Bərdə rayonunun daha iki kəndinə təbii qaz verilmişdir -

Bərdə rayonunun daha iki kəndinə təbii qaz verilmişdir

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Bərdə rayonunun Nəcəfqulubəyli və Bala Ərəblər kəndlərinə təbii qaz verilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev və başqaları ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqaməltində görülmüş işlərdən danışmışlar. Bildirilmişdir ki, Cari ilin ötən dövründə 10 kənd qazlaşdırılmış, Sərkarlar kəndi istiqamətində 12 kilometr, Məmmədli kəndi istiqamətində 5 kilometr, Lənbəran kəndi istiqamətində 22 kilometr uzunluğunda daşıyıcı qaz kəmərləri çəkilmiş, 3335 abonentə təbii qaz verilmişdir.
Hazırda Qaradəmirçi kəndi ərazisində yeni Avtomatik Qaztənzimləyici Stansiya inşa edilir, Kələntərli, Alaçadırlı və Əyricə kəndlərində daxili qaz xətləri çəkilir. 2013-cü ilin sonunadək rayonun bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulur.
Qeyd olunmuşdur ki, Nəcəfqulubəyli kəndinin qazlaşdırılması üçün 7,5 kilometrdən çox müxtəlif diametrli qaz xətləri çəkilmiş, hər bir evə fərdi qaz sayğacı quraşdırılmışdır. Abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmış, 125 ailəyə təbii qaz verilmişdir. Bala Ərəblər kəndinin qazlaşdırılması üçün 4,4 kilometrdən çox müxtəlif diametrli qaz xətləri çəkilmiş, hər bir evə fərdi qaz sayğacı quraşdırılaraq 57 ailəyə təbii qaz verilmişdir.
Kənd sakinləri qaz çəkilişinə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
Təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılmışdır.
Fotomüxbir. Mais Amin İbrahimli (AzPRESS.az) Bərdə
Fotolar. Arif Əhmədovundur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !