Abbasqulu Ağa Bakıxanovun yubileyi respublika ictimaiyyətinin iştirakı ilə Qubada böyük təntənə ilə qeyd olunacaq -

Abbasqulu Ağa Bakıxanovun yubileyi respublika ictimaiyyətinin iştirakı ilə Qubada böyük təntənə ilə qeyd olunacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi müvafiq dövlət strukturları ilə birgə tədbirlər planı hazırlamışdır.
Tədbirlər planı əhatəlidir və Abbasqulu ağa Bakıxanov irsini dərindən öyrənmək, yaşatmaq üçün geniş imkan yaradır.
Tədbirlər Planına əsasən 20 iyun 2014-cü ildə saat 12:00-da Quba rayonunda Yaşıl teatrda görkəmli yazıçı, alim və ictimai xadim Abbasqulu Ağa Bakıxanovun 220 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.
Bir çox tanınmış elm və mədəniyyət xadimlərinin, müvafiq dövlət strukturlarının və ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi tədbirdə Abbasqulu ağa Bakıxanovun zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq.
Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakı şəhəri yaxınlığında Əmircan kəndində anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən idi.
Abbasqulu ağa Bakıxanov Azərbaycan elminin tarixində mühüm rolu olan böyük alimdir. "Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri ilə böyük şöhrət qazanmışdır. Abbasqulu ağa Bakıxanovun dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri onun hərcəhətli bir alim olduğunu göstərməkdədir. Onun birinci elmi əsəri fars dilinin qrammatikasına aid yazdığı "Qanuni-Qüdsi" əsəridir.
Abbasqulu ağa Bakıxanov pedaqoji məsələlərlə də məşğul olmuş, uşaqların və gənclərin tərbiyəsi ilə bağlı bir sıra əsərlər yazmışdır. Görkəmli mütəfəkkir özünün əsas əxlaqi-fəlsəfi əsəri hesab edilən "Təhzibül-əxlaq" əsərində cəmiyyət haqqında fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını, onun gözəl cəhətlərini təbliğ edir.
Azərbaycan və Dağıstan xalqlarının tarixinə aid olan "Gülüstani-İrəm" Abbasqulu ağa Bakıxanovun ən böyük elmi əsəridir. Müəllif bu əsərini yazarkən bir neçə dəfə arxeoloji tədqiqat işləri aparmış, tarixi abidələrdən, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, "Avesta"dan, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, özündən əvvəlki bir çox alimlərin əsərlərindən istifadə etmişdir.
Azərbaycan və rus dillərində nəşr edilmiş bu əsər sonrakı dövrdə yaşayan tarixçilərimizin stolüstü kitablarından biri olmuşdur O, xalqımızın əsasən islamın meydana gəlməsindən tutmuş 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan sülh müqaviləsinə qədərki tarixi dövrü tədqiq və təhlil etmək işində mühüm mənbələrdən biridir
O, 1947-ci ildə Məkkə şəhərində vəba xəstəliyindən vəfat etmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !