Hüseynov Nəcməddin Musa Oğlu -

Hüseynov Nəcməddin Musa Oğlu

Hüseynov Nəcməddin Musa Oğlu 1955-ci il iyun ayının 12-də Çaylı kəndində anadan olmuşdur.1965-ci ildə Çaylı səkkizillik məktəbinin birinci sinfinə daxil olub, 1973-cü ildə səkkizinci sinfi, doqquzuncu və onuncu sinifləri isə 1973-1975-ci illərdə Çaylı orta məktəbində başa vurmuşdur.İl yarım Tatarıstanda əsgəri xidmətdə olmuş, sonra Vətəninə qayıdaraq, V.İliç adına yeni neftayırma zavodunda çilingər işləmişdir.
1977-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olunub, 1981-ci ildə həmin məktəbi müvəffəqiyyətlə qurtarmışdır.Respublika Bədii Fondunun üzvü olub.
Nəcməddin Hüseynov incəsənətin ən parlaq, parlaqlığı qədər də mürəkkəb olan rəssamlıq kimi qədim sənətin yaradıcılıq pillələrinə hələ orta məktəbdə, üçüncü sinifdə oxuyarkən qədəm qoymuşdur.Rəssam, daxili gözəlliyi ilə həyatın obyektiv cizgilərini üst-üstə qoyaraq, sehrli fırçasından axan əlvan boyalarla güclü əsərlər yaratmış, əsərlərdə öz sözünü və fikirlərini aydınca ifadə edə bilmişdir. O, bütün janrlarda yaratdığı dilsiz-ağızsız portretlərdə təsviri o qədər real və xətasız işləmişdir ki, əsərlərə tamaşa edərkən ondan soyuqqanlıqla və xəyallara dalmadan kənarlaşmaq mümkün deyildir. Məhz baxımdan şərqin ən böyük alimlərindən olan akademik Xudu Məmmədov rəssam Hüseynovun əsərlərinə baxarkən “Siz şairsiniz”, - deyə onu dahiyanə qiymətləndirmişdir.
Nəcməddin Hüseynov 1981-ci ildə öz əsərləri ilə I respublika müsabiqəsində fəal iştirak etdiyinə görə, fəxri fərman almışdır.O, 1988-ci ildə YUNESCO-nun xətti ilə Gəncədə keçirilən sərgiyə dəvət edilmişdir.
Rəssamın 1999-cu il martın 20-də Qazax rayon Dövlət Rəsm Qalereyasında və 2001-ci il mayın 22-də Çaylı kənd mədəniyyət evində sərgisi keçirilmiş, sərgidə 200-dən artıq müxtəlif illüstrasiyalarda rəsm əsərləri geniş surətdə əks etdirilmişdir.Keçirilən sərgi rəssam Hüseynovun yaradıcılığına şöhrət qazandırmışdır.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !