Qəbələnin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar rayonda bağlanış mərasimi olmuşdur -

Qəbələnin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar rayonda bağlanış mərasimi olmuşdur

2013-cü ildə Qəbələnin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar rayonda keçirilən yekun tədbirlərin bağlanış mərasimi olmuşdur.
Tədbirdə MDB ölkələrinin mədəniyyət və incəsənət xadimləri, bir sıra ölkələrin Azərbaycandakı səfirləri, rayon ictimaiyyətinin nümayəndələri və digər nüfuzlu qonaqlar iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Qəbələnin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Tədbirin rəsmi hissəsində çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bu günün rayonun həyatında əlamətdar hadisə olduğunu bildirmişdir. Qeyd etmişdir ki, 2013-cü ildə Qəbələyə "MDB-nin mədəniyyət paytaxtı" titulu Birliyə üzv dövlətlərin humanitar Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun qərarına əsasən verilmişdir. Bu müddət ərzində Qəbələdə bir sıra beynəlxalq mədəni tədbirlər keçirilmişdir. Azərbaycan dövləti və Heydər Əliyev Fondunun dəstəyi ilə hazırda Qəbələdə təşkil edilən mədəni tədbirlər nəinki MDB, hətta dünya mədəni irsinə böyük töhfədir.
Sonra Səbuhi Abdullayev "MDB-nin Mədəniyyət paytaxtı" estafetinin 2014-cü ildə bu ada layiq görülən Qazaxıstanın Almatı və Qırğızıstanın Oş şəhərinə keçdiyini bildirmişdir. İcra hakimiyyətinin başçısı Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğluna, Fondun icraçı direktoru Anatoli İksanova, Qazaxıstanın Almatı şəhərinin mədəniyyət idarəsinin rəis müavini Juldız Ömərbəyova və Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Sultan Rayevə diplomlar təqdim etmişdir.
Sonra çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qəbələnin MDB-nin mədəniyyət paytaxtı missiyasını uğurla yerinə yetirməsindən qürur duyduğunu bildirmişdir. O demişdir ki, Qəbələdə yaradılan müasir infrastruktur rayonda beynəlxalq əhəmiyyətli mədəni tədbirləri ən yüksək səviyyədə keçirməyə imkan verir.
Tədbirdə çıxış edən Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qədim tarixə və gözəl təbiətə malik Qəbələnin MDB-nin mədəniyyət paytaxtı kimi mühüm nailiyyətə imza atdığını bildirmişdir. Qeyd etmişdir ki, bu cür layihələr mədəni sahədə ölkələr və xalqlararası münasibətləri daha da genişləndirir. Nazir müavini onu da demişdir ki, Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə Qəbələ 2014-cü ildə "Azərbaycanın əfsanələr paytaxtı" elan olunmuşdur.
Tədbirin rəsmi hissəsindən sonra maraqlı konsert proqramı təqdim edilmişdir. Konsertdə "XXI əsrin tenorları" art-layihəsi üzvlərinin bir-birindən maraqlı ifaları tədbir iştirakçılarının əhval-ruhiyyəsini daha da artırmışdır.
Sonda "Qorxma, mən səninləyəm! 1919" bədii filminin nümayişi olmuşdur.
Beləliklə, Qəbələnin ötən il MDB-nin mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar rayonda keçirilən yekun tədbirlər bir daha sübut etmişdir ki, Azərbaycanın dilbər guşələrindən biri olan bu rayon "MDB-nin mədəniyyət paytaxtı" kimi mühüm titulu layiqincə daşımışdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !