Qəbələdə VI Beynəlxalq uşaq muğam festivalının zona seçim turu keçirilmişdir -

Qəbələdə VI Beynəlxalq uşaq muğam festivalının zona seçim turu keçirilmişdir

İyulun 2-də Qəbələ Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə VI Beynəlxalq uşaq muğam festivalının şimal-qərb zonası üzrə seçim turu keçirilmişdir.
AzərTAc xəbər verir ki, bu mərhələdə Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarını təmsil edən və xalq mahnılarımızı, muğamlarımızı ifa etməyi bacaran uşaq və yeniyetmələr iştirak etmişlər.
Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək layihənin əsas məqsədinin gənc istedadların üzə çıxarılması, milli mənəvi sərvətimiz olan muğamın inkişaf etdirilməsindən ibarət olduğunu bildirmişdir.
“Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə respublika əhəmiyyətli bu layihənin əsas məqsədi barədə danışmışdır. Bildirilmişdir ki, son vaxtlar ölkəmizdə qədim irsimizin öyrənilməsi və təbliği ilə bağlı yüksək səviyyədə işlərin aparılmasına diqqət güclənmişdir.
Sonra uşaq və yeniyetmələrin çıxışları dinlənilmişdir.
Maraqlı keçən müsabiqənin zona seçim turunun sonunda münsiflər heyətinin sədri, Xalq Artisti Ağasəlim Abdullayev nəticələri elan etmişdir. Qəbələ rayonundan Rəsul Mahmudov və Qax rayonundan Mövlud Muxtarzadə seçim turunun qalibi olaraq oktyabrda Bakı şəhərində keçiriləcək VI Beynəlxalq uşaq muğam festivalının final mərhələsinə vəsiqə qazanmışdır.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !