2014-cü il üçün Qəbələ Azərbaycanın Əfsanələr Paytaxtı , Balakən Azərbaycanın Folklor Paytaxtı və Abşeron Azərbaycanın Sənətkarlıq Paytaxtı seçildi -

2014-cü il üçün Qəbələ “Azərbaycanın Əfsanələr Paytaxtı”, Balakən “Azərbaycanın Folklor Paytaxtı” və Abşeron “Azərbaycanın Sənətkarlıq Paytaxtı” seçildi

Martın 4-də saat 11.45-də Muzey Mərkəzində (Neftçilər prospekti, 123 a) 2014-cü il üçün Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının Təqdimat mərasimi keçiriləcəkdir.

Azərbaycan xalqının qədim və rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu millətin mentalitetini və şüurunu formalaşdıran əsas mənbələrdən biri olmaqla xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən unikal bəşəri fenomendir. Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlara start verilmişdir.
Belə ki, sahənin təminat mexanizmlərinin monitorinqi aparılmış, Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması və hərtərəfli inkişafı ilə bağlı "Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair" Dövlət Proqramının layihəsi hazırlanaraq baxılmaq üçün müvafiq qurumlara təqdim olunmuşdur.
Aparılan islahatların davamı olaraq, hazırda "Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri"nin hazırlanması, "Qeyri-maddi mədəni irs subyektlərinin (ifaçı, kollektiv, sənətkar və sair) Portfolio Bankı"nın və "Azərbaycan qeyri-maddi mədəni irsinin infrastruktur vahidlərinin Dövlət Kadastrı"nın yaradılması, "Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması" layihəsi, "Muğam-tur, Aşıq-tur, Xalça-tur və Novruz-tur beynəlxalq mədəni-turizm marşrutları"nın təşkil edilməsi, digər konseptual proqram və layihələr üzərində müvafiq işlər görülür.
Bunlarla yanaşı, "Bakı şəhəri Qobustan, Maştağa, Əmircan və Yeni Suraxanı qəsəbələrində Azərbaycan xalq dekorativ, tətbiqi və təsviri sənət ənənələrinin dirçəldilməsi" və "Bərdə şəhərində dekorativ sənət ənənələrinin təbliği və xalçaçılığın inkişafı" pilot layihələri həyata keçirilmişdir.
Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə nazirlik tərəfindən "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramı təsdiq olunmuşdur. Proqramla əlaqədar 2014-cü il üçün Qəbələ "Azərbaycanın Əfsanələr Paytaxtı", Balakən "Azərbaycanın Folklor Paytaxtı" və Abşeron "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilmişdir.
Bu münasibətlə martın 4-də saat 11.45-də Muzey Mərkəzində (Neftçilər prospekti, 123 a) 2014-cü il üçün Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının Təqdimat mərasimi keçiriləcəkdir.
Məsələ ilə əlaqədar Qəbələ, Balakən və Abşeron rayonlarında il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlər təşkil ediləcəkdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !