Yurd Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin cəbhə xəttində baş verən hadisələrlə əlaqədar olaraq beynəlxalq qurumlara ünvanladığı BƏYANATI -

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin cəbhə xəttində baş verən hadisələrlə əlaqədar olaraq beynəlxalq qurumlara ünvanladığı BƏYANATI

Ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycana ərazi iddiası irəli sürərək 20%-dən artıq torpaqları işğal edən Ermənistan dövləti 1994-cü ildən imzalanmış atəşkəs ejimini son günlərdə yenidən pozaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın etmiş və 10-dan artıq Azərbaycan əsgərini şəhid ediblər. Ermənisan tərəfinin bu münaqişədə hər dəfə destruktiv mövqə sərgiləməsi Qafqazdakı bu münaqişə ocağının qapanmamasına, bu zonada sülh şəraitinin bərqərar olmamasına əsas maneə yaratmışdır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə baxmayaraq, 20 ildən artıq müddətdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik rayonları işğal altında saxlayan Ermənistan tərəfinin bu təxribatçı addımları cəbhə xətti boyunca gərginliyin xeyli artmasına səbəb olub.
Yaranmış təhlükəli vəziyyətin bütün məsuliyyəti bu cür təxribatçı addımların atılmasına göstəriş verən rəsmi Yerevanın və ona bu azğınlığını dayandırmağa gücü çatmayan, ölkəmizin ərazi bütövlüyünün pozulmasına göz yuman BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq və regional qurumların, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, RF və Fransa kimi böyük dövlətlərin üzərinə düşür. Bu qurumlar təəssüf ki, hələ də bu münişədə ikili standartlarla yanaşmaqda davam etməkdədirlər. Elə məhz bu münasibətin nəticəsidir ki, hər dəfə münaqişənin həlli istiqamətində bir işartı olduğu anda Ermənistan destruktiv yanaşaraq hər şeyin yarıda qalmasına rəvac verir.
Danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid Sülh Planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verdiyi halda, bütün bunlara rəğmən, Azərbaycan dövlətinə qarşı ikili standartlar yeridən müvafiq təşkilatlar nədənsə susmaqda davam edirlər.
Lakin heç bir qəti nəticəyə nail olmayan bu həmsədrlər unudurlar ki, sülh prosesinə ən böyük təhlükə elə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olması və beynəlxalq birliyinin bununla bağlı qəti addımlar atmamasıdır. Buna görə də, ilk növbədə Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir, həmsədr ölkələrdə bu məsələdə işğalçı dövlətə təzyiqlər etməlidirlər.
Biz bir daha beynəlxalq təşkilat və qüvvələrdən 20% ərazisi işğala məruz Azərbaycan Respublikasına münasibətdə ədalətli və qəti mövqeyə malik olmalarını, təcili olaraq işğalçı Ermənistanın ciddi şəkildə cəzalandırılmasını və ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmasını tələb edirik.
Biz müharibədən əziyyət çəkən, hər an bu təhlükəni yaşayan Azərbaycan gəncliyi olaraq, beynəlxalq gənclər ictimaiyyətinə müraciət edərək, Ermənistanın Azərbaycana qarşı bu işğalçılıq siyasətinin dayandırılmasına, erməni hərbi qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ona bitişik ərazilərimizdən çıxarılmasına və Azərbaycanın BMT tərəfindən tanınan sərhədlərinin bərpasına çağırışlar etməsini, ədalətli mövqe nümayiş etdirməsini xahiş edirik.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !