Bəxtiyar SADIQOV : - "QƏLƏBƏ"nin MƏĞLUBİYYƏTİ

Bəxtiyar SADIQOV : "QƏLƏBƏ"nin MƏĞLUBİYYƏTİ

Kompüter yeni bir dünya yaradıb: virtual dünya. Bu dünyanın öz sakinləri, öz "əhalisi" var. Hərə özünə "dostlar"ından ibarət "məhəllə" salıb. Bu məhəllələr öz aralarında "görüşür", "danışır", "qohumluq əlaqələri" qururlar.
Virtual aləmdə hər şey yazıldığı və bəzən də göründüyü kimi olmur. İnsanlar hərdən bir-birinə özlərini başqa cür, "xoşagələn", "ideal" formada təqdim etməyi sevirlər, haradasa çəkdirdikləri şəkilləri "öz evlərində çəkilən foto" kimi təqdim edə bilirlər. Necə deyərlər, bu, vicdan məsələsi, hərənin öz işidir. Və həm də tam başqa mövzudur, deyilənləri sözğəlişi xatırlatdıq.
Kompüterin həqiqəti olduğu kimi göstərmək imkanı və gücü də var! Deyirlər, internetə girib müəyyən ödəniş müqabilində Azərbaycanın istənilən guşəsindəki kəndi seyr etmək, hətta kənddəki istədiyin evi tapıb ona "yaxından" baxmaq, nəyin necə olduğunu dəqiqləşdirmək mümkündür.
Gözəl imkandır, deyilmi?!

Amma bircə kərə də bu imkandan bəhrələnməmişəm!
Ona görə yox ki, xəsislik etmişəm! Qətiyyən!
Ona görə yox ki, doğma Ağdamın, doğulduğum evin, qohum-əqrəbanın ev-eşiyinin hansı vəziyyətdə olduğunu bilmək istəmirəm!
Yenə də yox!
Oraları görmək üçün lap burnumun ucu göynəyir!
Sadəcə, ermənilərin "ruhlar şəhəri"nə çevirdikləri Ağdamın bayquşlar məskəninə çevrilmiş vəziyyətinə baxmaq istəmirəm!
İçi qarət olunmuş, damı-daşı sökülüb aparılmış, həyətini qanqal basmış evləri, küçələrində ot-ələfin adam boyunda qalxmış Ağdamı görmək istəmirəm.
Bir vaxtlar gur-gur guruldayan, səkiləri, parkları və mağazaları dolub-daşan, bazarında iynə atsan yerə düşməyən Ağdamı xarabalığa dönmüş, yiyəsiz və kimsəsiz qalmış, ermənilərin sahiblik etdiyi vəziyyəti ilə barışa bilmirəm!
İstəyirəm ki, xəyalımda əvvəlki - top vursan dağılmaz, ermənilərin qorxudan tük saldıqları Ağdam kimi qalsın!

"QALİB" ERMƏNİSTAN

Müharibə qan, ölüm, dağıntı deməkdir!
Müharibə təkcə can almır, hərbi əməliyyatlar nəticəsində torpaqlar işğal olunur, insanların mal-mülkü qarət edilir, qadınlar, uşaqlar, qocalar əsir və girov götürülür, dövlətlərə ciddi maliyyə ziyanı dəyir.
Müharibə həm də qalib və məğlub tərəfləri "müəyyən" edir.
Qarabağ uğrunda müharibə əvvəldən özünün qəribəlikləri ilə seçilib.
Ötəri diqqət yetirək:

* Əvvəla, bu müharibə ölkənin "içindən" başladı və Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan indiyədək bizə müharibə elan etməyib!
* İkincisi, işğal zamanı və sonradan Ermənistana kömək edən dövlətlər də daim Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər!
* Üçüncüsü, dünyanın bu münaqişənin həllini etibar etdiyi ATƏT-in Minsk qrupu yaradıldığı 20 ildən keçən müddət ərzində heç bir iş görə bilməyib, yaxud görmək istəməyib!
* Dördüncüsü, müharibənin təhrikçisi və maliyyəçilərindən biri olan erməni lobbi və diasporu millətinə xeyir gətirib yüksəltmək əvəzinə onu dilənçi və səfil vəziyyətinə salıb, ələbaxan edib.
* Beşinci, bu müharibənin birinci mərhələsini udan və uduzan tərəflər arasında son dərəcə qəribə və paradoskal fərq yaranıb!
* Ermənistan 20 min Azərbaycan vətəndaşını qətlə yetirib, Xocalı, Qaradağlı, Bağanis-Ayrım və digər soyqırımıları törədib!
* Ermənistan Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu ələ keçirərək indiyədək işğal altında saxlayır!
* Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək, yaxud Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq niyyətindədir.
* Ermənistan heç bir sülh danışıqlarına gəlmir, mövcud status-kvonu qoruyub saxlamağa çalışır.
Ən nəhayət, indiyədək nə BMT, nə ATƏT, nə də həmsədr dövlətlər tərəfindən Ermənistan işğalçı dövlət adlandırılmayıb və ondan Azərbaycan ərazilərini dərhal tərk etməsi tələb olunmayıb!

İyirmi ildir ki, müharibə bölgəsində atəşkəs elan edilib. Atəşkəs rejimi vaxtaşırı pozulsa da, çoxsaylı qurbanlar verilsə də, üçüncü qüvvə olmadan, əraziyə başqa dövlətlərin qoşunları yeridilmədən hərbi əməliyyatların bərpasının qarşısı hələ ki, alınıb.
Kövrək atəşkəs dövründə sülh danışıqlarında heç bir irəliləyiş olmasa da, hər iki dövlətin daxilində və onlarla əlaqəli xeyli proses baş verib.
Bir-birindən ciddi şəkildə fərqlənən proses!

Ermənistanın hazırkı vəziyyətini yalnız "ACINACAQLI" sözü dəqiq ifadə edir. Bu, düşmən dövlətin qərəzli qiymətləndirilməsi deyil! Mövcud reallığın təhlilindən çıxan nəticədir!
Statistik rəqəmlərə müraciət etməzdən öncə bir neçə məqama diqqət çəkək.
Qırmızı imperiya dağıldıqdan sonra yaranmış müstəqillik imkanından Ermənistan yararlana bilmədi. Bu gün onu "forpost ölkə", "vassal dövlət", "altıncı quberniya" adlandıranlar öz fikirlərində çox haqlıdırlar.
Əvvəla, Ermənistanın müstəqilliyi sözdədir: ərazisində başqa dövlətin hərbi bazası yerləşir, (hələ daha birini də açmaq istəyirlər), sərhədlərini özgə qoşunlarının əsgərləri qoruyur.
İkincisi, Ermənistan müstəqil siyasət yürütmək imkanında və ona qadir deyil! Dövlət başçılarını seçdirənlər onlara haçan nə etməyi və necə oturub-durmağı diktə edirlər!
Üçüncüsü, təbii sərvətləri olmayan bu ölkənin iqtisadiyyatı dağılıb, strateji obyektləri Rusiya tərəfindən satın alınıb, hazırkı vəziyyətdə inkişaf perspektivini itirib!
Dördüncüsü, qonşuluqdakı dövlətlərə qarşı ərazi iddiasında olması, terroru dövlət səviyyəsində dəstəkləməsi onu özünütəcrid vəziyyətinə, blokada şəraitinə salıb!
Beşincisi, Azərbaycanla müharibə vəziyyətində olduğuna görə ölkəmiz tərəfindən ən gəlirli transmilli layihələrdən kənarda saxlanılıb, beləliklə, hər il milyardlarla dollar qazancdan məhrum edilib!
Altıncısı, əhali artımı tamamilə aşağı düşüb, ayağı yer tutanlar ölkədən qaçıb gedib, demoqrafik fəlakət qapını alıb!
Ən acınacaqlı isə odur ki, Ermənistan öz siyasəti və mövqeyi, yaranmış durumu ilə dünya üçün bir dövlət olaraq əhəmiyyətini tamamilə itirib, "dilənçi dövlət" imici qazanıb! Bu ölkəyə nə gedib-gələn var, nə də onunla maraqlanan!
Bir də dilənçinin qapısına kim gələr ki?!
İndi isə rəqəmlərə diqqət yetirək.
Ermənistanın dövlət büdcəsi 2,3 milyard dollar təşkil edir ki, bu da Azərbaycanın dövlət büdcəsindən təxminən 10 dəfə azdır.
Ermənistan Milli Statistika Xidmətinin açıqlamasında göstərilir:
* Ölkənin dövlət büdcəsi ənənəvi olaraq kəsirlə ödənilir;
* Ötən il orta aylıq əməkhaqqı 363 dollar olub ki, bu da MDB-də ən aşağı göstəricilərdəndir;
* Son üç ildə ərzaq məhsullarının qiyməti 21,7 faiz, tibbi xidmət və dərman preparatlarının dəyəri 28,8 faiz, bütövlükdə isə qiymətlər 18,8 faiz artıb;
* Ermənistan iqtisadiyyatına yönəldilən investisiyalar kəskin şəkildə azalıb. Belə ki, ötən ilin yanvar-sentyabr aylarında iqtisadiyyata cəmi 604,9 milyon dollar sərmayə qoyulub;
* Ermənistan ötən ilin ilk 10 ayı ərzində idxal və ixrac əməliyyatları arasındakı fərqə - mənfi saldoya görə MDB-də lider olub. Belə ki, alınan malların dəyəri satılanların dəyərindən 2,8 dəfə çox olub;
* 1991-ci ildən Ermənistanda əhalinin sayı 15,4 faiz, son beş ildə isə əmək ehtiyatlarının sayı 116 min nəfər azalıb.
Bunlar "qalib" dövlətin iqtisadi durumunu əks etdirən statistik rəqəmlərdir.
İndi isə Azərbaycana nəzər salaq.

"MƏĞLUB" AZƏRBAYCAN

Hər dəfə Azərbaycanın dövlət müstəqilliyi reallaşmaq mərhələsinə çatanda maraqlı qüvvələr ona mane olmaq, üstəlik, növbəti dəfə torpaq qoparmaq üçün bir məkrli plan hazırlayıb meydana atıblar. Belə planların icraçıları isə taleyin bizə qonşu "qismət etdiyi" ermənilər olub. Mahiyyətində Azərbaycanın müstəqilliyi üçün buxova çevirmək, onu daim asılı vəziyyətdə saxlamaq ideyası dayanan bu məkrli plan "Dağlıq Qarabağ" problemi adlanır. Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti qurulanda eyni situasiya yaradılmışdı. Nəticədə qədim Azərbaycan torpaqlarında erməni dövləti təşkil edildi, İ.Stalinin iradəsi ilə Azərbaycanın Dağlıq Qarabağ ərazisində yerləşdirilən ermənilərə "muxtar vilayət" statusu verildi.
Nəhayətdə isə Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayaraq ömrünü qırmızı imperiyaya bağışladı.
XX əsrin sonlarında tarixin təkrarı baş tutacaqdı: yenə də məqsəd və ssenarisi eyni olan "Qarabağ problemi" planı işə salınmışdı.
Tək bircə həlledici faktor nəzərə alınmamışdı: artıq Azərbaycan xalqının inandığı və sınadığı rəhbəri, ümummilli lideri vardı!
Xalq üzünü ona çevirərək yenidən ölkə rəhbərliyinə dəvət etdi və Heydər Əliyev xalqının çağırışına biganə qalmayaraq bu şərəfli və çətin missiyanı yerinə yetirmək üçün yenidən geriyə döndü.
Onun bu qayıdışı müstəqilliyin qorunub saxlanması, qurtuluş missiyasının başlanması ilə nəticələndi. Əslində, düşmənlərimizin niyyət və planları alt-üst oldu.
Azərbaycan müstəqil, suveren dövlətə çevrildi.
Ulu öndər Heydər Əliyev qısa müddətdə heç kəsin görə bilməyəcəyi işləri məharətlə yerinə yetirdi:
* Müharibə cəbhəsində atəşkəs elan edilərək yeni ərazilərin işğalının qarşısı alındı;
* Əhalidəki silah-sursat yığıldı, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi.
* Ölkədə möhkəm və dönməz sabitlik yaradıldı;
* "Əsrin müqaviləsi" neft sazişi imzalanaraq Azərbaycanın dünyaya inteqrasiyası prosesinə başlandı;
* Yeni Konstitusiya qəbul edildi, bazar iqtisadiyyatı münasibətlərinə keçidə, demokratik cəmiyyət quruculuğuna start verildi;
* Azərbaycan beynəlxalq qurum və təşkilatlara üzv qəbul olundu, konvensiyalara qoşuldu;
* Atılan addımlar Azərbaycanı məhvolmadan və müstəqilliyini itirməkdən qorudu, Cənubi Qafqazın lider dövlətinə çevirdi!
Azərbaycanın dövlət müstəqilliyi kimsədə zərrə qədər də şübhə doğurmur!
* Ərazisində heç bir hərbi baza və bir nəfər də olsun əcnəbi əsgər yoxdur;
* Dövlət sərhədlərini özü qoruyur;
* Sərbəst, yalnız dövlətin və xalqın maraqları əsas tutulan daxili və xarici siyasət yürüdülür;
* Xalq öz təbii sərvətlərinin əsl sahibidir və onun rifahına uyğun istifadə edilir;
* Müstəqillik illərində formalaşan və dünyanın qəbul etdiyi İnkişafın Azərbaycan Modeli ölkə iqtisadiyyatının davamlı və düşünülmüş yüksəlişini təmin edir;
* Azərbaycançılıq ideologiyası cəmiyyətin birliyini və monolitliyini təmin edir;
* Azərbaycan qısa müddətdə idmanın inkişaf etdiyi ölkəyə çevrilmişdir;
* Özünə və tərəfdaşlarına fayda gətirən, dünyaya gərək olan transmilli layihələrin təşəbbüşçüsü, icraçısı və maliyyələşdirənidir;
* Avropanın enerji ilə təminatında etibarlı tərəfdaşlardandır;
* İqtisadi imkanlarını və siyasi gücünü artırmaqla artıq regional və qlobal mərkəzə çevrilib!
Müstəqillik illərində həll edə bilmədiyi bircə problem qalıb:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi!

20 faiz torpaqlarının işğalda qalması, bir milyondan çox qaçqın problemlərinin həlli müəyyən çətinliklər törətsə də, inkişafına əngəl törədə bilməmişdir. Səksəndən çox müasir tipli qaçqın şəhərcikləri salınaraq məcburi köçkünlərin yaşayış şəraiti əsaslı şəkildə yaxşılaşdırılmış, bütövlükdə onların yeni mənzillərə köçürülməsi prosesinin 2016-cı ilədək başa çatdırılması planlaşdırılmışdır.
Azərbaycan Dağlıq Qarabağ uğrunda savaşda müharibənin birinci mərhələsini uduzsa da, bütövlükdə və qalan sahələrdə qalib sayılır, onun uğur və nailiyyətləri hamı tərəfindən etiraf edilir.
Deyilənləri sübut etmək üçün beynəlxalq qurum və təşkilatların rəsmi sənədlərindən və statistik hesabatlarından kifayət qədər rəqəmlər gətirmək mümkündür. Ancaq görünənlər o qədər nəhəng və əhatəlidir ki, buna ehtiyac duymuruq. Xüsusilə ordu quruculuğu sahəsində. Hər il Azərbaycan Ordusuna Ermənistanın dövlət büdcəsindən iki dəfədən də çox vəsait ayrılır!
Hərbi əməliyyatların birinci mərhələsində "qalib" sayılan Ermənistanın məğlubiyyətini isə hətta artıq onların özləri, ağıllı və uzaqgörən siyasətçiləri də etiraf etməyə başlayıblar.
Həm də bu etiraflarda reallığın dərki və böyük ümidsizlik duyulur!
1991-1997-ci illərdə Ermənistanın prezidenti Levon Ter-Petrosyanın xüsusi tapşırıqlar üzrə səfiri işləmiş, hazırda ABŞ-da yaşayan tarixçi-professor Jirayr Liparityan:
"...Münaqişə həllini tapmadıqca ölkəmiz daha da zəifləyəcək, iqtisadiyyat dağılacaq, vergi bazası məhv ediləcək. Bu gün cavanlarımız qazanc dalınca xarici ölkələrə üz tutur. Buna görə isə ordu zərər çəkəcək. Ermənistan bir neçə səviyyədə böhran içərisindədir. Sanki biz kor olmuşuq, haradan gəlib hara gedəcəyimizi bilmirik".
"...Heç kim - nə ABŞ və Rusiya, nə də Fransa və İran indiyədək deməyib ki, sərhədlərin dəyişdirilməsini, Dağlıq Qarabağın müstəqilliyini tanımaq istəyir... Ən betəri odur ki, vaxt ötdükcə biz danışıqlarda yerimizi, ümumiyyətlə, sözümüzün çəkisini itiririk".
Ermənistan Kommunist Partiyasının yetkilisi Andranik Qukasyan:
"Ermənistanda dərinləşən ağır sosial-iqtisadi durum ona gətirə bilər ki, müharibə başlasa, 1992-1994-cü illər qələbəsi təkrarlanmaya bilər".
"Əgər insan yalnız bir qarın çörək haqda düşünürsə, o, artıq öz ölkəsinin sərhədləri barədə fikirləşə bilməz".
Erməni politoloqu Arbak Xaçaturyan:
"Rəsmi İrəvan heç bir diplomatik addım atmır, siyasi gedişlər etmir, ona görə də sadəcə susaraq Əliyevin məktubunu dinləməyə məcbur olur. Əgər Astanada Sərkisyan Nazarbayevə cavab versəydi, nələrin olacağını təsəvvür etmək çox çətindir. Hələ indiyə qədər Ermənistan Qarabağın suverenliyini tanımadığından dəhşətli dərəcədə pis vəziyyətə düşüb. Ona görə də belə məktublar və susmalar hələ çox olacaq. Bu, hələ başlanğıcdır. Ermənistan öz mövqeyini tamamilə itirib".
Əslində, bu fikirlər Azərbaycan oxucusu üçün yeni deyil və Azərbaycan dövlətinin yeritdiyi blokada və təcridetmə siyasəti Ermənistanı artıq özlərinin də etiraf etdikləri acınacaqlı duruma salmışdır.
Bir məqama da toxunaq: Ermənistan hələ itirəcəklərinin hamısını itirməyib:
* Perspektivsiz ölkə;
* Heç kəsin marağını cəlb etməyən dövlət;
* Daim qonşularına qarşı ərazi iddiasında olan;
* Büdcəsini ianələr hesabına doldurmaq üçün daim qapı-qapı düşərək əl açan, yardım kampaniyaları keçirən;
* "Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan;
* Qondarma "erməni soyqırımını" qəbul etdirməyi milli məqsədə çevirən!
Bütün bunlar tarixin yaratdığı şansdan istifadə edərək müstəqilliyə qovuşmaq əvəzinə kiminsə forpostuna çevrilməyi üstün tutan Ermənistanın müasir imicini formalaşdıran xarakterik cizgilərdir.
Hələ biz də elə hesab etmirik ki, Ermənistan itirə biləcəklərinin hamısını itirib. Söhbət təkcə strateji obyektlərinin başqalarına satılmasından, iqtisadiyyatının pozulub dağılmasından, millətin yoxsul, səfil vəziyyətinə düşməsindən getmir. Əslində, bütün bunlar çox mühüm itkilər sayılır.
Əsl fəlakət isə "dalan dövlətə" çevrilərək bir küncdə qalmaq, millətin imkanlarını mümkün olmayan məqsədin həyata keçirilməsinə səfərbər etməkdir. Başqa bir məsələ isə dövlət başçılarının, siyasətçilərin öz millətlərini öz istək və karyeralarının girovuna çevirməkdir.
R.Koçaryan və S.Sarkisyan Ermənistanda hakimiyyətə "Qarabağ kartı" ilə gəliblər. Azərbaycan torpağı olan Qarabağı ələ keçirmək üçün təkcə azərbaycanlıların yox, öz millətlərinin də qanını axıdıblar. Bu gün onların nə irəliyə, nə də geriyə yolları var! Belə ki, Dağlıq Qarabağın müstəqilliyini tanımaq, yaxud onu Ermənistana birləşdirmək iqtidarında deyillər!
Bu, heç mümkün olan məsələ də deyil!
Qarabağdan imtina etsələr isə həm hakimiyyəti tərk etməli, həm də axıdılan qanlara və milləti saldıqları fəlakətli günlərə görə cavab verməlidirlər!
Artıq bunu Ermənistanda çoxları başa düşüb!
Keçmişdə Azərbaycan vətəndaşı olan ermənilər də nə itirdiklərinin fərqindədirlər!
Onlar da qısa müddətdə iqtisadi sıçrayış etmiş Azərbaycanın imkanlarından bəhrələnə bilərlər.
Amma Ermənistanda hakimiyyətdə olan "Qarabağ klanı" buna imkan vermir.
Azərbaycanın iqtisadi və siyasi gücünün artması, ordusunun modernləşərək qüvvətlənməsi də nəzərə alınmalı faktorlardandır!
Əslində, Ermənistanın indiki "qələbəsi" onu bütövlükdə ağır məğlubiyyətə düçar edib!
Bəs sonrası necə olacaq?
Əslində, sonrası və sonu görünmür bu məğlubiyyətin!
Ortalıqda səfil Ermənistan və xarabaya çevrilərək inkişafdan qalan, vətəndaşları ölkəni sürətlə tərk edən forpost dövlət var!
Bir də bütün parametrlər üzrə sürətlə inkişaf edərək qlobal dövlətə çevrilmək ərəfəsində olan Azərbaycan!
Azərbaycan Prezidenti cənab İlham Əliyev 28 May - Respublika Günü münasibətilə rəsmi qəbulda söylədiyi nitqdə Ermənistanın yeganə qurtuluş yolunun nədən ibarət olduğunu açıq şəkildə bildirib:
"Nə qədər ki, Ermənistanın rəhbərliyində kriminal, korrupsiyalaşmış diktatura rejimi varsa, o qədər də tez Ermənistanın vəziyyəti daha da ağır olacaq. Ona görə əgər erməni xalqı qonşularla mehribanlıq şəraitində yaşamaq istəyirsə, ilk növbədə, kriminal, qaniçən, qanunsuz rejimdən imtina etməlidir, onları tarixin arxivinə göndərməlidir. Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır ki, bir qədər nəfəs ala bilsin. Əks təqdirdə, bu ölkənin taleyi çox qaranlıq olacaqdır".


Zaman "məğlub" tərəfin xeyrinə işləyir!
Atəşkəsin tez-tez pozulduğu və bitməyən müharibənin birinci mərhələsində məğlubiyyətə uğrayan Azərbaycanın xeyrinə!
Cənubi Qafqazın ən güclü dövləti sayılan Azərbaycanın xeyrinə!


Bəxtiyar SADIQOV 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !