Bəxtiyar QARACA : - 1918-ci ilin 15 sentyabrından əvvəlki Qarabağ

Bəxtiyar QARACA : 1918-ci ilin 15 sentyabrından əvvəlki Qarabağ

Bolşevik qüvvələri ilə birləşərək məqsədlərinə çatmaq - Azərbaycanın əzəli torpaqlarında özlərinə dövlət yaratmaq istəyən erməni siyasi və hərbi təşkilatları 1918-ci ilin martında Bakıda başladıqları qırğınları bütün ölkə boyu həyata keçirməyə can atırdılar. Qubada, Lənkəranda, Salyanda, Xaçmazda baş verən faciələr Bakıdan uzaqlaşdıqca daha ağır, daha qanlı xarakter alırdı. Qarabağda, Zəngəzurda, İrəvanda törədilən vəhşiliklər bunu bir daha sübut edir. O vaxt Üzeyir bəy Hacıbəyli 1918-ci ilin mart-may aylarında ermənilərin qansız hərəkətləri ilə bağlı yazırdı ki, əgər Osmanlı türk qəhrəmanları vaxtında köməyə gəlməsəydilər azğınlaşmış ermənilər nəinki Bakıda, Şamaxıda, Qubada, bəlkə də bütün Azərbaycanda daşı daş üstə qoymazdılar...

Gözlənilən bir qətlin tarixçəsi

Ermənilər Qafqazda, xüsusilə Azərbaycan ərazilərində heç vaxt bu sayda yaşamayıblar. Rus tarixçisi N.Şavrov hələ 1911-ci ildə nəşr olunan "Zaqafqaziyada rus mənafeyi üçün yeni təhlükə" adlı kitabında yazırdı ki, "XX əsrin başlanğıcında Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyondan artığı buranın yerli əhalisi deyildir: onlar buraya bizim tərəfimizdən köçürülmüşlər." "Ermənilər, əsasən, müsəlman mülkədarlarının torpaqlarında yerləşmişlər" - deyən diplomat və dramaturq A.Qriboyedovun ölməmişdən (öldürülməmişdən) əvvəlki etirafları da diqqətdən kənarda qalmamışdır.
Ermənilərin Qafqaza sonradan gəlmələrini erməni alimlərinin özləri də etiraf ediblər. Ermənistan SSR EA-nın ilk prezidenti G.Orbeli 1963-cü ildə yazırdı ki, "İndiki Dağlıq Qarabağ orta əsrlər Albaniyasının bir hissəsi olmuş, sonradan erməni feodalları tərəfindən zəbt edilmişdir".
Ancaq bu etiraflar yüz illərdir davam edən faciələrin qarşısını ala bilmədi. Azərbaycana axışıb gəldikləri gündən erməni ideoloqları Bakıdan Tiflisə qədər bütün azərbaycanlıları qırıb Kür çayına, Qubadan Astarayadək yaşayanları isə Xəzər dənizinə tökmək barədə plan qurmaqla məşğul idilər. Həm də dəhşətlisi o idi ki, ermənilər heç vaxt yaşamadıqları bu yerlərə ciblərinə daş dolduraraq gəlmişdilər. Şahidlərdən biri xatırlayır ki, "...ermənilər azərbaycanlıları qıra-qıra Göyçaya çatmışdılar. Onlar görülməmiş vəhşiliklər törədir, hamilə qadınların qarnını yarıb uşağı nizəyə keçirir, divara sancır, camaatı məscidə doldurub yandırır, qız və gəlinlərin kürəyinə qaynar samovar bağlayır və başqa vəhşiliklər edirdilər".
Təsadüfi deyildir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdükdən sonra onun ilk qərarlarından biri Birinci Dünya müharibəsi başlanandan sonra Zaqafqaziyanın müsəlman-azərbaycanlı əhalisinin başına gətirilən müsibətlərin tədqiq edilməsi və dəymiş zərərin müəyyənləşdirilməsi üçün Fövqəladə İstintaq Komissiyasının yaradılması oldu. Sənədlər və materiallar bir daha təsdiq edir ki, Qarabağ ətrafında söz-söhbətlər ancaq erməni liderlərinin separatçı hərəkətləri nəticəsində böyüyərək qanlı faciəyə çevrilib.
Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra ermənilərin vaxtilə məskunlaşdığı, yaxud silah gücünə ələ keçirdikləri kəndlərə silah daşınması daha da artdı. Faktlar sübut edir ki, Qafqaz cəbhəsindən qaçan erməni əsgərləri Qarabağdakı kəndlərinə qayıdarkən özləri ilə çoxlu miqdarda tüfəng, pulemyot və hər cür döyüş sursatı gətirirdilər. Beləliklə, ibtidai insanların daş toplamaq və daşla vuruşmaq vərdişləri artıq ermənilərin timsalında yeni bir formaya keçdi...
1918-ci ilin 29 mayında İrəvanı ələ keçirərək Azərbaycan ərazilərində özlərinə dövlət quran ermənilər bununla kifayətlənməyərək ardınca, indiki kimi, "Qarabağ Respublikası" yaratmaq həvəsinə düşdülər. Bu yolda onlar üçün hər cür vasitə qəbul idi - o vaxt Azərbaycan kəndlərinin talan edilməsi, dinc adamların qətlə yetirilməsi və digər vəhşiliklər adi hal almışdı.

Fitnəkar qarşısında

Üzeyir bəy Hacıbəyli o dövrdə
qələmə aldığı "Qarabağ haqqında" məqaləsində erməni vəhşiliklərini belə təsvir edirdi: "Təqribən bir ay bundan əvvəl idi ki, Qarabağdan gələn ahu-fəryadlar həm hökumətimizi, həm də cəmiyyətimizi təhciz etməklə Azərbaycan torpağının bu hissəsinə xüsusi bir nəzər yetirməsini istəyirdi. Nə olmuşdu orada? Ermənilərin generalı ədd olunan Andranik öz xunxar dəstəsilə Qarabağın Zəngəzur adlanan uyezdi üzərinə tökülüb müsəlman əhalisini qətli-qarət kimi quldurlara məxsusu əməlləri ilə tədhiş edib "müsəlmanlardan təmizləmək" istəyirdi. Şübhəsiz ki. hökumətimiz Azərbaycan türklərinə qarşı icra edilən və rəva görülən bu vəhşilklərə göz yuma və istimdad fəryadlarına qulaq asmaya bilməzdiE"
1918-ci il avqustun əvvəllərində Andranik öz quldur dəstələri ilə Zəngəzur və Qarabağ torpaqlarında dinc əhaliyə divan tutarkən Azərbaycan hökuməti rəsmi məktubu ilə Ermənistandan Andranikin quldur dəstəsini geri çəkməyi tələb edir, lakin erməni hökuməti riyakarlıqla Andraniki tanımadıqlarını bildirir: "...general Andranik və onun dəstəsinin Ermənistanın milli qoşunları və dövlət orqanları ilə heç bir əlaqəsi yoxdur və Ermənistan Respublikasının hökuməti onların məsuliyyətsiz hərəkətlərinə çavabdeh deyildir".
Azərbaycan hökuməti Qarabağ general-qubernatorluğunu yaratmaq məcburiyyətində qaldıqda isə bu, erməni haqlarının pozulması kimi böyük səs-küyə səbəb oldu. Bu zaman Azərbaycan XİN-nin cavabı da özünü çox gözlətmədi: "Sizin hökumətin Azərbaycan Respublikasının Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur rayonlarında müvəqqəti general-qubernatorluğun təsis edilməsinə etirazı əsassızdır. Çünki bu rayonlar Azərbaycanın ayrılmaz hissəsidir. Ali idarəetmə qaydasında Azərbaycan hökumətinin təkcə hüquqi deyil, hətta mənəvi borcu qayda-qanunun bərpası üçün ölçü götürmək və milliyyətindən asılı olmayaraq öz ərazisində yaşayan vətəndaşların həyatını, şərəfini, əmlakını məsuliyyətsiz şəxslərin zorakılığından qorumaqdır..."
O dövrdə - 1918-ci ilin əvvəllərində Şuşaya girə bilməyən ermənilər onu hətta "Qarabağ Respublikası"nın - "Kiçik Ermənistan"ın paytaxtı elan edərək Ağdamdan Əsgərana gələn yolu bağlamışdılar. Bu vaxt yenicə qurulan Azərbaycan hökuməti təcili surətdə Həsən Bəsri bəyi Şuşaya, Kazım bəyi Qaryaginə (indiki Füzuli), Fəxri bəyi isə Ağdama komendant təyin etdi. Ermənilər komendantların hakimiyyətini tanımayaraq iki həftə ərzində qurultay keçirib etirazlarını bildirsələr də, istəklərinə çata bilmədilər. Belə ağır şəraitdə Şuşadakı azərbaycanlılar 4 könüllü dəstə yaradıb 15 yaşından 60 yaşınadək bütün silah tuta bilənləri siyahıya aldılar. 45 yaşından yuxarı olanlar isə ehtiyatda idilər. O dövrdə böyük bir şücaətlə öz adını və şərəfini qorumağı bacaran qarabağlılar Bakının türk və Azərbaycan qoşunları tərəfindən azad edilməsi xəbərini böyük sevinclə qarşıladılar. Dörd ay qəhrəmanlıqla müdafiə olunan Şuşanı 1918-ci il sentyabrın 25-də İsmayıl Həqqi bəyin başçılığı altında Qarabağa gələn qəhrəman türk və Azərbaycan qoşunları ermənilərin mühasirəsindən xilas etdi. O vaxtkı "Qarabağ Respublikası rəhbərləri"nin itaətdən və Azərbaycan dövlətini tanımaqdan başqa yolu qalmadı...
P.S. Üzeyir bəy Azərbaycan-türk qoşunları qarşısında itaətə məcbur olan bu millətin daha bir xarakterini "Fitnələr qarşısında" məqaləsində çox gözəl ifadə edib. Təəssüf ki. sonrakı illərdə başımıza gələnlər bu həqiqətin dəyişmədiyini bir daha təsdiq etdi: "Daşnakların andraniklərin vasitəsilə üzərimizə atılan top və tüfəng güllələrini dəf etmək bunların iftira və böhtanlarını rədd etmək işindən çox asandır. Çünki ermənilər cəngavərlikdən artıq böhtan və iftira qurmaqla məşhurdular. Odur ki, bu günə "danoslar" hücumuna və iftiralar "niş"inə qarşı qəlbimizi bir o qədər də sıxmayıb Sədinin: "Nişe-əqrəb nə əz-rəhe kin əst. iğtezaye təbiətəş in əst" - beyti ilə mütəsəlli ola bilərik, yəni əqrəbin neştəri ilə sancması onun kinindən deyil, təbiətən xasiyyəti budur.
Lakin bununla böylə özümüzü "əqrəb"lərdən qorumaq hər bir cəhətcə borcumuzdur. Çünki bunların "niş"i kin üzü ilə olsun ya təbiətlərinin iqtisazası olsun, insanın canını ağrıdır və əziyyətinə səbəb olur."

Bəxtiyar QARACA,
"Azərbaycan" 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !