Çingiz FƏRƏCOV : - Sevgili gözəl Şuşam, dərdim, kədərim Şuşam ( YENİLƏNDİ )

Çingiz FƏRƏCOV : Sevgili gözəl Şuşam, dərdim, kədərim Şuşam ( YENİLƏNDİ )

 Ağabəyim ağa Şuşa, Qarabağ həsrətilə yaşayırdı. Deyilənə görə, o, dünyasını dəyişəndə Qarabağda dəfn olunmasını vəsiyyət etmişdi. Qum şəhərindəki məzarlıqda dəfn olunan Ağabəyim ağanın cənazəsinin qalığını dayısı qızı Natəvanın uyuduğu imarətə köçürülməsi ölkədə böyük rəgbətlə qarşılanır.
Mirzə Xosrov müəllim şairə Natəvan barədə böyük məhəbbətlə danışırdı. O, dəfələrlə Natəvanı görmüş və onun dəfnində iştirak etmişdi.
Mirzə Xosrov müəllim deyərdi:
- Natəvan xanım-xatın qadın idi. Evdə təhsil alsa da, öz səcərəsinə uyğun davranırdı.
Bəzi mənbələrdə göstərilir ki, Natəvan 15 yaşında knyaz Xasay Usmiyevə ərə getmişdir. Bu versiya həqiqətə uyğun deyildir.
Keçən əsrin 50-ci illərində yaşlı şuşalılar xatırlayırdılar. Xurşudbanu anası Bədircahan bəyimlə birlikdə ata torpaqlarının müsadirə edilməsi ilə əlaqədar Qafqaz canişini M.S.Vorontsovun yanına - Tiflisə getmişdi. O, burada knyaz Xasay Usmiyevlə tanış olmuşdur. Bir çox mənbələrdə göstərildiyi kimi, Natəvanın 15 yaşında knyaza ərə getməsi fikri düz deyildir. O, ərə gedərkən 18-20 yaşlarında yetkin bir qız idi.
Natəvan qızların erkən ərə verilməsinin əleyhinə idi. Danışırdılar ki, Zarıslı kəndində 10 yaşlı bir qızı atası yaşda kişiyə ərə vermişdilər. Natəvan bu hadisəni rəncidə qarşılamış və qızın valideynlərini yanına çağıraraq məzəmmət etmişdi.
Bu bir həqiqətdir ki, şuşalılar, ümumiyyətlə qarabağlılar xan qızının knyaz Xasay Usmiyevə ərə getməsini normal qəbul etmir və ona, anası Bədircahan bəyimə soyuq münasibət bəsləyirdilər. Onlar bunu yaxşı duyur və yaxşı hiss edirdilər.
Knyaz ləyaqətli bir şəxs olsa da, Şuşada hamı onu ləzgi millətindən olan bir şəxs kimi tanıyırdı. Natəvan isə knyaz Xasay Usmiyevi çox sevirdi və rəsmi olaraq Usmiyeva soyadını qəbul etmişdi.
Natəvanın yaxın qohumları bu izdivaca düşmən münasibəti bəsləyirdilər. Məşhur şair Qasım bəy Zakir və onun nəvəsi şair Abdulla Asi Qarabaği Natəvana həcv yazmışdılar. Qasım bəy Zakirin və onun nəvəsi Abdulla Asinin bu hərəkətləri M.F.Axundova və S.Ə.Şirvaniyə xoş gəlməmiş və onlar Qasım bəy Zakirə məktub yazaraq Natəvandan əl çəkmələrini məsləhət görmüşdülər.
Xan qızı knyaz Xasay Usmiyevlə ailə qurduqdan sonra onların övladları gec olmuşdur. 1858-ci ildə Natəvan anası və Xasayla birlikdə Bibiheybət məscidinə gəlmiş və məscidə övladlarının olması üçün nəzir qoymuşlar.
Xan qızı məscidi ziyarət edərkən niyyət etmişdir: "Allah mənə övlad versə, məscidin ətrafındakı yollara daş döşətdirəcəyəm".
Elə olur ki, bir ildən sonra onların oğul övladları dünyaya gəlir və onun adını Mehdiqulu qoyurlar. Natəvan niyyətini həyata keçirir və məscidin ətrafındakı yollara daş döşətdirir.
Bakıda olarkən xan qızı böyük Fransa yazıçısı Aleksandr Düma ilə tanış olur.
Qarabağlıların və xüsusilə şuşalıların knyaz Usmiyevə münasibətləri çox soyuq və gərgin olmuşdur. Hamı ona "kor Xasay" deyirdi. Bu ləqəb knyaz Xasayın sağ gözündə ağ pərdənin olması ilə əlaqədar olmuşdur.
Həm Natəvan, həm də knyaz Xasay bu səbəblərə görə şuşalıların toy və yas mərasimlərində təsadüfi hallarda iştirak edirdilər.
33 yaşında vəfat etmiş, o vaxtlar məşhur şair kimi tanınan Qasım bəy Zakirin nəvəsi Abdulla bəy Asi Qarabaği öz yaxın qohumu Natəvanın o vaxtlar ləzgi kimi qələmə verilən knyaz Usmiyevə ərə getməsini heç cür həzm edə bilmirdi.
Hər addımbaşı knyaza söz atır və onu təhqir edirdi. Xasiyyətcə çılğın bir adam olan knyaz isə belə təhqirlərə mərdliklə dözürdü.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, şuşalılar şairliyə lazım olan hər şeyi əxz etmiş Abdulla bəy Asini və Məşədi Əyyub Bakini çox sevirdilər. Onların hər ikisi gözəl qəzəllər yazırdı.
Mir Möhsün Nəvvabın təzkirəsində qeyd edilir ki, 1841-ci ildə doğulan və 1874-cü ildə vəfat edən Abdulla bəy Asi Qarabaği şux və incə zövqlü bir cavan idi. Farsca da savadı var idi. 1.400 şeir yazmışdı. O, tez-tez Nəvvabın yanına gedər və ondan məsləhət alardı. Asinin bacısı oğlu, maarifpərvər Məşədi Səməd bəy onun vəfatı ilə əlaqədar şeir də yazmışdı.
Şair Məşədi Əyyub Baki də cavankən rəhmətə getmiş, 25 yaşında dünyasını dəyişmişdi. Mir Möhsün Nəvvab Məşədi Əyyub Baki haqqında yazırdı: "O, zəif bədənli, xoşsurət, saf əhvallı, şən, zarafatcıl, xoşsöhbət bir cavandır. Bütün söz, söhbəti zarafatla doludur, azyaşlı olmasına baxmayaraq, ardıcıl, xoş nitqi, çətin və duzlu şeirləri və müxtəlif qəzəlləri var".
Məşədi Əyyub Baki ilə bağlı maraqlı bir epizodu yada salmaq istəyirəm.
Ustad xanəndə, Şərqdə muğam dəstgahlarını ifa edən ilk qadın sənətkar, səhnəmizin lirik Leylisi, respublikanın xalq artisti Sara xanım Qədimova bütün respublikada qəzəlxan kimi tanınırdı. Bir çox kişi xanəndələr çox vaxt Sara xanımdan qəzəl alır, əzbərləyir və ifa edirdilər. O, 500-dən çox qəzəl bilirdi.
Keçən əsrin 60-cı illərində ulu öndər Heydər Əliyevin iştirak etdiyi tədbirlərin birində Sara xanım "Segah" muğamında Məşədi Əyyub Bakinin aşağıdakı qəzəlini oxumuşdur:

Deyin o yara, edir aşiqin səfər, gəlsin,
Şikənci-əqrəb ara gizlənir qəmər, gəlsin.

Ölüm yetibdi, səba, az qalıb fədası olam,
Sölə ki, başımın üstə o didə tər gəlsin.

Gül üzlülər nə ki var, dövrəmə urub halə,
Gözəllər icrə o yarı gözüm gəzər, gəlsin.

Nə Kəbə, qiblə bilib, döndəribdilər üzümü,
O taği-qaşına, billah, üzüm dönər, gəlsin.

Şəhadətin yerinə adın əzbər eyləmişəm,
Təqafül eyləməsin vəqt kim, keçər, gəlsin.

Bu həsrət ölməyimə olmasın, deyin, razı,
Görüm üzünü, verim can, yenə gedər, gəlsin.

Gərək məni öz əlilə bu gün məzara goya,
Şikəstə Baki ölür, eyləyin xəbər, gəlsin.

Sara xanım Azərbaycan Tibbi İnstitutunda Zərifə xanımla bir qrupda oxumuşdur. Ona görə də Əziz Əliyevin bütün ailə tədbirlərində Sara xanım iştirak edirdi. Ulu öndər Heydər Əliyev buna görə Sara xanıma çox hörmət bəsləyirdi.
Heydər Əliyev qəzəlin kimin olduğunu soruşanda, Sara xanım Əyyub Baki haqqında ona məlumat vermişdi. Sara xanım xatırlayırdı: "Mən şair Bakinin 25 yaşında vərəm xəstəliyindən vəfat etdiyini deyəndə Heydər Əliyevin gözlərinin yaşardığını hiss etdim".
Bu hadisədən 21 il keçmişdir. Heydər Əliyev Molla Pənah Vaqifin məqbərəsini açmaq üçün Şuşaya getməyə hazırlaşırdı. O, Azərbaycan KP Mərkəzi Komitəsinin katibi olan Kamran Bağırova tapşırıq verir. "Sara xanım Qədimovanı tapın, 1961-ci ildə onun ifa etdiyi Məşədi Əyyub Bakinin qəzəlini alıb mənə verin".
Bu iş o vaxtlar Mərkəzi Komitədə işləyən Xeyrulla Əliyevə tapşırılmışdı. Xeyrulla müəllim Sara xanımla əlaqə saxlayıb, Bakinin bu qəzəlini ondan almış və ulu öndərə vermişdir.
Sonralar mənə danışdılar ki, Heydər Əliyev bu qəzəli Şuşadakı tədbirlərin birində əzbər demiş və qarabağ şairlərindən söhbət açmışdır.
Mətləbdən uzaqlaşmayaq. Natəvan xeyirxah bir qarabağlı qızı idi. Yaşlı şuşalılar xatırlayırdılar ki, o, kasıb-kusuba əl tutur, kömək edirdi. Tez-tez ehsanlar verərdi. Cənnət kimi bir bağ saldırmışdı. Mirzə Xosrov Axundovun dediklərindən: "Natəvan orta boylu, arıq, zəif, lakin gözəl bir qadın idi. Onda həkimlik qabiliyyəti də var idi. Qohum-qonşu xəstə uşaqlarını onun yanına gətirər, Natəvan isə türkəçarə yolu ilə onları müalicə edərdi. Şuşaya su çəkdirməsi Natəvanın şan-şöhrətini xeyli artırmışdı. Hətta bəzi erməni varlıları buna görə Natəvana qısqanır və onlar da birləşib Şuşanın ermənilər yaşayan hissəsinə su çəkdirmişdilər".
Şuşalılar Natəvanı böyük məhəbbətlə sevirdilər. Gənc yaşlarından Natəvanın həyatı əzablı olmuşdur. Knyaz Xasayın Şuşadan çıxıb getməsi, onun faciəli ölümü, dedi-qodular, əsassız söz-söhbətlər şairi yorur, əldən salırdı. O, tez-tez xəstələnirdi. "Natəvan" təxəllüsü elə-belə, təsadüfən seçilməmişdi. 17 yaşlı Mirabbas adlı oğlunun ölümü anasını dəli-divanə etmişdi. Natəvan oğlunun vəfatı ilə bağlı qəzəllərdə yazmışdı:

Varımdı sinədə dərdü ğəmi-nihan, ölürəm,
Fəda olum sənə, gəl eylə imtəhan ölürəm.

Fəraqdən tükənib tabü taqətim, billah,
Vüsalə yetməz əlim, zarü Natəvan, ölürəm.
Və yaxud:
Zəmanə saldı əcəb möhnətü məlalə məni,
O mahrudən uzaq verdi qəm zəvalə məni.

Sən nə qədr dedim: Rəhm qıl mənə, getmə,
Gəl, indi gör ki, fəraqın salıb nə halə məni!

Mir Möhsün Nəvvab Natəvana qayğı ilə yanaşırdı. Tez-tez onun hal-əhvalını soruşardı. Natəvanın Nəvvaba aşağıdakı şeiri minnətdarlıq hissi ilə yazılmışdır:

Əya, Nəvvab, valayi-süxəndan,
Yetişdi naməniz, dilşad oldum.

Qəmü dərdim firavan idi, amma
Xərab olsam da gər, abad oldum.

Unutma sən duadan Natəvanı,
Əlilü naxoşü əfsürdəcanı.

Cənabından səva yoxdur gümanı,
Əgər yaddan çıxam, bərbad oldum.

Böyük bəstəkarımız Üzeyir Hacıbəylinin Xurşudbəyim Nətavana böyük hüsn-rəğbəti vardı. O, şairin yaradıcılığını mükəmməl bilirdi. "Leyli və Məcnun" operasının sonuncu pərdəsində Leylinin ölümü səhnəsində aktyorun ifa etməsi üçün Füzulinin "Leyli və Məcnun" poemasında bu səhnəyə uyğun şeir olmadığı üçün hamı narahat idi. Ertəsi gün Üzeyir Hacıbəyli məşq otağına gəlib, sevincək deyir:
- Tapdım. Natəvanın "Ölürəm" rədifli qəzəli var. Leylinin ölüm səhnəsinə tamamilə uyğundur. Həmin qəzəli operaya daxil etmək olar.
Hələ Üzeyir bəyin sağlığı dövründən başlayaraq bugünədək Leyli rolunun bütün ifaçıları Leylinin ölüm səhnəsində Natəvanın "Ölürəm" rədifli qəzəlinin bir neçə sözünü dəyişərək onu oxumağa başladılar:

Vardı sinəmdə dərdü-qəmi-nihan ölürəm,
Fəda olum cənə, gəl eylə imtahan, ölürəm.
Bahari-hüsnün ara gör necə xəzanam mən,
Bahar laləsi tək bağrım oldu qan, ölürəm.

Natəvan 65 yaşında vəfat etmişdir. Mirzə Xosrov Axundovun söhbətlərindən: "Natəvanın ölümü bütün Qarabağı silkələdi. Şuşalılar tələb edirdilər ki, şair Şuşa qəbiristanlığında basdırılsın. Natəvanın qohum-əqrəbası isə onun atasının yanında - Ağdamda, İmarətdə basdırılmasını istəyirdilər. Baş meydanda adam əlindən tərpənmək mümkün deyildi. Şuşanın ağsaqqalları qərara aldılar: "Natəvanın cənazəsi Ağdamadək şuşalıların çiynində getməlidir". Belə də oldu. Natəvana Şuşanın çoxsaylı məhəllələrində ehsan verildi.
Azərbaycan xalqı öz xeyirxah şair qızının xatirəsini bu gün də əziz tutur.
Şuşa vətənimizin ən qədim şəhərlərindən biridir. Vətənimizi, xalqımızı Şuşasız təsvir etmək qeyri-mümkündür. Hər bir azərbaycanlı Şuşanın tezliklə alınacağına ümid bəsləyir.
Allah eləsin, bu ümid çin olsun.

Çingiz FƏRƏCOV,
"Qızıl qələm" mükafatı laureatı

 

***

 

Ermənilər Şuşanın füsunkar təbiətini və tarixi abidələrini talan etmişlər


 
Azərbaycanın musiqi beşiyi sayılan Şuşanın erməni silahlı birləşmələri tərəfindən işğalından 22 il keçir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ərazisinin 20 faizini meşələr təşkil edən şəhərin ümumi sahəsi 29 min 356 hektardır. Şəhərin ətrafındakı meşə və dərələrdə müalicə əhəmiyyətli mineral sular, dərman bitkiləri və çiçəklər geniş yayılmışdır. Ən iri mineral su bulaqları Turşsu və Şırlandır. 1988-ci ildə Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən 450 hektarlıq Daşaltı Dövlət Təbiət Yasaqlığını ermənilər tamamilə məhv etmişlər. “Haça yal” adlanan sahədə əkilmiş və uzun illər becərilmiş palıd ağacları doğranılıb Ermənistana aparılmışdır.
ETSN-in “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i videoçəkilişlərə baxaraq, təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair yeni faktlar aşkarlamışdır. Müəyyən edilmişdir ki, yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından istifadə olunmuş, Topxana meşəsinin qoruq zonasında inşaat işləri aparılmışdır. Şəhərdə 200-ə yaxın müxtəlif növ iri diametrli çoxillik ağac, Zarıslı kəndində isə bütün ağaclar, o cümlədən məktəb həyətində olan dekorativ və meyvə ağacları kəsilmişdir.
Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 metr hündürlükdə yerləşən Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 metr olan “Xan Mağarası” da ermənilər tərəfindən amansızlıqla məhv edilmişdir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !