İxtiyar HÜSEYNLİ : - QARABAĞ SALNAMƏSİ

İxtiyar HÜSEYNLİ : QARABAĞ SALNAMƏSİ

Bizim siyasətimiz, gücümüz, imkanlarımız və qətiyyətimiz münaqişənin həlli gününü yaxınlaşdırır və danışıqlar çərçivəsində əldə edilmiş irəliləyiş Azərbaycanı qane edir. Biz buna nəyin hesabına nail olmuşuq? Yəni, həm beynəlxalq ictimaiyyətin, həm Ermənistan rəhbərliyinin güzəştlərə getməyə hazır olmasına nəyin hesabına nail ola bilmişik? Ancaq öz gücümüz hesabına. Ermənistan anlayır ki, artıq Azərbaycan güclü dövlətə çevrilibdir. Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənir, Azərbaycan Avropa təhlükəsizliyi üçün, enerji təhlükəsizliyi üçün əvəzolunmaz ölkəyə çevrilir. Azərbaycan iqtisadi artıma görə dünyada birinci yerdədir. Azərbaycan ordu quruculuğunu gücləndirir, orduya ayrılan vəsait bizim imkanlarımızı, gücümüzü artırır. Ermənistan tərəfi bunu bilir və bununla hesablaşmağa məcburdur. Vaxt bizə işləyir. Biz danışıqlar prosesini davam etdirəcəyik, öz mövqeyimizdən dönməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil, olmayıb və olmayacaqdır.

İlham ƏLİYEV



Azərbaycana qarşı elan olunmamış və artıq 26 ildir davam edən müharibə 1991-ci ildən daha qanlı faciələr, ağır fəsadlarla müşayiət olundu. Moskvadakı havadarlarının təhriki ilə SSRİ Silahlı Qüvvələrinin Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələrinin hərbi və canlı qüvvələrindən öz işğalçılıq planlarında istifadə edən ermənilər, bu, azmış kimi, xarici ölkələrdən də kütləvi şəkildə hər cür yardım alırdılar. Bir məqama diqqət yetirək: 1997-ci ilin əvvəllərində Rusiyadan Ermənistana qanunsuz olaraq dəyəri 1 milyard ABŞ dollarından çox olan müasir silahların verilməsi faktı üzə çıxdı və məlum oldu ki, Rusiyada bəzi qüvvələr bu silahları 1992-ci ildən göndərməyə başlamış və Azərbaycan ərazilərinin işğalına şərait yaratmışlar.



Əsrin faciəsi - Xocalı soyqırımı



Bir sözlə, M.Qorbaçovun əmrinə uyğun olaraq Ə.Vəzirov və A.Mütəllibov tərəfindən adi ov tüfəngi də müsadirə olunan azərbaycanlı əhali ən müasir silah-sursatla təchiz edilən, yüksək təlim keçən rus-erməni hərbi birləşməsi ilə üz-üzə qalmışdı. 1992-ci ilin ilk günlərindən etibarən Dağlıq Qarabağın azərbaycanlılar yaşayan məntəqələrinin işğalına başlanıldı. 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu. Bu itkilər Xocalı və Şuşanın mühasirə dairəsinin daha da daralmasına şərait yaratdı.
Bu vaxt Azərbaycan Silahlı Qüvvələrinin Daşaltıda apardıqları hərbi əməliyyat da uğursuzluqla nəticələndi. Bir müddət sonra Qaradağlı kəndini də ələ keçirən separatçılar 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı aktı törətdilər. Xocalı faciəsi zamanı 613 nəfər (o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca) öldürüldü, 1000 nəfər əlil oldu, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Soyqırımı baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-nin taleyi hələ də məlum deyil.
1992-ci ilin mayında Şuşanın süqutu ilə faktiki olaraq bütün Dağlıq Qarabağın ərazisi işğal edildi. Laçının işğalı ilə isə Ermənistandan Dağlıq Qarabağa dəhliz açıldı və bu "humanitar dəhliz", əslində, qanlı körpüyə çevrildi. Laçın vasitəsilə qısa zamanda külli miqdarda silah, döyüş sursatı, hərbi qüvvə əldə edən ermənilərin daha sonra işğal etdikləri Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ərazisi (17 min kv.km) Dağlıq Qarabağın ümumi ərazisindən (4400 kv.km) dörd dəfə böyük idi. Ümumiyyətlə, Ermənistanın işğalçı hərbi dəstələri Azərbaycan sərhədlərinin 360 km-lik sahəsində irəliləyərək ərazilərimizin 20 faizədək hissəsini işğal etmiş, Füzuli rayonundakı Horadiz qəsəbəsindən Zəngilanadək 198 km-lik Azərbaycan-İran sərhədlərini nəzarət altına almışdı. Erməni işğalları nəticəsində Dağlıq Qarabağ ərazisində 50 minədək azərbaycanlının yaşadığı 2 şəhər, 1 qəsəbə, 53 kənd tutuldu. Dağlıq Qarabağdan kənarda aparılan işğallarla birlikdə 890 şəhər, kənd və qəsəbə ermənilərin əlinə keçdi. Azərbaycanın civə, obsidian və perlit ehtiyatlarının hamısı, tikinti və üzlük materiallarının 35-60 faizi, meşə fondunun 24 faizi, su ehtiyatlarının 7,8 faizi işğal olunmuş torpaqların payına düşür. Burada 2 qoruq və 3 yasaqlıq, 3 iri su anbarı da yerləşir.
1992-ci ilin əvvəllərində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi artıq beynəlxalq məkanın fəal diplomatik müzakirələr predmetinə çevrildi. Qeyd edək ki, həmin dövrdən başlayaraq BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul edib. Lakin erməni işğalçıları bu qətnamələrin tələblərini yerinə yetirməyiblər. 1992-ci ilin birinci yarısında Azərbaycan Dağlıq Qarabağ münaqişəsini Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin prinsiplərinə uyğun olaraq nizamlanması prosesinə üstünlük verdi. Təşkilatın Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də keçirilmiş toplantısında ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Azərbaycan, Ermənistan nümayəndələrinin iştirakı ilə ATƏM-in Minskdə Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul edildi. Lakin Şuşa və Laçının işğalı Minsk konfransının keçirilməsinə mane oldu. Eyni zamanda, Ermənistanın qeyri-konstruktiv mövqeyi və qrupun üzvü olan dövlətlərin münasibətində ziddiyyətlərin olması sülh prosesi hələ başlamamış onu uğursuzluğa düçar etdi.
1993-cü ilin oktyabrında keçirilən prezident seçkilərində ölkə rəhbəri seçilən Heydər Əliyev cəbhə xəttində Azərbaycanın hərbi uğursuzluğuna son qoymaq üçün noyabrın 2-də xalqa müraciət edərək vətəndaşları bütün qüvvələri birləşdirməyə çağırdı. Bu çağırış minlərlə Azərbaycan gəncinin Silahlı Qüvvələrin tərkibində yenidən səfərbərliyə alınmasını təmin etdi və münaqişə bölgəsində xeyrimizə dönüş yaratmaq mümkün oldu. Noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı. Azərbaycan Ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Düşmən strateji yüksəkliklərdən qovuldu.



Nizamlanma prosesində yeni mərhələ



Azərbaycanın müharibədə dönüş yaratmaq, işğal olunmuş Vətən torpaqlarını azad etmək sahəsində əldə etdiyi uğurlar nəinki Ermənistanı, həmçinin onu müdafiə edən qüvvələri də ciddi təşvişə saldı. Azərbaycan Respublikası belə bir şəraitdə 1994-cü il mayın 8-də Bişkek Protokolunu imzaladı. Münaqişənin dinc vasitələrlə nizamlanması məqsədilə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü il mayın 12-də cəbhə bölgəsində atəşkəsə nail olundu. Bundan sonra ATƏM-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı və münaqişənin nizamlama prosesi yeni mərhələyə qədəm qoydu.
1994-cü ilin dekabrında ATƏM-in Budapeşt Zirvə toplantısında beynəlxalq sülhməramlı qüvvələrin yaradılması və onların münaqişə bölgəsinə göndərilməsi qərara alındı. Bundan başqa, Rusiya və Finlandiya nümayəndələrindən ibarət həmsədrlik institutu təsis edildi. 1996-cı ilin dekabrında ATƏT-in Lissabonda keçirilən zirvə toplantısında isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunda ilk mühüm siyasi nailiyyət əldə edildi. Münaqişənin nizama salınmasının beynəlxalq hüquqi bazasını təşkil edən sənəddən əlavə, ulu öndər Heydər Əliyevin misilsiz diplomatik məharəti sayəsində problemin həllinin siyasi-hüquqi çərçivələrini müəyyənləşdirən xüsusi bəyanat qəbul edildi. Bu bəyanat, Ermənistan istisna olunmaqla, ATƏT-ə üzv olan 53 dövlət tərəfindən müdafiə edildi. Bu müddətdən etibarən isə Minsk qrupunda üçlü həmsədrlik (Rusiya, ABŞ və Fransa) yaradıldı.
1997-ci ilin ikinci yarısından başlayaraq Minsk qrupunun həmsədrləri Lissabon prinsiplərinə əsaslanaraq iki hissədən ibarət - Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən 7 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə dair müxtəlif təkliflər paketi ilə çıxış etmişlər. 1997-ci ilin iyununda təqdim edilən ilk təklifdə münaqişənin "paket" (bu variantda Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu) həlli, 1997-ci ilin sentyabrında irəli sürülən ikinci təklifdə isə münaqişənin "mərhələli" (bu variantda isə münaqişənin mərhələlərlə nizama salınması nəzərdə tutulurdu) həlli nəzərdə tutulurdu. Rəsmi Bakı həmin planları müəyyən düzəlişlərlə qəbul etsə də, Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirərək bununla razılaşmadı. 1998-ci ilin noyabrında həmsədrlərin irəli sürdükləri üçüncü təklif - "ümumi dövlət" ideyası beynəlxalq hüquq normalarına zidd olmaqla bərabər, hələ dünya praktikasında mövcud olmamış variant idi. Şübhəsiz ki, Azərbaycan bu təklifi qətiyyətlə rədd etdi.
Danışıqlar prosesinə intensivlik gətirmək məqsədilə 1999-cu ilin aprelindən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni formatda addımlar atıldı. Bu addımlar Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılması idi. Prezidentlərlə yanaşı, iki ölkənin xarici işlər nazirlərinin birbaşa təmasları da dinamik hal aldı. 2004-cü ilin avqust ayında Praqa görüşündə nazirlər danışıqları "mərhələli həll" variantı üzrə aparmaq haqqında razılığa gəldilər. Bu variant siyasi leksikona "Praqa prosesi" termini ilə daxil oldu. "Praqa prosesi" çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri, xarici işlər nazirləri arasında çoxsaylı görüşlər keçirildi. Lakin proses 4 ilə yaxın davam etsə də, tərəflər arasında anlaşma əldə olunmadı. Bunun səbəbi Dağlıq Qarabağ erməniləri üçün müstəqillikdə israr edən Ermənistan idi. Eyni zamanda, Azərbaycan prosesdə öz qəti mövqeyindən bir addım da güzəştə getmədi və ərazi bütövlüyü prinsipini təhlükədə qoya biləcək hər hansı sülh mexanizminə razılıq vermədi.
2008-ci ildə həmsədrlərin münaqişə tərəflərinə təqdim etdiyi "baza prinsipləri" adlanan sənəd üzərində 2012-ci ilin əvvəllərinə qədər gərgin danışıqlar aparıldı. Azərbaycan Prezidenti həmsədrlərin vasitəçiliyi ilə Ermənistan prezidenti ilə çoxsaylı görüşlər keçirdi, proses xarici işlər nazirləri səviyyəsində də davam etdirildi. Bu dəfə də Ermənistanın Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq planlarından daşınmaması üzündən razılaşma əldə etmək mümkün olmadı.
Beynəlxalq təşkilatlar çərçivəsində ötən müddət ərzində Azərbaycanın bu məsələ ilə bağlı fəaliyyəti məhsuldar olmuşdur. Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) qəbul edilən sənədlər bu sırada xüsusilə seçilir. Cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin prinsipial və ardıcıl fəaliyyəti nəticəsində AŞ PA-nın 2002-ci ilin payız sessiyasında Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı faktı, ilk dəfə olaraq, bu beynəlxalq qurumun sənədlərində rəsmi şəkildə öz əksini tapdı. Azərbaycan Prezidenti 2004-cü ilin aprel ayında Strasburqdakı çıxışında Ermənistanın işğalçılıq siyasətini beynəlxalq aləmdə bir daha ifşa etdi. AŞ PA-nın 2005-ci il yanvar sessiyasında qəbul edilən 1416 saylı qətnaməsində isə Azərbaycan ərazilərinin böyük bir hissəsinin hələ də Ermənistan qoşunlarının işğalı altında olduğu və separatçı qüvvələrin Dağlıq Qarabağ regionuna nəzarət etdiyi göstərildi. Qətnamədə Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti pislənilir, bu hərbi əməliyyatların monoetnik ərazilərin yaranmasına gətirib çıxarması narahatlıqla bildirilirdi. Sənəddə həmçinin qeyd olunurdu ki, Avropa Şurasının üzvü olan bir ölkənin başqa dövlətin ərazilərini işğal altında saxlaması həmin ölkənin öz üzərinə götürdüyü öhdəliklərə ziddir.



Azərbaycanın qətiyyətli mövqeyi dəyişməzdir



Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Avropa Parlamenti də son illərdə obyektiv mövqe nümayiş etdirib. 2004-cü ildə təşkilatın sessiyasında "Avropa İttifaqının Cənubi Qafqaz siyasəti" mövzusunda qəbul edilmiş qətnamədə erməni separatçılarının işğal etdikləri ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardıqları öz əksini tapmışdır. Avropa Parlamenti Cənubi Qafqazda təhlükəsizliyin bərqərar edilməsinə mane olan münaqişənin nizama salınması üçün işğal olunmuş Azərbaycan ərazilərinin (Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) azad edilməsini tələb etmiş və bununla da, bu münaqişənin "mərhələli həll" variantına öz dəstəyini bildirmişdir.
2010-cu ilin mayında Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Ermənistan silahlı qüvvələrinin bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması tələb olundu. 2012-ci ilin aprelində Avropa Parlamentində qəbul edilən qətnamədə də birmənalı olaraq Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlayan ölkə kimi tanındı. Sənəddə Ermənistanın işğal etdiyi əraziləri dərhal Azərbaycanın nəzarətinə qaytarması və öz qoşunlarını oradan çıxarması tələbi əksini tapdı. Eyni zamanda, qətnamədə Ermənistandan işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırımanı dayandırmaq, indiyədək məskunlaşdırılmış şəxslərin çıxarılmasını təmin etmək tələb edildi. AŞ PA və Avropa Parlamentinin qəbul etdiyi sənədlər Ermənistanın işğalçı kimi tanıdılmasına dair beynəlxalq hüquqi bazanı möhkəmləndirdi, Azərbaycanın danışıqlar prosesində arqumentlərini artırdı.
ATƏT-in Minsk qrupunun Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin razılaşması əsasında yaradılmış Faktaraşdırıcı Missiyası 2005-ci il 31 yanvardan 6 fevraladək Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı 7 işğal olunmuş rayonunda müşahidələr apardı. Missiya Ermənistanın işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirdiyi barədə Azərbaycanın dediklərini təsdiqlədi. Missiya müəyyən etdi ki, işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin sayı 17 mindən çoxdur. İşğal altındakı Azərbaycan ərazilərindəki vəziyyəti araşdırmaq üçün ATƏT-in Minsk qrupu tərəfindən yaradılan daha geniş mandata malik Sahə Qiymətləndirmə Missiyası qanunsuz məskunlaşdırılma siyasətinin davam etdirildiyini, həmçinin infrastruktur dəyişikliklərinin və iqtisadi fəaliyyətin həyata keçirildiyini aşkarlayaraq rəsmi hesabatına daxil etdi.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi BMT çərçivəsində də davam etdirildi. 2004-cü ilin sentyabrında Baş Məclisin 59-cu sessiyasında çıxış edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT TŞ-nin məlum dörd qətnaməsinin yerinə yetirilmədiyini yada salaraq bunu təşkilatın dünyadakı rolunu zəiflədən amil kimi qiymətləndirdi, BMT qərarlarının həyata keçirilməsi üçün səmərəli, təsirli mexanizm yaradılmasına çağırdı. Həmin ildən Azərbaycan BMT Baş Assambleyasında Dağlıq Qarabağ münaqişəsinə dair fəal diplomatiya yürütdü. Bir neçə dəfə Baş Assambleyanın gündəliyinə "Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyət" barədə qətnamə layihələri çıxarıldı. Bu qətnamə layihələrində Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində tarix-mədəni irsi məhv etdiyi, qanunsuz məskunlaşdırma həyata keçirdiyi və təbii sərvətləri taladığı əks olundu. Aparılan uğurlu diplomatiya nəticəsində, 2008-ci il martın 14-də BMT-nin Baş Assambleyası "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət barədə" 62/243 saylı qətnaməni səs çoxluğu ilə qəbul etdi. Sənəd Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verir, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir və məcburi köçkün düşən azərbaycanlıların öz yurdlarına qayıtması üçün müvafiq şəraitin yaradılmasını əks etdirirdi. Azərbaycan tərəfi bu qətnamənin yaratdığı imkanlardan istifadə edərək sonralar BMT Baş Assambleyasına və Təhlükəsizlik Şurasına 4 hesabat təqdim etdi. Beləliklə, Prezident İlham Əliyevin Qarabağ münaqişəsinin BMT gündəmində qalmasına yönəlmiş siyasətinin nəticəsi kimi təşkilatın Baş Assambleyası Ermənistanı işğalçı kimi tanıdı və bu ölkənin diplomatiyadakı mövqelərini zəiflətdi.


Prezident İlham Əliyev: "Mən nə qədər Prezidentəm, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına yol verməyəcəyəm"



Son 10 ildən artıq müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində yeritdiyi ardıcıl və milli mənafelərə əsaslanan prinsipial siyasət, həmçinin ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi respublikamızın diplomatik mövqelərinin daha da güclənməsi ilə müşayiət olunur. Dövlət rəhbərinin uğurla apardığı danışıqlar, nümayiş etdirdiyi qətiyyətli mövqe, verdiyi kəskin bəyanatlar təbliğat savaşında səmərəli olmaqla yanaşı, münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda rəsmi Bakının siyasi üstünlüyünü də təmin etmişdir. Azərbaycanın iqtisadi potensialının güclənməsi, hərbi büdcəsinin ildən-ilə artması fonunda danışıqlar prosesi də keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Cənab İlham Əliyev hələ Prezident kimi səlahiyyətlərinin icrasına başlayarkən andiçmə mərasimində etdiyi çıxışda münaqişənin həlli ilə bağlı fəaliyyət platformasını belə açıqlamışdı: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, 1 milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir". Bu prinsiplər ötən müddət ərzində Azərbaycan diplomatiyasının ən başlıca prioritetinə çevrilmişdir.
Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrdə yüksəlişə nail olması, həmçinin iqtisadi inkişaf dinamikasına görə bölgədə lider dövlətə çevrilməsi ordu quruculuğunda müsbət irəliləyişlərə səbəb olmuşdur. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi vacib inkişaf istiqamətləri kimi diqqəti çəkir. Ermənistanın təcavüzü ilə üzləşmiş Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərtərəfli təchiz olunmuş ordunun formalaşdırılması istiqamətində atılan addımlar son illərdə daha da intensivləşmişdir. Həyata keçirilən uğurlu islahatlar nəticəsində respublikamızın iqtisadi qüdrətinin ildən-ilə güclənməsi Prezident İlham Əliyevə bu sahədə ardıcıl tədbirlər həyata keçirməyə, hərbi xərcləri durmadan artırmağa imkan vermişdir. Dövlət başçısı ölkəmizdə hərbi potensialın daha da gücləndirilməsi, bu prosesdə qabaqcıl dövlətlərin təcrübəsinə istinad olunması kimi mühüm məsələləri diqqət mərkəzində saxlamışdır. Milli Orduya dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ildən-ilə artırılır və bu da paralel olaraq maddi-texniki təminatın, döyüş əhval-ruhiyyəsinin yüksəlməsinə, nizam-intizamın güclənməsinə səbəb olur. Azərbaycanın hərbi büdcəsinin Ermənistanın bütövlükdə dövlət büdcəsindən 3 dəfə artıq olması faktı Prezident İlham Əliyevin elan etdiyi məqsədə artıq nail olunduğunu tam göstərir.
"Nə 5 ildən sonra, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə də 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Mən nə qədər Prezidentəm, buna yol verməyəcəyəm", deyən dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə, torpaqların hərbi vasitələrlə azad ediləcəyini birmənalı söyləyir və Silahlı Qüvvələrin buna tam qadir olduğunu bəyan edir. Ali Baş Komandan İlham Əliyev respublikanın bölgələrinə səfərləri zamanı müntəzəm olaraq hərbi hissələrə baş çəkir, səngərdə Vətənin keşiyində dayanan əsgər və zabitlərimizlə görüşür, onların hərbi xidmət şəraiti ilə maraqlanır, cihazlar vasitəsilə düşmənin üzbəüz mövqelərini müşahidə edir. Bu, əslində, Azərbaycanın heç zaman ərazi itkisi ilə barışmayacağı ilə bağlı bütün dünyaya verilən növbəti mesajlardır.
Ən mühüm nailiyyətlərdən biri də Prezident səlahiyyətlərinə başlayarkən "Azərbaycanda bir çadır şəhərciyi belə qalmayacaq"- deyən cənab İlham Əliyevin ötən müddət ərzində vədini tam gerçəkləşdirməsidir. İndi qaçqın və məcburi köçkünlərin hamısı normal şəraiti olan qəsəbələrdə məskunlaşıb.
Azərbaycanın öz haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün apardığı hücum diplomatiyası da artıq öz uğurlu nəticələrini verir. Uzun illər Azərbaycana qarşı informasiya müharibəsi aparan erməni lobbisi son illər müdafiə taktikası seçməli olmuşdur. İndi Ermənistanda açıq etiraf edirlər ki, Azərbaycan informasiya məsələsində daha güclü mövqedədir.
Azərbaycan dünyanın ən sürətli iqtisadi inkişaf göstəricilərinə malik olaraq regionun lider dövlətinə çevrildiyi halda, Ermənistan regional layihələrdən kənarda qalan, iqtisadi perspektivləri olmayan və işğalçı imicinə malik ölkə olaraq qalır. Prezident beynəlxalq tribunalardan çıxışlarında bəyan etdi ki, Ermənistan regional layihələrdə yer almaq istəyirsə, bunun bir yolu var - işğal etdiyi əraziləri azad etmək.
Bugünkü Azərbaycan artıq 1988-1993-cü illərin böhranlı, məğlub, qətiyyətsiz Azərbaycanı deyil! Bugünkü Azərbaycan iqtisadi, siyasi, ideoloji və xarici siyasət sahələrində böyük güc, qüdrət sahibidir! Ən əsası, "forpost" Ermənistan artıq tam müstəqil Azərbaycan qarşısında hər mənada acizdir. Prezident İlham Əliyev bütün beynəlxalq ictimaiyyətə, həmçinin təcavüzkar ölkəyə birmənalı bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması bu gün Ermənistanın qarşısına şərt kimi qoyulub və o, bu şərti qəbul etməyə məhkumdur. Çünki Azərbaycan öz haqqını diplomatik yönümdən əlavə, hərbi cəbhədə də tam təmin etmək iqtidarındadır.
Azərbaycanın üzləşdiyi amansız və ədalətsiz müharibədəki məğlubiyyət silsiləsinə 21 il öncə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə son qoyuldu. Cəbhədə əldə edilən atəşkəs Azərbaycan dövlətinin güclənməsi, ordunun qüdrətlənməsi, iqtisadiyyatın inkişafı, xarici siyasətin effektliyi üçün münbit zəmin formalaşdırdı. Prezident İlham Əliyevin qətiyyətli iradəsi münaqişənin ədalətli həllinə yaranan ümummilli ümidin əsas amilinə çevrilib. Savaşın 26-cı ilində qələbəyə olan əminlik də dəfələrlə artıb. İndi Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini bütün variantlarda həll etmək üçün imkanları - siyasi və hərbi qüdrəti var. Seçim, şübhəsiz ki, xalqındır. Xalq seçimində yanılmadığını artıq dəfələrlə sübut edib!
Qarabağ savaşı isə hələ də davam edir...

İxtiyar HÜSEYNLİ,
"Azərbaycan" 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !