Natiq ƏLİYEV: - Ölkənin güclü iqtisadi potensialının əsasını neft amili təşkil edir

Natiq ƏLİYEV: Ölkənin güclü iqtisadi potensialının əsasını neft amili təşkil edir

"Azərbaycan müstəqil respublika olmuşdur... Azərbaycanın həyatında yeni dövr başlanmışdır. Neft sənayemizin tarixində də şərti olaraq üçüncü mərhələnin bünövrəsi qoyulmuşdur... Biz yeni mərhələdə Azərbaycan Respublikasının iradəsini ifadə edərək, onun öz təbii sərvətlərindən istifadə etməsi üçün lazımi tədbirlər görürük."

Heydər ƏLİYEV



1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və dünyanın bir sıra tanınmış şirkətləri arasında Xəzər dənizinin ölkəmizə məxsus sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsi üçün Hasilatın Pay Bölgüsü Sazişi imzalandı. Müəllifi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olan həmin kontrakt sonralar bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanındı. "Əsrin müqaviləsi"nin imzalandığı gün Azərbaycan dövlətinin inkişafı tarixində mühüm bir gün oldu.
"Əsrin müqaviləsi" adi bir saziş deyildi, o, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. Bu müqavilə həm də Azərbaycanda yeni neft-qaz müqavilələrinin bağlanmasına güclü təkan verdi.
"Əsrin müqaviləsi" tezliklə öz bəhrəsini verdi. 1997-ci il noyabrın 12-də "Çıraq" platformasından İlkin Neft Layihəsi çərçivəsində neft hasilatına başlandı. 2005-ci ilin fevralında isə növbəti yataqdan - "Azəri"nin mərkəzi hissəsindən neft alındı. "Mərkəzi Azəri"dən sonra "Qərbi Azəri" və "Şərqi Azəri" neft verdi. Daha sonra isə "Dərinsulu Günəşli"dən hasilata başlandı.
Əsrin kontraktının imzalanmasından artıq 20 il keçir. Ötən müddət ərzində Azərbaycan böyük bir tarixi yol keçib. Geriyə boylanıb bu yolun necə və haradan başlamasına nəzər salsaq, kontraktın ölkəmiz üçün necə böyük əhəmiyyət daşıdığını bir daha dərindən dərk edərik. Həmin tarixi dövrdə ümummilli lider Heydər Əliyevin yenidən ölkənin siyasi hakimiyyətinə gəlməsi proqram xarakterli ideyaların həyata keçirilməsində əvəzsiz rol oynadı. Həmin vaxtlarda mən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə rəhbərlik edirdim və bütün bunları daha yaxından görmək və izləmək, bir çox hallarda isə necə deyərlər, işin içində olmaq imkanına malik idim. O çətin dövrdə "Əsrin müqaviləsi"nin imzalanması asan məsələ deyildi. Bu, o zaman dövlətə başçılıq edən dünya səviyyəli siyasətçi Heydər Əliyevin gərgin zəhməti və böyük nüfuzu sayəsində mümkün olmuşdur.
1994-cü il Azərbaycan üçün olduqca mürəkkəb dövr idi. Dövlət müstəqilliyinin bərpa olunmasına baxmayaraq siyasət hələ formalaşmamışdı, iqtisadiyyat sahəsində də vəziyyət arzuolunan səviyyədən çox uzaq idi. Hakimiyyət uğrunda gərgin mübarizə gedirdi. Digər tərəfdən isə qonşu Ermənistanın təcavüzü ölkədə idarəolunmaz vəziyyət yaratmışdı. Ümumi vəziyyətə təsir göstərən amillərdən biri də SSRİ-nin dağılması və iqtisadi cəhətdən bir-biri ilə sıx şəkildə bağlı olan müttəfiq respublikaların münasibətlərinin kəsilməsi ilə bir çox problemlərin kəskinləşməsi idi. Ölkənin bank-maliyyə sektorundakı vəziyyət acınacaqlı həddə çatmışdı.
1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gələn ulu öndər Heydər Əliyev avqustun 9-da ARDNŞ-nin prezidentini təyin etməzdən əvvəl mənimlə saat yarım bu mövzuda söhbət etdi. Bunun da səbəbi mənim 1984-1991-ci illərdə Azərbaycan KP MK-da işlədiyim dövrdə neft-qaz sənayesinə cavabdehlik daşımağım idi. Digər tərəfdən mənim həm sahə haqqında geniş məlumatlı olmağım, həm də dünyanın tanınmış "Amoco", "Britiş Petrolium", "MakDermortt" və digər şirkətlərlə aparılan danışıqlarda iştirakım nəticəsində onları tanımağım öz rolunu oynayırdı. Bu aspektdə bir qədər söhbət etdikdən sonra ümummilli lider sual verdi: "Sən Azərbaycanın neft-qaz sənayesinin perspektivini necə görürsən?" Mən müvafiq istiqamətin inkişafı ilə bağlı kifayət qədər stimulverici amillərin, xüsusən də iqtisadi potensialın olmasını bildirdim. Eyni zamanda qeyd etdim ki, problemlər də az deyil. Bunu da onunla əsaslandırdım ki, neft və qazın hasilatında enmə templəri müşahidə edilməkdədir. Bu vəziyyət neft üzrə ildə təxminən 6-7, qaz üzrə isə 13 faiz təşkil edir.
Səbəb müvafiq sahəyə sərmayə qoyuluşunun dayandırılması və qazma işlərinin azaldılması ilə əlaqədar idi. Vəziyyətin bir neçə il belə davam etməsi qeyd olunan sahənin daha acınacaqlı duruma düşməsinə gətirib çıxara bilərdi. O dövrdə illik neft hasilatı 9 milyon ton, qaz hasilatı isə 6 milyard kubmetr təşkil edirdi. Bu cür davam edəcəyi halda hətta ölkəmizin tələbatının təmin olunmasında çətinlik yarana bilərdi. Vəziyyətdən yeganə çıxış yolu xarici neft şirkətləri ilə birgə əməkdaşlıq sayəsində sərmayə qoyuluşuna yol açmaq, bununla da yeni texnologiyaların tətbiqinə nail olmaq idi.
Lakin ölkə daxilində bu məsələyə də münasibət birmənalı deyildi. Bir qrup neftçi mütəxəssis xaricilərin neft hasilatına cəlb olunmasına qəti etirazını bildirirdi. Fikir də ondan ibarət idi ki, özümüz vəziyyətdən çıxa və şəriksiz neft istehsalında yenidən intibaha nail ola bilərik. Digər bir qrupu təmsil edənlər isə bu məsələyə reallığı nəzərə almaqla münasibətlərini sərgiləyirdi. Onlar nəzərdə tutulan tədbirlərin reallaşdırılmasını mümkün hesab etməklə yanaşı, maddi təminatın olmaması, bunun isə birmənalı şəkildə qazma prosesinə, karbohidrogenlərin nəqlinə, təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə icra olunmasına mənfi təsir göstərməsi amilini əsas götürərək transmilli neft kompaniyalarının cəlb edilməsini zəruri sayırdılar.
Azərbaycan maddi çətinliklər içərisində idi. Eyni zamanda siyasi vəziyyətin gərginliyi ölkəyə olan inamı azaltmışdı. Beynəlxalq maliyyə institutları riskləri nəzərə alaraq bizə kredit ayırmaqdan imtina edirdilər. Belə bir vəziyyətdə "Əsrin müqaviləsi"nin gecikməsi bütün hallarda ümumi vəziyyətə daha pis təsir göstərə, hətta şərtlər çox sərt ola bilərdi. Ümummilli liderlə söhbətdən, qarşılıqlı fikir mübadiləsindən bir qədər sonra mən ARDNŞ-nin prezidenti təyin olundum. Ona qədər bizim iki dəfə görüşümüz olmuşdu.
Bunun ardınca bütün xarici neft şirkətlərinin rəhbərlərini bir yerə toplayıb Ali Sovetdə iclas keçirdik. Səbəb ondan ibarət idi ki, həmin vaxta kimi 1992-ci ildən başlayaraq əvvəlki hakimiyyət dövründə qeyd olunan məsələ ilə bağlı BP şirkəti ilə ölkəmiz üçün əsla qəbulolunmayan, milli maraqları təmin etməyən səviyyədə danışıqlar gedirdi. "Azəri", "Çıraq" yataqları, "Günəşli"nin dərinlikdə yerləşən hissəsi haqqında müqavilə bağlamaq niyyətində idilər. Hətta "Şahdəniz" qaz layihəsi ilə bağlı eksklüziv danışıqlar aparılması üçün BP şirkətinə səlahiyyət verilmişdi. Bunun da müqabilində Xalq Cəbhəsinin funksionerləri demokratiyanın inkişafına yardım adı altında 10 milyon ABŞ dolları həcmində bonus almışdılar. İclasda mən birmənalı şəkildə ulu öndər Heydər Əliyevin adından bəyan etdim ki, bu günə kimi olan danışıqlar bütünlüklə kəsilir! Təxminən bir-iki ay danışıqların nəticələrini təhlil etdikdən sonra yeni konsepsiya hazırlayıb danışıqlara gedəcəyik. Beləliklə də qeyd olunan müddətdə Azərbaycanın maraqlarının tam şəkildə ifadə olunduğu bir konsepsiya hazırlanaraq ulu öndər Heydər Əliyevə təqdim olundu. Həmin konsepsiyada xarici şirkətlərlə hansı prinsiplər əsasında işləməyin mümkünlüyü öz əksini tapdı. Bunun da əsasında 1994-cü il fevralın 4-də qeyd olunan məsələ ilə bağlı ulu öndər Heydər Əliyev tərəfindən sərəncam imzalandı. Sərəncamda ARDNŞ-nin prezidentinə bu danışıqların yenidən başlanması və nəticələri haqqında dövlət başçısına məlumat verilməsi tapşırılmışdı. Bununla da prosesə start verildi. Elə həmin il aprelin 28-də cənab İlham Əliyev ARDNŞ-nin vitse-prezidenti vəzifəsində xarici şirkətlərlə əməkdaşlığa rəhbərlik etməyə başladı. Beləliklə də aparılan gərgin işlərin nəticəsi olaraq qısa müddət ərzində - sentyabrın 12-də Hyuston şəhərində bütün prosedur məsələləri həll etdikdən sonra ulu öndər Heydər Əliyevə kontraktın tam şəkildə hazır olması ilə bağlı məruzə etdim və ulu öndər Heydər Əliyev sentyabrın 20-də kontraktın imzalanması ilə bağlı qərar verdi. Beləliklə də müqavilə imzalandı.
Təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını aldı. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur şirkəti ("Amoco", BP, "MakDermott", "Yunokal", ARDNŞ, "LUKoyl", "Statoyl", "Ekson", "Türkiyə Petrolları", "Penzoyl", "İtoçu", "Remko", "Delta") iştirak etdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 şirkət ilə daha 26 sazişin imzalanmasına yol açdı. Bununla da müstəqil dövlətimizin yeni neft strategiyası və doktrinası uğurla həyata keçirilməyə başlandı.
Ümummilli lider çox yaxşı bilirdi ki, Azərbaycanı düşdüyü iqtisadi böhrandan çıxarmaq, eyni zamanda onun inkişafına təkan vermək üçün güclü katalizator lazımdır. Böhrandan çıxmağın ən düzgün və optimal yollarından biri və bəlkə də ən birincisi Azərbaycanın neft yataqlarının işə salınması və ondan əhəmiyyətli şəkildə bəhrələr əldə etmək idi. Belə ki, neft sektorundan əldə olunan gəlirlər hesabına iqtisadiyyatın digər sahələrinin də canlandırılması, yeni mərhələyə qədəm qoyması mümkündür. İqtisadçı ekspertlərin qənaətinə görə, neft-qaz sənayesindən götürülən hər 2-3 dollardan 1-i adekvat olaraq iqtisadiyyatın başqa sahələrinə yönəldilir. Bu sahələrdə də canlanma başlayır, inkişaf gedir. Bu hal Azərbaycanda nümayiş olundu. Bir qədər konkretliyə keçək. "Əsrin müqaviləsi"nin imzalanmasının ilk illərində neft-qaz sektoru ilə əlaqəli fəaliyyət sahələrində iştirakla bağlı olaraq Azərbaycana təxminən 10 min nəfərə yaxın xarici vətəndaş səfər etdi. Onların hər birinin ölkədə qaldığı dövr ərzində müxtəlif məqsədlər (yaşayış yeri, qidalanma, nəqliyyat, rabitə və sair) üçün istifadə etdikləri vəsaitlər Bakıda xərclənir və maddi olaraq digər sahələrin də inkişafına kömək göstərirdi. Pullar da Azərbaycana qalırdı.
Ulu öndər Heydər Əliyevin müdrikliyi özünü islahatçı rəhbər olmasında da göstərirdi. Dövlət əmlakının özəlləşdirilməsi üzrə dövlət proqramlarının reallaşdırılması məsələsində də bu amil özünü doğrultdu. Bütün proses mərhələlərlə getdi. Ən əsası isə strateji əhəmiyyətli müəssisələr dövlətin öz mülkiyyətində qaldı. Beləliklə də neft, qaz və elektroenergetika kimi sahələrin dövlətin inhisarında qalması digər sahələrin inkişafında açar rolunu oynadı. Son nəticədə bunun nə qədər düzgün qərar olması dəqiqləşdi. Çünki postsovet məkanında olan ölkələrin bir çoxunda bu proses əksinə getdi. Nəticədə əsasən kiçik bir toplumun maraqlarına xidmət edən oliqarxlar meydana gəldi. Sonradan həmin ölkələrin rəhbərləri tələskənliyə yol verdiklərini etiraf etdilər.
Bəli, həqiqətən də "Əsrin müqaviləsi"nin imzalanmasının əsasında birinci növbədə yeni neft strategiyası, neft diplomatiyası yarandı və bu vasitə ilə ümummilli lider Heydər Əliyev Azərbaycanı blokadadan çıxardı. Buna həm informasiya blokadası, həm də iqtisadi blokada daxildir. Eyni zamanda siyasi sahədə də irəliləyişlərə təkan verildi. Bunun sayəsində siyasi aləmdə dostlar əldə olundu. ABŞ Prezidenti Bill Klintonla, Böyük Britaniya rəhbərləri ilə böyük işlər aparıldı. Xarici şirkətlərin onsuz da Azərbaycan neftinə marağı bəlli olduğundan çoxlarına elə gələ bilərdi ki, sərmayə qoyuluşunda problem yaşanmayacaq. Lakin əsl reallıqda istənilən şirkət böyük kapital qoyuluşu etdiyi ölkələrdə risk məsələsinə xüsusi əhəmiyyət verir. Bunlar əvvəlcə maliyyə, sonra geoloji, texnoloji, ən əsası isə siyasi riskdən ibarətdir. Həmin dövrdə isə ölkəmizdə siyasi proseslər olduqca ciddi narahatlıq doğurmaqda idi. Ulu öndər Heydər Əliyevin dünyanın inkişaf etmiş ölkələrinin dövlət başçıları - prezidentlər, baş nazirlər və digər məsul şəxslərlə görüşləri siyasi riskin olmamasına onları inandırmağa xidmət edirdi. Bu proseslər dünyanın aparıcı maliyyə təsisatları olan Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa İnkişaf və Yenidənqurma Bankı və digər qurumların rəhbərləri ilə aparılan danışıqların da predmeti idi. Ulu öndər keçirdiyi, iştirak etdiyi bütün görüşlərdə Azərbaycanın dövlət başçısı kimi xaricilərə onların sərmayələrinin siyasi risklərin təsirlərinə məruz qalmayacağına söz verirdi, təminat verirdi.
Ümummilli lider onu da çox yaxşı bilirdi ki, Azərbaycanın iqtisadi qüdrətinin artması ölkənin problemlərinin həllinə əhəmiyyətli təsirini göstərəcək. Bütün qeyd olunanların fonunda bir sıra yaxın qonşular Azərbaycanın belə bir müqaviləyə imza atmasına təəssüflərini və bunun sonda arzuolunmaz nəticələr verə biləcəyini, proqnozların özünü doğrultmayacağını iddia edirdilər. Heydər Əliyev isə hər zaman olduğu kimi, soyuqqanlığını saxlayır və narahatçılığa əsas olmadığını bildirir, hər şeyin nəzarətdə olmasını onların nəzərlərinə çatdırırdı. Hətta Azərbaycanın inkişafını istəməyən şəxslər tərəfindən Heydər Əliyevə qarşı sui-qəsdlər təşkil olundu, dövlət çevrilişi cəhdləri edildi. Bunların ardınca, bir il sonra mart hadisələri törədildi.
Rusiya Federasiyası kontrakt imzalanmazdan əvvəl Azərbaycana nota verərək bildirdi ki, bu müqaviləni tanımayacaq, heç bir xaricinin Xəzər dənizinə daxil olmasını qoymayacaq və Azərbaycanın da buna heç bir ixtiyarı yoxdur. Fikir onunla izah olunurdu ki, Xəzərin hüquqi statusu müəyyənləşdirilməyib və Xəzəryanı ölkələr arasında bölgü aparılmayıb. Lakin ulu öndər Heydər Əliyev sözünün üstündə möhkəm dayandı və bildirdi ki, Azərbaycan müstəqil dövlətdir, Xəzərin ölkəmizə məxsus sektoru Azərbaycanın yurisdiksiyası altındadır və bizə heç kəs öz iradəsini diktə edə bilməz. O dövrdə bunu hər kəs deyə bilməzdi. Lakin Heydər Əliyev hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanın gələcək inkişafı naminə çalışdı.
"Əsrin müqaviləsi"nin imzalanması ilə neft-qaz sənayesində görünməmiş dərəcədə inkişafa nail olundu. İlk 3 il ərzində çoxlu vəsat qoyuldu. Yeni qazma qurğuları, platformalar tikilməyə başlandı, yeni iş yerləri açıldı, 10 ədəd yedək gəmisi təmir olunaraq işə salındı. Borudüzən və kran gəmiləri təmir olunaraq modernləşdirildi. Beləliklə də neft-qaz sənayesinin istehsalat və texnoloji strukturu yeniləşdi. Yeni kadr potensialı formalaşdı ki, bu da nəticə etibarı ilə müvafiq sektorda tətbiq edilən müasir texnologiyaların istismarını asanlaşdırdı. Bunların nəticəsində rekord bir müddətdə ilkin neft hasilatına nail ola bildik. Qeyd olunanlar Azərbaycan neftçilərinin xarici həmkarları ilə ilk dəfə müştərək fəaliyyət göstərmələri baxımından böyük uğuru idi.
"Əsrin müqaviləsi" ölkəmizin neft-qaz sektorunda əldə olunan əhəmiyyətli sıçrayışla yanaşı, digər mühüm bir problemin aradan qalxmasına da təsirini göstərdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra energetika siyasətində yeniliyə imza atdı. Azərbaycan nefti dünya bazarına ixrac olunmağa başladı. Halbuki sovetlər dönəmində Azərbaycan nefti yalnız daxili bazara çıxarılırdı. Bakı-Novorossiysk ixrac boru kəməri ilə neftimiz Avropaya ixrac olundu. Lakin həmin dövrdə dövlət başçısı Heydər Əliyev diversifikasiya siyasətinə önəmi vurğulayaraq xam neftin yalnız bir marşrutla ixracının çox riskli iş olmasını bildirdi. O zaman vaxtilə mövcud olmuş Bakı-Xaşuri neft kəmərinin bərpasına qərar verildi. Bununla əlaqədar ulu öndər Heydər Əliyev və Gürcüstanın o zamankı prezidenti Eduard Şevardnadze arasında danışıqlar aparıldı və razılıq əldə olundu. Yeni bir saziş imzalandı. Lakin aparılan araşdırmaların son nəticəsi olaraq kəmərin əksər hissələrinin korroziyaya uğraması və ümumiyyətlə neftin nəqli üçün yararsızlığı nəzərə alınaraq bu layihədən imtina edildi. Beləliklə də yeni ixrac boru kəmərinin çəkilməsinə qərar verildi. Bu, Bakı-Supsa kəməri idi. Yeni kəmərin istismara verilməsindən az müddət sonra isə Şimali Qafqazda baş verən hərbi münaqişələr səbəbindən Bakı-Novorossiysk kəmərinin fəaliyyətində dəfələrlə müxtəlif fasilələr baş verdi. Bunlar Heydər Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu dönə-dönə təsdiqlədi. Bakı-Tbilisi-Ceyhan kəməri də mükəmməl bir layihə olmaqla Heydər Əliyevin əsəri idi.
Bu layihələrin verdiyi bəhrələr iqtisadiyyatımızı möhkəmləndirdi, qeyri-neft sektoru daha möhkəm təməl üzərində bərqərar oldu. Çəkilən zəhmət hədər getmədi. Məhz "Əsrin müqaviləsi"ndən sonra ölkəyə daxil olan maddi vəsaitlər ümumi inkişafa öz müsbət təsirini göstərdi. Təsadüfi deyil ki, Dövlət Neft Fonduna daxil olan vəsaitlərin həcmi 50 milyard ABŞ dolları təşkil etdi. Qoyulan sərmayələr təkcə "Azəri", "Çıraq", "Günəşli" deyil, eyni zamanda digər yataqların istismarına da yol açdı. Xüsusilə, "Şahdəniz" qaz yatağının kəşfi və onunla bağlı layihə sənədinin imzalanması qeyd olunmalıdır. Bunun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsi mühüm əhəmiyyət kəsb etdi.
İndi mövcud maliyyə imkanları sayəsində bütün perspektiv yataqlarda kəşfiyyat aparılıb və onların potensialı məlumdur. Məsələn, hazırda "Ümid", "Abşeron", "Şəfəq-Asiman" və "Babək" yataqları açılıb. Artıq "Ümid"də hasilata başlanıb. Təxminən 2021-ci ildə "Abşeron"un istismarına başlanacaq. Bunlar Azərbaycanın potensialının Avropada, o cümlədən bütün dünyada daha vacib mövqedə bərqərar olmasına stimul verir.
"Əsrin müqaviləsi"nin daha bir mühüm əhəmiyyəti onun Azərbaycanın neft-qaz sənayesində yeni eranın başlanğıcı olmasındadır. Bu eranın hazırkı dövrünü tərəddüd etmədən Prezident İlham Əliyevin adı ilə bağlayıram. Əgər Azərbaycanın Avropanın qaz təminatında yeni oyunçuya çevrildiyini deyiriksə, Avropada enerji xəritəsini dəyişiriksə, o zaman Azərbaycan üçün yeni qaz erasının açılmasını ürəklə qeyd edə bilərik.
İndi yeni layihələrin işlənməsi ilə bağlı təkliflər meydana çıxır, qazın ixrac kəməri ilə Avropaya çatdırılmasında böyük imkanlar yaranır. Hazırda "Cənub qaz dəhlizi"ndən bəhs olunarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, onun təşəbbüskarı da, icraçısı da, təminatçısı da Azərbaycandır. Bunun üçün ölkəmizin qaz potensialı kifayət qədərdir. Həmçinin maliyyə imkanları, texniki imkanlar, kadr potensialı var. Ona görə də "Şahdəniz" layihəsi XXI əsrin ən böyük, ən əhəmiyyətli və ən həlledici layihəsi olacaq. Yaxın 5 ildə bu layihəyə 45 milyard dollar vəsait qoyuluşu nəzərdə tutulur. Bununla əlaqəli digər layihələr də həyata keçiriləcək. Buraya 25 milyard dollar sərmayə tələb edən "Şahdəniz-2" layihəsi də daxildir. Yataqda 26 quyu qazılacaq. "Şahdəniz"in əməliyyatçısı olan BP-nin hesablamalarına görə, bu bizə əlavə 16 milyard kubmetr qaz verəcək. Lakin mən bu həcmin daha çox - 20-25 milyard olacağını düşünürəm. Həmin layihənin icrası zamanı Xəzər dənizində ilk dəfə tətbiq ediləcək yeni hasilat texnologiyalarından istifadə nəzərdə tutulur. Dənizdibi quyular görünməyən hissədə istismar ediləcək. Ümumilikdə bütün infrastrukturun yeniləşdirilməsi qarşıya qoyulan vəzifələrdəndir. "Şahdəniz-2" ilə əlaqədar Səngəçal terminalı, Cənubi Qafqaz Boru Kəməri də genişləndiriləcək. TANAP layihəsi çərçivəsində boru kəmərinin tikintisi Azərbaycan tərəfindən icra ediləcək.
"Cənub qaz dəhlizi"nin ümumi proseslərə hərtərəfli təsiri proqnozlaşdırılır. Bu, Avropa ölkələrinə, Avropa Birliyinə daha çox inteqrasiyaya imkan verən layihə olacaq. Onun siyasi əhəmiyyəti isə onda olacaq ki, bu layihənin icra edildiyi ölkələrlə əlaqələr daha da güclənəcək. "Cənub qaz dəhlizi"nin gələcəkdə daha da genişlənəcəyi, bütün Balkan ölkələrinə - Albaniya, Serbiya, Monteneqro və Xorvatiyaya başqa bir qol vasitəsilə ixracın həyata keçiriləcəyi nəzərdə tutulur. Digər bir qol isə Yunanıstan və Bolqarıstanadək uzanacaq. Bolqarıstandan isə Rumıniya, Avstriya, Macarıstan və digər ölkələrə çıxış əldə etmək mümkündür. Bir sözlə, istiqamətlər və perspektivlər çoxdur. Potensialın artması isə əsasən uğurlarla bağlıdır. Başqa şirkətlər də potensial layihələrə sərmayə yatırmağa xəsislik etmirlər.
"Əsrin müqaviləsi"nin imzalandığı ilk illərdə gələcək perspektiv üçün üzərimizə götürdüyümüz öhdəliklərə əsasən əməl etdik. Nəticədə həm neft hasilatına, həm yeni yataqların işlənməsinə, həm də çıxarılan xam neftin dünya bazarına nəql edilməsinə nail olduq. Beləliklə də, hazırda əsas hədəflərdən biri yaxın gələcəkdə dünyada ölkəmizin qaz ixracatçısı statusunu möhkəmləndirməkdir. Bunun üçün yaxın 5 ildə böyük işlər görüləcək. Yekunda isə istəyimizə nail olacağımıza şübhəmiz yoxdur.
Prezident İlham Əliyev gələcək planların istiqamətlərindən biri ilə əlaqədar "Neft emalı və neft kimyası kompleksinin inkişaf etdirilməsi" ilə bağlı sərəncam imzalayıb. Qaradağda neft və qaz emalı zavodları tikiləcək. Mövcud potensialdan səmərəli istifadə olunması məqsədilə burada tam müasir texnologiyalarla həm neftin, həm də qazın emalı reallaşdırılacaq.
Təkcə bir əsrə deyil, böyük gələcəyə hesablanmış bu müqavilə Azərbaycan dövlətinə və vətəndaşlarına çox şey verdi və biz ondan hələ çox bəhrələnəcəyik. Prezident İlham Əliyevin dediyi kimi: "Son illərdə həyata keçirilən neft strategiyası bu yolun düzgün olduğunu bir daha sübut etdi. Amma bu heç də o demək deyil ki, biz gələcəyimizi də yalnız neftlə bağlamaq istəyirik. Neft faktoru bizim üçün vasitədir. Müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bir vasitədir. Yəni biz bu vasitədən istifadə edirik.
Neftin o vaxt qiyməti olur ki, neft hasil edilir, nəql edilir, satılır və bundan gəlir əldə olunur. Yerin, suyun altında istifadəsiz olan neftin heç bir qiyməti yoxdur. Bəziləri deyirlər ki, o bizim milli sərvətimizdir, ona dəyməyək, onu gələcək nəsillərə saxlayaq. Bu çox yanlış, populist fikirdir.
Yenə də deyirəm, neft bizim üçün vasitədir. Mən hesab edirəm ki, biz bu vasitədən çox səmərəli istifadə etdik. Azərbaycan artıq dünyada tanındı. Ölkəmizə milyardlarla dollardan artıq sərmayə gətirilib qoyuldu. Azərbaycan öz iqtisadiyyatının neftlə bağlı olan digər sektorlarının da xeyrini götürdü, orada inkişaf müşahidə olundu. Azərbaycanda infrastruktur, xidmət sektoru sahəsində böyük irəliləyiş var. Minlərlə gənc vətəndaşımız xarici ölkələrdə, yaxud da xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin təşkil etdiyi kurslarda öz təhsilini təkmilləşdiribdir".
Sazişlərin həyata keçirildiyi dövrdə neft sənayesinin infrastrukturu xeyli dərəcədə təzələnəcək və neft sənayemizin yeni, güclü infrastrukturu yaranacaq. Ölkə iqtisadiyyatının digər sahələrinə sərmayələr axını təmin ediləcək. Azərbaycan yeni, müasir texnologiyalar əldə edəcək. Azərbaycannın böyük miqdarda yeni müəssisələri yaradılacaq və onlar xarici neft şirkətlərinə xidmət göstərəcək. Bank və sığorta biznesinin inkişafına böyük təkan veriləcək. Sivilizasiyalı cəmiyyətin qanunları çərçivəsində işləyəcək sahibkarların sanballı bir təbəqəsi formalaşacaq. Xarici şirkətlərin ödədiyi vergilərdən büdcəyə mədaxil xeyli artacaq. Müxtəlif sənaye və xidmət sahələrində minlərlə yeni iş yeri açılacaq. Azərbaycan neft satışından milyardlarla dollar götürəcəkdir ki, bu da geniş sosial proqramları həyata keçirməyə, əməkhaqqını və pensiyaları artırmağa, imkansız ailələrə, müharibə əlillərinə və qaçqınlara daha da çox kömək etməyə imkan verəcək.
Bütün bunların nəticəsində güclü iqtisadi potensial yaradılacaq və bu da ölkənin müstəqilliyini daha da möhkəmləndirəcək, nüfuzunu artıracaq.
Dövlət başçısı buna öz dərin inamını bildirmişdir: "Deyə bilərəm ki, Azərbaycanın neft gələcəyi çox parlaqdır. Hesab edirəm ki, respublikamız bundan əldə etdiyi gəliri düzgün xərcləyəcək və beləliklə, iqtisadiyyatımızın bütün sektorları inkişaf edəcəkdir".



Natiq ƏLİYEV,
Azərbaycan Respublikasının energetika naziri

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !