Bakı Caz Festivalı məşhur ifaçıları bir araya gətirib -

Bakı Caz Festivalı məşhur ifaçıları bir araya gətirib

Cari il oktyabrın 23-də caz həvəskarları, bu musiqinin ruhundakı azadlıq və sərbəstlik eşqinin, ecazkar ifaların bir araya gətirdiyi insanlar sənət bayramını yaşayıblar. Paytaxtımızda növbəti caz festivalına start verilib. Festivalın Beynəlxalq Muğam Mərkəzində keçirilən açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Bakıda akkreditə olunan diplomatik korpusun nümayəndələri, ölkəmizə səfərə gəlmiş məşhur fransız aktyoru Jerar Depardye, dünyanın müxtəlif ölkələrindən caz ifaçıları və qonaqlar iştirak edib.
Öncə tədbirin aparıcısı Rahib Azəri səhnəyə çıxaraq ənənəvi olaraq keçirilən festivalın tarixi, bu musiqi tədbirlərinin Bakının caz şəhəri kimi tanınmasında rolu, musiqi incəsənətinə töhfəsi barədə danışıb: "Bakı artıq 11-ci dəfədir beynəlxalq caz festivalına ev sahiblik edir. Təxminən bir il bundan öncə biz bu səhnədən "növbəti görüşlərədək" deyib ayrıldıq. Nəhayət, musiqi bayramında yenidən bir araya gəldik. Bu festivallar hər şeydən öncə musiqinin inkişafına və daha geniş auditoriyalara yayılmasına xidmət edir. Buna görə təşkilatçılara, dünyanın ən məşhur caz musiqiçilərini bizim səhnələrə qonaq edən Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Mədəniyyət Fonduna bütün caz vurğunları adından dərin təşəkkürümü bildirirəm".
Qeyd olunub ki, festivalda paytaxtın 4 konsert salonunda - Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Bakı Caz Mərkəzi və Dövlət Mahnı Teatrında dünya şöhrətli musiqiçilər Kenny Garret, Avishai Kohen, Marcus Miller, Bob James and David Sanborn, Kristof Çex, eləcə də Azərbaycanın tanınmış ifaçıları çıxış edəcəklər. Axşamlar isə caz mərkəzində bu konsertlərin ən pik nöqtəsi sayılan "cemseyşn"lər olacaq".
Sonra söz musiqiyə verilib. Səhnəyə məşhur kaliforniyalı saksofonçu, özünəməxsus elementlərlə ifasını daha da maraqlı, baxımlı edən Joşua Redmanın kvarteti çıxıb. Aaron Qoldberq (piano), Ruben Rogers (kontrabas) və Qreqori Hatçinsonun (zərb alətləri) daxil olduğu qrup yeni caz kompozisiyaları və Joşua Redmanın klassik caz bəstələrini, həmçinin onun 2013-cü ildə buraxılmış "Walking Shadows" adlı balladasayağı lirik musiqi albomundan seçilmiş parçaları təqdim edib.
Dünyanın müxtəlif səhnələrində populyar cazmenlərlə bir səhnəni bölüşmüş musiqiçilərin çıxışı sürəkli alqışlarla qarşılanıb.


* * *


Festivalın ilk günü daha bir konsert proqramı Bakı Caz Mərkəzində təqdim olunub. Burada istedadlı musiqiçilərin yer aldığı "Bakı" estrada caz qrupu sənətsevərlərə gözəl anlar yaşadıb. Qrupun rəhbəri Leyla Nəzərli tamaşaçılarla ürək sözlərini bölüşərək bu festivalda ilk dəfə iştirak etdiyini və bundan böyük şərəf duyduğunu deyib. L.Nəzərli fortepianoda məşhur caz ifaçıları Garner, Gilesspi, Gertstwin, Petersonun kompozisiyalarını səsləndirib. Səid Rüstəmovun "Hardasan" mahnısını maraqlı çalarlar qataraq ifa edən musiqiçi özünün bəstələdiyi "Dialoq" adlı əsərini də təqdim edib.


* * *


Oktyabrın 24-də festivalım daha iki konserti olub. R.Behbudov adına Dövlət Mahnı Teatrında Əməkdar Artist, istedadlı musiqiçi Mircavad Cəfərovun rəhbərliyi ilə "Cəngi" qrupunun konsertində tamaşaçılar klassik bəstəkarların əsərlərini yeni yozumlarda dinləyiblər. Həmçinin Azərbaycan muğamı üzərində qurulmuş kompozisiyalar, eləcə də ənənəvi caz əsərləri təqdim olunub. "Qarabağ şikəstəsi"nin caz yozumu isə xüsusilə maraq doğurub.
Caz Mərkəzində gənc ifaçı Əlibəy Məmmədzadə və qrupunun təqdim etdiyi musiqi parçaları da maraqla qarşılanıb.
Noyabrın 2-də başa çatacaq festival günlərində musiqisevərlər xarici qonaqlarla yanaşı, Azərbaycanın istedadlı musiqiçiləri Salman Qəmbərov, Emil Əfrasiyab, Əfqan Rəsul və başqa caz musiqiçilərinin də solo konsertlərini izləmək imkanı əldə edəcəklər.