Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyi Qubada böyük təntənə ilə qeyd olunmuşdur -

Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyi Qubada böyük təntənə ilə qeyd olunmuşdur

İyunun 20-də Qubada görkəmli yazıçı, alim və ictimai xadim Abbasqulu Ağa Bakıxanovun 220 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilmişdir.
Tədbirdə müvafiq dövlət strukturlarının təmsilçiləri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri əvvəlcə Abbasqulu Ağa Bakıxanovun Amsar kəndində yerləşən ev- muzeyini ziyarət etmişlər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Quba şəhərindəki Yaşıl Teatrda keçirilən yubiley tədbirində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar nazirlik müvafiq dövlət strukturları ilə birgə geniş tədbirlər planı hazırlamışdır. Abbasqulu Ağa Bakıxanovun zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açan Vaqif Əliyev görkəmli ictimai xadimin tarix elminə və ictimai həyata, Azərbaycan maarifçiliyinə verdiyi töhfələrin, xüsusilə gənclər arasında yaydığı maarifçilik ideyalarının əhəmiyyətini vurğulamışdır.
Qeyd olunmuşdur ki, 1794-cü il iyunun 21-də Bakı şəhərinin yaxınlığındakı Əmircan kəndində anadan olmuş Abbasqulu Ağa Bakıxanov Azərbaycan elminin tarixində mühüm rolu olan böyük alimlərdəndir. O, "Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri ilə böyük şöhrət qazanmışdır. Bakıxanovun dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri onun hərtərəfli biliyə malik alim olduğunu göstərir.
Abbasqulu Ağa Bakıxanov pedaqoji məsələlərlə də məşğul olmuş, uşaqların və gənclərin tərbiyəsi ilə bağlı bir sıra əsərlər yazmışdır. Görkəmli mütəfəkkirin əsas əxlaqi-fəlsəfi əsəri hesab edilən "Təhzibül-əxlaq"da cəmiyyət haqqında fikirlər bir sistem şəklində şərh edilmiş, gənclər arasında nəcib əxlaq normaları, onun gözəl cəhətləri təbliğ edilmişdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan və Dağıstan xalqlarının tarixinə aid olan "Gülüstani-İrəm" Abbasqulu Ağa Bakıxanovun ən böyük elmi əsəridir. Müəllif bu əsərini yazarkən bir neçə dəfə arxeoloji tədqiqat işləri aparmış, tarixi abidələrdən, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, "Avesta"dan, gürcü və ləzgi salnamələrindən, çoxlu Şərq mənbələrindən, özündən əvvəlki bir çox alimlərin əsərlərindən istifadə etmişdir. Azərbaycan və rus dillərində nəşr edilmiş bu əsər sonrakı dövrdə yaşayan tarixçilərimizin stolüstü kitablarından biri olmuşdur. Abbasqulu Ağa Bakıxanov 1847-ci ildə Məkkə şəhərində vəba xəstəliyindən vəfat etmişdir.
Yubiley tədbirində Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və başqaları Abbasqulu Ağa Bakıxanovun həyatı və fəaliyyəti, onun tarix elminin inkişafında rolu haqqında maraqlı məruzələrlə çıxış etmişlər.
Yubiley tədbirinin sonunda A.A.Bakıxanovun şeirlərinə bəstələnmiş mahnılar ifa olunmuşdur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !