Azərbaycanda ilk dəfə olaraq milli qolf turniri keçirilir - FOTO

Azərbaycanda ilk dəfə olaraq milli qolf turniri keçirilir FOTO

İyunun 7-də Azərbaycan Qolf Federasiyasının və Milli Qolf Klubunun birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq milli qolf turniri başlamışdır.
AzərTAc xəbər verir ki, Quba şəhərində keçirilən turnirdə Azərbaycan vətəndaşları, ölkəmizdə əmək fəaliyyəti göstərən əcnəbilər, eyni zamanda, xarici ölkələrdən gəlmiş qolf həvəskarları da iştirak edirlər.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu mötəbər turnirin əsas məqsədi qolfçular üçün maraqlı və rəqabətli yarış təşkil etmək, ölkəmizdə təzəcə ayaq açan bu idman növünü daha geniş kütləyə çatdırmaq və Azərbaycanı yeni qolf ölkəsi kimi dünyaya təqdim etməkdən ibarətdir.
Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov turniri açıq elan edərək bütün iştirakçılara uğurlar diləmişdir. Federasiya rəhbəri bildirmişdir ki, Azərbaycanda keçirilən belə mötəbər turnirlər qolfun inkişafında mühüm əhəmiyyət daşıyır. Qeyd olunmuşdur ki, gənc nəslin bu idman növünə marağını daha da artırmağa xidmət edən bu turnir, eyni zamanda, Azərbaycanı dünya qolf ictimaiyyətinə tanıdacaqdır.
Turnir 18 dəlikli “Mixed Stroke Play” formatında təşkil olunmuşdur. Bir mərhələdən ibarət olan turnirdə müxtəlif “handicap” göstəricisinə malik olan həvəskar qolfçular iştirak edirlər. Turnirə qatılmış 50 oyunçudan 6 nəfəri həvəskar xanım qolfçudur. Oyunçuların uğurlu iştirakı üçün təşkilatçılar tərəfindən bütün şərait yaradılmışdır. İştirakçılara turnirdən iki gün əvvəl təlim günləri təyin edilmiş, eyni zamanda, turnir iştirakçılarının rahatlığı üçün xüsusi nəqliyyat vasitələri ayrılmışdır.
Turnirdə I, II, III yerləri qazanmış oyunçular kubok və müxtəlif mükafatlarla təltif olunacaqlar.
Yarışda iştirak edən oyunçuların ödədikləri qeydiyyat haqları isə xeyriyyə məqsədləri üçün istifadə ediləcəkdir. Başqa sözlə, əldə edilən gəlir “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyinin dəstəyi ilə əlilliyi olan uşaqlar üçün əlil arabalarının alınmasına sərf olunacaqdır.
Proqrama daxil olan digər xeyriyyə tədbiri isə “Nargis Fund” və “Olive Project” tərəfindən təşkil olunmuş xeyriyyə hərracıdır. Hərrac üçün “YAY” Gallery müasir incəsənət kommersiya təşkilatı və “Vault Prive” butiki öz əşyalarını təqdim etmişlər. Hərraca təqdim olunmuş incəsənət əsərləri arasında – rəsm, heykəltəraşlıq nümunələri və kişi aksessuarları da vardır. Hərracdan əldə edilmiş gəlir “Nimann Pik” adlanan genetik xəstəliyin Azərbaycanda yeganə daşıyıcısı olan azyaşlı Şəhriyar Əliyevin müalicəsi üçün sərf olunacaqdır.
Milli qolf turnirinin qalib üçün ayrılmış əsas mükafat “BMW X1” markalı avtomobildir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !