Musiqili Teatr mövsümün bağlanışına hazırlaşır - FOTO

Musiqili Teatr mövsümün bağlanışına hazırlaşır FOTO

Azərbaycan Dövlət Musiqili Teatrı 114-cü mövsümünü iyulun 5-də “Ər və arvad” tamaşası ilə başa vuracaq. Bağlanışın məhz bu tamaşa ilə olması xüsusilə əlamətdardır. Belə ki, milli opera janrının yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 1909-cu ildə yazdığı üç pərdəli “Ər və arvad” musiqili komediyası ilə Azərbaycan Dövlət Musiqili Teatrının əsası qoyulub. Odur ki, bir ənənə olaraq hər il yeni mövsüm sentyabr ayının 18-də - Milli Musiqi Günü bu tamaşa ilə açılır və iyul ayında da bu tamaşa ilə başa çatır.
Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.
Teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev bizimlə söhbətində, bu ilin bağlanışının daha möhtəşəm olacağını bildirdi. Tamaşaçıların ən çox sevdikləri aktyorlar, ən çox sevilən tamaşada birlikdə səhnəyə çıxacaqlar. Xalq artistləri İlham Namiq Kamal (Mərcan bəy), Afaq Bəşirqızı (Minnət xanım), Fatma Mahmudova (Arvad), əməkdar artistlər Ələkbər Əliyev (Kərbəlayi Qubad), Əkbər Əlizadə (Səfi), Gülcahan Salamova (Gülpəri), Əliməmməd Novruzov (Aşpaz), Hüseyn Əlili (Suçu), Ağaxan şərifov (Süpürgəçi) əsas rollarda çıxış edəcəklər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !