Bakıda Azərbaycan qadınlarının IV qurultayı işə başlamışdır -

Bakıda Azərbaycan qadınlarının IV qurultayı işə başlamışdır

İyunun 14-də Bakıda, Heydər Əliyev Sarayında “İnkişaf naminə birlik” devizi altında Azərbaycan qadınlarının IV qurultayı işə başlamışdır.
AzərTAc xəbər verir ki, qurultayda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini Elçin Əfəndiyev, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, dövlət və hökumət qurumlarının rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, QHT-lərin təmsilçiləri iştirak edirlər.
Qurultayı açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yığıncaqda 1815 nümayəndənin iştirak etdiyini, yetərsayın olduğunu bildirmişdir.
Sonra Azərbaycanın Dövlət himni səsləndirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxumuşdur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çoxsaylı qadın təşkilatlarının müraciətləri əsasında ölkəmizdə qadın hərəkatının inkişafındakı xidmətlərinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban Əliyevanın “Ülviyyət” ictimai mükafatına layiq görüldüyünü vurğulamışdır.
Sonra qurultayın işçi orqanları – katiblik, mandat və redaksiya komissiyaları seçilmişdir.
Qurultayda “Azərbaycanda dövlət qadın siyasəti” filmi nümayiş etdirilmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova hesabat məruzəsi ilə çıxış etmişdir.
Qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, beynəlxalq təşkilatlara müraciətlər, eləcə də yekun qətnamə qəbul olunacaqdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !