ABŞ-ın Çikaqo şəhərində keçirilmiş enerji və nəqliyyat məsələlərinə dair konfranslarda Azərbaycanın enerji siyasəti diqqət mərkəzində olmuşdur. -

ABŞ-ın Çikaqo şəhərində keçirilmiş enerji və nəqliyyat məsələlərinə dair konfranslarda Azərbaycanın enerji siyasəti diqqət mərkəzində olmuşdur.

ABŞ-ın aparıcı biznes mərkəzlərindən olan Şimali İllinoys Universiteti (Northern Illinois University) və Mərkəzi Asiya Məhsuldarlıq Mərkəzinin (Central Asian Productivity Research Center) birgə təşkilatçılığı ilə Çikaqoda 4-cü illik enerji (4th Multinational Energy and Values Conference) və 8-ci illik İpək Yolu konfransları keçirilmişdir (8th Annual Silk Road Conference).
Enerji konfransında ABŞ, Türkiyə və Niderlandın aparıcı ali təhsil müəssisələrinin enerji məsələləri üzrə mütəxəssisləri hesabatla çıxış etmişlər.
Konfransda əsas qonaq qismində iştirak edən Azərbaycan Respublikasının ABŞ-dakı səfirinin müavini Nərgiz Qurbanova çıxışı zamanı ölkəmizin enerji siyasətindən, Avropanın enerji təhlükəsizliyində oynadığı roldan danışmış, Cənub Qaz Dəhlizinin reallaşmasını şərtləndirəcək Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi barədə məlumat vermişdir.
N.Qurbanova Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) bilavasitə iştirakı və təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı enerji layihələrinin region ölkələrinin - Gürcüstanın və Türkiyənin iqtisadiyyatına verdiyi əhəmiyyətli töhfələrə də diqqət yetirmişdir.
Diplomat Azərbaycanın qeyri-neft sektorunun inkişafına toxunaraq demişdir ki, bu sahələrin inkişafı, xüsusilə informasiya kommunikasiya texnologiyalarının, habelə qeyri-ənənəvi enerji resurslarının inkişaf etdirilməsi dövlətimizin müəyyən etdiyi prioritetlərdəndir.
Mərkəzi və Cənubi Asiya ölkələrinin nəqliyyat-tranzit imkanları və perspektiv inkişaf istiqamətləri Azərbaycanın “Silk Way Airlines” aviaşirkətinin dəstəyi ilə keçirilmiş İpək Yolu konfransında müzakirə edilmişdir. Tədbirdə Azərbaycan tərəfi ilə yanaşı Özbəkistan və Qazaxıstanın ABŞ-dakı səfirləri İlhom Nematov və Kairat Umarov əsas qonaqlar qismində iştirak etmişlər.
N.Qurbanova ölkəmizin tranzit imkanlarından, Azərbaycanın Avropa ilə Asiya arasında yükdaşıma və ticarətin inkişafına verdiyi tövhələrdən bəhs etmişdir. Gələn il NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra bu ölkənin iqtisadi inkişafı və onun regional iqtisadiyyata inteqrasiyasının təşviqini nəzərə tutan ABŞ-ın “Yeni İpək Yolu” strategiyasının həyata keçirilməsinə Azərbaycanın verə biləcəyi töhfələrdən danışmış, ölkəmizin həyata keçirdiyi irimiqyaslı və regional əhəmiyyətli infrastruktur layihələri, xüsusilə Ələt beynəlxalq dəniz ticarət limanı, Heydər Əliyev Beynəlxalq Aeroportunun genişləndirilməsi və Bakı-Tbilisi-Qars dəmiryolu layihələrini qeyd etmişdir.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub tranzit xətlərinin üzərində yerləşməsinin, o cümlədən Qara və Aralıq dənizlərinin dərin sulu limanlarına yaxınlığının və növbəti illər ərzində regional infrastrukturun inkişafına maliyyə dəstəyinin göstərməkdə davam etməsinin ölkəmizin beynəlxalq tranzit daşımaları üçün əhəmiyyətini şərtləndirən amillər olduğu bir daha vurğulanmışdır. Diplomat demişdir ki, Azərbaycan artıq bir neçə ildir ki, İpək Yolu konfranslarında iştirak edir. Konfransın təşkilatçılarından olan Mərkəzi Asiya Məhsuldarlıq Mərkəzinin (CAPRC) Azərbaycandan Naxçıvan Dövlət Universiteti ilə yaxın əməkdaşlığı mövcuddur. (AzərTAc) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !