Qubada ədəbiyyat və jurnalistika sahəsində şöhrət qazanmış dağ yəhudilərinin həyat və fəaliyyətini əks etdirən fotosərgi açıldı -

Qubada ədəbiyyat və jurnalistika sahəsində şöhrət qazanmış dağ yəhudilərinin həyat və fəaliyyətini əks etdirən fotosərgi açıldı

Avqustun 7-də Quba rayonundakı Qırmızı Qəsəbədə ədəbiyyat və jurnalistika sahəsində şöhrət qazanmış dağ yəhudilərinin həyat və fəaliyyətini əks etdirən “Onların adları tarixdə qalacaq. Dağ yəhudiləri-ədəbiyyatın və jurnalistikanın tanınmış nümayəndələri” adlı fotosərginin açılışı oldu.
Sərgi Azərbaycan Yazıçılar Birliyinin 80, jurnalist Raşbil Zaxaryayevin 75 və Azərbaycan Jurnalistlər Birliyinin 55 illiyinə həsr olunan “Kütləvi informasiya vasitələri və mədəniyyət cəmiyyətdəki dəyişikliklər şəraitində” mövzusunda keçirilən Beynəlxalq simpozium çərçivəsində təqdim edildi.
AzərTAc xəbər verir ki, “STMEGİ” Beynəlxalq Fondunun təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Qırmızı Qəsəbədəki Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsinin önünə əklil qoyaraq xatirəsini dərin ehtiramla yad etdilər.
Fotosərginin açılış mərasimində 75 illik yubileyi qeyd edilən mərhum jurnalist Raşbil Zaxaryayevin qısa ömür yolu və fəaliyyəti haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olan gənc qələm sahibi 1966-cı ilin noyabr ayından “Şəfəq” qəzeti redaksiyasında fəaliyyətə başlayıb. Ömrünün parlaq çağında - 39 yaşında dünyasını dəyişən Raşbil Zaxaryayev “Şəfəq” qəzetində özünəməxsus dəsti-xətti ilə seçilən əməkdaşlardan biri olub.
Diqqətə çatdırıldı ki, 2002-ci ilin avqust ayından Qubada “Birlik-Yedinstvo” qəzeti nəşr olunur. Qəzet dağ yəhudiləri icmasının həyat mənzərəsini özündə əks etdirməklə yanaşı, daim Azərbaycan-İsrail, Azərbaycan-Rusiya dövlətləri arasında dostluq münasibətlərinin inkişafından, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artmasından, sosial-iqtisadi, mədəni əlaqələrin inkişafından bəhs edən yazılar təqdim edir. Avqust ayının sonunda Raşbil Zaxaryayevin tükənməz arzularının yeni bir səhifəsi olan “Birlik-Yedinstvo” qəzetinin ilk nömrəsinin çapdan çıxmasının 12 illiyi qeyd olunacaq.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, Azərbaycanın Xalq Yazıçısı, PEN-klubun sədri Çingiz Abdullayev, “STMEGİ” Beynəlxalq Fondunun vitse-prezidenti İsay Zaxaryayev, Qırmızı Qəsəbə dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev və başqaları çıxış etdilər. Natiqlər ölkəmizin tolerantlıq ənənələrindən danışaraq Beynəlxalq simpoziumun və fotosərginin xüsusi əhəmiyyətini vurğuladılar.
Açılış mərasimindən sonra tədbir iştirakçıları fotosərgiyə baxdılar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !