Qəbələdə yetişdirilən qızıl balıqlar Xəzər dənizinə buraxılır -

Qəbələdə yetişdirilən qızıl balıqlar Xəzər dənizinə buraxılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Qəbələ Qızıl Balıqartırma Zavodunda yeni kürüalma mövsümünə start verilib. Zavodun direktoru Oqtay Məmmədov bildirib ki, qiymətli balıq növlərinin yetişdirilməsinə görə respublikada mühüm əhəmiyyət kəsb edən Qəbələ Qızıl Balıqartırma Zavodunda Kür qızıl balığı və əlvan formalı qızılı balıq, yəni farel yetişdirilir. 1956-cı ildə tikilərək istifadəyə verilən Qəbələ Qızıl Balıqartırma Zavodu hazırda Xəzər dənizini və ölkədaxili su hövzələrini qızıl balıq növləri ilə təmin edən istehsalat sahəsidir. Hazırda bu müəssisədə qızıl balıqların artırılması sahəsində işlərin qızğın çağıdır. Hal-hazırda zavodun mütəxəssisləri ana balıqdan götürdükləri kürünü erkək balıqlardan əldə edilən maya ilə xüsusi qablarda qarışdırırlar. Qızıl balıqlar kürü tökməklə çoxalır və bu balıqların kürüsü suda mayalanır. Qızıl balıqları mayalandırma prosesi qaranlıq yerdə aparılır və kürü bir saatdan sonra yuyularaq təmiz suya tökülür. Kürüdən çıxandan sonra zavodda 3 fazada inkişaf dövrünü yaşayan xırda qızıl balıqlar bir il müddətində müxtəlif ölçülü 8 hövuzda bəslənilir. Mütəxəssislər onların yeminə xüsusi diqqət yetirirlər. Zavodda kürüdən çıxan 15 günlük balıqlar 8 qrama çatanadək xüsusi yerdə yetişdirilən "Alaxet" qurdları ilə bəslənilir. Həmçinin, balıqlara yerli ət məhsullarından hazırlanan kompleks qida verilir. Onların qida rasionuna qurd süfrəsi, yumurta sarısı, balıq və iri buynuzlu heyvanın çəkilmiş dalaq və qara ciyəri daxildir.
Qəbələdə qızıl balıqların yetişdirilməsində ən vacib komponentlərdən biri də bu ərazidə dağ çaylarının olmasıdır. Çünki həssas, lakin yırtıcı sayılan bu qızıl balıqlar daim soyuq və tərkibi minerallarla münbit olan şirin su hövzələrində yaşamağı sevirlər. Qəbələ Qızıl Balıqartırma Zavodunun su mənbəyi Qəbələ çayından və təbii bulaqlardan götürülür. Zavoda gələn suyun temperaturu 12-18 dərəcədən yüksək olmur və kifayət qədər oksigenə malikdir. Bu da balıqların sağlam şəkildə yetişdirilməsinə imkan verir. Yırtıcı sayılan qızıl balıqların yetişdirilməsi prosesi digər balıqlardan xeyli fərqlidir. Nisbətən çəkisi çox olan qızıl balıqlar xırdaları yediyi üçün onlar ayda bir dəfə seçilir və ayrı-ayrı kanallara yerləşdirilir.
Zavodda kürügötürmə prosesi hər il noyabrın 25-dən yanvarın ortalarınadək davam edir. Su hövzələrində qızıl balıq ehtiyatının artırılması üçün ötən 10 gün ərzində bu zavodda 110 mindən çox sağlam kürü əldə edilərək yetişdirilməsinə başlanılıb. Zavodun mütəxəssisləri yanvarın ortalarınadək 200 mindən çox kürü götürməyi planlaşdırırlar. Zavodda balıqlar bir il ərzində yetişdirildikdən sonra Qaradağ rayonunda yerləşən Xəzər dəniz təcrübi balıqartırma zavoduna verilir. Qızıl balıqlar orada şirin sudan duzlu suya uyğunlaşma dövrünü keçirlər. Çəkisi daha çox artan balıqlar elə həmin ərazidən Xəzər dənizinə buraxılır. Hər ilin mayında Xəzəryanı dövlətlərin nümayəndələrindən ibarət birgə komissiyanın iştirakı ilə Qəbələ Qızıl Balıqartırma Zavodunda yetişdirilən qızıl balıqlar yoxlanılır və çəkisi, rəngi və uzunluğu dövlət standartına uyğun gələn balıqlar komissiyanın rəyi əsasında Xəzər dənizinə buraxılır. Xatırladaq ki, Qəbələdəki balıqartırma zavodu tərəfindən son 15 il ərzində 750 mindən çox qızıl balıq yetişdirilərək Xəzər dənizinə və Kür çayına buraxılıb. Qeyd edək ki, balıqartırma sənayesində Azərbaycan Xəzər regionunda Rusiyadan sonra ikinci yeri tutur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !