ORTA ƏSR ŞƏMKİR ŞƏHƏRİNİN ABADLIĞINA DAİR -

ORTA ƏSR ŞƏMKİR ŞƏHƏRİNİN ABADLIĞINA DAİR

Orta əsrlərdə Azərbaycan şəhərlərində əhalinin sıx məskunlaşması, islam dininin təmizliklə bağlı tələbləri, eləcə də yüksək mədəni- intelektual səviyyə şəhər inzibati-idarə aparatından abadlıq məsələlərinin həllini daim diqqət mərkəzində saxlamağı tələb edirdi. Şəhər sakinlərinin rahat və sağlam yaşam tərzinin təmin olunmasına yönəlmiş şəhər abadlığı əsasən üç istiqamətdə həyata keçirilirdi: 1) küçə və meydanlar döşənir, onların səliqə-sahmanına diqqət yetirilirdi; 2) şəhər əhalisinin suya tələbatını təmin etmək məqsədi ilə quyular qazılır, arxlar, tünglərdən quraşdırılmış su kəmərləri çəkilir və ya kəhrizlər inşa edilirdi; 3) şəhərin sanitariya-gigiyena durumunu zəruri səviyyədə saxlamaq məqsədi ilə şəhərlərdə yaşayış evlərini, ictimai və dini binaları, istehsalat tikililərini sanitar-gigiyena təyinatlı xüsusi mühəndis qurğuları ilə təchiz edirdilər.

Arxeoloji qazıntılar orta əsrlərdə Şəmkir şəhərində küçə və meydanların, həyətlərin döşəndiyini təsdiqləyir (1; 2). Bu nöqteyi-nəzərdən V qazıntı sahəsində aparılan arxeoloji qazıntılar böyük maraq doğurur. Qeyd edək ki, V qazıntı sahəsi iki yaruslu olması ilə digər qazıntılardan fərqlənir. Bu sahədə aparılan tədqiqatlar nəticəsində şəhər qala divarının narınqalaya sıx yaxınlaşaraq onun şimal divarının qarşısında dar dəhliz yaratdığı üzə çıxarılıb. Dəhlizin eni 4- 4,5 m təşkil edir (2). Aparılan arxeoloji qazıntılar nəticəsində narınqala və şəhristan qala divarlarının sıx yaxınlaşaraq dar dəhliz yaratdıqları sahənin XI-XII əsrlərdə çaydaşları və bişmiş kərpic parçaları ilə döşənməsi müəyyənləşdirilib. Bu məqsədlə həm də bişmiş kərpic istehsalında əmələ gələn tullantılar da istifadə olunmuşdu. Çaydaşları və kərpic parçaları sıx döşəndikdən sonra aralardakı boşluqlara bişmiş kərpic ovuntusu və çınqıl tökülərək bərkidilmişdir. Tədqiqatlar döşəmənin müəyyən müddətdən bir təmir olunduğunu, nəticədə bir neçə qatının əmələ gəldiyini göstərdi. Qeyd edək ki, yastı çaydaşı ilə küçə və meydanların döşənməsi qonşu Gəncə şəhəri üçün də səciyyəvi olmuşdur. Arxeoloji qazıntılar zamanı şəhərin çaykənarı və körpülü küçələri (3) və İmamzadə yaxınlığında üzə çıxarılmış küçə (4, s. 415) çaydaşı ilə döşənmişdi.

Arxeoloji tədqiqatlar Şəmkir şəhərində həyətlərin, istehsalat və məişətlə bağlı komplekslərin səliqə-sahmanına böyük əhəmiyyət verildiyini nümayiş etdirir. IV qazıntı sahəsində aparılan arxeoloji qazıntılar zamanı IX-X əsrlərə aid inşaat qatında üzə çıxarılan həyətlərdən biri nazik, yastı daş lövhələr və kvadrat biçimli bişmiş kərpiclərlə döşənmişdi. Yağış sularının və çirkli suların hopdurulması üçün həyətin cənub tərəfində xüsusi quyu qazılmış, onun ağzı hörülmüş, üstü yastı daşlarla və 45x45x7 sm ölçüdə iri, bişmiş kərpiclərlə örtülmüşdü. Mərkəzdə yerləşdirilmiş 45x45x7 sm ölçüdə bişmiş kərpicdə suyun axıdılması üçün diametri 14 sm olan çuxur oyulmuşdur. Onun ortasında isə diametri 9 sm olan deşik açılmışdı. Həyət elə döşənmişdir kı, bütün istiqamətlərdən su axaraq quyuya süzülürdü. Quyunun diametri ağzında 0,9 m, dibində 1 m, dərinliyi 1,92 m idi (1, s.39-40).

Məlum olduğu kimi, orta əsrlərdə Azərbaycanda şəhərlərin idarə aparatı sakinlərin suya ehtiyacını ödəmək, su təchizatı sisteminin təşkili və onun saz vəziyyətdə saxlanması üçün təbii coğrafi şəraitdən asılı olaraq quyu, arx, kəhriz və saxsı tünglərdən quraşdırılmış su kəmərləri inşa edirdilər. Arxeoloji tədqiqatlarla Şəmkir şəhərinin su ilə təchizatında kəhriz qurğularından istifadə olunduğu təsdiqlənmişdir.

Şəhristanın qərb divarı qalıqlarından 20 m aralı, ona paralel, şəhərin rabad sahəsində kəhriz qalıqları aşkarlanıb. Kəhrizin kürəsi bişmiş kərpiclə tağlı şəkildə hörülüb. Onun eni 82 sm, hündürlüyü 51 sm-dir. Kəhrizin yoxlama quyusu aşağıya genişlənən konus şəklində olub dərinliyi 1,45 m, diametri ağzında 43 sm, dibində 82 sm-dir. Quyu bişmiş kərpiclə səliqə ilə hörülüb (şəkil 1).


Şəkil 1. Kəhrizin yoxlama quyusu

Məlum olduğu kimi, yaşayış məskənlərinin coğrafi şəraitinə uyğun olaraq kəhrizlərin qazılmasında müxtəlif üsullardan istifadə olunurdu. Daş süxurlu və qayalıq ərazilərdə kəhrizin kürəsi daşda çapıldığından onu əlavə üzləməyə ehtiyac qalmırdı. Düzən, yumşaq torpaqlı ərazilərdə çəkilən kəhrizlər yerin altından lağım atmaq yolu ilə qazılırdı (5; 6, s. 54-55). Kəhriz xətti xarab olmasın deyə daşla və ya bişmiş kərpiclə hörülürdü. Kəhrizləri vaxtaşırı təmizləmək, lazım gəldikdə onu təmir edə bilmək üçün müəyyən məsafələrlə xüsusi yoxlayıcı qurğular-quyular inşa edilirdi.

Kəhrizlərdən orta əsr Bərdə, Gəncə, Bakı, Təbriz şəhərlərinin su təchizatında istifadə olunması arxeoloji qazıntılarla tam təsdiqlənmişdir.

V qazıntı sahəsində, üst yarusda 2009-cu ildə aşkar edilən diqqətəlayiq maddi mədəniyyət qalıqlarından biri su təchizatı ilə bağlı yeraltı hidrotikilidir. O ovdanı xatırladan quruluşa malik olub yerüstü və yeraltı hissələrdən ibarətdir. Görünür, bu tikili ovdan-bulaqdır. O narınqalanın şimal-şərq bürcünə birləşən şəhər divarının bürcünün daxilində üzə çıxarılıb. 21 X 21 X 5 sm, 22 X 22 X 5 sm kərpiclərlə əhəngli məhlulda inşa edilmiş bu tikilinin 13 pillədən ibarət pilləkəni və tağlı tavanı vardır. Tikilinin giriş açırımı planda dördbucaqlıya yaxın formada olub şimal-cənub istiqamətində 1,4 m, şərq-qərb istiqamətində 87-94 sm ölçüdədir (şəkil 2). Pilləkənin pillələrinin hündürlüyü 26 sm-lə 73 sm arasında dəyişir. Birinci pillə ilə axırıncı pillə hündürlüyünə görə kəskin fərqlənir. Digər pillələrin hündürlüyü 34-36 sm arasında dəyişdiyi halda 1-ci pillənin hündürlüyü 73 sm, sonuncunun isə 26 sm-dir. Pilləkən bişmiş kərpicdən hörülmüş, pillələrin üstü isə səliqə ilə yonularaq hamarlanmış, qalınlığı 15 sm olan ağ, yerli monolit daşla örtülmüşdü. Pilləkəninin birinci pilləsinin hündürlüyü ilk vaxtlar 36 sm olmuşdu. Sonrakı təmir işləri nəticəsində hörülərək hündürlüyü 73 sm-ə çatdırılmış, birinci pilləyə isə üst-üstə iki bişmiş kərpic qoyulmuşdu. Girişin qarşısında hündürlüyü 1,95 m, dərinliyi 80 sm, tağının hündürlüyü 42 sm olan tağlı taxça yerləşirdi (şəkil 3). Yeraltı hidrotikilinin havasının təmizlənməsi üçün şərq divarında tünglərdən quraşdırılmış yelçəkən vardı. Su ovdan-bulağa ağzının diametri 12,5 sm olan tünglər vasitəsi ilə cənub tərəfdən gətirilirdi. Su kəmərinin tüngü taxçada, dibindən 1,48 m hündürlükdə indi də qalmaqdadır.

Tikilinin dibi aşkarlandığı səviyyədən 4,9 m aşağıda idi. Dördkünc biçimdə olub ölçüləri 85 sm x 80 sm-dır. Mərkəzində üstü səkkizkünclü hörülmüş iri küp yerləşdirilmişdi. Onun dərinliyi 65 sm-dir.

Yeraltı tikilinin içərisi 10-cu pilləyə qədər quru, toz halında tünd boz torpaqla dolu idi. Buradan şirli və şirsiz saxsı qab qırıqları, metal piyalə qırığı, şüşə məmulat, bəzək əşyaları tapılıb. 10-cu pillədən başlayaraq sarı, lilli, gilli, nəm torpaq yerləşirdi və bu qatda tapıntılara rast gəlinməyib.

Ümumiyyətlə, təsvir olunan yeraltı hidrotikili, elecədə aşkarlanmış kəhriz qalığı orta əsr Şəmkir şəhərində mürəkkəb, texniki cəhətdən mükəmməl su təchizatı sisteminin mövcudluğuna dəlalət edir.

Tikililərin sıx yerləşdiyi, on minlərlə əhalinin yaşadığı şəhərlərdə sanitariya-gigiena məsələlərinin həllinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulurdu. Yazılı qaynaqların məlumatından bəlli olur ki, şəhər sanitariyasını təmin edən müəyyən daxili qaydalar var idi və bütün sakinlər ona riayət edirdi. Mühtəsib nəzarətinin ciddiliyi ilə şəhər sakinlərinin rahatlığını pozan hallar minimuma endirilir, təqsirli şəxslər cəzalandırılır, hərc-mərcliyə imkan verilmirdi. Arxeoloji tədqiqatlar da küçə və meydanların, ictimai-dini binaların, istehsalat tikililərinin təmizliyinə diqqət yetirildiyini, bu məqsədlə xüsusi mühəndis qurğuları düzəldiyini sübuta yetirir. Çirkab və zibil quyuları, derinaj və kanalizasiya xətləri belə qurğulardan idi. Lokal kanalizasiya üçün çirkab quyularının qazılması Qəbələ, Şabran, Beyləqan, Gəncə, eləcə də Şəmkir şəhər xarabalıqlarında aparılan arxeoloji qazıntılardan yaxşı məlumdur. Şəmkir şəhər yerində, IV qazıntı sahəsində aşkar olunmuş, IX əsrə aid edilən çirkab quyusu silindrik formada olub çınqıllı xam torpaqda qazılmışdı. İçərisi yaşıla çalan, çöküntülü, yumşaq torpaqla dolu idi.

Şəmkir şəhərində mükəmməl, şaxələnmiş kanalizasiya sistemi mövcud idi. Şaxələnmiş kanalizasiya sisteminin qalıqları Şəmkir şəhər yerinin narınqala sahəsində, IV qazıntıda, IX -X əsrlərə aid təbəqədə üzə çıxarılıb (şəkil 4). Həmin mühəndis qurğusu bişmiş kərpic, çaydaşı və ağ daş lövhələrdən istifadə etməklə kürəbənd üsulu ilə inşa olunmuşdur. Narınqalanın qərb tərəfindən gələn əsas xətt daha enli və dərindir. Belə ki, əsas xətdə kanalın eni 35 sm, 1c kvadratında ona birləşən və cənubdan gələn yan xəttin eni isə 23 sm idi. Əsas xətt şərqə doğru davam edərək 1b kvadratında qazılmış çirkab quyusuna qovuşurdu. Çirkab quyusu planda düzgün olmayan dairəvi formada idi. O 3m dərinliyə qədər təmizlənilmişdir. Təhlükəli olduğundan onun qazılması dayandırılmışdır.

Azərbaycanın orta əsr şəhərlərində məişət və istehsalat tullantıları, müxtəlif cür zir-zibil imkan daxilində şəhərdən kənara çıxarılırdı. Şəhər daxilində isə zibil yalnız xüsusi dərin quyulara atılırdı. Orta əsr Şəmkir şəhər yerində arxeoloji qazıntılar zamanı zibil quyuları ilə yanaşı, külün atılması üçün qazılmış xüsusi kül quyularına da rast gəlinib. Belə quyulardan biri V qazıntı sahəsində, narınqalanın şimal-şərq bürcündən divara keçiddə aşkarlanıb. Onun diametri 1 m, dərinliyi 60 sm idi. Quyu tərkibində kömür parçaları, qırıntıları olan kül ilə dolu idi.

Beləliklə, 2007-2009-cu illərdə orta əsr Şəmkir şəhər yerində aparılan arxeoloji qazıntılar nəticəsində üzə çıxarılmış döşəmə qalıqları, kəhriz xətti, yeraltı hidrotikinti, şaxələnmiş kanalizasiya xətti və digər faktik maddi dəlillər şəhər idarəsinin abadlığın qayğısına qaldığını, zəruri tədbirlər görüldüyünü təsdiqləyir. Şəhər abadlığının yüksək səviyyəsi şəhər əhalisinin ümumi mədəni səviyyəsinin öz dövrünə görə yüksək olması, qədim ənənələrinin yaşaması, iqtisadi-mədəni əlaqələrin genişlənməsi, islam dininin gigiena ilə bağlı ciddi tələbləri ilə bağlı idi.

ədəbİyyat

1. Dostiyev T.M. 2006-2007-ci illərdə Şəmkir şəhər yerində aparılmış arxeoloji tədqiqatlar. // Şəmkir: arxeoloji irsi, tarixi və memarlığı. Birinci respublika elmi-praktik konfransının materialları. Bakı, 2008.

2. Dostiyev T.M., Bəşirov R.Y., Hüseynli N.N. Şəmkir şəhər yerində aparılmış arxeoloji tədqiqatlar. // Azərbaycanda arxeoloji tədqiqatlar. 2008. Bakı, 2008.

3. Djafarzade İ.M. İstoriko-arxeoloqiçeskiy oçerk Staroy Qəndji. Baku, 1949.

4. Axmedov R.Dj. Raskopki srednevekovoy Qəndji. // Arxeoloqiçeskie otkrıtiə 1984 q. Moskva, 1986.

5. Rustamov Ə.F. Gtnoqrafiçeskie dannıe o kəqriznoy sisteme vodosnabjeniə v Azerbaydjane v XIX - naçale XX v. // Mejdunarodnıy konqress antropoloqiçeskix i gtnoqrafiçeskix nauk. Moskva, 1964.

6. Qasımov E. Azərbaycanın orta əsr şəhərlərinin su təchizatı (IX-XV əsrlər). Bakı, 2002.


Şəkil 2. Hidrotikilinin giriş açırımı


Şəkil 3. Hidrotikili


Şəkil 4. Kanalizasiya xəttinin qalıqları


 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !