Erməni təxribatının - «Sumqayıt ssenarisi»

Erməni təxribatının «Sumqayıt ssenarisi»

1988-ci il fevral ayının sonlarında Sumqayıt şəhərində baş verən hadisələr ermənilərin və havadarlarının Azərbaycan xalqı ilə bağlı beynəlxalq ictimaiyyətdə mənfi imic yaratmaq məqsədi güdən qanlı cinayətlərindən biri idi. Bu hadisələr nəticəsində Sumqayıtda müxtəlif millətlərdən olan 32 nəfər, o cümlədən 26 erməni həlak olmuş, 400-dən çox insan bədən xəsarəti almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomaşın sındırılmış və qismən yandırılmış, şəhərə o vaxtkı qiymətlərlə 10 milyon Amerika dolları məbləğində maddi ziyan vurulmuşdur.

Üç minə yaxın günahsız şəhər sakini həbs edildi

Sovet imperiyasının tarix boyu xalqımıza qarşı süngüyə çevirdiyi erməni daşnakları və onların dünyanın hər yerinə səpələnmiş təəssübkeşləri 1988-ci il fevralın 27-29-da Sumqayıtda əsl vəhşilik aktı törətdilər. Əvvəlcə şəhərə göndərilən təşkilatçılar, təxribatçı qruplar insanları inandırmağa çalışırdılar ki, Ermənistanda və Dağlıq Qarabağda ermənilər azərbaycanlıları kütləvi şəkildə döyür, öldürür, azyaşlı qızları zorlayırlar. Onlar Bakının dəmiryol vağzalına Ermənistandan "vaqon-vaqon meyitlər gətirildiyini" israr edirdilər. Həmin ərəfədə hüquq-mühafizə orqanlarının səlahiyyətləri dondurulmuşdu. Şəhərə vaxtında ordu göndərilməsi tələblərinə artıq fevralın 27-də Sumqayıtda olan SSRİ DTK-nın sədr müavini Bobkov əhəmiyyət vermədi. General Krayevin rəhbərliyi ilə fevralın 28-dən 29-na keçən gecə Sumqayıta daxil olmuş ordu hissələri və daxili qoşunlar şəhər Partiya Komitəsinin binasını mühasirəyə alaraq gözləmə mövqeyində dayanmışdılar. Həmin anlarda şəhərdə məlum qüvvələr tərəfindən erməni millətindən olanlar döyülür, öldürülür, incidilirdilər.
Martın 1-dən keçmiş SSRİ Prokurorluğunun istintaq qrupu hadisələri araşdırmaq üçün fəaliyyətə başladı. Bu qrupa keçmiş SSRİ Prokurorluğu Baş İstintaq İdarəsi rəisinin müavini Nenaşev və Baş Prokurorluq yanında xüsusilə mühüm işlər üzrə müstəntiq Qalkin başçılıq edirdilər. Keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Hərbi Prokurorluğunun xüsusi qrupları da Sumqayıtda idilər. Üç minə yaxın günahsız şəhər sakini həbs edildi. Onların bir qismi inzibati məsuliyyətə cəlb olundu, bir qismi çətinliklə də olsa azadlığa çıxa bildi. 94 nəfər haqqında isə cinayət işi başlanıldı. İstintaq zamanı tutulanların zorakılıqla bir-birinə qarşı ifadələr verməsində adıçəkilən qrupla yanaşı, Azərbaycanın müvafiq qurumlarının üzüyola əməkdaşlarının da "xidməti" olmuşdur. Məhkəmələr yuxarıların göstərişlərini əsas tutmuş, baxılan cinayət işlərində qanunun aliliyi prinsiplərini kobudcasına pozaraq ədalətsiz hökmlər çıxarmışlar. 18 oktyabr-18 noyabr 1988-ci il tarixdə Moskvada keçmiş SSRİ Ali Məhkəməsi Ə.Əhmədovun, İ.Cəfərovun, T.İsmayılovun cinayət işlərinə baxmış, prosesdə müttəhimlərə qarşı ittihamların əsassızlığı sübut olunmuşdu. Ona görə də həmin iş bütövlükdə yenidən istintaqa qaytarılmalı idi. Buna baxmayaraq, yalnız İ.Cəfərovun və T.İsmayılovun cinayət işinin materialları yenidən təhqiqata verilmiş, Ə.Əhmədova isə heç bir tutarlı dəlil-sübut tapmadan hadisələrin təşkilatçısı damğası vurularaq güllələnməyə məhkum edilmiş və hökm oxunduqdan 17 ay sonra Moskva şəhərində icra olunmuşdu. Haqsız yerə həbs olunmuş Elçin Gəncəliyev ona verilən işgəncələrə dözməyərək həbsxanada intihar etmişdi.
Azərbaycan Respublikasının Baş Prokurorluğunda Sumqayıt hadisələri ilə bağlı cinayət işi araşdırılıb. Aradan uzun müddət keçməsinə baxmayaraq, həmin hadisələrin yenidən araşdırılması hansı zərurətdən doğmuşdur? Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi bu suala belə aydınlıq gətirib:
- Sumqayıt hadisələri ilə əlaqədar SSRİ Baş Prokurorluğunun 200-ə yaxın müstəntiqinin və bir o qədər də əməliyyatçının cəlb edildiyi istintaq-əməliyyat qrupu tərəfindən iğtişaşların törədilməsi səbəbləri araşdırılmış və bir çox şəxslər məsuliyyətə cəlb edilmişlər. Lakin həmin cinayət işlərinin öyrənilməsi göstərmişdir ki, işin istintaqı tam, hərtərəfli və obyektiv araşdırılmamış, hadisələrin əsl mahiyyəti gizlədilmiş, cinayətlərın bütün iştirakçıları, əsasən də təşkilatçıları müəyyən edilməmiş, hadisələrin başvermə səbəbləri və şəraiti aydınlaşdırılmamışdır. Hazırda aparılan istintaqın əsas məqsədi də Sumqayıt hadisələri ilə bağlı erməni yalanlarını üzə çıxarmaq, toplanmış sübutlarla bu hadisələrin əsl mahiyyətini açmaq, mümkün qədər cinayətin bütün iştirakçılarını, əsasən də təşkilatçılarını çətin olsa da müəyyən etməkdir. 27-29 fevral Sumqayıt iğtişaşları ilə əlaqədar istintaq aparılaraq sonradan dayandırılmış 5 cinayət işinin icraatı Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun 2010-cu il 19 mart tarixli qərarı ilə təzələnərək bir icraatda birləşdirilmiş və Baş Prokurorun birinci müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubovun rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin müstəntiq və əməliyyatçılarından ibarət istintaq-əməliyyat qrupuna həvalə edilmişdir. İlkin olaraq epizodlar üzrə 8 bənddən ibarət və hər bir epizod üzrə istintaq planları tərtib edilmişdir.
İstintaqın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi məqsədilə ölkənin hüquq-mühafizə orqanlarına və müvafiq qurumlarına, bir sıra kütləvi informasiya vasitələrinə və Rusiya Federasiyasının Baş Prokurorluğuna sorğular göndərilmişdir.
Ermənilərin Sumqayıt hadisələri zamanı bir nəfər də olsun azərbaycanlının öldürülməməsi ilə bağlı iddialarına baxmayaraq, cinayət işləri öyrənilərkən müəyyən olunmuşdur ki, şəhərə qoşun yeridilərkən 5 azərbaycanlının öldürülməsinə dair Bakı Qarnizonu Hərbi Prokurorluğunda başlanan istintaq işinə əsassız olaraq xitam verilmişdir. Həmin cinayət işi üzrə aparılan əlavə istintaq zamanı sübut olunmuşdur ki, Bakıdakı 1 nömrəli avtobus parkının sürücüsü, milliyyətcə erməni olan Valeri Markaryan içərisində hərbçilər olan avtobusu Sumqayıtda dinc əhalinin üstünə sürmüş və nəticədə 4 azərbaycanlı həlak olmuşdur. Hazırda bu fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sumqayıt hadisələrindən sonra erməni tərəfi dərhal antiazərbaycan informasiya kampaniyasına başlamışdı. Onlar hadisələrdən mümkün qədər çox bəhrələnmək, dünya ictimaiyyətinin nəzərində azərbaycanlıların zalım, qəddar, qaniçən obrazını yaratmaq və guya bu səbəbdən də onlarla birgə yaşamağın mümkün olmaması haqqında fikir formalaşdırmaq üçün vaxt və vəsait əsirgəmirdilər. Ermənilər indi də bu hadisələrin azərbaycanlılar tərəfindən onlara qarşı soyqırımı törədildiyi fikrini formalaşdırmağa çalışır, hadisələrə siyasi qiymət verilməsinin vacibliyini vurğulayırlar.
Araşdırmalar isə göstərir ki, Sumqayıt hadisələrinin ən azı üç tərəfi olmuşdur: birincisi, "yenidənqurma", "yeni siyasi düşüncə" şüarları ilə pərdələnən Mixail Qorbaçovun rəhbərliyi ilə dünya sosializm sistemini və eləcə də SSRİ-ni dağıtmaq siyasətini həyata keçirən qüvvələr, ikincisi, yaranmış fürsətdən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan qoparmaq və Ermənistana birləşdirmək istəyən erməni və ermənipərəst millətçi və separatçı qüvvələr, üçüncü tərəf isə hadisələri icra edən xüsusi hazırlıq keçmiş təxribat qrupu tərəfindən təhrik olunmuş yeniyetmələr, müxtəlif cinayətkar ünsürlər və yetkinləşməmiş gənclər.
SSRİ-nin milli münaqişələr zəminində dağıdılması ssenarisinin müəllifləri və bu ssenarini həyata keçirməyə çalışan qüvvələr, erməni millətçi və separatçılarının havadarları Qarabağ uğrunda ümummilli erməni hərəkatına təkan verə biləcək tutarlı siyasi bəhanə əldə etmək üçün Azərbaycan ərazisində antierməni iğtişaşlar törətmək qərarına gəlmiş və bu məqsədlə əlverişli yer kimi Sumqayıt şəhərini seçmişdilər. SSRİ-ni dağıtmaq üçün Dağlıq Qarabağ problemi nə qədər sərfəli idisə, Sumqayıt bəhanəsi də erməni hərəkatına təkan vermək üçün bir o qədər yararlı idi.
Sumqayıt şəhərinin keçmiş güc strukturları əməkdaşlarının bir neçəsi faktiki olaraq 28 fevral hadisələrinin istintaq və əməliyyat yolu ilə təhqiqindən kənarlaşdırılsalar da, müəyyən etmişlər ki, şəhərdə özlərini "Qafandan qovulmuş azərbaycanlılar" kimi təqdim edən 20-25 nəfərlik təxribat qrupu fəaliyyət göstərib. Bu barədə onlara hətta bəzi zərərçəkmiş ermənilər də məlumat vermişlər. Həmin məlumatlar SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupuna çatdırılsa da, naməlum səbəblərdən yoxlanılması təşkil edilməmiş və nəticəsiz qalmışdır. O vaxtlar SSRİ Baş Prokurorluğunun istintaq qrupunda tərcüməçi kimi fəaliyyət göstərmiş Nofəl Əhmədov bildirir ki, həmin təxribat qrupunun ifşa edilməsi üçün cüzi də olsa tədbirlər görülməmişdir. DTK-nın Sumqayıt şəhər şöbəsi tərəfindən hadisələrin əsas təşkilatçılarından və icraçılarından biri olan "Paşa" ləqəbli Eduard Robertoviç Qriqoryan barəsində məlumat SSRİ DTK-nın Sumqayıt hadisələri üzrə əməliyyat sahəsinə rəhbərlik edən Yevgeni Popova çatdırılsa da, o buna şübhə ilə yanaşmış, milliyyətcə erməni olan şəxsin öz soydaşlarına qarşı cinayət törətdiyinə inanmadığını demişdir. Martın əvvəllərində DTK-nın Sumqayıt şöbəsinin rəisi Vladimir Lebedev ona Eduard Qriqoryan barədə məlumatın doğru çıxdığını və artıq həbs olunduğunu bildirmişdir. Eduard Qriqoryanın hadisələrdə iştirakı və onun əlaqələrinin müəyyən edilməsi üçün qeydiyyat-əməliyyat işi açılmış, əməliyyatın gedişində "Paşa"nın əslən qarabağlı, milliyyətcə erməni olan Osipov və ya Osipyan soyadlı bir "həmkarı" ilə söhbətlər aparılmışdır. Sonradan Osipovun (Osipyanın) Özbəkistan SSR ərazisində yerləşən islah-əmək müəssisəsində cəza çəkməsi barədə məlumat alınmış və bu ölkənin müvafiq orqanlarına sorğu göndərmək qərarına gəlinmişdir. Lakin SSRİ DTK-dan gəlmiş nümayəndələr həmin sorğunu müxtəlif bəhanələrlə imzalamaqdan və göndərməkdən imtina etmişlər.
Sumqayıt hadisələrinin törədilməsində sovet rəhbərliyinin maraqlı olduğu göz qabağındadır. Bu şəhərdə güc strukturlarının kifayət qədər hərbi və silahlı qüvvələri olduğu halda hadisələrin qarşısının alınması üçün lazımi tədbirlər görülməmiş, bununla bağlı hətta SSRİ DTK-nın sabiq sədr müavini Filip Denisoviç Bobkov Sumqayıtda olarkən ona müraciət etdikdə bildirmişdir ki, hadisələrin qarşısını almaq barədə əmr verməyə yalnız SSRİ rəhbərliyinin səlahiyyəti var. SSRİ Baş Prokurorluğunun istintaq qrupu isə cinayətin təşkilatçılarının müəyyən edilməsi istiqamətində obyektiv iş aparmamış, çox vaxt təşkilatçılar qismində azərbaycanlıları məsuliyyətə cəlb etməyə çalışmış, beləliklə, əməliyyat tapşırıqlarının nəticələri demək olar ki, kölgədə qalmışdır.
Ayrı-ayrı müşahidəçilərin, istintaq orqanlarının fikir və mülahizələri, gəldikləri qənaət öz yerində, o vaxt bu şəhərdə baş verənlərin mətbuat səhifələrində necə işıqlandırılmasına diqqət yetirilməsi də vacibdir.
Bakının və Sumqayıtın ayrı-ayrı sənaye müəssisələrində çalışan ermənilər Sumqayıtda baş verən hadisələrlə bağlı "Kommunist", "Bakinskiy raboçiy", "Vışka", "Sosialist Sumqayıtı", "Kommunist Sumqaita", "Pravda", "İzvestiya" qəzetlərində çıxış edir, millətçi ermənilərin irəli sürdükləri torpaq iddialarını əsassız hesab edirdilər.

Ermənilərə külli miqdarda silah və canlı qüvvə verilirdi

Ermənistanın rəhbərləri, hərbçiləri, qatı millətçiləri Dağlıq Qarabağın və Azərbaycanın digər torpaqlarının işğalında təkcə öz imkanlarından istifadə etmişdilər? Xeyr! Əgər kənardan kömək olmasaydi, ermənilər cürət edib Azərbaycan torpaqlarını zəbt edə bilməzdilər. Buna onların cəsarəti çatmazdı! Sovet hərbçiləri bu işdə onlara dəstək idilər. Ermənilərə külli miqdarda silah və canlı qüvvə verilirdi. Sonralar Rusiyanın Ermənistana təmənnasız bir milyard Amerika dolları həcmində silah verməsi dünya ictimaiyyətinə bəllidir.
Parisdə nəşr olunan "Jurnal dyu dimanş" qəzeti 1990-cı il yanvar ayının 24-də yazırdı: "Axır günlər Livandan Yerevana minomyot və avtomatlar daşıyan təyyarələr gəlməkdə davam edir. Onların boşaldılması erməni gömrük işçilərinin nəzarəti altında gecələr həyata keçirilirdi. Artıq neçə gündür ki, aeroportun gömrüyündə bir nəfər də olsun rus xidmət etmir. Bu silahların daşınması ola bilsin ki, sentyabrdan başlanıb. Dağlıq Qarabağda vətəndaş müharibəsi qızışan andan Yerevanda və kəndlərdə, Azərbaycanla sərhəd ərazidə daha çox silahlı adamlara, həmçinin hər şeyə hazır olan qızışmış gənclərə rast gəlinir. Bu dəstələrin başında çox vaxt Beyrutdan və Dəməşqdən gəlmiş erməniləri görmək olar. Onların bəziləri Livan terrorçularına və silahlanmış xristian qruplarına yaxındırlar. Küçə döyüşləri taktikasını yaxşı bilən yüzlərlə Livan ermənisi bura vizasız gəlib. Onların bir hissəsi Yerevanda yerləşir, əksəriyyəti isə sərhəd rayonları olan Gorus və Xanlar ətrafına yola düşüb. Qonşu respublikalarda olduğu kimi, "Qarabağ Komitəsi" bu təşkilatları Azərbaycana qarşı öz əlində saxlayır".
Ermənilər ideoloji silahdan da məharətlə istifadə etməyə çalışırdılar. Erməni və ermənipərəst qüvvələr dünyanın ayrı-ayrı mətbuat səhifələrində guya "Böyük Ermənistan"ın mövcud olduğunu iddia edir, Osmanlı imperiyası tərəfindən dağıldığını ön plana çəkirdilər. Fransız sovetşünası Lemerse-Kelkeje "Azərbaycana xaricdən təsir" məqaləsində Azərbaycan tarixini təhrif edir, qonşu dövlətlərə (ermənilər nəzərdə tutulur) qarşı xəyanətkar olduğunu sübut etməyə çalışırdı.
Erməni ideoloqları öz havadarlarının pulu hesabına xaricdə kütləvi informasiya vasitələrində Azərbaycan haqqında mənfi imic yaratmaqla məşğul idilər. Məsələn, 1989-cu il iyun ayının 29-da "Yurmala" qəzetinin 26-cı nömrəsinin birinci səhifəsində belə bir başlıq verilmişdir: "Qəzetin bu nömrəsi Ermənistana və erməni xalqına həsr olunur".
Bu qəzetin səhifələrində Azərbaycanın, onun dinc əhalisinin ünvanına saysız-hesabsız böhtanlar yağdırılmışdır. Dağlıq Qarabağın tarixən ermənilərin olmasını sübut etməyə çalışır, Sumqayıtda ermənilərə qarşı "genosid" aparıldığını söyləyirdilər. Silva Kaputikyan məqaləsində yazırdı: "Biz uçuruma yuvarlanmışıq. Çıxış yolu yoxdur. Bir tərəfdə Türkiyə, digər tərəfdə Azərbaycan. Havamız çatmır. Məhv oluruq. Sumqayıtda qırğın olmuşdur. Bizi yaşamağa qoymurlar".
Qərb ölkələri, transmilli korporasiyalar, xarici mətbuat Azərbaycanda gedən ictimai-siyasi proseslərdən, Sumqayıtda baş verən qanlı aksiyadan, Dağlıq Qarabağ problemindən SSRİ-nin dağıdılmasında və Kommunist Partiyasının ləğvində bir alət kimi yararlandılar. Erməni millətçiləri isə bu hadisələrdən tarixi şans kimi istifadə etməyə çalışdılar. Həmin illər ermənilər informasiya müharibəsində üstünlük qazanmışdılar. Fransada, Kaliforniyada, Hollandiyada kütləvi informasiya vasitələrində ermənilər və ermənipərəst siyasətçilər, politoloqlar Azərbaycanın ünvanına böhtanlar, hədyanlar yağdırırdılar. "Sandi Tayms" qəzeti yazırdı: "Azərbaycanlılar ermənilərdən aciz və gücsüz deyillər. İnformasiya müharibəsində isə azərbaycanlılar ermənilərdən aciz və gücsüzdürlər".
Sumqayıtda qanlı terror fevralın 27-də baş tutsa da, bu ssenari çoxdan hazırlanmışdı. Ssenari çox məxfi şəkildə hazırlandığından iğtişaşlar başlanandan sonra da həqiqət dünyadan, cinayətkarlar isə istintaqdan gizlədildi. Hadisələrin xronikası, ardıcıllığı sübut edir ki, erməni millətçi və separatçı qüvvələri bu qanlı terrorun məxfi planını, parol və işarələrini çoxdan hazırlamışdılar. Bir-birinin ardınca təşkil olunan aksiyalar, siyasi gedişlər də bunu sübut edir. Eyni vaxtda Xankəndidə və Yerevanda Qarabağ uğrunda mitinqlər təşkil olunur, yığıncaqlar keçirilirdi. Ermənistanda yaşayan azərbaycanlılar kütləvi şəkildə ata-baba yurdlarından zorla qovulurdular. İlk qaçqınlar Bakıya, Sumqayıta gəlirdi. Bunun ardınca cavab aksiyaları təşkil olunurdu. Nümayişçilər, yürüşçülər arasında Azərbaycan dilində sərbəst danışan saqqallı erməni emissarları görünürdü. Erməni separatçıları məqsədlərinə çatmaq üçün hər cür hiyləyə əl atır, dəridən-qabıqdan çıxırdılar. Moskva isə hadisələri sükutla izləyir, əslində, daha riyakar və dəhşətli planların konturları cızılırdı.
Statistik məlumatlara görə, hələ 1988-ci ilin əvvəllərində Sumqayıtda müxtəlif millətlərdən olan 258 min 200 nəfər yaşayırdı. Onların 14.208 nəfəri milliyyətcə erməni idi. Doğrudur, həmin illərdə Gəncədə, Şəkidə və Bakıda da ermənilərin sayı az deyildi. Amma iğtişaş üçün məhz Sumqayıtın seçilməsinin səbəbləri vardı. Birincisi, Sumqayıt Bakıya daha yaxın idi. Bakıdan dünya ictimaiyyətinə hadisə barədə məlumat yaymaq, antiazərbaycançı şəbəkə ilə çevik əlaqə yaratmaq imkanları geniş idi. İkincisi, 80-dən çox millətin yaşadığı Sumqayıt təkcə kimyaçılar, metallurqlar şəhəri kimi yox, həm də xalqların dostluq şəhəri kimi tanınırdı. Maraqlı olan qüvvələr məlum hadisələri törətməklə dünya ictimaiyyətinə bəyan etmək istəyirdilər ki, guya azərbaycanlılar millətçi, vəhşi və barbar xalqdır, onlarla birgə yaşamaq mümkün deyil. Sumqayıtda törədilən qanlı aksiyaların şəhərin Dostluq, Sülh küçələrində baş tutması da məqsədli idi.
1988-ci ilin fevral ayının sonlarında Sumqayıt şəhərində baş verən hadisələr ermənilərin və erməni havadarlarının Azərbaycan xalqı ilə bağlı beynəlxalq ictimaiyyətdə mənfi imic yaratmaq məqsədi güdən qanlı cinayətlərindən biri idi. Bu hadisələr nəticəsində Sumqayıtda müxtəlif millətlərdən olan 32 nəfər, o cümlədən 26 erməni həlak olmuş, 400-dən çox insan bədən xəsarəti almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomaşın sındırılmış və qismən yandırılmış, şəhərə ovaxtkı qiymətlərlə 10 milyon ABŞ dolları dəyərində maddi ziyan vurulmuşdu.

Fransız jurnalisti Jan-İv: "Ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini vəhşicəsinə öldürürlər"

Sumqayıtda hadisələrin başladığı gündən dərhal antiazərbaycan informasiya şəbəkəsi işə düşdü. Müxtəlif ölkələrdə videolentlər nümayiş etdirildi, mətbuatda şər və böhtan dolu yazılar dərc olundu. Qəribədir ki, cəmi 3-4 gün sonra Xankəndidə əvvəlcədən hazırlanmış "Sumqayıt hadisələri zamanı həlak olmuş ermənilərə xatirə abidəsi ucaldıldı, "Sumqayıt... soyqırımı... aşkarlıq" adlanan kitabça 50 min tirajla Yerevanda rus dilində çap olunub dünya ictimaiyyətinə çatdırıldı. Əlbəttə, belə silsilə tədbirlər bir daha sübut etdi ki, ermənilər bu qanlı aksiyanın törədilməsini və geniş yayılmasını planlı şəkildə təşkil etmişlər. "Böyük Ermənistan" xülyasına xidmət edən antitürk, antiazərbaycan təbliğat separatçıların başlıca məqsədinə, məramına çevrilmişdi. Sumqayıt hadisələri barədə sovet və xarici ölkə mətbuatında birtərəfli, qərəzli yazılar dərc olunurdu. Moskva isə susurdu. Hələ 1988-ci il fevralın 26-da SSRİ-nin rəhbəri M.Qorbaçov ermənilərin ona müraciətinə çox təmkinlə cavab vermişdi: "Mən hər şeyi başa düşdüm, ancaq bir az gözləyin". Cəmi iki gün sonra Sumqayıt hadisələri baş verdi.
1988-ci il fevral hadisələrindən sonra M.Qorbaçov yüksək dairələrdə Sumqayıt faciəsinə siyasi qiymət verilməsinin qarşısını aldı. Çünki o vaxtlar Sumqayıt hadisələrinə siyasi qiymət verilsəydi, həmin əməliyyatın yüksək dairələrdən idarə olunması faktı ortaya çıxa bilərdi. SSRİ-nin milli münaqişələr zəminində dağıdılması ssenarisinin əsl müəllifləri ittiham olunardı, Sumqayıtda törədilmiş iğtişaşların Dağlıq Qarabağ problemi ilə bağlılığı üzə çıxardı. Bir də ermənilərin dünyaya bəlli olan iç üzləri açılardı. Hələ bir vaxtlar ermənilərin vəhşiliyindən dəhşətə gələn fransız jurnalisti Jan-İv yazırdı: "Mən müharibədə çox şeylər olduğunu, alman əsgərlərinin qəddarlığını eşitmişəm. Amma ermənilər onları ötüb keçiblər. Onlar 5-6 yaşlı uşaqları, dinc əhalini vəhşicəsinə öldürürlər". Əslində dünya ictimaiyyəti erməniləri belə tanıyır: zalım, qəddar, qaniçən, bir sözlə, ümumbəşəri bəla kimi...
Artıq Sumqayıt hadisələrindən 26 il keçir. Doğrudur, hadisələrin mahiyyətini açmaq, baş verənlərə hüquqi qiymət vermək üçün SSRİ Baş Prokurorluğu istintaq qrupu yaratdı. İlk baxışda gözləmək olardı ki, əsl həqiqət üzə çıxacaq. Amma belə olmadı, şəhərdə kütləvi həbslər başladı. Günahsız adamlar istintaqa cəlb olundu. Əsl cinayətkarlar isə hələ də məsuliyyətə cəlb olunmayıblar...
Səbəb məlumdur. Mixail Qorbaçov Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçiləndən sonra onun ətrafına ermənipərəst qüvvələr toplanmışdı. Siyasi məsələlər üzrə Şahnazarov, iqtisadi məsələlər üzrə Aqanbekyan, planlaşdırma məsələləri üzrə Sitaryan onun ən yaxın köməkçiləri idi. Ölkədə gedən ictimai-siyasi proseslərdən öz məqsədləri üçün istifadə etmək, erməni xalqının arzuladığı torpaq iddialarını qaldırmaq və reallaşdırmaq üçün onlar Qorbaçova məsləhətlər verir, onu bu çirkin və məkrli işə cəlb edirdilər. Lakin Qorbaçov hakimiyyətinin ilk illərində Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistanın tərkibinə vermək çətin idi. Çünki yaxşı bilirdilər ki, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü Heydər Əliyev belə ədalətsiz bir məsələnin ali hakimiyyət dairələrində müzakirə olunmasına imkan verməzdi.

Günahsız azərbaycanlılar istintaqa cəlb olundu

1987-ci ilin noyabrında akademik Aqanbekyan Parisdə erməni icması qarşısında çıxış edərək Dağlıq Qarabağın Azərbaycan Respublikasından alınıb Ermənistana verilməsini məqsədəuyğun hesab etdiyi barədə bəyanat verdi. Bəyanat xaricdə yaşayan erməni lobbisi tərəfindən alqışlandı və bu işdə Qorbaçova hər cür dəstək olacaqlarına söz verildi. Həmin ilin dekabrında Mixail Qorbaçov arvadı Raisa Maksimovna ilə ABŞ-ın Kaliforniya ştatına səfər edib erməni icması ilə görüşdü. Görüşdə Dağlıq Qarabağ məsələsi gündəmə çıxarıldı və Qorbaçovdan onun tezliklə ermənilərin xeyrinə həll olunacağı haqqında razılıq alındı. Mixail Qorbaçov Moskvaya qayıtdıqdan sonra Ermənistanın və Dağlıq Qarabağın ayrı-ayrı rayonlarında kütləvi mitinqlər keçirilməyə başlandı.
1988-ci il fevralın 17-də Sov.İKP MK-da erməni icmasının bir qrup nümayəndəsi qəbul olundu. Fevralın 18-də Xankəndiyə qayıdan həmin nümayəndələr mərkəzi meydanda mitinq keçirdilər. Akopyan və Qabrielyan kütlə qarşısında çıxış edərək Moskvanın onları dəstəklədiyini və Dağlıq Qarabağ probleminin Ermənistanın xeyrinə həll olunacağını bildirdilər. Azərbaycanın ayrı-ayrı bölgələrində yerli əhali ermənilərin bu antikonstitusion aksiyasına cavab olaraq etiraz mitinqi keçirməyə başladı. Fevralın 19-da Bakıda Azərbaycan KP Mərkəzi Komitəsinin binası qarşısında mitinq oldu. Mitinq iştirakçıları ermənilərin torpaq iddiasını əsassız saydılar, bu işdə sovet hökumətinin loyal mövqeyini tənqid etdilər. Mərkəzə, Qorbaçova teleqramlar vuruldu, məktublar göndərildi. Lakin Kreml tərəfindən qəti tədbir görülmədi. Dağlıq Qarabağda "Krunk" adlı cəmiyyət yaradıldı. Cəmiyyətə özünün millətçiliyi ilə seçilən tikinti materialları kombinatının müdiri, regionda korrupsioner kimi tanınan Manuçarov rəhbərlik etməyə başladı. "Krunk"un tələbi ilə Dağlıq Qarabağın bütün rayonlarında və vilayətin özündə xalq deputatları sovetlərinin sessiyaları çağırıldı. Gündəliyə isə bir məsələ çıxarıldı: Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkibindən çıxarılsın və Ermənistanın tərkibinə verilsin. Bu antikonstitusion qərar da rəsmi Moskva tərəfindən sükutla qarşılandı. Ermənistan rəhbərləri, korrupsiyaya qurşanmış qüvvələr, hakimiyyətə can atanlar və kəşfiyyat institutları hadisələri daha da qızışdırmaq, onu kulminasiya nöqtəsinə çatdırmaq üçün planlar cızır, iki milləti üz-üzə qoymağa çalışırdılar.
Sumqayıtda baş verə biləcək hadisələr ermənilərə artıq məlum idi. Burada yaşayan 1000-dək erməni 1988-ci il yanvar ayının 1-dən fevralın 25-dək əmanət kassalarında saxladıqları 8 milyon 343 min 691 rubl pulu təcili çıxararaq Yerevana, Xankəndiyə və Rusiyanın ayrı-ayrı şəhərlərinə köçüb getdi.
Sumqayıtın sənaye müəssisələrində, təhsil, mədəniyyət və səhiyyə sistemlərində çalışan ermənilər Dağlıq Qarabağın Ermənistana verilməsi barədə gizli imzalar toplamağa başladılar. Onlar "Krunk" cəmiyyətinə yardım adı altında adambaşına 50 rubl vəsait keçirirdilər. Gizli iqtisadiyyata rəhbərlik edən "sexovşik"lər onlara mənsub olan istehsal sahələrini söküb Yerevana apardılar.
Həmin günlər Əsgəranda ermənilər tərəfindən iki azərbaycanlı gənc - Əli və Bəxtiyar qətlə yetirildi. Dağlıq Qarabağla bağlı problemdə kimin əvvəlcə güllə atdığı mübahisəli olduğundan həmin hadisələrdə iştirak edən SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Filip Bobkov sonradan "KQB i vlast" kitabında yazırdı: "Yenə də mübahisə etmək olar: kim birinci başladı? Azərbaycan tərəfi, yoxsa erməni tərəfi? Fakt faktlığında qalır. İlk qurban azərbaycanlılar oldu. 1988-ci il fevral ayının 22-də Əsgəranda iki nəfər azərbaycanlı gənc qətlə yetirildi".
1988-ci ilin fevralında ermənilər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın dağlıq hissəsini Ermənistana birləşdirmək üçün açıq fəaliyyətə başladılar. Həmin ayın 25-də Ermənistan milli televiziyası ilə çıxış edən katolikos Vazgen Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin vacibliyini bildirdi. O dövrdə ideoloji cəhətdən tərksilah edilmiş Azərbaycan faktiki olaraq siyasi-psixoloji böhran keçirir, vəziyyətdən çıxış yolu tapa bilmirdi. Bu amil də fevralın 27-29-da daşnakların Sumqayıtda özlərinin məkrli niyyətlərini həyata keçirmələrinə şərait yaratmışdı.

Moskvadan gələn müstəntiqləri qanlı təxribatı təşkil edənlər maraqlandırmırdı...

Fevralın 27-də Sumqayıt şəhər prokuroru İsmət Qayıbov baş vermiş iğtişaşlarla bağlı cinayət işi başlatsa da, dörd gün sonra Moskvadan göndərilmiş SSRİ Baş Prokurorluğunun istintaq qrupu bu işi öz icraatına götürərək Sumqayıtın və ümumiyyətlə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşlarını istintaq-əməliyyat tədbirlərindən kənarlaşdırdı. Belə bir şəraitdə ermənilərin əvvəlcədən, qeyd-şərtsiz zərər çəkmiş tərəf kimi tanınması asanlaşdı, tutulan ermənilərin hamısı "səhvən yaxalanmışlar" kimi azadlığa buraxıldı. Hərbçilər tərəfindən tutulmuş Eduard Qriqoryanın ifşa edilməsi isə istintaqın yox, zərərçəkmiş Mejlumyan bacılarının onu özlərinə qarşı zorakılıq edənlərdən biri kimi tanımaları nəticəsində mümkün oldu. Moskvadan gələn müstəntiqlər Sumqayıtda özlərini həyasızcasına aparır, dindirmələr zamanı azərbaycanlılarla çox sərt rəftar edirdilər. SSRİ DTK-nın baş müstəntiqi polkovnik Zubtsev Sumqayıt milisinin əməkdaşlarını sorğu-suala tutarkən aydın başa düşülürdü ki, sovet rəhbərliyini qanlı təxribatı təşkil edənlər yox, yerli partiya və sovet orqanlarının, təsərrüfat və istehsalat sahələri rəhbərlərinin şəxsi həyatları barədə kompromat xarakterli məlumatlar daha çox maraqlandırır. Bütün bunlar isə, təbii ki, həmin şəxslər barəsində "zəruri" tədbirlər görmək üçün yox, azərbaycanlı rəhbər işçiləri ləkələmək və həbs etmək üçün lazım idi. Belə faktlar azərbaycanlıların əleyhinə növbəti çığır-bağır kampaniyası qaldırmağa "əsas" verirdi. Sumqayıt hadisələrini törətməklə ermənilər informasiya blokadasına alınan Azərbaycana qara yaxmaq, özlərini bütün dünyaya "yazıq", "məzlum" millət kimi təqdim etmək, azərbaycanlılarla bir yerdə yaşamalarının mümkünsüzlüyü barədə dünya ictimaiyyətində fikir formalaşdırmaq niyyətində idilər. Buna görə də dünyaya belə bir informasiya sızdırmışdılar ki, guya azərbaycanlılar Ermənistandan qəsdən qaçıb gedir, ermənilərin onları incitmələri barədə yalan məlumatlar yayırlar. Guya azərbaycanlılar öz rəhbərlərinin tapşırığı ilə ermənilərə qarşı "soyqırımı" törədiblər. Göründüyü kimi, ssenari eynidir. Lakin məsələ burasındadır ki, yerli partiya və sovet təşkilatlarının, habelə hüquq-mühafizə və dövlət təhlükəsizlik orqanlarının Moskvaya sözsüz tabeliyi şəraitində onların azərbaycanlı əhalini ermənilərə qarşı hansısa planlı hərəkətə sövq etməsi mümkün deyildi.
Hadisələr ərəfəsində yerli hakimiyyət strukturları yuxarı hakimiyyət orqanlarına əsl vəziyyət barədə məlumat vermişdilər. Moskvadan gəlmiş yüksək vəzifəlilər, qoşun hissələrinin və digər orqanların səlahiyyətli nümayəndələri Sumqayıtda idilər, iğtişaşlar və talanlar onların gözü qarşısında törədilmişdi. Bu isə onu göstərir ki, hadisələr Moskvadan idarə olunur və izlənilirdi. İğtişaşların başında duran Eduard Qriqoryana gəldikdə, o, təsadüfən ələ keçmişdi. Ləzgi bilib həbs edilən Eduardın kimliyi bilinəndə onu aradan çıxarmaq mümkün olmamışdı. Qriqoryan uzun müddətə azadlıqdan məhrum edilsə də, sonradan cəzasının qalan hissəsini çəkmək üçün onun Ermənistana göndərilməsi də çox şeydən xəbər verir. Xatırladaq ki, Adolf Sukiasov adlı erməni hətta məhkəmədə şahid kimi ifadə verərkən "Sumqayıt hadisələrini azərbaycanlılar yox, ermənilər özləri törədiblər", - deyə etiraf etmişdi.
Sumqayıtda yaşayan ermənilərin bir qisminin millətçi-ekstremist fikir daşıyıcıları olmasına dair məlumatlara keçmiş Azərbaycan SSR DTK-nın arxivində saxlanan və istintaqa təqdim edilmiş "Nalyotçik" ("Basqınçı") kodu altında əməliyyat işinin materialları arasında olan sənədlərdə də rast gəlinir. Məsələn, əməliyyat işinin rus dilində tərtib edilmiş 146-147-ci vərəqləri Sumqayıt şəhərindəki hadisələr ərəfəsində DTK orqanları tərəfindən hazırlanmış 47 ekstremist erməni barəsindədir. Qeyd edək ki, adları çəkilən ermənilərin heç biri şəxsən zərər çəkməmişdir.
1991-ci ilin avqust ayında Moskvada baş vermiş çevrilişlə əlaqədar başlanmış cinayət işi üzrə yaradılan istintaq qrupu tərəfindən intihar etmiş sabiq SSRİ daxili işlər naziri Boris Puqonun xidməti otağında aparılan axtarış zamanı rəflərdəki sənədlər arasında Məshəti türklərinin Özbəkistandan qovulması, Dağlıq Qarabağla və digər bu kimi hadisələrlə əlaqədar sənədlər aşkar edilmişdir. Sənədlərdə Dağlıq Qarabağda fəaliyyət göstərmiş "Krunk" təşkilatı, onların üzvləri barədə, ümumən Dağlıq Qarabağ hadisələri haqqında SSRİ DİN-ə daxil olan ilk məlumatlar öz əksini tapmışdır. Bu məlumatlar həm Ermənistan, həm də Azərbaycan Daxili İşlər nazirliklərinin arayışlarından, eləcə də SSRİ DİN-in müvafiq idarələrinin məlumatlarından ibarət olmuşdur. Bu faktın özü də onu göstərir ki, baş verənlər barədə SSRİ rəhbərliyinin ilk günlərdən ətraflı məlumatı olmuş, lakin müəmmalı səbəblərdən hadisələrin qarşısını almağa heç bir cəhd göstərilməmişdir.
Sumqayıt hadisələrinin ermənilərin maraqlarına xidmət edən təxribat olduğu faktlarla sübut edilib. Bu, əvvəlcədən düşünülmüş və həyata keçirilmiş bir aksiya idi. Ermənilər bu qanlı əməllərindən öz mənafeləri üçün istifadə etməyə, beynəlxalq miqyasda xalqımız haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərsələr də, zaman hər şeyi yerbəyer edərək kimin haqlı, kimin haqsız olduğunu sübuta yetirdi.

"Azərbaycan" 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !