Azərbaycanlıların soyqırımı ilə bağlı saytın təqdimatı olmuşdur -

Azərbaycanlıların soyqırımı ilə bağlı saytın təqdimatı olmuşdur

Aprelin 3-də Bakıdakı “Park İnn” otelində ötən əsrin əvvəllərində azərbaycanlıların soyqırımından bəhs edən www.1918pogroms.com saytının təqdimatı keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə layihənin rəhbəri Əli Hacızadə sayt barəsində ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, saytın hazırlanmasında mühüm arxiv sənədlərindən və tarixi fotoşəkillərdən istifadə olunmuşdur. Yeni internet resursu hazırda Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Saytın ingilis və fransız dillərində variantları üzərində iş gedir. Layihənin rəhbəri bildirmişdir ki, saytda tarix elmləri doktoru, professor Solmaz Tohidi-Rüstəmovanın toplayıb nəşr etdirdiyi sənədlərdən geniş istifadə olunmuşdur. Gələcəkdə saytın daha da zənginləşməsi istiqamətində bır sıra vacib işlərin görülməsi planlaşdırılır.
Təqdimat mərasimində çıxış edən professor Solmaz Rüstəmova-Tohidi diqqətə çatdırmışdır ki, www.1918pogroms.com saytı 1918– ci ildə erməni hərbi dəstələrinin tarixi Azərbaycan torpaqlarında bu əraziləri azərbaycanlılardan təmizləmək məqsədi ilə dinc azərbaycanlı-müsəlman əhaliyə qarşı həyata keçirdikləri etnik təmizləmə və kütləvi qırğın əməllərindən bəhs edir. Məlumdur ki, azərbaycanlılara qarşı törədilən soyqırımı aktları erməni millətçilərinin gələcəkdə öz dövlətlərini qura biləcəkləri ərazilərdə müsəlmanların sayını maksimal dərəcədə azaltmağa yönəlmiş irimiqyaslı planlarının bir hissəsi idi.
S.Rüstəmova-Tohidi vurğulamışdır ki, saytda təqdim olunan sənədlər Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin 15 iyul 1918–ci ildə yaratdığı, bütün Zaqafqaziya hüdudlarında Birinci dünya müharibəsi başlanandan bəri azərbaycanlı-müsəlman əhaliyə, habelə onların əmlakına qarşı törədilmiş cinayət əməllərinin araşdırılması üzrə Fövqəladə Təhqiqat Komissiyasının topladığı və tərtib etdiyi sənədlərdir. Komissiyanın sədri vəzifəsini hüquqşünas, andlı iclasçı Ələkbər bəy Xasməmmədov icra etmişdir. Komissiyanın üzvləri Bakı və Gəncə şəhərlərinin istintaq və məhkəmə orqanlarının əməkdaşlarından ibarət olmuşdur. Komissiyanın fəaliyyəti dövründə (15 iyul 1918-ci il – 1 noyabr 1919-cu il) 36 cilddən (3500 vərəq) ibarət material toplanmışdır. Altı cilddə (740 vərəq) Bakı və ətraf ərazilərin azərbaycanlı əhalisinə qarşı törədilmiş zorakılıq əməllərindən bəhs edilmişdir. Digər cildlər erməni hərbi dəstələrinin Nuxa, Şamaxı, Qarabağ, Zəngəzur, Ərəş, Cavad, Quba, Göyçay, Lənkəran qəzalarında və Gəncə quberniyasının kəndlərində dinc əhaliyə qarşı törədilmiş cinayətlərə həsr olunmuşdur. Eyni zamanda, komissiya tərəfindən çəkilmiş, müxtəlif bölgələrdə bu hadisələri əks etdirən 95 fotoşəkil yer almışdır. Həmin şəkillər sonralar Paris Sülh konfransında Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında iştirak edən Azərbaycan nümayəndə heyətinə göndərilmişdir. Komissiyanın işinin nəticəsi olaraq, 128 məruzə hazırlanmış və müxtəlif cinayətlərdə təqsirləndirilən 194 nəfər barəsində cinayət işinin açılması ilə bağlı qərar verilmişdir.
Qeyd olunmuşdur ki, 1920-ci ildə AXC-nin süqutundan sonra həmin sənədlər yoxa çıxmışdır. Sonralar məlum olmuşdur ki, bu sənədlərin böyük hissəsi arxivdə “tamamilə məxfi” qrifi altında saxlanılır. S.Rüstəmova-Tohidi bildirmişdir ki, o, 2009-cu ildən bu sənədlərin toplanması və nəşri ilə məşğuldur. İlk dəfə Milli Təhlükəsizlik Nazirliyinin təşəbbüsü ilə bu sənədlər əsasında rus dilində kitablar nəşr edilmişdir. Şəkillər isə beş illik axtarışdan sonra 2011-ci ildə Parisdən tapılaraq böyük çətinliklə Azərbaycana gətirilmiş və fotoalbom şəklində nəşr olunmuşdur. 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə rus dilində olan bu sənədlər Azərbaycan, türk, ingilis dillərinə də tərcümə edilərək dörd dildə nəşr olunmuşdur. Lakin əsas məqsədimiz bu sənədləri milyonlarla oxucuya təqdim etmək idi. Saytın yaradılmasını yüksək qiymətləndirir, onu ərsəyə gətirənlərə təşəkkürümü bildirirəm.
Tədbirdə Milli Məclisin deputatı, professor Musa Qasımlı, tarix elmləri doktorları, professorlar İradə Bağırova və Şahin Mustafayev, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova və başqaları informasiya müharibəsinin getdiyi dövrdə saytın yaradılmasını yüksək dəyərləndirmiş, tariximizin dərindən öyrənilməsində, gənc nəslin keçmişimizlə bağlı məlumatının artırılmasında yeni internet resursunun əhəmiyyətini vurğulamışlar. Natiqlər yeni saytın tarixçilər üçün dəyərli mənbə olacağına əminliklərini bildirmiş, fəaliyyətinə uğurlar arzulamışlar.
Sonda www.1918pogroms.com saytı təqdim edilmişdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !