlıq evindən, benzin kolonkasından... canım sənə desin, hardan ki, yaxşı pul çıxır, açıb vermişəm, işlədirlər. Mənim haqq-hesabımı da vaxtlı-vaxtında gətirib çatdırırlar sanı qoz kimi. Yaxşı bir ad da qoymuşam partiyaya: «Vətən ağrıları». Eyni adlı bir qəzet də təsis eləmişəm. Hər gün çap olunur, özü də on min nüsxə. Yaxşı bir vəzifəm də var. Bu seçkidə də millət vəkili olacam... Kişi söz verib. Adımı da müxalifətçi kimi siyahıya saldırıb ki, nə xarici təşkilatlar, nə xarici səfirliklər «mıq» eləyə bilməsin. Hə, atam qardaşım, indi tutmuşam həyatın nəbzini. Bolluca rüşvət də alıram. Vəzifələrə adam da qoydururam. Vəzifələrdən adamlar da çaxartdırıram. «Doydaq Saməddin»dən də «Qara Məhərrəm»dən də, Ceyrandan da hayıfımı almışam… İti qovan kimi, işdən qovdurmuşam onları. Hətta «Qara Məhərrəm»in arvadına, arvadının bacılarına da kişiliyimi sübut eləmişəm… İndi «Qara Məhərrəm» in arvadı dərdimdən dəli-divanədi. Deyir dünyada yeganə kişi varsa o da sənsən. «Qara Məhərrəm»lə ömrüm çürüyüb gedirdi. Bəs elə də deməlidi də. Altında xarici maşını, dəniz qırağında villası. Xarici bankda pulu.
Müxalifətdən, iqtidardan da kimi söymək, kimi millətin gözündən salmaq, baykot eləmək lazımdırsa, kişi xəbər göndərir, mən də qara-qışqırıq, haray-həşir salıram. Əvvəl öz qəzetim, sonra da başqa qəzetlər, radio, televiziyalar başlayır mənim sözlərimi yazmağa, deməyə. Sonra bir qrup adamlar ki, əlim altında saxlayıb, pul verirəm, onlar da başlayırlar mənimlə həmrəy olmağa. Sonra da kütlə qarışır bizə... Başlayırıq mitinqlərə, küçə yürüşlərinə, səfirliklərin qarşısında çıxışlara. Hamı başlayır mənim sözlərimi deməyə... Kişi deyən kimi, tez də həmin adamların noxtasını çəkirəm və dağlışırlar. Ona görə də indi məmləkətdə olmuşam millətçün yanan, dönən beş kişidən biri. Tutmuşam həyatın nəbzini, qarışmışam axına. Yoxsa nə kişilik, nə qeyrət, nə Vətən dərdi, nə millət dərdi. Bunlar hamısı boş kitab, qəzet sözləridi. Vəzifə hər şeyi əvəz eləyir atam-qardaşım. Hətta canım sənə desin, kişiliyi də, qeyrəti də. Vəzifəyə görə lap yeri gəlsə, Vətəni də, torpağı da, milləti də sataram. Mən vəzifəsiz olanda, gördüyümü görmüşəm... Məgər mənə qalıb bu millətin dərdi-səri?..
İndiki zəmanədən baş çıxarmağın, həmişə üzdə olmağın, özünü modda saxlamağın, beş kişidən bir olmağın, guya Vətənçün «əldən-ayağdan» getməyin yeganə üsulu, yeganə yolu budur atam-qardaşım…


Dərbənd şəhəri
10 avqust, 1999- cu il

 

Sərçənin də Allahı var
( Pritça)

 


Bu maraqlı əhvalatı, rəvayəti mənə, artıq hər şeyə böyük maraq göstərdiyim yeniyetməlik illərimdə atam danışıb. O vaxtdan çoxlu illər ötüb. Dünyanı lərzəyə salan böyük tarixi hadisələr, faciələr baş verib. Həmin hadisələrin, faciələrin bəzilərini yaddan çıxarsam da, amma atamın danışdığı bu rəvayət çox maraqlı olduğuna görə, yaddaşıma əbədilik hopub. Yəqin ki, ona da atası, atasına da babası danışıb.
Beləliklə, bu rəvayət uzun illərdi ki, bizim ailədə hamı tərəfindən qəbul olunmuş, bəyənilmiş bir nəsihət, vəsihətdi. Çünki bu əhvalatı, bu rəvayəti mən də öz övladlarıma danışmışam. Hətta nəvələrim də artıq bu əhvalatı, bu rəvayəti bilirlər... Ən maraqlısı budur ki, nəsillər dəyişsə də, illər, əsrlər bir-birini əvəz eləsə də bu rəvayət heç vaxt köhnəlmir. Yəqin ki, nə qədər insanlar yer üzündə yaşayır, bu rəvayət də həmişə müasir olacaq. Nə qədər ki, haqq- ədalət bərqərar olmayıb, bu rəvvyəti eşidənlər tərəfindən həmişə maraqla qarşılanacaq. Təki insanlar onu eşitsin, dərk eləsin, ibrət götürsün və yaddaşlarına köçürsünlər.
Belə rəvayət eləyirlər ki, dağlıq, qayalıq bir yerdə, kiçik talada yalnız bir uca, qollu-budaqlı ağac varmış. Həmin ağacın dibindən isə suyu dupduru bir bulaq, yerin dərin qatlarından çıxaraq, özünə kiçik cığır açaraq, qayaların arasından iti surətlə dərəyə tökülürmuş. Bulağın axdığı həmin cığırın ətrafı, yaşıl otlarla, gül-çiçəklə qayalığa xüsusi bir gözəllik, yaraşıq verirmiş. Bu gözəlliyin, yaraşığın şah əsəri isə qollu-budaqlı, əsirləri yola salan həmin yalnız ağacmış. İlin bütün fəsillərində həmişə yam-yaşıl olan bu ağaca haradansa uçub gələn quşlar qonsa da, yalnız bir sərçə bu qolu-budaqlı ağacı özünə doğma yurd yeri seçərək, yuva qurubmuş. Sərçə qurduğu yuvaya yumurtalar qoyur və bala çıxartmaq istəyirmiş. Hər dəfə bu bulaqdan su içməyə gələn nəhəng Fil, bulağın suyundan içəndən sonra belini ağaca sürtürmüş ki, belinin, bədəninin qaşınan yerlərini sakitləşdirsin. Amma Filin gücü çox olduğundan və özünü ağaca möhkəm sürtdüyündən, nəhən ağac sirkələnir və Sərçənin yuvası uçub yerə düşür, oradakı yumurtalar sınırmış. Sərçə də öz dilində deyinə-deyinə, ah-nalə qopararaq, yenidən özünə yuva qurur və yumurtalar qoyurmış ki, heç olmasa bir dəfə bala çıxarda bilsin. Ayda ən azı bir dəfə bu bulaqdan su içməyə gələn Fil də, hər dəfə ağaca sürtünəndə, Sərçənin bala çıxartmaq ümidlərini puç edirmiş…
Beləliklə, hər dəfə yuvası dağılan, yumurtaları sınan Sərçə vay-şivən edir və Filə yalvarırmış ki, heç olmasa ona bir dəfə imkan versin, bala çıxarıb, öz kamına, öz arzusuna yetişsin. Sərçənin bu yalvarışlarını, vay-şivənini eşidən Fil, onun bu hərəkətlərinə gülüb deyirmiş:
- Pah!.. Guya sənin də balaların olsa dünya düzələcək? Sən kimsən ki? Bapbala sərçəsən də. Sənin yaşamağınla, balalar çıxartmağınla bu geniş, nəhəng dünya nə xeyir görəcək? Nə qazanacaq? Bax mən Filəm. Nəhəngəm. Güclüyəm. Onu da bil ki, dünya güclülərin dünyasıdır. Sənin kimi gücsüz sərçələrin yox. Dünyanı həmişə fil kimi güclülər, nəhənglər idarə eləyir. Sənin kimi gücsüz sərçələr yox.
- Axı nə olsun ki, dünyanı güclülər idarə edir. Məgər biz gücsüzlərin, sərçələrin Allahı yoxdur? Əgər siz varsınızsa biz gücsüzlər bu yer üzündə yaşamamalıyıq? Bizim yaşamağa, öz nəslimizi artırmağa haqqımız yoxdur? - deyə Sərçə qayaların, daşların üstünə düşüb sınmış yumurtalarına baxıb, ağlayırmış.
- Yox! Yaşamamalısız! Hələ çox çəm-xəm eləsən, sənin özünü də ayağımın altına salıb, tapdalayaram, - deyə Fil ona sərt cavab verib, oradan uzaqlaşırmış.
Uçmuş yuvasına, sınmış yumurtalarına baxan Sərçə yenidən ah-vay eləyə-eləyə özünə yuva qururmuş ki, bəlkə Filin ürəyinə bir Allah xofu, mehr gələr və onun yuvasını daha uçurmaz. Amma nə Sərçə öz ümidlərindən dönmür, nə də Fil öz əməllərindən əl çəkinmirmiş. Artıq cana doyan, arzuları puç olan, əli hər şeydən üzülən və bala çıxarmaq ümidi ilə yaşayan Sərçə belə qərara gəlir ki, bu işə bir son qoysun. Bir əncam çəksin. Axı ölmək-ölməkdirsə, xırıldamaq nə deməkdi? Məgər doğrudanmı Fil haqlıdı? Doğrudanmı onun hegemonluğuna, mənəm-mənəmliyinə son qoymaq olmaz? O, uçub quşların padışahı Qartalın yanına gəlir və hər dəfə başına gələn qəmli, faciəli əhvalatı olduğu kimi ona danışır. Sərəçəyə diqqətlə qulaq asan, həmişə haqqı, haqq işi, haqq əməli müdafiə eləyən Qartal, Filin bu əməlinə, bu qəddarlığına çox qeyizlənir və saxsağanların başçısını yanına çağırıb deyir:
- Fil artıq ağlını itirib. İndi də biz quşları məhv eləmk istəyir. Tez ol, iki yüz saxsağan topla! Qoy onlar uçub getsinlər və görsünlər ki, Fil harada yatıb, ona hücum eləyib, gözlərini didib, kor eləsinlər! Ondan sonra Fil başa düşər ki, bu gen dünya təkcə fillərin yox, həm də sərçələrindi. Axı filləri yaradan Allah, sərçələri də yaradıb. Deməli, böyük Yaradan həm də sərçələrin Allahıdı.
- Oldu əlahəzrət Qartal. Sizin əmriniz bizimçün qanundur,- deyə saxsağanların başçısı tez iki yüz saxsağan toplayıb, onlara əmr eləyir ki, gedib Fili tapsınlar və Qartalın əmrini yerinə yetirsinlər.
Saxsağanlar, Sərçəylə birlikdə uçub Fili axtarmağa gedirlər. Sərçə görür ki, Fil bir qayının yanında yatıb, özünü günə verir. Sərçə, saxsağanlara onu göstərir. İki yüz saxsağan birlikdə qeyzlə Filə hücum edib, ona heç yerindən durmağa belə imkan verməyib, hər iki gözünü dimdikləri ilə deşib, yekəpər, özündən razı Fili kor eləyirlər. Gözləri kor olan, işıqlı dünya ona zil qaranlığa çevrilən Filin, gözlərindən axan qan, xortumundan yerə tökülür. O, ah-vay eləyir. Öz-özünə fikirləşir: « Axı mən, kimə pislik eləmişəm ki, başıma belə bir faciəni gətirdilər?.. Məni kor eləyib, işıqlı dünyaya baxmağa həsrət qoydular?» Amma Fil, bu suallara heç bir cavab tapa bilmir. O, həm də bir şeyə təəccüb eləyir ki, onun kimi güclü, heyvanların onu görəndə qorxudan zağ-zağ əsdiyi vaxtda axı adicə saxsağanlar kimə güvənib, necə cəsarət eləyib, ona hücüm eləyiblər və hətta onun gözlərini də çıxarıblar.
Filin kor olmasından ürəyi soyumayan Sərçə, fikirləşir ki, ondan uçan yuvasının, sınan yumurtalarının, Filin ayaqladığı ətçə balalarının hayıfını indi neçə alsın. Onu birdəfəlik məhv eləməkçün daha nə eləsin? Bir müddət fikirləşir, dağı-arana, aranı- dağa aparır və axırda istədiyini tapır. Beyninə, yeni bir fikir gəlir…
Sərçə uçub, qurbağaların padışahı Timsahın yanına gəlir. Filin onun başına gətirdiyi faciəli, qəmli hadisəni Timsaha da danışır. Ağlayır. Vay-şivən eləyir. Sərçənin başına gələn bu faciəli hadisənədən Timsahın ürəyinə bir mehr qonur və fikirləşir ki, ona hökmən kömək eləmək lazımdı. Qoy bu hadisə ağlı olmayan, özündən müşdəbehlərə, dünyada «mənəm-mənəm» deyənlərə bir dərs olsun. O, qurbağaların başçısını yanına çağırıb əmr edir:
- Tez yüz qurbağa toparla və atdana-atdana gedin, harada Fil yatıb, onun yanına. Qalanını Sərçə özü sizə başa salacaq nə eləmək lazımdı. Allahını tanımayan, gücsüzlərə zülm eləyən Filə biz öz gücümüzü göstərməliyik! Qoy bu, bütün güclülərə bir dərs olsun ki, daha bundan sonra gücsüzləri incitməsinlər.
Hə, əzizlərim. Qurbağalar atıla-atıla və Sərçə də uçu-uça Filin uzandığı yerə gəlirlər. Səçrə qurbağaları başa salır və deyir:
- İki-iki düzülün və lap axırıncılar da qayanın başında, uçurumun yanında oturun. Fil artıq susayıb. Su içmək istəyir. Susuzluq ona çox güc gəlib. Amma bilmir hansı tərəfə getsin. Ona görə də ilk əvvəl onun yanında oturan qurbağalar quruldasın. Fil ayağa durub su axtaracaq. Elə biləcək ki, qurbağaların yanında su var. Orada su tapa bilməyəndə ondan qabaqdakılar quruldasın. Beləcə, siz quruldadıqca Fil, su axtara-axtara düz qayanın başına qədər gələcək və həmin vaxt da qayanın başındakı qurbağalar quruldasın. Daha sonrası ilə sizin işiniz yoxdur.
Qurbağalar cani-dillə Sərçənin arzusunu yerinə yetirirlər. Hər qurbağa quruldadıqca, su içmək həvəsi ilə irəli gedən kor Fil, düz qayanın başına qədər gəlir. Axırıncı qurbağalar quruldayanda, su içmək ümidi ilə Fil, ağayını və xortumunu qabağa uzanda, gurultu ilə qayadan çox dərin bir sıldırımlı uçuruma düşür və qol-qabırğası tamam şil- küt olur. O, artıq can verməyə, axır nəfəsini almağa, ömrünün son anlarını yaşamağa başlayır. Allaha yalvarır ki, onu öldürməsin. Kor olsa da təki yaşasın. Çünki Fil, artıq indi başa düşür ki, həyat, yaşamaq şirin şeydi…
Bu vaxt Sərçə uçub, gəlib bir daşın üstündə oturur və can verən, axır nəfəsini alan Filə deyir:
- Fil, necəsən?
Səsindən Sərçəni tanıyan Fil, axır nəfsini toplayıb deyir:
- Sərçə bağışla ki, mən axmaqlıq eləyib, sənə pislik elədim və Allah da məni belə cəzalandırdı. Əgər sən mənim günahımdan keçsən, yəqin ki, Allah mənə rəhm eləyər və məni öldürməz.
- Axı mən səni necə bağışlayım ay Fil? Sən mənim çox çətinliklə düzəltdiyim yuvamı gör neçə dəfə dağıtmısan. Orada olan yumurtaları sındırmısan. Təzəcə çıxan ətcə balalarımı ayaqlarınıla əzib, öldürmüsən. Əgər mən səni bağışlasam da, o fidan, yumurtadan təzəcə çıxmış balalarım səni bağışlamaz. Yadınmadı, sənə deyirdim ki, imkan ver mən də arzuma çatım? Qoy mən də öz balalarımı pərvazlandırıb, budaqdan-budağa uçura bilim. Sən isə gülüb deyirdin ki, «sərçə kimdi ki, hələ yer üzündə yaşasın. Dünya güclülərindi. Allah dünyanı güclülərçün yaradıb ki, yer üzündə yalnız onlar yaşayıb və ağalıq eləsinlər. Gücsüzlər isə ölməlidi. Onların yaşamağa haqqı yoxdur.» Amma sən heç gürə başa düşə bilmirdin ki, Allah həm də gücsüzlərin Allahıdır. Başa düşə bilmirdin əgər Allah gücsüzləri də yaradıbsa, onları da xəlq eləyibsə, onlara da köməklik eləyəcək ki, güclülərin qəzəbinə tuş gəlməsinlər. Ona görə də bil ki, Sərçənin də Allahı var. Sənin başına da bu oyunları mən Sərçə gətirmişəm. Əlbəttə, bu müqəddəs işdə mənə Allahım köməklik eləyib. Yol göstərib. Ağıl verib. Mənə köməklik eləyənlərin də ürəyinə mehr salıb. İndi bax bu iş, bu əməl, bundan sonra sənin kimi ağılsız, özündən müşdəbeh güclülərə bir dərs olacaq. Onlar bundan sonra biləcəklər ki, gücsüzləri incitmək, onları öldürmək, məhv eləmək olmaz. Çünki onların da Allahı var. Yer üzündə yaşayan hər bir canlının və hər bir cansızın yaradıısı böyük Yaradandı. Onun yaratdığını öldürmək, məhv eləmək istəyənləri isə böyük Tanrı gec-tez cəzalandırır…
Sərçənin bu sözlərini eşidən Fil, necə böyük səhv elədiyini indi başa düşdü. Amma, artıq gec idi. O, sonuncu nəfsini alır və canını tapşırırdı...
Filin öldüyünü görən Səçrə, uçub həmin ağacın yanına gəldi. Ağacın ən uca yerinə qonub, ətrafı qalib kimi seyr elədi. Sonra yerdən çör-çöp yüğüb, özü üçün yenidən yuva düzəltdi. Və ora yumurtalar qoyub, balalar çıxartdı…
Beləliklə, Sərçə də öz arzusuna, öz kamına çatır. Qısa bir vaxtda onun çıxartdığı balalar özləri də böyüyüb, balalar çıxartdılar…
Sərçə ilə Filin əhvalatı buradakı bütün canlılar arasında yayıldığından və Filin taleyini daha heç bir canlı yaşamaq istəmədiyindən, sərçə kimi gücsüzlərə bundan sonra heç kim dəyib-dolaşmadı. Tezliklə bu qollu-budaqlı ağacda çoxlu sərçə yuvaları quruldu…
Uzaqdan bu qolu-budaqlı ağaca baxanda ibtidai insanların qayalarda məskən saldığı oyuqları, mağaraları, yurd yerlərini xatırladırdı.
Beləliklə, bu rəvayət də nəsillərdən-nəsillərə keçərək, əsrdən-əsrə ötürülüb və gücsüzləri, güclülərdən qorumaqçün bir nəsihət oldu. Amma belə dərin məzmunlu nəsihət, gücsüzləri güclülərdən qoruya bilirmi? Əfsus ki, hələ də yox. Hələ də güclülər yer üzündə gücsüzləri əzir, müharibələr törədir, qanlar tökürlər. Yəqin ki, həmin güclülər bu rəvayəti bilmirlər. Onlar bilmirlər ki, gücsüzlərin də Allahı var. Gec-tez onların Allahı həmin güclülərin cəzasını verəcək. Mən buna inanıram. Və fikirləşirəm ki, həyat belə davam eləyə bilməyəcək. Belə davam eləyə bilməz…
Çünki zaman-zaman güsüzlərin Allahı, onların hayıfını güclülərdən alıb. Sadəcə hər şeyin zamana ehtiyacı var…


Sumqayıt şəhəri
Yazıya köçürüldü, 29- 30 noyabr 2009- cu ildə



DOST
( Pritça)


Ulu babalarımızın bu günə qədər nəsildən-nəsilə bizə ötürdüyü bu rəvayəti yəqin çoxlarınımız yadımızdan çıxarmışıq. Amma belə nəsihətamiz , tərbiyəvi, insan həyatına işıq saçan rəvayətləri yaddan çıxartmaq olmaz. Ona görə də mən onu ulu ağsaqqallardan eşitdiyim kimi, əlbəttə, öz əlavələrimlə, öz mülahizələrimlə, şəxsi fikirlərimlə yenidən yazıya köçürürəm ki, oxuyanlar, buradan çox şeyləri əxz eləsinlər. Və bu rəvayəti yeri gələndə gələcək nəsilləriə danışsınlar. Qoy bu rəvayət də onlara ərmağan kimi qalsın.
Müəllif.
DOST. Bu sözün dilimizdə yaranma taritxi heç kimə bəlli deyil. Baxmayaraq ki, bu sözün dəqiq mənasını, məğzini öyrənməkçün dünyanın yaranışından bu günə kimi, çoxlu dahilər baş sındırıb, gecə-gündüz fikir mübadiləsi aparıb, yuxusuz gecələr keçirib, pudlarla duz-çörək kəsiblər, amma yenə də dəqiq yaranma tarixini və əsl mənasını, məğzini tapa bilməyiblər...
Deməli, heç kim bilmir bu sözün yaranma tarixini. Hətta harda, nə vaxt yarandığını. Hansı məqamda, hansı anda, hansı şəraitdə yaranıb, dildə deyildiyini. Heç mən də, sən də bilmirik bu sözün nə vaxt yarandığını əziz oxucu dostum. Bircə biz onu bilirik ik, dost sözü, hər millətin öz dilində, böyük hörmətlə, əzizləyə-əzizləyə, ədəb- ərkanla dediyi müqəddəs sözlərdən biridi. Lap ana, ata, Vətən, paklıq, təmizlik sözləri kimi. Məhəbbət, istək, yar, sevgi sözləri kimi... Və ən maraqlısıda budur ki, dünyanın çox dillərində bu söz hecaya da bölünmür…
Kim bilir. Bəlkə bu söz, ulu babamız Adəmin ulu nənəmiz Həvva anaya dediyi ilk söz olub? Bəlkə bu söz, Həvva nənəmizin Adəm babmızın qabırğasından yarandığı vaxtdan, onların ilk davranışından, ilk münasibətindən yaranıb? Bəlkə onların sevgisi dostluqdan doğduğuna görə belə möhkəm olub? Bəlkə onlar, Ulu Tanrı tərəfindən yer planetində yaşamağa məhkum olunduqları vaxtlardan yaranıb bu söz? Ola bilər ki, yüzlərlə belə atalar sözləri də o vaxtdan dildən-dilə gəzərək, tarixə çevrilib, nəsildən-nəsilə ötürülüb və nəhayət yazıya köçürülüb. «Dost dosta arxa olar». «Dost alınmaz bir qaladı». «Dostu olan, darda qalmaz». «Dost dar gündə tanınar». «Dostluq, həyat vəsiqəsidi». «Dost ən böyük var- dövlətdi»…
Beləliklə, yer planetinin ilk insanları, bir-birinə arxa, dayaq, dost olmaqla, bu keşməkeşli, sirrlərlə, gözlənilməz dəhşətli hadisələrlə, faciələrlə dolu planetdən baş çıxarmağa can atıblar. Onların dostluğuna, püskürən vulkanlar, qarlı, sıldırımlı dağlar, qayalar, qasırğalı dənizlər, tufanlar, sel kimi yağan yağışlar, il boyu yağan qarlar, yırtıcı, vəhşi heyvanlar belə mane ola bilməyib. Yəqin elə o vaxtlardan da, yəni ilk insanlar yer planetində məskən salandan, DOST sözünün bu fəlsəfi mənası yaranıb. Hər hərfin altında olan maraqlı sözaltı mənası tapılıb.
D - dəmir kimi iki insanın bir-birinə qarşı möhkəmliyi. O - iki insanın od kimi bir-birini isitməsi, qızdırması. S - iki insanın bir-birinə səma kimi uca sevgisi. T - iki insanın bir-birinə təmizliyi, təmiz hisslərlə münasibəti. Deməli - Dəmir, Od, Sevgi, Təmizlik. Bu sözlər yaradıb dostluğu. Daha doğrusu bu sözlərin ilk həriflərindən yaranıb bu müqəddəs DOST söz.
Yer planetində ilk dəfə insanın, insana düşmən olmasından, bir insanın o biri insanın qanını tökdüyü vaxtdan, yəni ilk qardaşlar Habil və Qabilin dostluğunun düşmənçiliyə çevrildiyi vaxtdan, biri o birini qanına qəltan elədiyi zamandan da yəqin bu atalar sözü yaranıb. “Dostdan özünü qoru, düşmənlə hesablaşmağa nə var ki?!..”
Düşmən sözü də yəqin hegemonluqdan, mənəm-mənəmlikdən yaranıb. Qolu zorlu, özünü daha qüvvəli hesab eləyən, gücsüzə deyib:
— Düş bu dağdan! Mənəm bunun yiyəsi! Düş bu damdan mənəm bunun sahibkarı! Düş və mən sözləri ədavət, kin-küdrət, hegemonluq yaradaraq, müharibələr törədib… İnsanların qanından çaylar, gölməçələr yaranıb. Hətta qanla bağlı çaylara, göllərə adlar da qoyublar.
Qan tökülməni, birinin o birini məhv eləməsini görən insanlar, bunun qarşısını almaqçün elə yəqin həmin vaxtlardan da dostluq haqqında rəvayətlər yaranmağa başlayıblar. Və istəyiblər ki, bu rəvayətlər hamıya ibrət dərsi olsun. Qanmayanı qandırsın. Başa düşməyəni başa salsın. Tarixin süzgəclərindən gəlib keçən həmin rəvayətlərdən biri belədir əzizlərim, istəklilərim və yer üzündə yaşayan, özünü insan adlandıran qan qardaşlarım, bacılarım.
... Belə rəvayət eləyirlər ki, çox qədim zamanlarda, artıq insanların oturaq həyata qədəm qoyduğu vaxtlarda, onların əkin-biçinlə, maldarlıqla məşğul olduqları zamanlarda, bir çoban dağ döşündə qoyun otarırmış. Bu vaxt bir tufan, bir qiyamət qopur ki, gəl görəsən. Yer-göy təlatümə gəlir. Bir leysan, bir tufan başlayır ki, tut ucundan çıx göyə... Yeri, yurdu sel-su bürüyür. Göy-yerə, yer-göyə qarışır. Özlərini yağışdan, sel-sudan qorumaq istəyən qoyunlar pərən-pərən düşürlər. Hərəsi bir tərəfə qaçırlar...
Axşam qoyun yiyələrinə nə cavab verəcəyini fikirləşən çoban, dərdin, ələmin içərisində, o dağ mənim, bu dağ sənin, «ah-vayla», göz yaşını sel kimi axıtmaqla qoyunları axtarır. Çox axtarır, “qoyun gördüm” deyən tapılmır ki, tapılmır. Çox dərdli, çox pəxmürdə olan, gözündən yaş sel kimi axan çoban, gəlib bir dərəyə çıxır.
Birdən görür ki, qoyun sürüsünün yarısından çoxu, özünü leysan yağışdan qorumaqçun böyük bir qayanın altına yığışıb. Bayaqdan yağan yağışdan isə dərədə böyük göl yaranıb. Qoyunlar gölün o tərəfində, çoban isə gölün bu tərəfində qalıb. Çoban çox çalışır ki, suyu keçib, qoyunları qayanın altından çıxarsın, amma göl dərin olduğundan keçə bilmir. Axırda belə qərara gəlir ki, tütək çalsın və qoyunlar tütəyin səsinə, özləri gölü üzüb, suyu keçib, çobanın yanına gəlsinlər. Çünki çoban hər dəfə tütək çalanda, dağlara səpələnmiş qoyunlar bu həzin musiqinin səsini eşidən kimi, çobanın yanına toplaşarmışlar. İndi yenə də o ümidlə, o arzuyla çoban tütəyi torbasından çıxarıb, çox qəmli, adamın ürəyinə, iliyinə işləyən bir musiqi çalır. Bu musiqi, artıq ölümünü gözləri qarşısına gətirən, axşam qoyun yiyələri tərəfindən ağır cəzaya məruz qalacağını fikirləşən bir kasıb insanın ürək naləsi, fəryadıydi. Özü də belə qəmli, dərdli musiqiyə çevrilirmiş fəryadı. Musiqi dili ilə deyilən ah-naləsiydi çobanın. Bu musiqi çobanın ürək ağrısı, acısıydi. Bu nalə, çobanın ömrünün son akkordları idi musiqi dilində deyilirib, dərəyə yayılırdı…
Bu vaxt gözlənilməz, dəhşətli bir möcüzə baş verdi. Qoyunlar yığılan qaya aralandı. Ordan bir bədheybət, yekə ilan çıxdı. Qoyunlar ilanı görən kimi hürküb, özlərini suya atdılar. Çoxu üzə-üzə gölü keçib çobanın yanına gəldilər. Bir neçəsi isə göldə böğuldu. Belə bədheybət ilanı görən çoban, qorxusundan tez musiqi çalmağını saxladı. Dili-dodağı, ayaqları qorxudan əsdi. Bir təhər gücünü toplayıb, yavaş-yavaş geri çəkilməyə başladı...
Bu vaxt birdən ilan, adam kimi dil açıb, danışdı və dedi:
— Məndən qorxma ey insan. Mən sənə toxunmaram. Təki sən bayaq çaldığın musiqini bir də çalasan. Sənin çaldığın o musiqi nə idisə bilmirəm, mənim bütün daxilimi titrətdi, sarsıtdı... Təvəqqəm budur o musiqini yenə də çal. Bu da sənin ənamın, - deyə ilan öz yuvasına girib, tez də ağzında bir neçə qızıl oradan çıxdı. Və o qızılları çobanın yanına atdı.
Ətrafına səpələnmiş qızıl pulları görən çoban, tamam çaş-baş qaldı. Bilmədi bu qızılları götürsün ya yox.
— Götür, götür. O qızıllar sənindi. Ananın südü kimi sənə halaldı, - deyə yenə də ilan dilləndi. Təki sən o musiqini bir də çal. O nə musiqidi elə?
— Biz tərəfdə buna segah deyirlər. Çalaram. Niyə çalmıram, - deyə bayaqdan bədəni, ayaqları əsən çoban ürəkləndi. Tez qızılları götürüb, cibinə qoydu. Və böyük həvəslə yenidən bayaqkı musiqini, segahı çalmağa başladı. O, indi bu musiqini daha yeni çalarla, yeni rənglərlə çalırdı. Axı ilk dəfə idi ki, çobanın bu musiqi sənətinə qiyəmət verilirdi. İlk dəfə idi ki, onun çaldığı musiqini başa düşən, özü də onun bu musiqisinin qiymətini verən tapılırdı. Həm də elə-belə yox, qızıl pulla... Bu qızıllar, illərlə gecə-gündüz çəkdiyi zəhmətin, cəhənnəm əzabından da ağır olan əziyyətinin qiymətindən qat-qat artıq idi. O, fikirləşdi ki, ilan, bu qızıllarla çobanı artıq kasıblıqdan qurtamışdı. Artıq bundan sonra onun ailəsi, uşaqları da qarın dolusu çörək yeyəcəkdi. Çoban neçə illər bu əzab-əziyyətinə, Allahı yamanladığına, onun qarasına deyindiyinə görə, çox peşmançılıq çəkdi…
O gün çoban günəş dağların arxasında gizlənənə qədər tütəyi çaldı. İlan hərdən “ah” çəkərək, dərdil-dərdli bu musiqiyə qulaq asdı. Və axırda dedi:
— Ey insan, sən ki, bir qamış parçasında, belə ürəkləri təlatümə gətirən havalar, musiqilər çaldın və mənim dağlardan böyük dərdimi dağtdınsa, o dərdəli bir az yüngülləşdirdinsə, bu gündən olursan mənim dostum. Ancaq onu bil ki, dost-dosta tən olmalıdır. Dostluq çox çətin şeydir. Siz insanlar özünüz belə deyibsiz ki, dost-dosta tən gərək, tən olmasa gen gərək. Əgər sən, mənim dostluq adlı bu müəqəddəs təklifimi qəbul eləyirsənsə, onun bütün şərtlərinə gərək əməl eləyəsən. Və bu gündən sonra gəlib, hər gün mənimçün musiqi çalacaqsan. Əvəzində də mən sənə hər gün bir qızıl verəcəm. Səni qısa vaxtda bu yerlərdə, bu mahalda ən varlı adamlardan biri eləyəcəm. Bizim bu sirrimimzi də Allahdan başqa heç kim bilməməlidi. Di get. Sabah yenə də səni gözləyəcəm.
— Mən razıyam. And içirəm sizin varlığınıza ey Allahın yaratdığı müqəddəs canlı, - deyə çoban tez dilləndi. Hər gün sizin qulluğunuzda hazır olacam. Sizə vicdanla xidmət eləyəcəm. Əsl dost olacam, deyib sevinclə qızılları qoynunda gizlədib, qoyunları qabağına qatıb, obaya tələsdi. Allahdan elə oldu ki, demə o biri qoyunlar da yolda heç bir qurda- quşa rast gəlmədən, özləri gəlib obaya çıxmışdılar... Çoban tez evə gəldi. Onun arvadı, ərinin çox həyəcanlı, sevincək, sözlü adam olduğunu sifətindən oxudu və dedi:
— Ay kişi, nə olub sənə? Bu nə sir-sifətdi?..
— Heç nə, - deyə çoban söhbətdən qaçmaq istədi.
— Necə yəni heç nə. Axı sən heç vaxt bu sir-sifətdə olmayıbsan. Bəlkə meşədə qurda-quşa rast gəlibsən?..
— Yox...
— Bəs onda nə olub?
— Dedim ki, heç nə, - deyə çoban üzünü yana çevirdi. Və fikirləşdi ki, qızıl söhbətini arvadına necə desin. Bəlkə yalandan uydursun ki, bu qızılları tapıb...
Çobanın arvadı tərsin biri idi. Özü də ağıllı idi. Və çoban yaxşı bilirdi ki, arvadı əsl həqiqəti ondan maqqaş kimi dartıb çıxartmasa, əl çəkən deyil. Onu rahat buraxmayacaq. Başını suallarla keçəl eləyəcək. Ona görə də öz-özünə “nə olacaq, olacaq”, - deyə fikirləşib, bu gün başına gələn qeyri-adi hadisəni, əhvalatı olduğu kimi arvadına danışdı. Elə danışdı ki, evdə uşaqlar bu söhbəti eşitmədi. Və arvadına da dədəsinin canına and içdirdi ki, bu əhvalatı arvad daha heç kimə danışmasın. Hətta bacılarına, qardaşlarına da. Arvad da dədəsini çox istədiyindən, əgər onun canına and içirdisə, qəbrə qədər həmin sirri saxlayan idi.
— And içirəm dədəmin qəriblikdə acından ölən goruna, bu sirri heç kimə deməyəcəm. Yaxşı, bəs hanı qızıllar, - deyə arvad səbirsiz, sevincək dilləndi.
Bu vaxt çoban, cibindən qızılları çıxarıb göstərdi. Arvad, bir-bir qızılları ağzında olan bir-iki dişi ilə, yoxladı. Nə isə heç nə başa düşə bilmədi. Belə qərar qəbul elədi ki, elə gecəykən çoban qızılları aparıb, qonşu obadakı zərgərə göstərsin. Əgər bunlar həqiqətən də qızıldırsa, elə onları dəyər-dəyməzinə versin zərgərə və ondan pulunu alsın. Alvadının bu təklifi çobanın döşünə yatdı. Beyninə batdı. Paltarlarını, çarığını geyib, qızılları qoltuğunda gizlədib, həyətdən çıxar-çıxmaz, arvadının arxadan onu səslədiyini eşitdi.
— Dayan ay kişi.
— Nə olub?
— Heç nə. Mən də səninlə gedirəm. Sən avam, səy şeysən. Birdən bunlar həqiqətən də xalis qızıl olar, zərgər səni aldadar, - deyə arvad tez özünü ərinə yetirdi.
Onlar, qonşu obaya gəlib, qızılları zərgərə göstərdilər. Qızıllar, doğrudan da əsl, xalis qızıl oldu. Zərgər də bir az ucuz qiymətə o qızılları sevinə-sevinə çobandan aldı. Ona bir kisə pul verdi. Ömrundə bu qədər pul görməyən çoban və arvadı pulları götürdülər və zərgərdən də pulla bir yaxşı yüyürək at alıb, belinə minib tez öz obalarına gəldilər...
Səhəri günü çoban sevincək qoyunları qabağına qatıb, həmin ilanlı qayanın yanına gəldi. Yenə də tütəyi çıxarıb, dünən çalıdığı musiqini çaldı. Yenə də qaya aralandı və həmin bədheybət ilan ordan çıxdı. Çobanı salamladı və dedi:
— Hə. Gəldin dostum? Salam. Deməli, vədinə xilaf çıxmadın...
— Bəli cəldim. Sözümüz sözdür. Dünəndən bizim əsl dostluğumuz başladı, - deyə çoban tez və sevincək dilləndi.
— Düzünü de görüm. Dünənki əhvalatı kimə danşmısan?
— Səndən nə gizlədim dostum. Dostluqda yalan danışmaq, yalan əməl ola bilməz. Ona görə də sözün düzünü deməliyəm. Məcbur olub, əsl həqiqəti arvadıma demişəm. Yerlə göyün arasında bu sirri bircə ulu Tanrı bilir və bir də arvadım. Böyük Yaradanın belə bir kəlamı var ki, əgər ərlə-arvad bir-birindən sirr saxlayırsa, hər ikisinin yeri cəhənnəmlikdi... Və biz insanlarda da belə bir məsəl var: “Ərlə-arvad həm də dost olsalar ulu Tanrı onları heç vaxt yaddan çıxartmaz.” Onu da deyim ki, arvadım da sirr saxlayan qadındı. Heç kimə deməz. O, həm də mənim dostumdur.
— Arvadların sirr saxlamaqda o qədər də səriştəsi yoxdur, - deyə ilan gülümsünüb, nəyisə yadına saldı.
— Mənim arvadım, dədəsini çox istəyirdi. Əgər onun qəriblikdə olan qəbrinə and içdisə qəbr evinə kimi, o sirri özündə saxlayandı. Lap onun əvəzinə indi mən özüm and içə bilərəm...
— Hə. Əgər ərlə-arvad dostdularsa...,- deyə ilan öz-özünə fikirləşdi. Sonra ucadan dedi: - Çal çoban. O bayaq çaldığın musiqini yenə də çal. Amma çalış ki, arvadın bu sirri heç kimə deməsin. Yoxsa dostluğumuz pozular.
--- And içirəm ki, arvadım bu sirri heç kimə deməz.
İlan öz yuvasına girib, bir qızıl götürüb, geri qayıtdı. Gətirib, həmin qızılı çobana sarı atdı. Çoban qızılı göydəcə tutdu və tez tütəyi dodaqlarına yaxanlaşdırıb, böyük həvəslə çalmağa başladı. İlan da, böyrü üstə uzanıb, musiqiyə qulaq asmağa başladı. Çobanın çaldığı musiqi qayalara dəyib, daha gözəl əks-səda yaradırdı... Adamın elə bil iliyini, daxilini yerindən qoparırdı... Musiqinin səsini eşidən qoyunlar da elə çobanın yanında otlayaraq, uzağa getmirdilər.
…Beləliklə çoban hər gün qoyunları bu ilanlı qayanın yanına gətirib, tütək çalır, hər gün də ilan ona bir qızıl verirdi. Qısa vaxtda çoban həqiqətən də bu mahalda ən varlı, üç-beş sayılıb-seçilən adamdan biri oldu. Çobanlığın daşını atdı. Özünün qoyun, mal-qara sürüləri, at ilxıları oldu. İndi başqaları, əvvəllər onu insan yerinə qoymayanlar, şəbədə eləyənlər ona çobanlıq eləyirdi. Ancaq çoban nə qədər varlanırdısa, ilanla dostluğunu itirmirdi. Hər gün yenə də vədələşdikləri vaxtda ilanlı qayanın yanına gəlirib, tütək çalırdı. Bir qızıl ənamını ilandan alırdı. Artıq onların dostluğu o qədər möhkəmlənmişdi ki, bir-birinə “qardaş” deyirdilər.
Bir gecə çoban yuxuda ağ əbalı, ağ saçlı, çox nurani bir kişi gördü. Həmin kişi özünü böyük Yaradan kimi təqdim eləyib çobana və belə deyib:
— Övladım. Sən həmişə mənə gileylənirdin ki, niyə kasıbsan. Bir qarın çörək də tapmırsan. Məni yamanlayırdın. Hərdən də yalvarırdın ki, sənə var-dövlət yetirim. Ytirdim. Bəs sən niyə mənim borcumdan çıxmırsan?..
— Niyə ki, ey böyük Yaradan. Mən hər gün Sizin borcunuzdan çıxıram. Sizə ibadət eləyirəm. Nəzir-niyaz paylayıram. Yetim-yesirin qarnını doyuzdururam. Qapıma gələni naümid qaytarmıram. Varlandıqca da öz cızığımdan çıxmıram. Heç vaxt var-dövlətimlə qürrələnmirəm...
— Bunlar azdır, - deyə ulu Tanrı onun sözünü kəsdi. Gərək sən, mənim müqəddəs yerlərimə gəlib, onları ziyarət eləyəsən. Ziyarət eləməlisən. Eləməlisən...
Çoban hövlnak yuxudan ayıldı. Gördü ki, yanında heç kim yoxdur. Özü də tərin, suyun içərisindədi. Dan yeri də hələ təzəcə ağarır. Ləl-cəvahiratla, xal-xalçalarla bəzədilmiş geniş, işıqlı otaqlara, qu tükündən olan yatağına bir də nəzər yetirib, yadına saldı lap uşaqlaqdan bu günə kimi keçən ömrünü, həyatını. Kasıblıq illərini... O, tez dəstəmaz alıb, sübh namazını qıldı və sonda əllərini göyə qaldırıb dedi:
— Ey böyük Yaradan, mən Sizdən çox razıyam. Çox sağ olun ki, mənim xahişlərimi, yalvarışlarımı eşitdiz. Məni bu məmləkətdə beş varlı kişidən biri elədiz. Buna görə çox sağ olun. Nə qədər canımda can varsa, mən də sizin bütün borcunuzdan çıxacam. Söz verirəm Sizə. And içirəm Sizin qarşınızda. And içirəm Sizin varlığınıza.
Çoban, tez arvadını oyadıb, yuxusunu ona danışdı. Arvad da indi daha əvvəlki qara-qura, üzü tüklü, ağzında üç-beş dişi olan arvad deyildi. Əsl xanım-xatun idi. Dişləri cağba-cağ yerində. Özü də qızıldan. Var-dövlət də arvadın rəngini dəyişdirib eləmişdi ağ maya. Həmin bir dəri, bir sümük arvad indi elə olmuşdu ki, yeriyəndə yer təpənirdi... Arvad dedi:
— Kişi, əgər sən belə yuxu görübsənsə, gərək hökmən gedib, Allahın evini ziyarət eləyəsən. Yoxsa sonra ulu Tanrının bizə qəzəbi tutar. Verdiyi bu qədər var-dövləti əlimizdən alıb, bizi künfəkün eləyər.
— Bəs onda ilanın yanına tütək çalmağa kim getsin? Axı bizim onunla şərtimiz var, - deyə çoban fikirli dilləndi.
— Allaha şükür özün boyda oğlun var. Özü də səndən heç də pis tütək çalmır. Get, gördüyün yuxunu ilana da danış. Yəqin ki, o da səni başa düşər. Razılıq verər. Axı o, sənin dostundur.
Arvadının bu təklifi çobanın beyninə batdı. Tez pal-paltarını geyinib, tütəyini cibinə qoyub, getdi ilanla görüşməyə. Tez tütəyi çıxarıb çalmağa başladı. İlan öz yuvasından çıxıb, dedi:
— Dostum, xeyir ola bu gün ala-torandan gəlibsən?
— Sənə fəda olum, ilan qardaş. Başıma belə bir əhvalat gəlib, - deyə çoban yuxusunu olduğu kimi ilana danışdı. İlan ona diqqətlə qulaq asıb dedi:
— Nə deyirəm ki. Əgər ulu Yaradan belə məsləhət bilibsə, get, yolun uğurlu olsun. Biz nə karəyik ki, Tanrının istəyinin qarşısını alaq.
— Sizə bir təklifim də var əziz dostum, qardaşım, - deyə çoban tez dilləndi.
— Nə təklifdir elə?
— Mən təklif eləyirəm ki, siz mən gələnə qədər burda dərd-qəm çəkməyəsiz deyə, qoy oğlum gəlib, sizinçün tütək çalsın. Sizin könlünüzü xoş, ürəyəyatımlı musiqilərlə feyziyab eləsin. Oğlum da mahir sənətkardır. Hətta məndən də yaxşı tütək çalır. Özü də mənim tərbiyəmi görübsə, bilin ki, dostluğa da sadiqdi. Mən də Allahın köməkliyilə, qırx, qırx beş günə qayıdıb, yenidən öz müqəddəs işimi davam etdirəcəm...
— Əgər o, sənin belindən gəlibsə, sənin oğlundursa, deməli, sənin kimi, dostluğa bütöv olar. Sizin bir atalar sözünüz var: “Ot kökü üstündə bitər”. Razıyam. Qoy gəlib çalsın.
Çoban tez sevincək evə gəldi. İlanla söhbətini arvadına danışdı. Oğlunu yanına çağırıb, məsələdən agah elədi. Elə həmin günü də yola tədarük gördü. Səhəri günü müqəddəs yerlərə ziyarətə getdi. Çobanın oğlu da tütəyini götürüb, gəldi ilanlı qayanın yanına. Başladı həzin səslə tütəyi çalmağa. O, elə yaxşı musiqi çaldı ki, hətta ustadını da ötüb keçdi. İlan musiqini eşidən kimi qayaların arasından çıxdı. Oğlan bu bədheybət ilanı görəndə qorxdu. Tez musiqi çalmağını saxladı. Başladı tir-tir əsməyə. Qorxusundan geri çəkildi...
— Qorxma ey cavan. Mən sənin atanla dostam. Sənə heç bir xətər toxundurmaram. Məgər atan səni hər şeydən hali eləməyib, - deyə ilan dilləndi.
— Niyə. Deyib hər şeyi, - deyə oğlan da qorxa-qorxa dilləndi. Ancaq mən sizi belə təsəvvür eləmirdim...
— Belə bədheybət olmağımı təsəvvür eləmirdin?.. Sənin çaldığın musiqi çox xoşuma gəldi. Ustadına bərəkallah. Çal o bayaqkı musiqini. Qoy mən feyziyab olum.
Bu vaxt ilan yuvasına girib, bir qızıl götürüb, gətirib oğlana sarı atdı. Oğlan tez yerdən qızılı götürüb, musiqini çalmağa başladı.
İlan isə böyrü üstündə uzanıb, bir az da gözlərini yumub, musiqiyə qulaq asmağa başladı. İlan keçmişləri yadına saldı… Yada saldıqcada ağladı. Axı o da vaxtı ilə insan imiş... Başqasının malına göz dikib, onu qarət elədiyinə, küplərlə qızıllarını oğurladığına görə və həmin adamın özünün də canına qəsd edib onu öldürdüyünə görə, böyük Yaradanın qəzəbinə gəlmişdi bu adam. Xislətində ilanlıq olduğuna görə, ulu Tanrı, onu ilana döndərmişdi. Dünyanın bütün ləziz nemətindən məhrum eləmişdi. Artıq illərlə üstündə yatdığı bu qızıllar ona lazım deyildi. Hər gün yerə, göyə yalvarırdı ki, təki yenidən Ulu Tanrı, onu öz insan cilidinə qaytaraydı. İndi o da həmin çoban kimi gedib, lap Allahın öz evində ondan üzr istəyərdi. Sifətini oranın müqəddəs torpağına, müqəddəs qara daşına sürtərdi. Böyük Yaradana gecə-gündüz yalvarardı ki, onun günahından keçsin... İlanın günahı kimi, dərdi də böyük idi... Dərdini axır vaxtlar dağıdan təsəllisi isə bircə bu musiqi idi...
Musiqi - Allahın yer üzündə bütün canlılarla, əsasən də insanlarla ən birinci və sonuncu danışıq vasitəsidi. Bütün canlılar, əsasən də insanlar, yaranışından, həyatının sonuna qədər öz ulusunu, Tanrısını yada salmaqçün böyük Yaradanın yer üzərinə göndərdiyi müqəddəs varlıqdır musiqi... Sözlə ifadəsi mümkün olmayan bir müqəddəs varlıq...
Beləcə, on beş gün oğlan gəlib musiqi çaldı ilançün və öz ənamını alıb getdi. Ancaq bircə qızıldan ötəri bu qədər yolu gəlib-getmək yordu çobanın oğlunu. Bezdirdi. Və günlərin bir günü özü üçün belə qərar çıxardı ki, ilanı öldürüb, bütün qızılları ələ keçirsin. Tapdığı bu qərar özünün də döşünə yatdı. Beyninə batdı.
— Axı necə ola bilər ey. Mənim kimi adlı-sanlı bir kişinin oğlu, gedib hər gün eybəcər ilançün musiqi çalsın və o da tula payı kimi mənə bir qızıl versin, - deyə oğlan öz-özünə deyindi. Yox. Bu işə son qoymaq lazımdı!
O, səhəri gün yapıncının altından bir xəncər bağladı. İlanlı qayaya gəldi. Yenə də başladı musiqi çalmağa. İlan da yuvasından bir qızıl götürüb, oğlana sarı atdı. Oğlan qızılı götürüb, cibinə qoydu. İlan isə yenə də böyrü üstündə uzanıb, gözlərini yumdu. Başladı keçmiş illərini, insan olduğu xoş zamanları yadına salmağa...
Çobanın oğlu, ilanın yatdığını zənn eləyib, musiqini çala-çala ona yaxınlaşdı. Və xəncərini çıxarıb, onun başına zərbə endirdi. Bunu hiss eləyən ilan, tez qıvrılıb geri çəkildi. Ancaq çobanın oğlunun zərblə vurduğu iti xəncər-qılınc, ilanın başına yox, quyruğuna dəyib, onu kəsdi. Kəsilən quyruğunun ağrısından ilan qıvrıldı və oğlanın xəncər vuran əlini möhkəm dişlədi. Bir andaca zəhərini oğlanın bədəninə buraxdı. İlanın zəhərindən, oğlan elə ordaca qap-qara qaraldı və öldü. İlan isə kəsilən quyruğunun ağrısından qıvrıla-qıvrıla öz yuvasına girdi.
Həmin gün oğlanın anası çox gözlədi. Oğlu gəlmədi. Səhəri gün də gəlmədi. Ana, oğlunu axtarmaqçün ilanlı qayaya nökər-naib göndərdi. Onlar gedib, oğlanın zəhərdən şişib dağarcığa dönmüş meyidini tapıb gətirdilər... Ana sifətini cırdı. Ana fəryad elədi. Ana özünü yamanladı ki, niyə ərinə ziyarətə getməyə və oğluna ilana tütəkdə musiqi çalmağa razılıq verdi. Özünü qaldırıb göydən yerə vurdu ana. Oğlu geri dönmədi... Hər şeyi yamanladı ana. Hətta ulu Tanrının özünü də söydü, yamanladı...
Vaxt ötdü. Vədə tamam oldu. Çoban ziyarətdən qayıtdı. Və gördü ki, oba köçüb yurdu qalıb virana. Mal-qarasına xəstəlik düşüb. Allahın zavalına gəlib, hamısı qırılıb. Böyük imarətli evi suyu sovulmuş dəyirmandır. Zəlzələdən uçulub-dağılıb. Arvadı, qızları bir uçuq daxmadadı. Arvadı, qızları onu görəndə boynunu büküb, bir kənarda dayanıb, xısın-xısın ağlayırdılar. Bircə madar oğlu isə onu qarşılamağa gəlmədi...
... Arvad hər şeyi olduğu kimi çobana nəql elədi...
Səhəri çoban, yenidən öz köhnə paltarını geyinib, tütəyini götürüb, getdi ilanla qayaya. O, tütəyi çox çaldı, ilan, qayanın içərisindəki mağaradan çıxmadı. Çoban kor peşiman geri qayıtdı. Səhəri günü o, yenə də ala-torandan ilanlı dağa getdi. Yenə də tütəyi çaldı... Beləcə, on beş gün çoban sərasər ilanlı qayaya getdi. Tütək çaldı. Ancaq ilan öz yuvasından çıxmadı. On altıncı gün çoban tütək çalan vaxt yenə də qayalar aralandı və ilan yuvasından çıxdı. Çobana baxıb dedi:
— Ey çoban, daha bundan sonra özünə əziyyət verib, buralara gəlmə. Bundan sonra bizim dostluğumuz baş tutmaz. Çünki sən heç vaxt oğul dağını, mən də quyruq yarasını yaddan çıxara bilməyəcəyik...
Çoban nə isə demək istədi. İlan ona danışmağa imkan verməyib yenə də dedi:
— Sən var-dövlətə aludə olub, övladına dostluğun necə ülvi bir nemət olduğunu öyrədə bilməyibsən. Sən ona öyrədə bilməyibsən ki, o var-dövləti sənə dostun bəxş eləyib... Get. Səninlə dostluğumuz daha qurtardı... Dosta xəyanət eləyəni Allah da bağışlamır. Necə ki, dostuma xəyanət elədiyimə görə, məni bağışlamayıb, ilan cilidinə salıb... Səni də dosta pak, sadiq olmadığına görə ulu Tanrı bundan sonra əbədilik qarğıyıb…
Daha neynəmək olardı? Çoban kor-peşiman geri qayıtdı... Qayıtdı öz kasıb, uçuq, sökük komasına… Qayıtdı yenə o əzablı, məşəqqətli günlərinə…
Yəqin elə həmin vaxtlardan da bu atalar sözləri yaranıb. “Dost ziyankar olmaz”. “Dost arası pak gərək.”
Ey insan, dostluq eləyəndə, həmişə yadına sal bu qədim əsrlərdən, qərinələrdən süzülüb gələn rəvayəti və babalarımızdan, atalarımızdan bizə yadigar qalan “dostluq” deyilən, qızıldan qiymətli sözü. Və ürəyincə olmayan adamla dostluq eləyəndə vaxtına heyfin gəlsin. Çünki atalar belə deyib. “İtən qızılı tapmaq olar, itən vaxtı yox...” Və əbədilik yadında saxla ki, DOST - Dəmir, Od, Sevgi, Təmizlik - sözlərindən yaranıb. Bu sözlərin hər biri də özü özlüyündə müqəddəs sözlərdi. Əgər bunlar səndə yoxdursa heç kimlə dostluq eləmə… Yoxsa sən də ilanın və çobanın taleyini yaşayacaqsan.


Masallı rayonu Digah kəndi, Sumqayıt şəhəri
İlan ilinin ilk ayında yazıya köçrüldü.
Yəni, yanvar 2001-ci ildə.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !