Surə Azəri : - Bu gecə yuxuma girmişdi Şuşa ... !

Surə Azəri : Bu gecə yuxuma girmişdi Şuşa ... !

Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı,Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı.
Uzadıb əlini Bakıya sarı,
Batdıqca günaha batın,-deyirdi.
Vətən xainləri,yurd satqınları,
Satın Qarabağı,satın,-deyirdi.
Gözündə yaş gördüm,yanağında nəm,
Cıdır düzündəki «Xarı bülbül»ün..
Dərdin sinəsində dağlandı sinəm,
Didərgin olmuşdu yarı bülbülün...
(Z.Yaqub)
Dağlıq Qarabağ! Azərbaycanın qərb bölgəsi və Azərbaycan xalqının yaralı yeri olan Dağlıq Qarabağ. Hansıki bu gün adını belə çəkməkdə çətinlik çəkdiyim dığaların tapdağı altında olan ərazi. Dağlıq Qarabağ adlandırdığımız bu el, bu oba vaxtilə Azərbaycanın musiqi akademiyası adlandırılmışdır. Xan Şuşinski, Arif Babayev, Qədir Rüstəmov bu musiqi akademiyasının ən bariz nümunələridir.Bu gün isə mövzumuz Şuşadır.Qarabağın tərkib hissələri - Əsgəran, Ağdam, Cəbrayıl, Kəlbəcər rayonlarının gözü olan Şuşadan danışacağam sizə. Hansıki eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində «ş» səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu «Şuşa»(şüşə – glass) adlandırmışlar.Şuşa şəhəri XVIII əsrin 50 ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşa kəndinin yaxınlığında abadlaşdırılıb yenidən salınmışdır. Xatırladım ki, daha öncə Şuşa Monqollar tərəfindən dağıdılmışdır. Qeyd etmək lazımdır ki, şəhərin ilk əvvəllər adı Pənahəli xanın şərəfinə Pənahabad belə adlandırılmışdır. Hər zaman öz gözəlliyini qoruyub saxlayan Şuşa İbrahimxəlilin xanın dövründə daha da çiçəklənmişdir. Şuşanın Cıdır düzü xüsusilə məşhurdur. «Cıdır düzü»ndən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır. «Xəzinə qala» adlandırılan mağara da burada yerləşirdi. Şuşa haqqında çox ədiblərimiz çox sözlər deyib. Bunlara misal olaraq Firidun bəy Köçərlini göstərmək olar. Şuşanı Zaqafqaziyanın Şirazı adlandıraraq Azərbaycan ədəbiyyatı kitabında yazmışdır: Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürafə, üdabə və şüarə vücuda gəlibdir. İlk xalq şairi adını almış Səməd Vurğun isə yazırdı: Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət qazanmışdır. Şuşa həm də mədəniyyət mərkəzidir. Azərbaycan dramaturqu Mirzə Fətəli Axundovun Azərbaycan dilində yazdığı ilk pyesler Tiflisdə, Bakıda və məhz Şuşada tamaşaya qoyulmağa başladı. Qarabağ musiqi akademiyasi adlandırıldığı kimi Şuşanı da Şərqin konservatoriyası adlandırırlar. Bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və drijorların vətənidir: Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov əslən Şuşalıdır. Adlarını sadaladığım vaxtilə Azərbaycanın belə görkəmli insanlarının olduğu bu incəsənət bu gün niyə bərbad gündədir bəs? Bu Şuşanın torpağı, Qarabağın havası iləmi əlaqəlidir?ya Bakı iləmi? İlk ifaçısı Xan Şuşinski olan «Şuşa» mahnısı kimi Azərbaycanın bir çox mahnıları olduğu bu incəsənətin bugünki nümayəndələri niyə «Şuşa»nı yaratmağı bacarmırlar? Ona görə ki onlar Şuşanın suyunu içməyiblər ? ya orada doğulmayıblar ? Әlbətdə başqa yerlərdə doğulan gözəl sənətkarlarımız olduqca çoxdur. Ancaq etiraf etmək lazımdır ki, əksəriyyət Qarabağ tərəfdəndir. Bir xalqın tarixi onun incəsənətindən başlayır. Düşmənlərin məhz Qarabağı zəbt etməsi bəlkə musiqimizi məhv etmək istəklərindən irəli gəlirdi? Ya onlar tarixi, gəzməli, görməli yerləri mənimsəmək istədilər? Axı onlar tarixən bizə, musiqimizə, tarixi yerlərimizə həmişə həsəd aparıblar. Yoxsa onlara fərqi yox idi bu Şuşadır yoxsa Qubadır? Onlar tarixən etdikləri adətlərini, ac gözlərini, oğru olduqlarını bir daha nümayiş etdirib davam etdirdilər ? Sadəcə onların olmayan bir əraziyə ***uldular. Onların Şuşanı bizdən alması ilə bizim mahnılarımız da getdimi? Bəs Şuşa hara getdi? Biz görəsən «başı dumanlı dağları» bir daha görə biləcəyikmi? Bunu bilmirəm bildiyim dəqiq bir şey var...nə qədərki Şuşa qayıtmayıb bizim incəsənətdən «Şuşinskiləri, Әmirovları» gözləmək absurd məsələdir. İncəsənəti, musiqimizi qoyuram bir qırağa. Bu başqa bir problemdir. Bəs Şuşanın özünü gözləyəkmi? qayıdacaqmı Şuşa ? Şuşa hara getdi ki? Əslində Şuşa getmiyib. O yerindədir. Sadəcə olaraq 8 may1992-ci ildə Şuşa Ermənistanın işğalçılıq siyasətinin qurbanı oldu.Şuşanın işğalı zamanı 200 nəfər şəhid, 150 nəfər əlil oldu, 552 körpə yetim qaldi, 22 minə yaxın insan qaçqın düşdu, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası,1200 yerlik internat və s. darmadağın edildi...Bu gün biz hamımız: «Biz Şuşanı istəyirik», «Şuşa bizə qaytarılmalıdır», «Şuşa bizimdir!» kimi ifadələr çox işlədirik və eşidirik. Başa düşürəm biz bunu istəyirik. Bəs qarşı tərəf bunu istəyirmi? Qarşı tərəf deyərkən mənfur düşmənlərimizi nəzərdə tutmuram. Şuşanın özü, o bizi istəyirmi? Bu körpə vaxtlarından oğlunun keşiyini çəkən, onu hər şeydən üstün tutan bir qocaman atanın oğlu tərəfindən 22 il heç halının sorulmadığı kimi bir aqibətdir. Oğlu ona qayıtsada, atası onu bağışlasa belə hər zaman qəlbində atıla bilər qorxusu qalacaqdır. Ancaq oğlunu bağışlamayan atalar da ola bilər və biz onları qınamamalıyıqda. Çünki biz illərdir əziyyətini çəkdiyimiz əzizlərimiz tərəfindən atılmamışıq axı onların hisslərini anlaya bilmərik...Görən Şuşa belə atalardandırmı? Yox! Yox əlbətdəki o bağışlamağı bacarar məncə. Ancaq bizdə ona qayıtmağa üz varmı?..Vaxtilə ağacının kölgəsində dincəldiyimiz Şuşanın son 22 ildə bir ağacını belə sulamamışıqsa bizim onun ağacının altında yenidən dincəlməyə üzümüz olacaqmı? Axı biz erməni deyilik axı bizim arımız var...lap deyək ki, arsızıq bunu edərikdə bəs Şuşa bizi onun təbiətindən yenidən dincəlməyə qoyacaqmı? Niyədə qoysun axı? Ancaq 8 mayda bir günlük vətənpərvər olan və özünü Şuşa üçün guya qurban verməyə hazır dayanan əslində isə onlar üçün canını fəda edən Şəhidləri heç tanımayan «igidləri» Şuşa niyə bağışlasın axı? Biz görmədiyimiz, bilmədiyimiz, havasını belə duymadığımız Şuşa üçün çox darıxırıq. Bizə bu belə öyrədilib. Biz darıxmalıyıq Şuşa üçün darıxmaq bizim borcumuzdur.Bu sanki doğum vaxtı öz anasını itirən körpənin ana qayğısı görmədən anasını özləməsi kimi bir şeydi. Ancaq bir gün cıxıb kimsə ona sənin anan var əslində yaşayır, sənin anan mənəm desə, o özlədiyi günləri belə unudacaq, donub qalacaq, ilk əvvəllər sevəcək sonra bu onun üçün adiləşəcək...Ancaq yox deyir gərək itirəsən ki nəyinsə dəyərini biləsən. Bu hər yerdə belədir. Biz Şuşanı bir dəfə itirdik o qayıtsa onu bir daha itirərik deyə qorxumuz hər an olacaqdır. Bu gün Azərbaycan o qədər inkişaf edib ki, deyil Şuşanı, İranı da, Turanı da alıb öz torpağına qatmağa qadirdir. Bu gün bizim ordumuzun gücü buna çatar. Bizim Şuşanı almağa gücümüz var! Ancaq üzümüz varmı? Lap elə o bizə qayıtsın biz xahiş minnətlə, yalvar-yaxarla özümüzü bağışladarıq ona o təki qayıtsın. Mən düsünürəm o bizi sevir, o bizim bircə bağışlakəlməmizi gözləyir.Ancaq bu mənim fikrimdi bəlkə ayaqları yoxdu bəlkə sındırıblar ? Ya bəlkə özü qayıtmaq istəmir? Bilmirəm bircə bildiyim bir şey var. Biz ona qayıtmalıyıq. Mən çox vaxt Şuşanı yuxuda görürəm fərqli-fərqli. Bir dəfə torpağını öpürəm, bir dəfə ona yalvarıram məni bağışlaması üçün əfv diləyirəm. Çoxunda isə onu küsülü görürdüm. Baxmırdı üzümə küsmüşdü məndən, bizdən. Ancaq bu gecə tam fərqli gördüm. Bu gecə Şuşa danışdı. Məni unutmayın dedi. Ana baladan küsə bilməz dedi. Mən sizi unutmamışam dedi. Nə qədər ki mən sizə yadlaşmamışam gəlin alın məni burdan gəlin təki gəlin, gəlin ki, bir olaq! Gəlin! Şuşanın «Gəlin alın məni bunların əlindən» cümləsi dağlar arasında əks səda verirdi.Hövsənək yuxudan oyandım. Səhər radioda «Çırpınırdı qara dəniz» mahnısı gedirdi. Azərbaycan bayrağını Qarabağdan asacağıq deyirdi mahnının sözləri. Bəli, inşallah asacağıq lazım gəlsə bu günə qədər verdiyimiz şəhidlərin iki mislini verəceyik ancaq asmalıyıq bayrağı ordan. Bizə gərək deyil bayrağımız ən uca dağlarda dalğalansın. Bizim ən uca dağımız elə Qarabağdır.

 
Surə Azəri
 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !