"İrəli" İctimai Birliyinin sədri: - Azərbaycanın gənclər siyasəti uğurlu nəticələrini verir

"İrəli" İctimai Birliyinin sədri: Azərbaycanın gənclər siyasəti uğurlu nəticələrini verir

Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir və Azərbaycan gəncliyinin sabahına daha böyük nikbinliklə, inamla baxmağa əsas verir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Bu diqqətin uğurlu nəticələrindən biri də "İrəli" İctimai Birliyidir.
"İrəli" 26 avqust 2005-ci ildə ümumrespublika gənclər hərəkatı kimi təsis edilib. Hərəkatın əsas hədəfləri Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinə dəstək vermək, gənclər ordusu ilə xalqa, vətənə, dövlətə layiqincə xidmət etmək idi. Qısa zaman ərzində hərəkat öz missiyasını uğurla yerinə yetirdi. 2008-ci il dekabrın 4-də "İrəli" fəaliyyətini ictimai birlik kimi davam etdirməyə başladı. "İrəli" İB əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin həyata keçirilməsində yaxından iştirak edərək gənclərin dinamik inkişafının təmin edilməsinə öz töhfəsini verir. "İrəli" İB bu gün gənclərin ictimai-siyasi həyatında böyük rol oynayır. Ölkəmizdə müxtəlif istiqamətlər üzrə çalışan fəal gənclər "İrəli"də birləşiblər. Təşkilatın nümayəndələri gənclər siyasətinin dövlət tərəfindən nə dərəcədə dəstəkləndiyinin fərqinə varırlar. Bu siyasi kursun həyata keçirilməsində səylərini əsirgəmirlər.
Dünya informasiya müharibəsi içərisindədir. Bu müharibə insanların şüuraltı fikirlərinin formalaşmasında, əsrlərə dayanan tarixin bir informasiya ilə çökdürülməsində, istənilən yöndə ictimai fikrin yaranmasında böyük rol oynayır. "İrəli" İB tərəfindən artıq bu yöndə də addımlar atılmağa başlanıb. Belə ki, təşkilat son aylar ərzində 2 böyük veb aksiya keçirib, 2 mindən artıq xarici dövlət rəsmilərinə Azərbaycan həqiqətlərini elektron şəkildə çatdıra bilib.
Təşkilatın diqqət ayırdığı məsələlərdən biri gənclərdə dövlət ənənələrinə ehtiram və dəyər hissinin artırılması və gücləndirilməsidir. Gənclərin bu gün yeni, müasir düşüncə tərzində yetişməyinə baxmayaraq, ictimai həyatda daha çox vətənpərvərlik mövzularına müraciət etdikləri həqiqətdir. Artıq neçə vaxtdır ki, bizə daxil olan müraciətlərdə dövlətçiliyə xidmət yönündə hazırlanmış layihələr çoxluq təşkil edir.
Yaxın zamanlarda Avropanın böyük gənclər platformaları ilə "İrəli" arasında tərəfdaşlıq istiqaməti çərçivəsində yeni memorandumların imzalanması prosesinə start veriləcək. Təşkilat Rusiya, Küveyt, İtaliya, Ukrayna, Gürcüstan, qardaş Türkiyə və bir çox dövlətlərlə qurulan əlaqələri genişləndirməyə çalışır. "İrəli"nin Avropa İttifaqının həyata keçirəcəyi bir çox layihələrdə də yer alması planlaşdırılır. İctimai birlik hazırda Avropanın bir çox könüllülük proqramlarında yaxından iştirak edir. Bu yaxınlarda Avropa Şurasının Şərq Tərəfdaşlığı proqramında iştirak üçün təşkilat tərəfindən müraciət də ünvanlanıb. Bir sözlə, beynəlxalq əməkdaşlıq "İrəli"nin əsas fəaliyyət istiqamətlərindəndir.
Ölkəmizdə regionların inkişafına dair çox böyük layihələr həyata keçirilir. Bu gün bizi həm də ən ucqar dağ kəndində yaşayan və bütün fəaliyyətini elə oradaca məhdud imkanlarla quran gənc düşündürür. Gəncin olduğu yer, fəaliyyəti, həyat tərzi, sağlam ruhda yetişməsi, onun yaşadığı və birbaşa iştirakçısı olacağı proseslər haqqında öncədən qərar qəbul etmə prosesində iştirakı bizim üçün çox vacibdir. Məhz bu səbəbdən "İrəli" İB birbaşa olaraq region nümayəndəliklərinin, mərkəzlərinin açılmasına və işinin həm də region gənclərinin üzərində qurulmasına, onların inkişafına töhfə verməyə çalışır.
Təşkilatın korporativ sosial məsuliyyəti birbaşa Azərbaycan qeyri-hökumət təşkilatlarının fəaliyyətini stimullaşdıran şirkətlərlə işləmək mexanizmini tənzimləyir. Hədəflədiyimiz bir çox təşkilatla artıq yaxından əlaqələr qurmuşuq və ən qısa zamanda yeni layihələrin icrasına start verəcəyik. Əlbəttə, dövlət qurumları ilə sıx əlaqələrin qurulması və əməkdaşlıq prioritetlərinin müzakirəsi təşkilat üçün çox önəmli bir məqamdır.
"İrəli" İB gənclərin yaxın dostu olaraq, onların həyata keçirmək istədikləri kreativ ideyanı dəstəkləyir və gəncliyin uğurlu gələcəyi üçün çalışır. Gənclər bu gün Azərbaycan dövlətinin ona yaratdığı imkanlardan səmərəli istifadə etmək bacarığına malik olmalıdırlar ki, bu, ümumi uğurlu fəaliyyətin tənzimlənməsində ona yaxından yardımçı ola bilsin. Hər bir gənc vətəninə, dövlətinə, xalqına bağlı olmalı və Azərbaycan adına vətəndaşlıq mövqeyini hər zaman ortaya qoymağı bacarmalıdır.
"İrəli" İB informasiya cəmiyyətinin sürətlə inkişaf etdiyi vaxtda gənclərdə müasir düşüncə tərzinin formalaşması, gənclərin yeni innovasiya brendlərinin yaradılması, sağlam düşüncəli gəncliyin yetişməsi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında gənclərin təmsil olunması və ən əsası, hər bir gəncin ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsi yönündə öz gücünü səfərbər edir. Gənclər də əldə etdikləri uğur və nailiyyətlərlə kifayətlənməməlidirlər. Gənclər daha yüksək nailiyyətlər üçün qüvvələrini səfərbər etməlidirlər. Nəzərə almalıyıq ki, biz gənclər ən böyük uğuru üçrəngli bayrağımızı Şuşaya, Xankəndiyə, Kəlbəcərə və Azərbaycanın işğal altında olan digər əzəli torpaqlarına sancdığımız gün qazanmış olacağıq.
Hər zaman irəlidə, "İrəli" ilə birgə olmaq diləyi ilə...



Mirhəsən SEYİDOV,
"İrəli" İctimai Birliyinin sədri

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !